Məhkəmə qərarları › İş №2(106)-1836/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1836/2024

21.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1836/2024 21.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X14 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh iştirakları ilə, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-1832/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsindəki siyahıda göstərilən qızıl-zinət əşyalarının və ya dəyərinin - 4716 (dörd min yeddi yüz on altı) manat pulun və “SAMSUNG GALAXY A12” markalı mobil telefonun və ya dəyərinin - 115 (yüz on beş) manat pulun (ümumilikdə əşyaların dəyəri 4831 (dörd min səkkiz yüz otuz bir) manat) Cavabdeh qanunsuz sahibliyindən alınaraq ona qaytarılması, 60 (altmış) manat mediasiya və 100 (yüz) manat mütəxəssis xərci, habelə 9 (doqquz) manat dövlət rüsumunun cavadehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona hədiyyə olaraq verilmiş qızıl-zinət əşyalarını və mobil telefonu qaytarmaqdan imtina etdiyindən onun qanunsuz sahibliyində olan həmin əşyaların geri alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, Lənkəran rayonunun Veravul kəndində qeydiyyatda olmaqla orada ailə üzvləri ilə (valideynləri və qardaşı) birlikdə yaşayır. (15 aprel 2024-cü il tarixli 12- 16/191 saylı yaşayış yerindən və ailə tərkibi haqqında arayış iddia ərizəsinə əlavə edilir). 16 noyabr 2023-cü ildə Cavabdeh ilə nişan mərasimi keçirilmişdir (videodiskdən çıxarış iddia ərizəsinə əlavə edilir). El adəti üzrə 04 dekabr 2023-cü ildə qız toyu, 18 dekabr 2023- cü ildə isə oğlan toyu keçirilmişdir (videodiskdən çıxarış iddia ərizəsinə əlavə edilir). Cavabdehlə faktiki olaraq kəbin yolu ilə ailə qursa da, nikahı rəsmiləşdirilməmişdir. 1 dekabr 2023-cü ildə keçirilmiş toy mərasimindən sonra Cavabdeh yaşadığı və Lənkəran rayonunun Veravul kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçdüm. Gəlin köçdüyü gün cehiz əşyalarını da cavabdehin yaşadığı evə aparmışdır. 16 noyabr 2023-cü ildə nişan mərasimi keçirilən zaman cavabdeh və qohumları tərəfindən ona qızıl-zinət əşyaları və mobil telefon hədiyyə olaraq verilmişdir. Ona bağışlanmış və cavabdehin qanunsuz sahibliyində olan həmin əşyalar aşağıdakılardır:

1. Bir dəst 750 əyarlı ümumi çəkisi 19,6 qram olan bir ədəd boyunbağı-kolye, bir ədəd bilərzik və bir cüt sırğadan ibarət brilyant qaşlı gəlin dəsti (cavabdehin qohumları hədiyyə verib) - 2600 manat;

2. Bir ədəd 583 əyarlı çəkisi 10 qram olan boyunbağı (cavabdehin atası Məmməd hədiyyə verib) - 800 manat;

3. Bir cüt 585 əyarlı çəkisi 5,2 qram olan gülşəkilli sırğa (cavabdehin anası Zahirə hədiyyə verib) - 416 manat;

4. Bir ədəd 750 əyarlı çəkisi 3 qram olan brilyant qaşlı qadın nişan üzüyü (cavabdeh hədiyyə verib) - 400 manat;

5. Bir ədəd 750 əyarlı çəkisi 5 qram olan tək qaş üzük (cavabdeh hədiyyə verib) - 500 manat

6. Bir ədəd “SAMSUNG GALAXY A12” markalı mobil telefon, ikinci əl təklif qiyməti (cavabdeh hədiyyə verib) - 115 manat. Qızıl-zinət əşyalarının cəmi orta bazar qiyməti 4716 (dörd min yeddi yüz on altı) manat, mobil telefonun qiyməti isə 115 manat təşkil edir. Cavabdehin qanunsuz sahibliyindən tələb etdiyi əşyaların ümumilikdə qiyməti 4831 (dörd min səkkiz yüz otuz bir) manatdır (Liman səhər İstehsal-lstehlak Kooperativ Cəmiyyətinin 29 mart 2024-cü il tarixli rəyi iddia ərizəsinə əlavə edilir). Nişanlı qaldıqları dövrdə münasibətləri normal olsa da, toy mərasimi keçiriləndən və ər-arvad olaraq yaşamağa başlayandan sonra münasibətləri normal olmamışdır. Cavabdeh bir ailə başçısı kimi ailənin məsuliyyətini dərk etməmişdir. Tez-tez baş verən ailədaxili münaqişələrə görə münasibətləri korlanmışdır. 24 fevral 2024cü ildə cavabdehlə münasibətləri dözülməz həddə çatmış və Cavabdeh özü evdən çıxmağını tələb etmişdir. Bundan sonra həm mobil telefonunu, həm də qızıl-zinət əşyalarını özü ilə götürmək istəsə də, cavabdeh buna imkan verməmişdir. Cavabdeh bildirmişdir ki, “telefonu və qızılları götürmə, onlar burada qalacaq. Çünki həmin əşyalar bizim tərəfimizdən alınmışdır”. 26 fevral 2024-cü ildə valideynləri və qohumları Veravul kənd icra nümayəndəsi Altay Həsənovun iştirakı ilə cehiz əşyalarını götürməyə getmişlər. Cavabdehin Lənkəran rayonunun Veravul kəndində yerləşən evinə gedən zaman cehiz əşyalarının qaytarılması zamanı cavabdeh və valideynləri heç bir maneə yaratmamış, lakin qızıl-zinət əşyalarının və mobil telefonun qaytarılmasından imtina etmişlər. Cavabdehin atası X3 “cehizləri götürün, amma qızılları və telefonu sizə verməyəcəyik. Hara istəyirsiz şikayət edin” deyə əmisi X4 bildirmişdir. Lənkəran rayonunun Veravul kəndində yerləşən və Cavabdeh atasına məxsus olan fərdi yaşayış evində olan cehiz əmlaklarını, qızıl-zinət əşyalarını və mobil telefonunu götürmək üçün 26 fevral 2024-cü ildə oraya gedən qohumları 1.X5 - atam; 2.X10 - anam; 3.X1 - nənəm; 4.X7 - əmim; 5.X6 - dayım 6.X2 - qonşum. Dəfələrlə cavabdehə qızıl-zinət əşyalarının və mobil telefonun qaytarılması barədə xəbərdarlıq olunsa da, sonuncu göstərilən əşyalar üzərində qanunsuz sahiblik edərək onları mənə geri qaytarmaqdan imtina etmişdir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. Hesab edirəm ki, mənə hədiyyə olaraq verilmiş qızıl-zinət əşyaları və mobil telefon cavabdehin qanunsuz sahibliyindən alınaraq ona geri qaytarılmalıdır.

Birinci instansiya məhkəməsində icraat

Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-1832/2024 saylı qətnаməsi ilə (hakim A.Pənahov) iddia qismən təmin edilmiş, İddiaçı məxsus - 2600 manat dəyəri olan bir dəst 750 əyarlı ümumi çəkisi 19,6 qram olan bir ədəd boyunbağı-kolye, bir ədəd bilərzik və bir cüt sırğadan ibarət brilyant qaşlı gəlin dəsti; 800 manat dəyəri olan bir ədəd 583 əyarlı çəkisi 10 qram olan boyunbağı; 416 manat dəyəri olan bir cüt 585 əyarlı çəkisi 5,2 qram olan gülşəkilli sırğa; 400 manat dəyəri olan bir ədəd 750 əyarlı çəkisi 3 qram olan brilyant qaşlı qadın nişan üzüyü və 500 manat dəyəri olan bir ədəd 750 əyarlı çəkisi 5 qram olan tək qaş üzük, həmin qızıl-zinət əşyaları mövcud olmadıqda isə onların hər birinin dəyəri Cavabdeh alınaraq İddiaçı verilməsi, iddia tələbi üzrə ödənilmiş mediasiya xərcinə dair 60 manat, mütəxəssis rəyinə dair 100 manat, cəmi 160 manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir;

Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər vətəndaş nikahına daxil olaraq ailə qurmuşlar. Onlar ailə qurarkən iddiaçı cavabdehə məxsus olan evə gəlin köçmüşdür. 24 aprel 2024-cü il tarixdə iddiaçı məcburiyyət qarşısında cavabdehin evindən çıxaraq valideynlərinin evinə getmişdir. İş üzrə dindirilmiş şahidlər ifadələrində İddiaçı valideynlərinin evinə gələrkən həyəcanlı olduğunu, ağladığını və cavabdehin evindən qovulduğunu bildirmişdir. İddiaçı valideynlərinin evinə gələrkən üzərində yalnız gündəlik geyim vasitələri olmuş, özü ilə digər heç bir əşyanı gətirməmişdir. 26 aprel 2024-cü il tarixdə iddiaçının qohumları tərəfindən onun cehiz əmlaklarının və qızıl-zinət əşyalarının geri gətirilməsi üçün cavabdehin evinə gedilmiş, həmin evdə İddiaçı istifadəsində olmuş otaqda onun cehiz əmlaklarının yığıldığını görərək, onları götürmüşlər, həmin cehiz əmlaklarının içərisində qızıl-zinət əşyalarının və mobil telefonun olmadığını gördükdə onların da qaytarılması iddiaçının əmisi Rüfət Əhədli tərəfindən cavabdehin atası Məmməd Məmmədovdan tələb edildikdə sonun həmin qızıl-zinət əşyalarının onlara məxsus olduğunu bildirərək qaytarmayacağını bildirmişdir.

Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır;

Məhkəmə qeyd etmişdir ki, araşdırma zamanı iddia ərizəsində sadalanan qızıl-zinət əşyalarının iddiaçıda deyil, cavabdehdə qalması ilə bağlı iddiaçı tərəfindən işin faktiki halları sübuta yetirilmişdir. Lakin həmin qızıl-zinət əşyalarının iddiaçı tərəfindən aparılmasını təsdiq edən sübutu cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia ərizəsində sadalanan İddiaçı məxsus - 2600 manat dəyəri olan bir dəst 750 əyarlı ümumi çəkisi 19,6 qram olan bir ədəd boyunbağı-kolye, bir ədəd bilərzik və bir cüt sırğadan ibarət brilyant qaşlı gəlin dəsti; 800 manat dəyəri olan bir ədəd 583 əyarlı çəkisi 10 qram olan boyunbağı; 416 manat dəyəri olan bir cüt 585 əyarlı çəkisi 5,2 qram olan gülşəkilli sırğa; 400 manat dəyəri olan bir ədəd 750 əyarlı çəkisi 3 qram olan brilyant qaşlı qadın nişan üzüyü və 500 manat dəyəri olan bir ədəd 750 əyarlı çəkisi 5 qram olan tək qaş üzük Cavabdeh alınaraq İddiaçı verilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 157, 225, Ailə Məcəlləsinin 34-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

Cavabdeh apellyаsiyа şikаyətini onunla əsaslandırılmışdır ki, İddiaçı ilə el-adəti ilə evlənmişlər və ona iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyalarını və işlənmiş vəziyyətdə olan mobil telefonu hədiyyə etmişdir. Həmin qızılların pulu da 4716 manat etmir, həmin qızıllara cəmi 2000 manat pul verilmişdir. Həmin qızıllar İddiaçı hədiyyə olunduğu gündən onun üzərində olmuş və heç vaxt ondan alınmamışdır. İddiaçı o, zorla evdən çıxarmamışdır, o, özü könüllü olaraq qonaqlıq adı ilə evdən getmiş və bir daha geri qayıtmamışdır. Gedəndə qızıllar həmişə olduğu kimi onun üzərində olmuş və qızılları da özü ilə aparmışdır. İddiaçı şahid kimi qeyd etdiyi adamlar da onun yaxın qohumlarıdır. Qeyd etmək istəyir ki, iddiaçının qeyd etdiyi dəlillər əsla həqiqəti əks etdirmir. Belə ki, iddiaçı onun evindən gedərkən qonaqlıq adı ilə getmişdir. Yəni onun özünə məxsus qızıl-zinət əşyalarını götürmək üçün kifayət qədər vaxtı olmuşdur. Əvvəlcədən düşünüb-daşınmış və qonaqlığa getdikdən sonra bir daha onun evinə gəlməyəcəyini özü üçün müəyyən etmişdir. Belə olan halda deməli iddiaçının qızıl-zinət əşyalarını özü ilə aparması üçün kifayət qədər vaxtı olmuşdur. Onun öz qızıllarını götürməsinə maneə olan hər-hansı bir şəxs və ya hər-hansı bir səbəb olmamışdır. İddiaçı özü öz iddia ərizəsində qeyd etmişdir ki, guya bizim o evdən gedərkən biz ona qızılları evdə qoyub getməsini demişik. O da, qızılları və mobil telefonu evdə qoyaraq getmişdir. Lakin iddiaçının dedikləri bu sözlər sadəcə boş olan sözlərdən ibarətdir. İddiaçı tərəf evdən getdikdən sonrada ona zəng edərək ondan qızılları tələb edərək onun dediyi sözləri telefonuna yaza bilərdi. İddiaçının əlində belə bir sübut yoxdur. Belə olan halda məhkəmə necə ola bilər ki, iddiaçının dediyi adi sözü sübut kimi qəbul edir. Məhkəmə tərəfindən dindirilmiş şahidlər isə iddiaçının yaxın qohumlarıdırlar. Məsələn iddiaçının nənəsi dindirilərkən bildirmişdir ki, guya iddiaçı evə gələndə hətta ayaqqabılarını belə tərsinə geyinmiş, qulağı yara olmuş və s iddiaçının qulağının yara olması onun üzərində qızılların olmamasına dəlalət edə bilməz. Digər tərəfdən heç iddiaçı özü iddia ərizəsində qaynanası tərəfindən qulağından sırğalar dartılıb çıxarılmasını və bunun nəticəsində qulağının cırılmasını bildirməmişdir. Maraqlıdır ki, əgər iddiaçını evdən qovurlarsa və iddiaçının qulağını cırıb onun sırğasını alırlarsa iddiaçı artıq bütün münasibətlərin kəsildiyini və ona qarşı fiziki və cismani cəza verdiyini bilir və buna görə də ya özü yada ki atası tərəfindən mütləq şəkildə polisə müraciət olunardı. Lakin nə iddiaçı, nə onun valideyinləri polisə iddiaçının qulağının onun qaynanası tərəfindən cırılması ilə bağlı şikayət etməmişlər. Digər şahidlərdə iddiaçının əmisi və digər qohumlarıdırlar. Bundan əlavə məhkəmə qətnamədə onun izahatı kimi əvvəlcə qeyd edib ki, guya o, iddianı qismən qəbul etmişdir. Lakin məhkəmə tez-tələsik qətnamə qəbul etməyə çalışdığı üçün onun iddianı hansı hissədə qismən qəbul etdiyini göstərməmişdir. Əgər iddiaçı özü ilə zənn etdiyi paltarları aparırdırsa nercə olur ki, o evdən qovulur. Digər tərəfdən onun paltarlarını yığmağa kifayət qədər vaxtı olmuşdursa deməli qızıllarıda götürməyə kifayət qədər vaxtı olmuşdur. Yəni iddiaçı özü izahatında deyir ki, “mən evdən gedərkən zənn etdiyim paltarları da özümlə götürmüşdüm”. Lakin məhkəmə nə sirdirsə hökmən qeyd edir ki, iddiaçı yalan danışır o evdən gələrkən özü ilə heç bir şey gətirməmişdir. Məhkəmə heç bir sübut olmadan və iş üzrə heç bir araşdırma aparmadan sadəcə sözləri sübut kimi qəbul edərək həmin sözlər hesabına iddianı təmin etmişdir. Ona görə də Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-1832/2024 saylı qətnаməsi ləğv edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

İddiaçının nümayəndəsi və Vəkil1 apellyasiya şikayətinə etirazı məhkəməyə xx.xx.2024-cü il tarixdə elektron formada daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin apellyasiya şikayətinin heç bir faktiki və hüquqi əsası yoxdur. İzah edir ki, cavabdeh iddiaçıya hədiyyə olaraq verilmiş qızıl-zinət əşyalarını və mobil telefonu qaytarmaqdan imtina etdiyindən, həmin əşyaları geri qaytarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Apellyasiya şikayətində qeyd olunanlara münasibət bildirir ki, iddia ərizəsində qeyd edilən və məhkəmə iclasında bildirdiyi halları tərəfindən məhkəməyə gətirilməsi təmin edilmiş 6 şahid təsdiq etmişlər. Üstəlik məhkəmənin hazırlıq iclasında icra nümayəndəsi Altay Həsənovun dindirilməsi barədə şifahi vəsatət verilmiş, lakin vəsatət təmin edilməmişdir. Bu isə onların haqlı narazılığını doğurmuşdur. Belə ki, əşyaların verilməsindən imtina ilə bağlı ailə üzvlərinin hərəkətlərinin bilavasitə şahidi Altay Həsənov olmuşdur. Cavabdeh iddiaçının təqdim etdiyi şahidlərin onun qohumları olduğunu bildirsə də, həmin şahidlərin içində iddiaçının qonşusu da olmuşdur. Cavabdeh məhkəmə iclaslarında nə özü iştirak etmiş, nə də məhkəməyə hər hansı bir şahid gətirə bilmişdir. Onun vəkili cavabdehin məhkəmə iclaslarına gəlməkdən yayınmasını müxtəlif bəhanələrlə ört-basdır etməyə çalışmışdır. Sözügedən qızıl-zinət əşyalarının mövcudluğunu məhkəməyə təqdim edilən fotoşəkillər və videodisk təsdiq edir. Cavabdeh iş üzrə ekspertiza təyin edilməsi barədə vəsatət vermiş, həmin vəsatət yazılı olmadığından təmin edilməmişdir. Onun ekspertiza ilə bağlı mövqeyi də hazırkı işin uzadılmasına xidmət edir. Qeyd edilməlidir ki, cavabdeh apellyasiya şikayətində həmin qızıl-zinət əşyalarının və mobil telefonun iddiaçıya alındığını etiraf etmişdir. Cavabdeh iddiaçının evdən çıxarkən həmin əşyaları özüylə götürməsini bildirmiş, lakin bu halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu halı sübutetmə yükü bilavasitə cavabdehin üzərinə düşür. Bu, Ali Məhkəmənin müvafiq Plenum qərarında da öz əksini tapmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı evdən gedən zaman evdə özü olmuşdur. Onun evdən niyə getdiyini bilmir. İddiaçı onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq evə gəlməyəcəyini bildirmişdir. Apellyasiya şikayətinin təmin edilməsini, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-1832/2024 saylı qətnаməsinin ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsi zamanı cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə iclaslarında onun vəkili iştirak etmişdir. Cavabdeh məhkəməyə tək bir sübut belə təqdim etməmişdir. İddiaçı isə məhkəmə iclaslarında iştirak etmişdir. İddiaçı evdən çıxarkən özüylə heç nə götürməmişdir. İddianın təsdiqi kimi 6 nəfər şahidi var. Onlar da ifadələrində iddiaçının evdən çıxarkən özüylə heç bir əşya götürmədiyini bildirmişlər. Tərəflər 2 ay birlikdə yaşamışlar. İddia ərizəsini onun özü tərtib etmişdir. İddia ərizəsini tərtib edərkən iddiaçı ona “qulağından sırğanın qoparılması” barədə məlumat verməmişdir deyə orada bu halı qeyd etməmişdir. Cehiz əşyaları iddiaçıya qaytarılmışdır. Lakin cavabdehin ailəsi qızılzinət əşyalarını özlərinin ona hədiyyə kimi almaları səbəbindən ona verməyəcəklərini bildirmişlər. Ailədə münaqişə baş vermişdir deyə iddiaçı ailə qurduqdan 2 ay sonra evdən çıxmaq məcburiyyətində qalmışdır. İddiaçı evdən çıxarkən üzərində yalnız geyimi olmuşdur. İddiaçıya fiziki zorakılığın olub-olmaması barədə dəqiq məlumatı yoxdur, çünki iddiaçı bu barədə ona hər hansı bir məlumat verməmişdir. Apellyasiya şikayətinin rədd edilməsini Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-1832/2024 saylı qətnаməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 668.1.3-cü maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə, bağışlama etibarlıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

«L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı:

«L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

Apellyasiya baxışının hədləri

Apellyasiya şikayətindən görünür ki, apellyatorlar Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-1832/2024 saylı saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-1832/2024 saylı saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməsini maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq qızılzinət əşyalarına münasibətdə təmin etmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, iddianın təmin edilmiş qızıl-zinət əşyalarına aid hissədə qətnamə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə tərkibi cavabdehin apellyasiya şikayətinin yuxarıda qeyd edilmiş dəlillərinin qızılzinət əşyalarına aid hissəsi ilə razılaşaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmə tərkibi hesab edir ki, iddiaçının tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi nəzərdən keçirilə bilər; Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Mülki Məcəllənin 157-ci maddəsinə əsaslanan iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi (yaxud qanuni sahibi) olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakların özünün mülkiyyətində (qanuni sahibliyində) olduğunun, onun cavabdehdə saxlandığının, cavabdehlərin həmin əşyaya qanunsuz sahiblik etməsinin sübut olunmasıdır. Məhkəmə tərkibi qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin qzılzinət əşyaları hissəsinə düzgün hüquqi qiymət verilməmişdir. İlk növbədə qeyd edilməlidir ki, cavabdeh tərəf tələb edilən qızıl-zinət əşyalarının mövcudluğunu mübahisələndirməmişdir. Yəni həmin əşyaların iddiaçıya hədiyyə olunduğu mübahisə doğurmur. Ona görə də məhkəmə tərkibi qızılların hədiyyə olunub-olunmamasına dair araşdırma aparmağına lüzum görmür. Cavabdeh tərəf apelyasiya şikayətində qızıl-zinət əşyalarının qiymətini mübahisələndirmiş və həmin qızıllara cəmi 2000 manat pul verildiyini qeyd etmişdir. Məhkəmə tərkibi şikayətin bu hissəsi ilə razılaşmır. Belə ki, cavabdeh tərəf həmin əşyalara 2000 manat pul verildiyinə dair hər hansı bir sübut növü təqdim etməmişdir. Ancaq iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi qiymətləndirmə rəyindən görünür ki, qızılların dəyəri 4716 manat təşkil edir. Yəni şikayət bu hissədə əsassızdır. Məhkəmə tərkibi iddiaçının tələb edilən anda qızıl əşyalarının cavabdehin sahibliyində olduğuna dair mülahizəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia ərizəsindən başqa məhkəmələrə bununla bağlı hər hansı bir sübut növü təqdim etməmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd edir ki, araşdırma zamanı iddia ərizəsində sadalanan qızıl-zinət əşyalarının iddiaçıda deyil cavabdehdə qalması ilə bağlı iddiaçı tərəfindən işin faktiki halları sübuta yetirilmişdir. Lakin cavabdeh həmin qızıl-zinət əşyalarının iddiaçı tərəfindən aparılmasını təsdiq edən sübutu cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Belə ki, «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulmaqla sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. İddiaçı isə belə bir sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Apelyasiya şikayətinin qızıllara aid dəlilləri ilə razılaşan məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi zamanı dindirilmiş şahidlər iddiaçının yaxın qohumlarıdırlar. Yəni birmənalı olaraq iddiaçının xeyrinə izahat vermişlər. Bundan başqa iddiaçının iddia ərizəsində qeyd etmədiyi hallar barədə iddiaçının nənəsi həqiqəti əks etdirməyən məlumatlar vermişdir. Belə ki, iddiaçının nənəsi dindirilərkən bildirmişdir ki, guya iddiaçı evə gələndə hətta ayaqqabılarını belə tərsinə geyinmiş, qulağındakı sırğalar qayınanası tərəfindən qoparıldığından qulağı yara olmuşdur. Ancaq iddiaçı özü nə iddia ərizəsində nə də ki, məhkəmə iclasında qaynanası tərəfindən qulağından sırğaların dartılıb çıxarılmasını və bunun nəticəsində qulağının cırılmasını bildirməmişdir. Yəni əgər iddiaçını evdən qovurlarsa və iddiaçının qulağındakı sırğaları dartıb onun sırğasını alırlarsa iddiaçı tərəfindən polisə müraciət olunar, eyni zamanda həkimə müraciət edərdi. Lakin nə iddiaçı, nə onun valideyinləri polisə iddiaçının qulağının onun qaynanası tərəfindən cırılması ilə bağlı şikayət etməmişlər. Digər tərəfdən iddiaçının paltarlarını yığmağa kifayət qədər vaxtı olmuşdursa deməli qızıllarıda götürməyə kifayət qədər vaxtı olmuşdur. Qeyd edilməlidir ki, işin apellyasiya baxışı zamanı da iddiaçının nümayəndəsi Vəkil1 iddia ərizəsinin onun özü tərəfindən tərtib edilməsini, lakin iddia ərizəsini tərtib edərkən iddiaçı ona “qulağından sırğanın qoparılması” barədə məlumat vermədiyi üçün bu halı orada qeyd etmədiyini bildirmişdir. Məhkəmə tərkibi hesab edir ki, iddiaçı tərəf verdiyi iddiasında səmimi deyildir. Belə ki, həm birinci istansiya məhkəməsində iddiaçı tərəfin, həm də cavabdeh tərəfin vermiş olduğu izahatlarla və iş materialları ilə müəyyən edilir ki, iddiaçı evi tərk edərkən ona qarşı hər hansı bir təzyiq və zorakılıq edilməmiş və özünə aid əşyaları yığaraq evi sərbəst olaraq tərk etmişdir. İşin apellyasiya baxışı zamanı da iddiaçının nümayəndəsi Vəkil1 izahatında bildirmişdir ki, iddiaçıya fiziki zorakılığın olub-olmaması barədə dəqiq məlumatı yoxdur, çünki iddiaçı bu barədə ona hər hansı bir məlumat verməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən qızıl-zinət əşyalarına aid hissədə ədalətli araşdırma aparılmamış, işdə olan sübutlara mülki-prosessal qanunvericiliyin tələblərinə uyğun qiymət verməmişdir. Yekunda Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə tərkibi hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbinin qızıl-zinət əşyalarına aid hissədə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı tərəf qeyd edilən qızıl-zinət əşyalarının cavabdehdə qaldığını bildirsə də, buna dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə tərkibi hesab edir ki, iddia ərizəsində sadalanan İddiaçı məxsus - 2600 manat dəyəri olan bir dəst 750 əyarlı ümumi çəkisi 19,6 qram olan bir ədəd boyunbağıkolye, bir ədəd bilərzik və bir cüt sırğadan ibarət brilyant qaşlı gəlin dəsti; 800 manat dəyəri olan bir ədəd 583 əyarlı çəkisi 10 qram olan boyunbağı; 416 manat dəyəri olan bir cüt 585 əyarlı çəkisi 5,2 qram olan gülşəkilli sırğa; 400 manat dəyəri olan bir ədəd 750 əyarlı çəkisi 3 qram olan brilyant qaşlı qadın nişan üzüyü və 500 manat dəyəri olan bir ədəd 750 əyarlı çəkisi 5 qram olan tək qaş üzük Cavabdeh alınaraq İddiaçı verilməsi barədə iddia tələbi təmin edilə bilməz. Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, iddianın təmin edilmiş qızıl-zinət əşyalarına aid hissədə qətnamə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Eyni zamanda məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, qətnamənin mübahisələndirilən hissəsi üzrə məbləğ 5000 manatdan az olduğundan, qanunvericilik bu qətnamədən tərəflərə kassasiya şikayəti vermək hüququ tanımamışdır. Ona görə tərəflər hazırkı qətnamədən kassasiya şikayəti verə bilməzlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-1832/2024 saylı qətnaməsi iddia tələbinin 2600 manat dəyəri olan bir dəst 750 əyarlı ümumi çəkisi 19,6 qram olan bir ədəd boyunbağı-kolye, bir ədəd bilərzik və bir cüt sırğadan ibarət brilyant qaşlı gəlin dəsti; 800 manat dəyəri olan bir ədəd 583 əyarlı çəkisi 10 qram olan boyunbağı; 416 manat dəyəri olan bir cüt 585 əyarlı çəkisi 5,2 qram olan gülşəkilli sırğa; 400 manat dəyəri olan bir ədəd 750 əyarlı çəkisi 3 qram olan brilyant qaşlı qadın nişan üzüyü və 500 manat dəyəri olan bir ədəd 750 əyarlı çəkisi 5 qram olan tək qaş üzüyün Cavabdeh alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia ərizəsi həmin hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar