Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1871/2023 28.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaq sahəsindən məcburi qaydada çıxarılma, torpaq sahəsindən istifadəyə edilən maneələrin aradan qaldırılması və maddi ziyanın ödənilməsi tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 2(041)-946/2023 saylı, 15 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən birgə verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2(041)-946/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Xaliq İmanov) iddia qismən təmin edilərək, İddiaçı icarəsində olan Kürdəmir rayonunun Bağman kəndi ərazisində yerləşən 10 ha torpaq sahəsindən təyinatı üzrə istifadəsinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən edilən maneələrin aradan qaldırılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə apellyasiya şikayəti vermişlər. Kürdəmir Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(041)-946/2023 saylı qərardadı ilə Kürdəmir Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2(041)-946/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən yenidən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilmiş, apellyasiya şikayətində Kürdəmir Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2(041)-946/2023 saylı qətnaməsinin qismən ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Kürdəmir Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli göndəriş məktubu ilə mülki iş Kürdəmir Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2(041)-946/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayətinin verilməsi zamanı elektron sistemə həm də skan olunaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hər ikisi tərəfindən imzalanmış apellyasiya şikayəti də əlavə olunmuş, Kürdəmir Rayon Məhkəməsi də mülki işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi ilə bağlı məktubunda məhz həmin cavabdehlərin apellyasiya şikayəti verdiklərini qeyd etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş materiallarına əlavə edilməmiş olsa da, elektron sistemdə görünən və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hər ikisinin imzalayıb skan edərək elektron sistemə yüklədikləri apellyasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası bildirir ki, həmin apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilən elektron sənəd hesab edilmir. Belə ki, Kürdəmir Rayon Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(041)-946/2023 saylı qərardadı ilə geri qaytarılmış apellyasiya şikayətinin skan edilərək yenidən elektron sistemə yerləşdirilməsi həmin şikayətin elektron sənəd formasında elektron kabinet vasitəsilə verilməsi hesab edilə bilməz. Bundan başqa, həm də “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə elektron sənəd formasında da apellyasiya şikayəti verilmiş, həmin apellyasiya şikayətinin yuxarı hissəsində onu verən şəxs kimi yalnız Cavabdeh2 məlumatları elektron olaraq doldurulmuş, Cavabdeh1 məlumatları isə apellyasiya şikayətinin birinci vərəqinin aşağı hissəsində, onun məzmununda göstərilmişdir. Halbuki, Cavabdeh1 barəsində məlumatlar da elektron qaydada doldurulmalı idi. Bundan əlavə, apellyasiya şikayəti yalnız Cavabdeh2 tərəfindən elektron imza vasitəsilə imzalanmış, Cavabdeh1 isə həmin apellyasiya şikayətini elektron imza vasitəsilə imzalamamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 10-1.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. MPM-in 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Göründüyü kimi, qanunverici “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılmasının “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməli olmasını və bunun üçün elektron imza vasitələrindən istifadə edilməsini imperativ qayda kimi müəyyən etmişdir. MPM-in 363.1.1-ci və 363.1.5-ci maddələrinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, eləcə də, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmçinin, məhkəmə kollegiyası bildirir ki, apellyasiya şikayətinin “Apellyasiya şikayəti verən şəxsin tələbi” hissəsində apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Hazırda mümkünlüyü yoxlanılan apellyasiya şikayətində isə Kürdəmir Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli, 2(041)-946/2023 saylı qətnaməsinin qismən ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunsa da, apellyatorlar tərəfindən mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələbləri dəqiq olaraq bildirilməmişdir. MPM-in 361.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. MPM-in 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülkiprosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Kürdəmir Rayon Məhkəməsinin 2(041)-946/2023 saylı, 15 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Kürdəmir Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1871/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1871/2023
28.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Sair mülki iş - Torpaq münasibətləri üzrə sair mübahisələr - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver