Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1835/2024 20.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əmlak tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin e-2(050)-1894/2024 saylı, 06 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları Əmlakların bazar qiymətlərinə uyğun təxmini dəyərləndirilməsinə dair mütəxəssis Abdullazadə Yaşar tərəfindən verilmiş rəydən görünür ki, 20 qamlıq 583 əyyarlı 1ədəd sep 1700 manat dəyərində, 4 qramlıq 583 əyyarlı 1 ədəd üzük 350 manat dəyərində, 3,5 qramlıq 583 əyarlı 1 ədəd üzük 300 manat dəyərində, 3 qramlıq 583 əyyarlı tək qaş üzük 250 manat dəyərində, 4 qramlıq 583 əyyarlı 1 ədəd alyans üzük 350 manat dəyərində, cəmi 2950 manat dəyərində qiymətləndirilmişdir. "xxxx" MMC ilə X2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ********* saylı müqavilə üzrə zəmanət talonundan, ödəniş cədvəlindən və mədaxil qəbzindən görünür ki, X2 "xxxx" MMC-dən 400 manat ilkin ödəniş etməklə, qiyməti 1999 manat (qalan məbləğ 1659.98 manat olmaqla) olan “İphone 13 128gb Starlight” markalı mobil telefonu 12 ay ödəniş cədvəlinə uyğun olaraq, hər ay 139 manat (sonuncu ay 130.98 manat) olmaqla almışdır. İş materiallarında olan iddiaçının Cavabdeh2 qohumu ilə “Whatsapp” proqramında danışıq mesajlarının məzmunundan görünür ki, iddiaçı nişanlısı ilə münasibətlərini bərpa etmək istəmiş, lakin sonuncu bu təklifi qəbul etməmiş, iddiaçının onunla qaçaraq birlikdə yaşamağı təklif etdiyini, lakin Cavabdeh2 bunu qəbul etmədiyi müəyyən edilir. İş materiallarında olan hazırkı iş üzrə tərəflərin “Whatsapp” proqramında danışıq mesajlarının məzmunundan görünür ki, Cavabdeh2 İddiaçı bayramdan sonra danışmağı təklif etmiş, iddiaçı onun bu təklifini rədd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, iddiaçılardan Cavabdeh1 onun bacısı, Cavabdeh2 isə bacısı qızıdır. İddiaçı isə onun əmisi oğludur. Onların arasında narazılıq olduğundan iddiaçı tərəf onun atsını, yəni Fidanın babasını Rusiya Federasiyasından onları barışdırmaq üçün çağırmışlar. Onlar barışıq əldə edə bilməmişlər. Eldar heç bir səbəb göstərmədən barışmaq istəmədiyini bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ona vurmuş olduğu maddi ziyana görə 5009 manat pulun, hüquqi xidmətə görə ödənilmiş 300 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 70 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə müraciət edərək, Cavabdeh2 iş üzrə əlavə cavabdeh qismində cəlb edilməsini, iddia predmeti olan mobil telefon və ya onun dəyəri ilə qızıl-zinyət əşyaları və ya onların dəyərinin, həmçinin hüquqi xidmətə görə ödənilmiş vəsaitlə dövlət rüsumuna görə ödənilmiş vəsaitin Cavabdeh2 ilə Cavabdeh1 müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində tələbini onunla əsaslandırmışdır ki, həmkəndlisi olan cavabdehə elçi gedərək ailə qurmağa razılıq verdikdən sonra ona 08 mart 2023-cü il tarixdə el adəti ilə nişan aparmışlar. Bu məqsədlə ona 1700 manat dəyərində 20 qamlıq 583 əyyarlı 1ədəd sep, 350 manat dəyərində 4 qramlıq 583 əyyarlı 1 ədəd üzük, 300 manat dəyərində 3,5 qramlıq 583 əyarlı 1 ədəd üzük, 250 manat dəyərində 3 qramlıq 583 əyyarlı tək qaş üzük, 350 manat dəyərində 4 qramlıq 583 əyyarlı 1 ədəd alyans üzük vermişlər. Bütün bunlar iddia ərizəsinə əlavə etdiyi videodiskdə, fotoşəkillərdə və və zərgərin rəyində öz əksini apmışdır. Eləcə də dostunun adına kreditlə götürdüyü 1 ədəd “İphone 13 128gb Starlight” markalı mobil telefon vermişdir ki, onunla əlaqə saxlasın. Həmin telefonun kleditini də özü ödəmişdir. Bu xüsusatlar da iddia ərizəsinə əlavə etdiyi mədaxil qəbzi, ödəniş cədvəli və zəmanət talonu ilə təsdiq olunur. Lakin, 2023-cü ilin dekabr ayının sonlarından cavabdeh fikrini dəyişərək onunla ailə həyatı qurmaq istəməməsini bildirsə də, ona verdiyi qızıl-ziynət əşyalarını və telefonu qaytarmaqdan imtina etmişdir. Halbuki, həmin əşyaları onunla ailə qurması ilə bağlı ona vermişdir. O, isə ailə quracağı adı ilə onu aldadıb qeyd olunan əşyalarını ələ keçirmiş, ailə qurmaqdan imtina etsə də, əşyalarını qaytarmamış, nəticədə vəsaiti hesabına əsassız varlanmaqla ona ziyan vurmuşdur. Qeyd olunan əşyalarını dəfələrlə tələb etsə də, vermədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Buna görə isə 70 manat məhkəmə rüsumu və vəkilin hüquqi xidmətinə görə 300 manat ödəməli olmuşdur. Birinci instansiya məhkəməsində iddiaçının vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, cavabdehlər iddiaçının nişan üçün qızıl-zinyət əşyaları və mobil telefon verməsini qəbul edirlər. Onlar arasında ər-arvad münasibəti və hətta nikah münasibətləri olmamışdır. Bir il nişanlı olmuşlar və ayrılmışlar. Cavabdehlərdən Cavabdeh2 iddiaçı ilə ayrılmış və onunla barışmaq belə istəməmişdir. Lakin, onun aldığı əmlakları qaytarmaq istəmir. Belə olan halda onun hərəkətləri cavabdehin əmlakları hesabına əsassız varlanmaqdır. Bundan başqa tərəflər arasında mübahisə ilə əlaqədar polisdə araşdırma da aparılmışdır. Polisdə cavabdehlər izahat verərkən qızılların onlarda olmamasını bildirsələr də, sonradan qızılların özlərində olduğunu qəbul edərək, hədiyyə əşyalar olduğundan qaytarmaq niyyətində olmadıqlarını bildirmişlər. Həmin qızıl-zinət əşyalarının və mobil telefonun onlarda olmasını özləri etiraf etmişlər. Lakin həmin əmlakları iddiaçıya qaytarmaq istəmirlər. Bunadan başqa iddiaçının tələb etdiyi mobil telefonu isə Eldar dostu X1 adına "xxxx" MMC-dən kreditlə almış və krediti Eldar özü ödəmişdir. Yəni, həmin telefon da Eldarın əmlakıdır. Sonda Nümayəndə iddianının təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, həmin qızıl-zinət əşyaları və mobil telefon onlardadır. Onları iddiaçı nişanlı olarkən ona hədiyyə almışdır. İddiaçı ilə nişanlanmış və bir müddət sonra aralarında sözsöhbət olduğundan bir neçə dəfə küsülü olmuşlar və onlar anasının vasitəsilə barışmışlar. Sonuncu dəfə isə onun ansına səsini yüksəltmiş və bundan sonra narazılıqları daha da böyümüşdür. Mart ayının 19-da iddiaçı ona onunla qaçmağı təklif etsə də, buna razı olmamışdır. İddiaçı ona onunla getdikdən sonra nə anası, nə də ki digər qohumlarının onlara gəlməyəcəyi şərtini qoyduğuna görə onunla qaçmağa razı olmamışdır. Hazırda da iddiaçı ilə barışmaq fikri yoxdur. Sonda Cavabdeh2 iddianın rədd edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsində Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Cavabdeh2 onun qızıdır. Nişanın pozulmasında onların təsiri olmamışdır. İddiaçı onun qızına qaçmağı təklif edəndə belə onlara razılıq vermişdir. Lakin, iddiaçı özü onlara qohumlarının gəlməməsini şərtini qoyduğuna görə münasibətləri pozulmuşdur. Nişanın pozulmasında təqsirkar iddiaçının özüdür. Polis şöbəsində izahat verərkən qızılların onlarda olmadığını bildirmişdir. Buna səbəb kimi onun qızının adının çıxması səbəbindən qızılları iddiaçıya qaytarmaq fikri olmaması olmuşdur. Sonda Cavabdeh1 iddianın rədd edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin (hakim Coşqun Abdullayev) e-2(050)-1894/2024 saylı, 06 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 1 ədəd 20 qamlıq 583 əyyarlı sep- dəyəri 1700 manat, 1 ədəd 4 qramlıq 583 əyyarlı dəyəri 350 manat, 1 ədəd 3,5 qramlıq 583 əyarlı 1 ədəd üzük-dəyəri 300 manat, 1 ədəd 3 qramlıq 583 əyyarlı tək qaş üzük-dəyəri 250 manat, 1 ədəd 4 qramlıq 583 əyyarlı alyans üzük-dəyəri 350 manat olan ümumlikdə 2950 manat dəyəri olan qızıl-zinət əşyaları və 1 ədəd “İphone 13 128gb Starlight” markalı-dəyəri 1999.99 qəpik olan mobil telefonun cavabdehlərdən alınaraq İddiaçı verilməsi, əşyalar olmadıqda onların dəyərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, dövlət rüsumuna görə ödənilmiş 70 manat məbləğində pulun Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1, 1092.1.1, 1092.1.2, 1092.2-ci, 1092.3-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 119.1, 121.1, 217.4-cü və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, qızıllar və telefon cavabdehə gözlənilən toy və nikah mərasimi üçün verilmişdir. Yəni, qeyd edilən əşyalar məqsədli şəkildə, müəyyən şərtlə gələcəkdə arvadı olacağı üçün iddiaçı tərəfindən cavabdehə verildiyi açıq-aşkar görünür. Tərəflər arasında uzaq qohumluq münasibəti olsa da, sonradan nişanlanmaları və gələcəkdə toy etmək qərarına gəldikdən sonra iddiaçının cavabdehə qeyd edilən əşyaları hər hansı qohumluq münasibətinə görə deyil, məhz gələcəkdə cavabdehin onun arvadı olacağı üçün verdiyi məlum olur. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdeh heç bir əsasa söykənmədən iddiaçıdan aldığı əşyaların hesabına əsassız varlandığından, qanunvericiliyin tələbinə əsasən aldıqlarının hamısını iddiaçıya qaytarmalıdır. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində göstərmişdir ki, çıxarılmış qətnamə qanunsuz və əsassızdır. O, İddiaçılə uzun müddət sevgi münasibətində olmuşdur. Sonradan ailələrin razılığı ilə nişanlanmış, təxminən bir ildən çox sevgili və bir ildə nişanlı kimi yaşamışlar. Onun niyyəti iddiaçı ilə evlənmək olmuşdur. İddiaçı iddia tələbində qeyd etdiyi əmlakları ona hədiyyə olaraq vermişdir. O, da həmçinin iddiaçıya bir neçə hədiyyə vermişdir. Onların toy günü 13 apreldə, iddiaçının toy günü isə 28 apreldə olacaqdı. Məhkəmə iddia tələbini təmin etmək üçün onun tərəfindən verilən sübutlara istinad etməmiş, iddiaçı tərəfindən verilən sübutlara istinad etmişdir. Məhkəmə qətnaməsində qeyd edir ki, ona verilən hədiyyələr ancaq toy olacağı təqdirdə hədiyyə kimi qəbul edilə bilər. Nişan pozulmuşsa artıq əsassız varlanmaya düşür. İstinad olaraq Ali Məhkəmnin xx.xx.2024-cü il tarixli üç ulduzlu qərarına istinad etmişdir. Sözügedən üç ulduzlu qərardan sonra Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli Plenum Qərarı çıxmışdır. X4 5.10-cu bəndində nikaha daxil olanadək və nikah dövründə keçirilən mərasimlərdə (elçilik, nişan, toy və sair) tərəflərdən birinə hədiyyə verilən zinət əşyaları onların ayrıca əmlakı sayılır və Ailə Məcəlləsinin 34.2-ci maddəsində müəyyən edilmiş istisnanın təsir dairəsinə düşmür kimi qeyd edilmişdir. Vəkili məhkəmə iclasında dəfələrlə bu plenum qərarı ilə bağlı çıxışlar etmişdir. Məhkəmə üç ulduzlu qərara istinad etmişdir, Plenum qərarı isə dörd ulduzlu qərardır. Ümumiyyətlə hədiyyə anlayışına Ailə Məcəlləsində geniş şəkildə qiymət verilmişdir. Məhkəmənin mövqeyi belədir ki, ona verilən hədiyyələr toy olsaydı hədiyyə, toy olmadığına görə isə əsassız varlanmadır. xx.xx.2024-cü il tarixli plennum qərarında isə konkret olaraq qeyd edilir ki, elçilik, nişan, toy və sair tədbirlərdə verilən hədiyyələr ayrıca əmlak sayılır. Azərbaycan milli mentalitetində elçilik və nişan tədbirləri toy mərasimindən əvvəldə baş tutur. Nişan mərasimindən dərhal sonra yəni qısa müddətdə nişanı onun tərəfindən pozulsaydı məhkəmənin çıxarmış qərarı qanuni ola bilərdi. O, iddiaçı ilə 2 ilə yaxın müddətə sevgili və nişanlı olmuşdur. Nişan mərasimlərində verilən hədiyyələr bu tipli işlərdə fərqli-fərqli qərarlar verilməsin deyə Ali Məhkəmə xx.xx.2024-cü il tarixdə çıxarmış olduğu Plenum qərarında bunu xüsusi ilə vurğulamışdır. Məhkəmə isə dörd ulduzlu plenum qərarını yox, üç ulduzlu Ali Məhkəmənin qərarını üstün tutmuşdur. Hesab edir ki, çıxarılmış qətnamə qanunsuzdur və ləğv edilməlidir. Mülki işi hər tərəfli və obyektiv araşdırmamış, işin faktiki hallarına düzgün qiymət verməmişdir. Ümumiyyətlə işə Masallı rayon məhkəməsində baxıla bilməzdi. Çünki o, Cəlilabad rayon qeydiyyatındadır. Anası isə iş üzrə cavabdeh şəxs deyil. İlk öncə cavabdeh kimi məhkəməyə onu yox anasını vermişdirlər. Sonradan mülki işə onu əlavə etmişlər. O, məhkəmə iclasında dəfələrlə bildirmişdir ki, hədiyyələr ona verilmiş və hazırda da ondadır. Anasının bu işə heç bir aidiyyatı yoxdur. Sadəcə onlar işə Masallı rayon məhkəməsində baxılmasını istəmişlər. Ona görə də anasını formal olaraq cavabdeh kimi qeyd etmişlər. Məhkəmə isə bütün bu qanunsuzluqlara göz yummuşdur.Həmçinin məhkəmə sübutlara düzgün qiymət verməmiş, onun təqdim etmiş olduğu sübutları ümumiyyətlə qətnaməsində qeyd etməmişdir. Hesab edir ki, çıxarılmış qətnamə qanunlara zidd olduğundan ləğv edilməlidir. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apelyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apelyasiya baxışında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və izahatında bildirdi ki, iddiaçı ilə Cavabdeh2 nişanlı olub, ona bu müddət ərzində hədiyyələr alınmışdır. Telefon və zinət əşyalarının onlarda olduğunu qəbul edirlər. Lakin hədiyyələr cavabdehdə qalmalıdır. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli Plenum Qərarı mövcuddur. X4 5.10cu bəndində nikaha daxil olanadək və nikah dövründə keçirilən mərasimlərdə (elçilik, nişan, toy və sair) tərəflərdən birinə hədiyyə verilən zinət əşyaları onların ayrıca əmlakı sayılır və Ailə Məcəlləsinin 34.2-ci maddəsində müəyyən edilmiş istisnanın təsir dairəsinə düşmür kimi qeyd edilmişdir. X5 qərarına əsasən nikaha və nikah dövründə, toy, nişan və s. dövürdə alınan hədiyələr şəxsin özünə aid hesab edilir. Buna görə də, hazırkı iddianın qanuni əsası əsassız varlanma hesab edilməməlidir. Apelyasiya baxışında Cavabdeh1 izahatında bildirdi ki, hədiyyələr ona verilməmişdir, buna görə də iddia tələbi ona münasibətdə təmin edilə bilməzdi. Hazırda qızı qətnamədən apellyasiya şikayəti verdiyi üçün özünün də şikayət verməsinə zərurət görməmişdir. Apelyasiya baxışında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edərək, izahatında bildirdi ki, tərəflər nişanlı olmuş, sonradan tərəflər arasında münasibətlər pozulmağa başlamış, münasibətlərin bərpası üçün iddiaçı tərəf bir çox addımlar atmışdır. Oğlanın atası xaricdən gəlmiş, qızın atası həbsdə olmağına baxmayaraq gedib onunla görüşmüşlər. Daha sonra oğlanın atasının yanında qızın anası oğlanı təhqir etmişdir. Oğlan münasibətləri bununla da bitirdi. Qeyd edilən Plenum qərarında ailədən söhbət gedir. Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli “Məhkəmə hüquq sistemində islahatın dərinləşdirilməsi haqqında” fərmanı var ki, oxşar işlərlə bağlı eyni növ qərarlar qəbul edilsin. Ali Məhkəmənin qərarı da bu Fərmanın icrası ilə bağlıdır. Qərarda da işin halları burdakı hallar ilə eynidir, nişan halları və s. məhkəmə həmin qərarda bu halı hədiyyə kimi yox, əsassız varlanma hesab edir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunması və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etsə də, iş üzrə iddia tələbinin təmin olunan hissəsini mübahisələndirdiyindən qətnamə həmin hissədə, Cavabdeh2 münasibətdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas nolmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2.-ci maddəsinə Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1.-ci maddəsinə Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1.-ci maddəsinə bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 222.1-ci maddəsinə görə məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. 372.1.-ci Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Tərəflər arasında mübahisə predmeti - 1700 manat dəyərində 20 qamlıq 583 əyyarlı 1ədəd sep, 350 manat dəyərində 4 qramlıq 583 əyyarlı 1 ədəd üzük, 300 manat dəyərində 3,5 qramlıq 583 əyarlı 1 ədəd üzük, 250 manat dəyərində 3 qramlıq 583 əyyarlı tək qaş üzük, 350 manat dəyərində 4 qramlıq 583 əyyarlı 1 ədəd alyans üzük vermişlər. Bütün bunlar iddia ərizəsinə əlavə etdiyi videodiskdə, fotoşəkillərdə və və zərgərin rəyində öz əksini tapmışdır. Eləcə də, dostunun adına kreditlə götürdüyü 1 ədəd “İphone 13 128gb Starlight” markalı mobil telefondan ibarətdir. Tərəflər iddia ərizəsinə göstərilmiş əşyaların mövcud olması və dəyərini mübahisələndirmir. Hazırkı iş üzrə iddiaçı tərəf qeyd edilən əmlakları cavabdehdən tələb etmiş, cavabdeh tərəf apellyasiya şikayətində həmin əşyalarını mövcudluğunu və dəyərini mübahisələndirməmiş, tərəflər arasında nikah baş tutmadığından və nikahın baş tutmamasının səbəbkarı iddiaçı olduğundan əşyaları qaytarmaq istəmədiyini bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə aşağıdakı kimi münasibət bildirir. Şikayətdə cavabdeh tərəf «Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 12 mart tarixli Qərarına istinad etmiş, Qərarının 5.10-cu bəndində nikaha daxil olanadək və nikah dövründə keçirilən mərasimlərdə (elçilik, nişan, toy və sair) tərəflərdən birinə hədiyyə verilən zinət əşyaları onların ayrıca əmlakı sayılır və Ailə Məcəlləsinin 34.2-ci maddəsində müəyyən edilmiş istisnanın təsir dairəsinə düşmür kimi qeyd etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Ailə Məcəlləsinin 9.4-cü maaddəsinə əsasən, ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 12 mart tarixli Qərarı ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı məsələləri tənzimləyir, hazırkı iş üzrə tərəflər ər-arvad statusunda deyil. Qərarın 1.1-ci bəndində göstərilir ki, ər-arvadın ümumi əmlakının bölünməsinə dair mübahisənin tərəfləri ər-arvad statusu qazanmış şəxslər ola bilərlər. Ər-arvad dedikdə, ailə qurmaq məqsədilə nikahları müvafiq icra hakimiyyəti orqanında qeydə alınan kişi ilə qadın başa düşülür. Ailə münasibətlərinə daxil olan şəxslərin ər-arvad statusu nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır, nikahın pozulduğu gün başa çatır (Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra – Ailə Məcəlləsi), 2.3, 9.4 və 23.1-ci maddələr). 1.2. Ailə Məcəlləsinin 1.5-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, nikahları müvafiq icra hakimiyyəti orqanında qeydə alınmamış şəxslər ər-arvad hesab edilmirlər. Cavabdeh bildirir ki, məhkəmə ümumiyyətlə işin faktiki hallarını araşdırmamış, nişanın kimin tərəfindən pozulduğunu, toy günlərin kimin tərəfindən ləğv edildiyini araşdırmadan qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası bu dəlili əsaslı hesab etmir, belə ki, Cavabdeh2 birinci instansiya məhkəməsində verdiyi izahatında göstərmişdir ki, mart ayının 19-da iddiaçı ona onunla qaçmağı təklif etsə də, buna razı olmamışdır. İddiaçı ona onunla getdikdən sonra nə anası, nə də ki digər qohumlarının onlara gəlməyəcəyi şərtini qoyduğuna görə onunla qaçmağa razı olmamışdır. Cavabdeh həm də qeyd edir ki, mübahisə predmeti olan əşyalar özündə olduğundan, anası cavabdeh kimi cəlb edilməli deyil. Məhkəmə kollegiyası bu dəlilə münasibətdə qeyd edir ki, cavabdeh məhkəmə qətnaməsinin yalnız özünə münasibətdə olan hissəsini mübahisələndirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın hüquqi əsası kimi qızıl-zinət əşyaları əldə etmə ilə əlaqədar varlanmanın sonralar aradan qalxmış əsasa söykənməsi, əsassız varlanma nəticəsində əldə edilənləri qaytarma vəzifəsi ilə əlaqədar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələrinin nəzərdən keçirilməsi ilə bağlı gəldiyi qənaət düzgün olmuşdur. Belə ki, cavabdeh tərəfindən qeyd olunan tədbirlər zamanı (elçilik, nişan, toy və sair) hədiyyələrin bağışlanması halı ilə yanaşı, bağışlama zamanı güdülən məqsədin nə olduğunu aydınlaşdırmaq da zəruridir. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə hədiyyələr gələcəkdə ailə qurmaq məqsədi ilə verilmişdir. Lakin tərəflər arasında münasibətlər pozulduğundan, iddiaçı hədiyyələri verən zaman rəhbər tutduğu məqsədə nail olmadığından, həmin əşyaların geri qaytarılmasını tələb etməkdə haqlıdır. Əks təqdirdə, məhkəmə araşdırması zamanı elçilik, nişan, toy və sair tədbirlərdə hədiyyələrin bağışlanması zamanı güdülən məqsədin əhəmiyyət kəsb etməməsi hüquqi müəyyənlik prinsipinin tətbiqində ziddiyyətlər yaratmış olardı. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli baxımından düzgün qənaətə gəlmişdir. Apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur, odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirələn hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qətetdi: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin e-2(050)-1894/2024 saylı, 06 avqust 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1835/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1835/2024
20.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver