Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-180/2023 07.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi hakim), Əsədov İlham Qoşunəli oğlu və X5 ibarət tərkibdə, X1, Cavabdeh2 və onun vəkili Vəkil iştirakı ilə, İddiaçılar Hacıyeva (Həmidova) Sona İltizam qızı və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “əmlak tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Lerik Rayon Məhkəməsinin 2(048)-79/2022 saylı, 14 fevral 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə apellyasiya icraatı qaydasında məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Hacıyeva (Həmidova) Sona İltizam qızı və İddiaçı2 birgə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hacıyeva (Həmidova) Sona İltizam qızının gəlin köçərkən apardığı qızıl-zinət əşyaları və əmlakının qaytarılması və ya onların ümumi dəyərləri olaraq 19962 manat pulun, “Mercedes” markalı avtomobilin dəyərinin yarısı 5000 manatın, “VAZ” avtomobilinin dəyərinin yarısı 1250 manatın, mediasiya və dövlət rüsumlarının cavabdehlər tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələbi onunla əsaslandırmışlar ki, İddiaçı1 (Həmidova) Cavabdeh1 ilə 2011-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2012-ci ildə X7 və xx.xx.2014-cü ildə X6 adında iki uşaqları olmuşdur. Xasiyyətləri düz gəlmədiyindən ondan aliment tələbinə dair iddiası təmin olunmuşdur. Lakin hazırda cavabdeh onu küçələrdə saxlayıb, özü isə Bakı şəhəri, Sabunçu rayonunun Albalı massivi deyilən ərazisində birgə nikah dövründə tikdikləri evdə qalır. İddiaçı1 (Həmidova) öz övladlarının gələcəyini fikirləşib valideynlərinin yanına gətirmişdir. O, Lerik rayonunun Bilnə kəndinə gəlin köçmüşdür və hal-hazırda apardığı cehiz əmlakı cavabdehlərin evindədir. Ona görə də aşağıda göstərilən əmlakların qaytarılmasını tələb edir: 1) bufet – 600 manat; 2) şifoner – 350 manat; 3) termo – 250 manat; 4) komot – 400 manat; 5) 2 ədəd kreslo, 1 ədəd divan – 750 manat; 6) qoşa taxt – 350 manat; 7) tək yük çarpayısı – 200 manat; 8) açma stol və 6 ədəd stul – 600 manat; 9) televizor altı – 120 manat; 10) çörək sobası – 150 manat; 11) tozsoran – 200 manat; 12) ət çəkən – 120 manat; 12) 2 ədəd lüstr – 300 manat; 14) 4 ədəd Avropa pərdəsi – 430 manat; 15) 2 ədəd tumba – 150 manat; 16) 2 mərtəbəli uşaq çarpayısı – 350 manat; 17) soyuducu – 700 manat; 18) paltaryuyan maşın – 520 manat; 19) 1 baş uzunqulaq, 2 ədəd alüminium su çəni və palan – 350 manat; 20) 4 ədəd çuqun vedrə - 60 manat; 21) 5 ədəd kaşmir xalça 3 m × 4 m ölçüdə - 700 manat; 22) 2 ədəd sadə xalça 2 m × 3 m ölçüdə - 240 manat; 23) taxt yorğan-döşəyi – 320 manat; 24) 5 dəst yorğan-döşək, 12 ədəd balış, 12 ədəd nalça – cəmi 1800 manat; 25) 2 dəst uşaq yorğandöşəyi – 150 manat; 26) 6 ədəd maxrovi adyal – 500 manat; 27) 2 ədəd sandıq – 200 manat; 28) 12 dəst mələfə-çexol – 320 manat; 29) ütü – 110 manat; 30) komplekt xörək servizi – 530 manat; 31) Madonna may servizi 12 predmetli – 1200 manat; 32) Çamadan komplekti çəngəl-qaşıq – 160 manat; 33) Xrustal serviz 12 predmetli – 1200 manat; 34) samovar qazla işləyən – 145 manat; 35) kömür samovarı – 125 manat; 36) alüminium qazan komplekt – 75 manat; 37) Paslanmayan qazan komplekti – 260 manat; 38) 2 dəst çuqun qazan 5 ədədlik – 320 manat; 39) 2 ədəd xəmir tası – 85 manat; 40) 24 ədəd kasa – 48 manat; 41) 48 predmetli nimçə - 48 manat; 42) 2 ədəd aşsüzən – 30 manat; 43) 2 komplekt xrustal stəkan-nəlbəki – 96 manat; 44) 2 ədəd xrustal meyvə qabı – 70 manat; 45) 2 ədəd xrustal çörək qabı – 72 manat; 46) 12 ədəd hamam dəsmalı – 120 manat; 47) 12 ədəd əl dəsmalı – 60 manat; 48) 2 ədəd qaz balonu – 30 manat; 49) DVD – 85 manat; 50) video maqnitofon – 140 manat; 51) krosno antena, kabel – 135 manat; 52) elektrik qəhvədan – 38 manat; 53) gecə işığı – 70 manat; 54) yekə alüminium teşt – 80 manat; 55) balaca teşt – 42 manat; 56) 4 ədəd çuqun qəhvədan – 100 manat; 57) 4 ədəd çaynik – 60 manat; 58) 12 ədəd şirə stəkanı xrustal – 180 manat; 59) 6 ədəd Madonna bulud – 268 manat; 60) Avropa taxt üzü – 300 manat; 61) divan üstü – 130 manat olmaqla, dəyərləri 17642 manatlıq cehiz əmlakın və bundan başqa, cavabdehlərdə qalan qızıl-zinət əşyalarından: 1) 1 cüt qaşlı sırğa – 450 manat; 2) 1 ədəd boyunbağı – 600 manat; 3) 1 ədəd qolbaq – 240 manat; 4) 1 ədəd qaşlı nişan üzüyü – 320 manat; 5) 2 ədəd sadə qaşlı üzük – 330 manat; 6) 1 ədəd bəzəkli üzük fiqurlu qaşlı – 380 manat olmaqla, ümumi dəyəri 2320 manat olan qızıl-zinət əşyaları da cavabdehgildədir. Cəmi olaraq 19962 manatlıq əmlakı cavabdehlərin evindədir. Bundan başqa, birgə nikah dövründə İddiaçı1 (Həmidovanın) atası İddiaçı2 maddi köməkliyi ilə xx.xx.2013-cü ildə “VAZ-2133” markalı, **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobil almışlar. Cavabdeh həmin avtomobili də 2500 manata sataraq pulunu xərcləmişdir. Son zamanlar isə xx.xx.2020-ci ildə “Mercedes Benz C180” markalı, **-LG-*** dövlət qeydiyyat nişanlı avtomobili də 10000 manata satmışdır. Lerik Rayon Məhkəməsinin 2(048)-79/2022 saylı, 14 fevral 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Atabəy Kiçibəyov) iddia qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1 ədəd bufet dəyəri 300 manat, 1 ədəd şifoner dəyəri 200 manat, 1 ədəd termo dəyəri 200 manat, 1 ədəd komot dəyəri 250 manat, 1 ədəd divan, 2 ədəd kreslo dəyəri 500 manat, 1 ədəd qoşa taxt dəyəri 200 manat, 1 ədəd tək yük kravat dəyəri 150 manat, 1 ədəd açma stol 6 ədəd stul ilə birlikdə dəyəri 400 manat, 1 ədəd televizor altı dəyəri 80 manat, 1 ədəd çörək sobası dəyəri 100 manat, 1 ədəd tozsoran dəyəri 120 manat, 1 ədəd ətçəkən maşın dəyəri 80 manat, 2 ədəd lüstr dəyəri 200 manat, 4 ədəd avropa pərdəsi dəyəri 350 manat, 2 ədəd tumba dəyəri 100 manat, 1 ədəd iki mərtəbəli uşaq kravatı dəyəri 250 manat, 1 ədəd soyuducu dəyəri 350 manat, 1 ədəd paltaryuyan dəyəri 400 manat, 4 ədəd çuqun vedrə dəyəri 40 manat, 5 ədəd 3×4 kaşmir xalça dəyəri 600 manat, 2 ədəd 2×3 sadə xalça dəyəri 200 manat, 1 ədəd taxt yorğan döşəyi dəyəri 250 manat, 5 dəst yorğan döşək, 12 ədəd balış və 12 ədəd nalça dəyəri 1300 manat, 2 dəst uşaq yorğan döşəyi dəyəri 100 manat, 6 ədəd maxrovi adyal dəyəri 400 manat, 2 ədəd sandıq dəyəri 150 manat, 12 dəst mələfə çexol dəyəri 250 manat, 1 ədəd ütü dəyəri 80 manat, 1 ədəd komplekt xörək servizi dəyəri 450 manat, 1 ədəd madonna çay servizi 12 predmetli dəyəri 1000 manat, 1 ədəd çamodan komplekti qaşıqçəngəl dəyəri 100 manat, 1 ədəd ədəd kömür samovarı dəyəri 100 manat, 1 ədəd alüminium qazan komplekt dəyəri 50 manat, 1 ədəd nerjavik qazan komplekti dəyəri 200 manat, 2 ədəd çuqun qazan 5 ədədlik dəyəri 250 manat, 2 ədəd xəmir tası dəyəri 50 manat, 24 ədəd kasa dəyəri 35 manat, 48 predmetli nimçə dəyəri 35 manat, 2 ədəd aşsüzən dəyəri 20 manat, 2 komplekt xrustal nəlbəki dəyəri 80 manat, 2 ədəd xrustal meyvə qabı dəyəri 50 manat, 2 ədəd xrustal çörək qabı dəyəri 60 manat, 12 ədəd hamam dəsmalı dəyəri 100 manat, 12 ədəd əl dəsmalı dəyəri 50 manat, 2 ədəd qaz balonu dəyəri 20 manat, 1 ədəd DVD dəyəri 50 manat, 1 ədəd video maqnitafon 50 manat, 1 ədəd krosno antena, kabel 50 manat, 1 ədəd elektrik qafadan 20 manat, 1 ədəd gecə işığı dəyəri 50 manat, 1 ədəd alüminium teşt dəyəri 40 manat, 1 ədəd balaca teşt dəyəri 20 manat, 4 ədəd çuqun qafadan dəyəri 70 manat, 4 ədəd çaynik dəyəri 40 manat, 12 ədəd sok stəkanı dəyəri 100 manat, 6 ədəd madonna bulud dəyəri 20 manat, 1 ədəd avropa taxt üzü dəyəri 200 manat, 1 ədəd divan üstü dəyəri 80 manat, 1 ədəd qazla işləyən samovar dəyəri 100 manat, 1 cüt qaşlı sırğa dəyəri 380 manat, 1 ədəd boyunbağı dəyəri 500 manat, 1 ədəd qolbaq dəyəri 200 manat, 1 ədəd nişan üzüyü dəyəri 200 manat, 1 ədəd sadə qaşlı üzük dəyəri 300 manat adlı əmlakların alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməsi, qeyd edilən əmlakların alınıb verilməsi mümkün olmadıqda onların dəyəri həcmində pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, əlavə olaraq Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 100 manatın tutularaq İddiaçı1 və İddiaçı2 verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Lerik Rayon Məhkəməsinin 2(048)-79/2022 saylı, 14 fevral 2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı1 (Həmidova) onun oğlu Cavabdeh1lə 2011-ci ildə nikaha daxil olaraq Lerik rayonu, Bilnə kəndinə onun evinə gəlin köçmüş, cehiz əşyalarını da evinə gətirmişdir. Birgə nikahdan 2012-ci il təvəllüdlü Əli adlı və 2014-cü il təvəllüdlü Yusif adlı uşaqları var. İddiaçı1 (Həmidova) ailəsi ilə Lerik rayonu, Bilnə kəndində apellyatorun evində 6 il yaşamış və həmin müddət ərzində də cehiz əşyalarından istifadə etmişdir. Təbii ki, iddiaçının cehiz əşyaları istifadə olunduqca aşınır, keyfiyyətini itirir və ya hansısa formada (sınma, qırılma, sökülmə və sair) məhv olaraq sıradan çıxmışdır. Xüsusən də, ailədə azyaşlı uşaqların olduğu şəraitdə əşyaların sıradan çıxması qaçılmaz olur ki, belə hallar iddiaçının əşyalarına münasibətdə də dəfələrlə olmuşdur. Belə ki, cehiz əşyaları istifadə üçün gətirilir və gətirildiyi vəziyyətdə və sayda qalmır. 2017-ci ilin yay aylarında oğlu Bahəddin və iddiaçı olan gəlini Sona apellyatorla və arvadı Sevər ilə bir evdə yaşamaq istəməyərək Bakıya getməyi qərarlaşdırmış, onlarla heç məsləhətləşmədən evdəki cehiz əşyalarını yığıb qonşu X2 evinə apararaq orada 3 ay ərzində yaşamışlar. Sonra 2017-ci ilin noyabr ayında cehiz əşyalarından bufeti, şifoneri, divan və kresloları, stol və 6 ədəd stulu qonşu X3 evinə yığmışlar. Qalan cehiz əmlaklarını da Lerikə iddiaçının atasının evinə, oradan da bəzi əşyalarını götürərək Bakı şəhərinə gedib Sabunçu rayonu, Albalı massivində apellyatora məxsus evdə qalmışlar. Çox keçməmişdir ki, onlar gəlib apellyatordan üzr istəmiş və qonşu X3 evinə yığdıqları bufeti, şifoneri söküntü halında, divan və kresloları, stol və 6 ədəd stulu yer tutub maneə yaratdığına görə qonşunun tələbi ilə gətirib Lerik rayonu, Bilnə kəndindəki apellyatorun evinin aşağı mərtəbəsindəki otağa yığmışlar. Yəni iddiaçının cehiz əşyalarının bir yerdən digər yerə daşınması nəticəsində də zədələnməsi və ya sıradan çıxması qaçılmaz olmuşdur. İddiaçı tərəfindən 2017-ci ildən etibarən Lerik rayonu, Bilnə kəndindəki evdə saxlanılan stol və 6 ədəd stul, bufet və şifonerin ümumilikdə dəyəri təxminən 50-60 manat olar. Onlar dəyərli əmlak olsaydı, iddiaçı onları çoxdan yığıb atası evinə aparardı. İddiaçı iddia ərizəsində cavabdehlərin onu döyərək evdən qovmasına, hazırda evi olmadığı üçün küçələrdə qaldığına, cehiz əmlakı və hədiyyə alınmış qızıl-zinət əşyalarının cavabdehin evində qaldığına istinad etmişdir. Məhkəmə iclası zamanı isə “cavabdehlər onu Bakıda cavabdehlərə məxsus evdən döyərək qovaraq qızıl-zinət əşyalarını ondan almışlar” demişdir. Apellyator, oğlu Bahəddin və arvadı Sevər iddiaçını döyməmiş, evdən qovmamış, qızıl-zinət əşyalarını ondan almamışlar. İddiaçı Lerik rayonu, Bilnə kəndindəki evdə stol və 6 ədəd stul, bufet və şifonerdən başqa hər hansı bir əşya saxlamamışdır və həmin əşyaların da götürülməsinə cavabdehlər maneə yaratmamışlar. Həyat təcrübəsinə əsasən evdən gedən qadının qızılzinət əşyalarını götürməklə özü ilə aparmasına ailə üzvlərinin maneçilik etmək imkanı barədə ehtimal o zaman inandırıcı hesab edilə bilər ki, həmin maneçilik və ya imkansızlıq barədə dolayı da olsa da, işdə ağlabatan məlumatlar olsun. Çünki müvafiq şərtlər olduqda bir şəxsə zor tətbiq edilməklə və ya edilməməklə onun iradəsinə zidd şəkildə əmlakının əlindən alınması cinayət əməlidir və bir qayda olaraq belə hadisə baş verdikdə dərhal polisə şikayət edilir. Lakin iş materiallarında iddiaçının külli miqdarda qiymətləndirdiyi qızıl və cehiz əşyalarının onun iradəsinə zidd şəkildə əlindən alınmasına dair polis orqanına müraciət etməsi barədə məlumat aşkar edilmir. İddiaçı işin əsl hallarını məhkəməyə bildirməyərək məhkəməyə düzgün olmayan yalan məlumatlar verməklə gəlir əldə etmək niyyətində olmuşdur. Belə ki, apellyator Cavabdeh2 və arvadı Cavabdeh3 Lerik rayonu, Bilnə kəndində yaşayırlar. Bakı şəhəri, Sabunçu rayonu, Albalı massivində apellyatora məxsus evdə oğlu Bahəddin, İddiaçı1 (Həmidova) və iki azyaşlı uşağı ilə qalırdılar. Təxminən 19 iyun 2021-ci il tarixində oğlu Bahəddin iddiaçı ilə yaşadığı Sabunçu rayonu, Albalı massivində cavabdehə məxsus evdən səhər tezdən çıxaraq işinə getmiş, arvadı olan iddiaçı Sona da iki uşağı ilə həmin evdə olmuşdur. Oğlu Bahəddin işdən evə gələrkən azyaşlı uşaqlarının nəzarətsiz qaldığını, arvadı İddiaçı1 (Həmidovanın) günorta saatlarında evi və uşaqlarını tərk edərək əslən Ucardan olan Səbuhi adlı bir gənc oğlana qoşulub getdiyini görmüşdür. Gedərkən evdən 10000 manat pulu, qızıl-zinət əşyalarını və oğlu Bahəddinə məxsus olan sənədləri – hərbi bileti, sürücülük vəsiqəsini, nikah haqqında şəhadətnaməni də özü ilə aparmışdır (bu barədə DİN-in 102 Xidmətinə məlumat verilmişdir). İddiaçı1 (Həmidova) evi tərk edib getdikdən dərhal sonra, yəni 21 iyun 2021-ci ildə oğlu Bahəddinə qarşı uşaqların saxlanması üçün alimentin tutularaq ona verilməsi barədə məhkəmədə iddia qaldırmış, Lerik Rayon Məhkəməsi də oğlu Bahəddindən cəmi 240 manat alimentin tutularaq iddiaçıya verilməsi barədə 2(048)-455/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnamə qəbul etmişdir. Bunun ardınca da iddiaçı nikahın pozulması barədə məhkəməyə müraciət etmiş və Lerik Rayon Məhkəməsində 28 dekabr 2021-ci il tarixli qətnamə qəbul edilmişdir. Çıxarılmış məhkəmə qətnamələrindən, qətnamələrin çıxarıldığı tarixlərdən də məlum olur ki, iddiaçı evdən getməyi əvvəldən planlaşdırmış, buna niyyətli olmuş, bu məqsədlə də özünə məxsus sənədləri, nikahı pozdurmaq üçün nikah şəhadətnaməsini götürmüş, həmin sənədlərin içində cavabdehə aid sənədləri də götürmüşdür. İddiaçının evdən getməyə əvvəlcədən niyyətinin olması əvvəlcədən qızılzinət əşyalarını da toplayıb aparmasını öz-özlüyündə təsdiq edir. Lerik Rayon Məhkəməsinin 2(048)-827/2021 saylı, 28 dekabr 2021-ci il tarixli qətnaməsinin məzmunundan görünür ki, İddiaçı1 (Həmidova) nikahın pozulması tələbində cavabdeh olan Cavabdeh1 ona və uşaqlarına baxmadığı üçün ondan ayrılaraq aliment tələbi ilə məhkəməyə müraciət etməsinə istinad etmişdir. Həmin məhkəmənin 2(048)-455/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsindən isə görünür ki, iddiaçı ailə münasibətlərinin pozulmasına səbəb kimi Cavabdeh1 əsassız olaraq söz-söhbət yaratmaqla içki düşkünü olmasını göstərmişdir. Əgər İddiaçı1 döyülərək evdən qovulmuş olsaydı, evi tərk edib getdiyi ilk günlərdə həmin hallara məhkəməyə verdiyi aliment və nikahın pozulması barədə iddia ərizələrində istinad edərdi. Cavabdehlər iddiaçını döyərək qızıl-zinət əşyalarını ondan almış olsaydı və ya iddiaçının evdə saxladığı stol, 6 ədəd stul, bufet və şifonerdən başqa cehiz əmlakı və qızıl-zinət əşyaları yaşadıqları mənzildə qalmış olsaydı və onları iddiaçıya qaytarmaqdan yayınmış olsaydılar, iddiaçı dərhal polis orqanına müraciət edərdi və ya ilk öncə əmlak tələbi, qızıl tələbi ilə məhkəməyə müraciət edərdi – qızıl-zinət əşyalarının üzərinə həbs qoydurar, onları siyahıya aldırardı. Qızıl-zinət əşyaları və cehiz əşyaları iddiaçının özündə olduğundan, o, həmin məsələlərdə maraqlı olmamışdır. Məhkəmə iclasında iddiaçı özü də dolayı yolla etiraf etmişdir ki, əmlaklarını Bakı şəhərində Cavabdeh1 ilə yaşadığı evdən sonradan sahə inspektorunun vasitəsilə götürmüşdür. Həqiqətən də, iddiaçı Bakı şəhərində Cavabdeh1lə yaşadığı evdən nəinki onunla birgə nikah dövründə əldə etdiyi əmlakları, həmçinin əvvəllər Lerik rayonundan Bakı şəhərinə apardığı cehiz əşyalarını da sahə müvəkkili vasitəsilə götürüb aparmışdır. İddia ərizəsindəki siyahıda yazılmış qızıl-zinət əşyalarından 1 cüt qaşlı sırğa, 1 ədəd qolbaq, o cümlədən də cehiz əşyaları siyahısında yazılmış əşyalardan lüstr, qarniz, soyuducu, paltaryuyan, uşaq yorğanı, ütü, çay servantı, qazan, böyük qazan, meyvə qabı, qaz balonu, tozsoran, video-maqnitofon, krosna antena, elektrik qəhvədanı, gecə işığı, alüminium teşt, Avropa taxt üzü iddiaçıda ümumiyyətlə mövcud olmamışdır. İddiaçının atası evindən cehiz olaraq uzunqulaq gətirməsi də yalandır. İddiaçı tərəfindən cehiz əşyaları siyahısında yazılmış əşyalardan bəziləri sayca çox göstərilmişdir. Belə ki, 2 sandıq yox, yalnız 1 sandıq, 4 ədəd çuqun vedrə yox, 1 ədəd çuqun vedrə, 5 ədəd kaşmir xalça yox, 2 ədəd kaşmir xalça, 5 dəst yox, 4 dəst yorğan-döşək, 12 ədəd balış yox, 6 ədəd balış, 12 ədəd novluçka yox, 6 ədəd novluçka, 6 ədəd maxrovi adyal deyil, 2 ədəd adyal cehiz olaraq gətirilmişdir. Qanunsuz gəlir əldə etmək məqsədilə iddiaçı tərəfindən rəfiqə, tanış və ya qohum-əqrəbalarına məxsus olan əşyaların siyahıda göstərilməsi istisna deyil. İddia ərizəsində qızıl-zinət əşyaları siyahısında qeyd olunan 1 ədəd boyunbağını, 1 ədəd nişan üzüyünü və 1 ədəd sadə qaşlı üzüyü Lerik rayonunda Cavidin qızıl mağazasından cəmi 700 manata almışdır. Həmin qızıl əşyalarının və iddiaçıda mövcud olmuş cehiz əşyalarının dəyəri şişirdilmiş vəziyyətdə göstərilmişdir. Cehiz və qızılzinət əşyalarının dəyəri iddiaçı tərəfindən və rəy verən mütəxəssis İ.Əliyev tərəfindən hansı meyarlarla müəyyən edilmişdir, məlum deyildir. İddia ərizəsində siyahıda qeyd edilmiş bütün cehiz və qızıl-zinət əşyaları barədə kifayət qədər məlumat olmadan həmin mallar üzrə qiymətləndirmə aparılması qanunsuz və əsassız olmuşdur. Məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilərək, iddiaçının mövcud əmlaklarının orta bazar qiymətinin müəyyən edilməsi barədə vəsatəti, həmçinin iddiaçının müraciəti əsasında sahə müvəkkilinin iştirakı ilə iddiaçı tərəfindən Bakı şəhərində qaldığı evdən bütün əmlaklarını götürməsi ilə əlaqədar polis idarəsindən arayış əldə edilməsi barədə vəsatəti məhkəmə tərəfindən təmin edilməmişdir. İddiaçının 2017-ci ildən bufeti, şifoneri söküntü halında, divan və kresloları, stol və 6 ədəd stulu Lerik rayonu, Bilnə kəndindəki evin aşağı mərtəbəsində saxladığını, qalan mövcud əmlaklarını atası evinə, oradan da Bakı şəhərinə apardığını, Bakı şəhərində yaşadığı evi tərk edib gənc oğlanla getdiyini, həmin vaxt qızıl əşyalarını və 10000 manat pulu özü ilə apardığını, sonradan sahə müvəkkili vasitəsilə yaşadıqları evdən əmlakları götürüb apardığını məhkəmə öz qətnaməsində nəzərə almamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1130/2022 saylı, 26 may 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Lerik Rayon Məhkəməsinin 2(048)-79/2022 saylı, 14 fevral 2022-ci il tarixli qətnaməsi Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan Cavabdeh2 kassasiya şikayəti vermiş, kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1130/2022 saylı, 26 may 2022-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2022-ci il tarixli, 2(102)-4861/2022 saylı, 18 oktyabr 2022-ci il tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilmiş, həmin iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 may 2022-ci il tarixli, 2(106)-1130/2022 saylı qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası qərarda öz hüquqi mövqeyini onunla izah etmişdir ki, işə baxan məhkəmələr iddiaçıların hər ikisinin iddiasını bütün cavabdehlərə münasibətdə təmin edərkən səhvə yol vermişlər. İşdə iki iddiaçı var – ata və qızı. Onların iddiası təmin olunmuşdur. Məhkəmələr əsaslandırmamışlar ki, nəyə görə ər-arvad arasında əmlak, cehiz və qızıl-zinət əşyaları ilə bağlı tələb keçmiş qaynatanın xeyrinə təmin olunmalıdır. Yəni iddiaçılardan birinin hazırkı tələbi irəli sürməyə subyektiv hüququnun olub-olmaması məsələsinə qiymət verilməmişdir. Və yaxud, işdə üç cavabdeh var – keçmiş ər və onun valideynləri. Eyni qaydada məhkəmələr onların hər birinə münasibətdə iddianı təmin etmişlər. Keçmiş qaynata olan iddiaçının xeyrinə cavabdehlərin hansından, hansı əsasla, hansı əmlakın tutulması barədə qətnamədə heç bir əsaslandırma yoxdur. O cümlədən, digər iddiaçıya münasibətdə də iddia eyni qaydada təmin edilmiş, onun xeyrinə hansı cavabdehdən, hansı əsasla və hansı əmlakın tələb olunması aydınlaşdırılmamışdır. Həmçinin, cavabdehlərdən hansından, hansı əsaslarla və hansı əmlakların tutulması aydın deyil. Qətnaməyə görə bütün cavabdehlər sadalanan əmlakları iddiaçılara qaytarmağa borcludurlar. Eyni zamanda, iddianın qismən təmin olunmasına baxmayaraq, ödənilmiş dövlət rüsumu da cavabdehlərə tam olaraq aid edilmişdir. Tələb olunan əmlak iddiaçı Hacıyeva (Həmidova) Sona İltizam qızına məxsus əmlakdırsa (ona bağışlanmış əmlak), hansı əsaslarla digər iddiaçının iddiasının təmin olunması aydın deyil. Eyni qaydada, tələb olunan əmlak ər-arvada aid əmlakdırsa, hansı əsaslarla həmin əmlakların müştərək qaydada cavabdehin valideynlərindən tutulması da aydın deyil. Bu müştərəkliyi müəyyən edən halların nədən ibarət olması ilə bağlı əsaslandırma aparılmamışdır. Halbuki, işdən görünür ki, tərəflər bir neçə dəfə yaşayış yerlərini dəyişmiş və sonuncu dəfə yaşamaq üçün Bakı şəhəri, Sabunçu rayonu, Albalı massivi deyilən ərazidə yaşamış və əmlaklar həmin evdə olmuşdur. Digər cavabdehlərin həmin əmlaklara aidiyyəti ilə bağlı heç bir əsaslandırma aparılmamış, iddiaçıların onlardan əmlak tələb etməyə subyektiv hüquqlarının olub-olmaması aydınlaşdırılmamışdır. İşin faktiki hallarından görünür ki, tərəflər 2011-ci ildə nikaha daxil olmuşlar, bir neçə dəfə yaşayış yerlərini dəyişmişlər, uzun müddət birlikdə yaşamışlar. Tələb olunan əmlakların tərəflərin yaşadığı Bakı şəhərindəki evdə qaldığı, birgə nikah dövründə iddiaçıya məxsus olan qızıl-zinət əşyalarının isə satıldığı bildirilir. İddia tələbində çoxsaylı əmlaklar, o cümlədən əsasən ev əşyaları tələb olunur. Tələbdən belə aydın olur ki, həmin əşyaların hamısı tərəflər 2011-ci ildə nikaha daxil olarkən verilmiş cehiz əşyaları olmuşdur. İddiaçının həmin əşyaların hamısının konkret olaraq nə vaxt, hansı qiymətə alınması, halhazırda mövcudluğu, onların harada saxlanması, salamatlığı və cavabdeh tərəfdə qalması ilə bağlı sübutları olmamış, bu hal ümumiyyətlə araşdırılmamışdır. Qızıl-zinət əşyalarının birgə nikah dövründə satılması, ailə münasibətləri dağıldıqdan sonra həmin əşyaların keçmiş ərdən və onun valideynlərindən tutulması üçün müstəqil əsas ola bilməz. Bu hal araşdırılmalı və ona hüquqi qiymət verilməlidir. Əşyaların hansı səbəbdən satılması, kimin tərəfindən satılması, əldə olunan vəsaitin hansı məqsədlərlə xərclənməsi və s. hallar aydınlaşdırıldıqdan sonra mübahisə ilə bağlı hüquqi dəyərləndirmə aparılmalıdır. 2011-ci ildə alınmış, gündəlik həyatda istifadə olunan əşyaların hal-hazıradək mövcudluğu ilə bağlı məhkəmələrin gəldiyi nəticə də aydın deyil. Həmin əşyalar mövcud olduğu halda, onların dəyərinin hazırkı vəziyyətdə real qiymətlərlə müəyyən edilməsi də şübhə doğurur. Tələb olunan əmlakların siyahısında uzun müddət istifadə nəticəsində salamat qalması şübhə doğuran (məsələn: 2011-ci ildə alınan 12 dəst mələfə çexol dəyəri 250 manat, siyahıda belə əşyalar çoxdur), hal-hazırkı qiyməti açıq-aşkar uyğun gəlməyən əmlaklar göstərilmişdir ki, məhkəmələr mötəbərliyi yoxlanılmayan mütəxəssis rəyinə istinad etməklə iddianı təmin etmişlər. Təkrar apellyasiya baxışı zamanı apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh2 çıxış edərək bildirdi ki, İddiaçı1 (Həmidova) onun keçmiş gəlini olmuş, oğlu Cavabdeh1lə evli olmuşdur. Onlar evləndikdən sonra bir müddət onun Lerik rayonunun Bilnə kəndində yerləşən evində yaşamış, sonradan Bakı şəhəri, Sabunçu rayonu, Albalı massivi deyilən ərazisində olan ona məxsus sənədsiz evə köçmüşlər. Onlar həmin evə köçərkən iddiaçı gətirdiyi qızıl-zinət və cehiz əşyalarını da özü ilə birlikdə həmin evə aparmışdır. İddiaçının qızıl-zinət əşyaları heç vaxt onda – Cavabdeh2 olmamışdır və həmin qızıl-zinət əşyalarının satılması ilə bağlı iddiaçının bildirdikləri yalandır. İddiaçı1 (Həmidova) Lerik rayonunun Bilnə kəndindən Bakı şəhərinə köçərkən 1 ədəd şifoneri və 1 ədəd bufeti söküb Lerik rayonunun Bilnə kəndində yerləşən evdə saxlamış, həmçinin 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd stol və 6 ədəd stulu da saxlamışdır. Həmin əmlaklar uzun illər ərzində işlədildiyindən köhnəlmişdir. Həmin əşyaların İddiaçı1 (Həmidova) tərəfindən götürülməsinə etiraz etmir. O, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 25 aprel 2023-cü il tarixli rəyi ilə razı deyil və hesab edir ki, həmin əşyaların dəyəri rəydə müəyyən edilmiş məbləğdən daha aşağıdır. İddiaçının hər hansı qızıl-zinət əşyası və ya digər əmlakı nə onda, nə də digər cavabdehlərdə qalmamışdır. O bildirdi ki, qızıl-zinət əşyaları ilə bağlı onda hər hansı məlumat yoxdur, qızıllar həmişə İddiaçı1 (Həmidovanın) özündə olmuşdur. Ona görə də həmin əşyaların taleyini onun özü bilir. İddiaçı1 (Həmidova) oğlu Cavabdeh1lə bir müddət Bakı şəhəri, Sabunçu rayonu, Albalı massivi deyilən ərazidəki evdə yaşadıqdan sonra başqası ilə münasibət quraraq ona qoşulub getmiş, bu səbəblə də oğlu Cavabdeh1lə münasibətləri pozulmuşdur. Ayrıldıqdan sonra İddiaçı1 (Həmidova) Bakı şəhərindəki Sabunçu rayonu, Albalı Massivində yaşadıqları evdən özünə məxsus olan bütün əşyaları Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin əməkdaşlarının iştirakı ilə götürmüş, Lerik rayonunun Bilnə kəndindəki qeyd etdiyi əşyalar isə həmin evdə qalmışdır. İddiaçı1 (Həmidova) başqa oğlana qoşulub getdiyinə görə qonşular arasında rüsvay olmuşlar və Sabunçu rayonu, Albalı Massivi ərazisindəki ev iddiaçı tərəfindən boşaldıldıqdan sonra onu satmışlar. Hal-hazırda hər üçü – o, arvadı Cavabdeh3 və oğlu Cavabdeh1 Lerik rayonunun Bilnə kəndində yerləşən evdə yaşayırlar. O, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh2 vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, Cavabdeh2 izahatı ilə eyni məzmunda çıxış etdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin 28 dekabr 2022-ci il və 25 yanvar 2023-cü il tarixli iclaslarında iştirak edən iddiaçı Hacıyeva (Həmidova) Sona İltizam qızı çıxış edərək bildirmişdir ki, o, hər iki evdən də heç bir əşyasını götürə bilməmişdir. Qızıl-zinət əşyalarının heç biri satılmamışdır. Qızıl-zinət əşyalarından bilərziyi itmiş, qalan qızıl-zinət əşyalarını isə Bakı şəhərindəki evə köçərkən özü ilə apara bilməmiş, həmin qızıl-zinət əşyaları cavabdehlərin Lerik rayonundakı evində qalmışdır. Qızıl-zinət əşyaları Cavabdeh2 olmuş, o, həmin qızılları özündə saxlayaraq ona verməmişdir. Bildirdi ki, Lerik rayonunun Bilnə kəndindəki evdə ona məxsus olan və Cavabdeh2 qeyd etdiyi əşyalar yararsız hala salınmışdır. Bu səbəbdən də həmin əşyaların özünü götürmək istəmir. O, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Həmçinin, verilmiş suallara cavab olaraq bildirdi ki, Sabunçu rayonu, Albalı massivi ərazisində yerləşən evdən hər hansı əşyasını götürə bilməmiş, həmin evdə yerləşən əşyaları cavabdehlər tərəfindən evlə birlikdə satılmışdır. Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin məktubunda qeyd edilənlər isə həqiqətə uyğun deyil. Verilmiş digər suala cavab olaraq isə qeyd etdi ki, birinci instansiya məhkəməsinin iclasına dair protokolda onun izahatında qızıl-zinət əşyalarının satılmasına dair qeyd edilənlər həqiqəti əks etdirmir, onun izahatı protokolda təhrif edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçılar, eləcə də cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. İddiaçı Hacıyeva (Həmidova) Sona İltizam qızı teleqramla məhkəməyə müraciət edərək, atası ağır xəstə olduğundan məhkəmə iclasına gələ bilməyəcəyini, işə onun iştirakı olmadan baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər İddiaçı2 da teleqramla məhkəməyə müraciət edərək, hazırda xəstəxanada yatdığını və ağır xəstə olduğunu bildirmiş, işə onun iştirakı olmadan baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə Cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etsə də, apellyasiya şikayətinin mahiyyətindən görünür ki, o, birinci instansiya məhkəməsinin qətnaməsini iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hüquqi mövqeyini və iddianın cavabdehlərə qarşı müştərək qaydada təmin edildiyini nəzərə alaraq bildirir ki, qətnamədən apellyasiya şikayətinin cavabdehlərdən hansı tərəfindən verilməsindən asılı olmayaraq qətnamə təmin olunmuş hissədə tam, yəni cavabdehlərin hər üçünə münasibətdə yoxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb və işdəki sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən hissədə (iddia tələbinin təmin edilmiş hissəsində) tamamilə ləğv edilməli, həmin hissədə İddiaçı1 (Həmidovanın) iddiasının qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Hazırkı iş üzrə iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırkı iş üzrə 2 iddiaçı var: Hacıyeva (Həmidova) Sona İltizam qızı (qız) və İddiaçı2 (ata). İddia ərizəsindən göründüyü kimi, hazırda tələb edilən cehiz və qızıl-zinət əşyaları digər şəxslər, eləcə də atası tərəfindən İddiaçı1 (Həmidovaya) hədiyyə edilmiş əmlaklar olduğundan həmin əşyalarla bağlı Mülki Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş tələbi irəli sürmək hüququ da məhz İddiaçı1 (Həmidovaya) məxsus olmuşdur. Birinci instansiya məhkəməsi isə İddiaçı2 hazırkı tələb üzrə iddia qaldırmağa subyektiv hüququnun olub-olmamasını müəyyən etmədən onun da iddiasını təmin etməklə, hüquq normalarının tətbiqində səhvə yol vermişdir. “Vəkil şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırkı tələbi irəli sürmək üçün İddiaçı2 subyektiv hüququ mövcud olmadığından onun iddiası təmin edilməməlidir. Məhkəmə kollegiyası İddiaçı1 (Həmidovanın) iddia tələbi ilə bağlı qeyd edir ki, həmin iddianın təmin edilməsi üçün aşağıdakı şərtlərin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehlərdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı əşyaların cavabdehlərin sahibliyində olduğunu sübut etməlidir; 3) cavabdehlərin əşyaya sahibliyi qanunsuz olmalıdır. Bu cür iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, müvafiq iddianı sübutetmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı qaytarılmasını tələb etdiyi əşyaların onun mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehlərin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının tələb edilən əşyaların hamısının konkret olaraq nə vaxt, hansı qiymətə alınması, hal-hazırda mövcudluğu, onların harada saxlanması, salamatlığı və cavabdeh tərəfdə qalması ilə bağlı sübutları mövcud deyil. O, sadəcə yaşadığı hər iki evdən də hər hansı əşyasını götürə bilmədiyini bildirmişdir. Hazırkı iş üzrə İddiaçı1 (Həmidova) öz tələbini təsdiq etmək üçün fotoşəkillər və Lerik rayon İstehsal-İstehlak Kooperativinin qiymətləndirmə aktını təqdim etmişdir. Məhkəmə kollegiyası təqdim edilmiş fotoşəkilləri hazırkı iş üzrə qızıl-zinət əşyaları ilə bağlı tələbin təmin edilməsi üçün əsas hesab etmir və bildirir ki, həmin fotoşəkillər sadəcə olaraq orada əks olunmuş qızıl-zinət əşyalarının fotoşəkillər çəkilən anda mövcudluğunu təsdiq edə bilər. Həmin fotoşəkillərə əsasən fotoşəkildə olan əşyaların mülkiyyətçisinin və ya həmin əşyanın dəyərinin, eyni zamanda onların hal-hazırda cavabdehlərin qanunsuz sahibliyində olduğunun müəyyənləşdirilməsi mümkün deyil. Bundan başqa, İddiaçı1 (Həmidova) birinci instansiya məhkəməsinin 14 fevral 2022-ci il tarixli iclasında çıxış edərkən bildirmişdir ki, Cavabdeh1 onun qızıl-zinət əşyalarını onun icazəsi olmadan satmışdır. Lakin apellyasiya məhkəməsinin iclaslarında iştirak etmiş İddiaçı1 (Həmidova) qızıl-zinət əşyalarının satılmadığını, həmin əşyalardan yalnız bilərziyin itdiyini və qalan qızıl-zinət əşyalarının Cavabdeh2 olduğunu bildirmişdir. Göründüyü kimi, İddiaçı1 (Həmidova) birinci instansiya məhkəməsinin iclasında ona məxsus qızıl-zinət əşyalarının Cavabdeh1 tərəfindən satıldığını bildirsə də, apellyasiya məhkəməsinin iclasında bu halı təkzib etmişdir. Onun izahatları bir-birilə ziddiyyət təşkil edir. Bu səbəbdən də, məhkəmə kollegiyası onun bildirdiklərini inandırıcı hesab etmir. Məhkəmə kollegiyası həmçinin təqdim edilmiş Lerik rayon İstehsal-İstehlak Kooperativinin qiymətləndirmə aktını da hazırkı iş üzrə mötəbər sübut hesab etmir. Belə ki, qızıl-zinət və cehiz əşyalarının özləri olmadan onlar barəsində bu cür qiymətləndirmənin aparılması mümkün deyil. Həmin əşyalar mövcud olduğu halda, onların dəyərinin hazırkı vəziyyətdə real qiymətlərlə müəyyən edilməsi də şübhə doğurur. Belə ki, tələb olunan əmlakların siyahısında uzun müddət istifadə nəticəsində salamat qalması şübhə doğuran və hal-hazırkı qiyməti açıq-aşkar uyğun gəlməyən əmlaklar da göstərilmişdir. Həmin əmlakların qiymətləndirilməsi zamanı isə onların istifadə nəticəsində köhnəlməsi halı da nəzərə alınmamışdır. Məhkəmə isə bu hala əhəmiyyət verməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası bildirir ki, qeyd edilən akt tələb edilən cehiz və qızıl-zinət əşyalarının cavabdehlərdə olması faktını təsdiq edə biləcək xarakterdə olmamaqla yanaşı, iddiaçının göstərilən əşyaların mülkiyyətçisi olması faktını da təsdiq etmir. Göründüyü kimi, İddiaçı1 (Həmidova) 1 ədəd bufet dəyəri 300 manat, 1 ədəd şifoner dəyəri 200 manat, 1 ədəd termo dəyəri 200 manat, 1 ədəd komot dəyəri 250 manat, 1 ədəd divan, 2 ədəd kreslo dəyəri 500 manat, 1 ədəd qoşa taxt dəyəri 200 manat, 1 ədəd tək yük kravat dəyəri 150 manat, 1 ədəd açma stol 6 ədəd stul ilə birlikdə dəyəri 400 manat, 1 ədəd televizor altı dəyəri 80 manat, 1 ədəd çörək sobası dəyəri 100 manat, 1 ədəd tozsoran dəyəri 120 manat, 1 ədəd ətçəkən maşın dəyəri 80 manat, 2 ədəd lüstr dəyəri 200 manat, 4 ədəd avropa pərdəsi dəyəri 350 manat, 2 ədəd tumba dəyəri 100 manat, 1 ədəd iki mərtəbəli uşaq kravatı dəyəri 250 manat, 1 ədəd soyuducu dəyəri 350 manat, 1 ədəd paltaryuyan dəyəri 400 manat, 4 ədəd çuqun vedrə dəyəri 40 manat, 5 ədəd 3×4 kaşmir xalça dəyəri 600 manat, 2 ədəd 2×3 sadə xalça dəyəri 200 manat, 1 ədəd taxt yorğan döşəyi dəyəri 250 manat, 5 dəst yorğan döşək, 12 ədəd balış və 12 ədəd nalça dəyəri 1300 manat, 2 dəst uşaq yorğan döşəyi dəyəri 100 manat, 6 ədəd maxrovi adyal dəyəri 400 manat, 2 ədəd sandıq dəyəri 150 manat, 12 dəst mələfə çexol dəyəri 250 manat, 1 ədəd ütü dəyəri 80 manat, 1 ədəd komplekt xörək servizi dəyəri 450 manat, 1 ədəd madonna çay servizi 12 predmetli dəyəri 1000 manat, 1 ədəd çamodan komplekti qaşıq-çəngəl dəyəri 100 manat, 1 ədəd ədəd kömür samovarı dəyəri 100 manat, 1 ədəd alüminium qazan komplekt dəyəri 50 manat, 1 ədəd nerjavik qazan komplekti dəyəri 200 manat, 2 ədəd çuqun qazan 5 ədədlik dəyəri 250 manat, 2 ədəd xəmir tası dəyəri 50 manat, 24 ədəd kasa dəyəri 35 manat, 48 predmetli nimçə dəyəri 35 manat, 2 ədəd aşsüzən dəyəri 20 manat, 2 komplekt xrustal nəlbəki dəyəri 80 manat, 2 ədəd xrustal meyvə qabı dəyəri 50 manat, 2 ədəd xrustal çörək qabı dəyəri 60 manat, 12 ədəd hamam dəsmalı dəyəri 100 manat, 12 ədəd əl dəsmalı dəyəri 50 manat, 2 ədəd qaz balonu dəyəri 20 manat, 1 ədəd DVD dəyəri 50 manat, 1 ədəd video maqnitafon 50 manat, 1 ədəd krosno antena, kabel 50 manat, 1 ədəd elektrik qafadan 20 manat, 1 ədəd gecə işığı dəyəri 50 manat, 1 ədəd alüminium teşt dəyəri 40 manat, 1 ədəd balaca teşt dəyəri 20 manat, 4 ədəd çuqun qafadan dəyəri 70 manat, 4 ədəd çaynik dəyəri 40 manat, 12 ədəd sok stəkanı dəyəri 100 manat, 6 ədəd madonna bulud dəyəri 20 manat, 1 ədəd avropa taxt üzü dəyəri 200 manat, 1 ədəd divan üstü dəyəri 80 manat, 1 ədəd qazla işləyən samovar dəyəri 100 manat, 1 cüt qaşlı sırğa dəyəri 380 manat, 1 ədəd boyunbağı dəyəri 500 manat, 1 ədəd qolbaq dəyəri 200 manat, 1 ədəd nişan üzüyü dəyəri 200 manat, 1 ədəd sadə qaşlı üzük dəyəri 300 manat adlı əmlakların cavabdehlərdə olması ilə bağlı hər hansı sübut təqdim edə bilməmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilir ki, hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. İddiaçı1 (Həmidova) məhkəmə kollegiyasının Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə müvafiq qaydada fəaliyyətini həyata keçirməsi üçün lazımi sübutları təqdim etməmişdir. İş materiallarından da görünür ki, iddiaçı nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə iddia tələbinin təmin olunması üçün əsas olan halları təsdiq edən mötəbər sübutları təqdim etməmişdir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin Cavabdeh2 vəkili Vəkil ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı1 14-cü PB-yə müraciət edərək, keçmiş həyat yoldaşı Cavabdeh1 ilə rəsmi qaydada ayrıldığını bildirmişdir. Məhkəmənin qərarı ilə keçmiş həyat yoldaşı Cavabdeh1 atasının evindən özünə və övladlarına aid olan əşyaları və cehiz əşyalarını götürməsi üçün getdiyi zaman yoldaşının yaxın qohumları və yoldaşı icazə verməmişlər. Polis Bölməsinin əməkdaşları müraciət əsasında həmin ünvanda olmuş, İddiaçı1 cehiz əşyalarını, özünə və övladlarına aid olan əşyaları götürməsi PB-nin əməkdaşları tərəfindən təmin edilmişdir. Göründüyü kimi, İddiaçı1 (Həmidova) ilə Cavabdeh1 birgə yaşadıqları Bakı şəhəri, Sabunçu rayonu, Albalı massivi deyilən ərazidəki evdən İddiaçı1 (Həmidovanın) əşyaları Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin əməkdaşlarının iştirakı ilə onun tərəfindən götürülmüşdür. Bununla yanaşı, Cavabdeh2 apellyasiya məhkəməsinin iclasında bildirmişdir ki, İddiaçı1 (Həmidova) oğlu Cavabdeh1lə Bakı şəhərinə köçərkən özünə məxsus bütün əmlakları aparmış, Lerik rayonunun Bilnə kəndindəki evdə isə 1 ədəd şifoneri və 1 ədəd bufeti söküb saxlamış, həmçinin 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd stol və 6 ədəd stul da həmin evdə qalmışdır. Cavabdeh2 həmin əşyaların İddiaçı1 (Həmidova) tərəfindən götürülməsinə etiraz etmədiklərini bildirmişdir. İddiaçı1 (Həmidova) isə ona məxsus əşyaların yararsız hala salındığını bildirərək, onların özünü götürmək istəmədiyini qeyd etmişdir. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Göründüyü kimi, Cavabdeh2 İddiaçı1 (Həmidovanın) cehiz əşyalarından 1 ədəd şifoner, 1 ədəd bufet, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd stol və 6 ədəd stulun ona məxsus olan və digər cavabdehlərlə birgə yaşadıqları Lerik rayonunun Bilnə kəndində yerləşən evdə olduğunu bildirmiş, bu səbəblə də, MPM-in 106.3-cü maddəsi baxımından İddiaçı1 (Həmidova) həmin əşyalarla bağlı öz tələbini sübut etmə vəzifəsindən azad olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək, ekspert qarşısında Cavabdeh2 məxsus Lerik rayonunun Bilnə kəndində yerləşən evdə olan sökülmüş vəziyyətdəki 1 ədəd şifoner və 1 ədəd bufetin, eləcə də, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd stol və 6 ədəd stulun 2011-ci ildən etibarən istifadə olunması nəzərə alınmaqla bazar qiymətlərinin neçə manat təşkil etməsi barədə sual qoyulmuşdur. İşdəki məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/967 saylı, 25 aprel 2023-cü il tarixli ekspert rəyindən görünür ki, istifadə olunması nəzərə alınmaqla, sökülmüş vəziyyətdə olan 1 ədəd şifoner və 1 ədəd bufet dəstinin qiyməti 400 manat, divan və 2 kreslo dəstinin qiyməti 350 manat, 1 ədəd stol və 6 ədəd stul dəstinin qiyməti 250 manat təşkil edir. Həmin əşyaların istifadə olunması nəzərə alınmaqla, nəzəri qaydada hazırkı orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1000 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Cavabdeh2 apellyasiya məhkəməsinin iclasında 25 aprel 2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmiş dəyərlə razı olmadığını bildirsə də, məhkəmə kollegiyası həmin rəyi vermiş ekspertin əmtəəşünaslıq sahəsində xüsusi biliklərə malik olmasını nəzərə alaraq həmin rəyi mötəbər sübut olaraq qəbul edir. Beləliklə, məhkəmə kollegiyası bildirir ki, İddiaçı1 (Həmidovanın) iddia tələbi 1 ədəd şifoner, 1 ədəd bufet, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd stol və 6 ədəd stul, həmin əmlakların özləri olmadıqda isə onların dəyərinin verilməsinə dair hissədə qismən təmin edilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin təmin edildiyi əşyalara münasibətdə onların cavabdehlərin birgə sahibliyində olmasını nəzərə alaraq belə hesab edir ki, həmin əşyalar və ya onların dəyəri cavabdehlər tərəfindən birgə qaydada İddiaçı1 (Həmidovaya) qaytarılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə mübahisələndirilən (iddia tələbinin təmin edilmiş hissəsində) hissədə tamamilə ləğv edilməli, həmin hissədə İddiaçı1 (Həmidovanın) iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 107-ci və 119.1-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası bildirir ki, iddia tələbi qismən – iddianın ümumi qiyməti olan 19962 manatın cəmi 1000 manata dair hissəsi təmin edildiyindən, təmin edilmiş tələbə mütənasib olaraq iddia ərizəsinin verilməsinə görə İddiaçı1 (Həmidova) tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 5 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı1 ödənilməli, dövlət rüsumu üçün ödənilmiş 100 manatın 95 manat hissəsi isə iddiaçı Hacıyeva (Həmidova) Sona İltizam qızının özünə aid edilməlidir. Bundan başqa, məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, iddia tələbində mediasiya xərci olaraq ödənilmiş 50 manat məbləğində pulun da cavabdehlərdən tutulması xahiş edilsə də, həmin hissədə birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmiş və qətnamə həmin hissədə iddiaçılar tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsini Cavabdeh2 xahiş etdiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh2 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 382, 384.0.2, 385.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Lerik Rayon Məhkəməsinin 2(048)-79/2022 saylı, 14 fevral 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə (iddia tələbinin təmin edilmiş hissəsində) tamamilə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Hacıyeva (Həmidova) Sona İltizam qızının iddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 dəyəri 400 manat olan 1 ədəd şifoner və 1 ədəd bufet dəsti, dəyəri 350 manat olan 1 ədəd divan və 2 ədəd kreslo dəsti, dəyəri 250 manat olan 1 ədəd stol və 6 ədəd stul dəsti, həmin əmlakların qaytarılması mümkün olmadıqda isə onların dəyəri alınaraq iddiaçı Hacıyeva (Həmidova) Sona İltizam qızına verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun 5 manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçı Hacıyeva (Həmidova) Sona İltizam qızına ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun 95 manat hissəsi iddiaçı Hacıyeva (Həmidova) Sona İltizam qızının özünə aid edilsin. Cavabdeh2 25 aprel 2023-cü il tarixli, 9/967 nömrəli ekspert rəyinin verilməsinə görə 50 manat məbləğində ekspertiza xərci tutularaq, X4, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Mübahisələndirilən hissədə iddianın qiyməti qanunla müəyyən edilmiş həddi aşdıqda, qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Samir Həsənov
Məhkəmə qərarları › İş №2(106)-180/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-180/2023
07.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver