Məhkəmə qərarları › İş №2(106)-1893/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1893/2024

11.12.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1893/2024 11.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili X1, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməklə torpaq sahəsindən çıxarılma və zərərin tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2(020)- 51/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini zəbt etməklə qanunsuz inşa etdiyi tikililərin onun hesabına sökülməklə torpaq sahəsindən çıxarılması və hüquqi yardım üçün ödədiyi 100 manat, iddianın təmin tədbiri üçün ərizəyə baxılmasına görə ödədiyi 50 manat, dövlət rüsumu kimi ödədiyi 101 manat pulun, cəmi 251 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən İddiaçı iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Beyləqan rayon Şəfəq qəsəbəsində ailə üzvlərinə məxsus olan və mülkiyyət hüquqmunu təsdiq edən JN 0066 KOD 60701018 saylı Dövlət Aktı ilə rəsmiləşdirilmiş 4.84 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi onun istifadəsində olmaqla, torpaq sahəsində mövsümi bitkilər əkməklə yaşayış üçün lazım olan tələbatlarının bir hissəsini təmin edirlər. Onların xüsusi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən zəbt edilərək şadlıq sarayı tikilmişdir. Dəfələrlə tələb etməyinə baxmayaraq həmin torpaq sahəsini zəbtdən azad etmir. Kral şadlıq sarayının tikintisi üçün heç kimə torpaq sahəsi ayrılmamışdır. Hal-hazırda əvvəlcədən zəbt edilmiş torpaq sahəsindən başqa, əlavə olaraq yeni torpaq sahəsi zəbt edərək tikintini davam etdirirlər. İş üzrə alınmış ekspert rəyi ilə razı deyildir. Onun vəkilinin sorğusu əsasında onlara bildirmişlər ki, Beyləqan rayonunun Şəfəq qəsəbəsi ərazisində bələdiyəyə məxsus torpaq sahəsi yoxdur, bütün torpaqlar vətəndaşlara məxsusdur və şadlıq sarayının torpaqla bağlı heç bir sənədi yoxdur. Ona görə də, Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini zəbt etməklə qanunsuz inşa etdiyi tikililərin onun hesabına sökülməklə torpaq sahəsindən çıxarılması və hüquqi yardım üçün ödədiyi 100 manat, iddianın təmin tədbiri üçün ərizəyə baxılmasına görə ödədiyi 50 manat, dövlət rüsumu kimi ödədiyi 101 manat pulun, cəmi 251 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etdi və göstərdi ki, ekspertizanın rəyi X10 İnformasiya Sisiteminə əsasən düzgün verilməmişdir. İddiaçı torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd olan Dövlət Aktını məhkəməyə təqdim etmişdir. Mütəxəssislər tərəfindən həmin Dövlət Aktına əsasən ölçmə işləri aparılmalı idi. Onun əvvəlki sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti iddiaçıya məxsus torpağın zəbt olunmasını göstərmişdir. Cavabdeh onların sorğusuna “Kral” şadlıq sarayının adından cavab verdiyinə görə onu cavabdeh kimi qeyd etmişlər. Gələcəkdə cavabdehin əsl cavabdehlə əvəz olunmasına dair müraciət edəcəkdir. Qanuni qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh iddianı qəbul etmədi və məhkəmə iclasında izahat verərək göstərdi ki, iddiaçının tələb etdiyi torpaq sahəsini o, zəbt etməmişdir. “Kral” şadlıq sarayı da ona məxsus deyildir və onun sözügedən ərazidə torpaq sahəsi yoxdur. Lakin o, “Kral” şadlıq sarayında mühasib işləyir və etibarnamə əsasında oranın bütün işlərini görür. Kral şadlıq evinin və onun yaxınlığında yerləşən otelin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. İddiaçı tərəfindən onların torpaq sahəsi zəbt olunmuş və istifadə edilir. İddiaçı onlara ziyan vurur, gələcəkdə bu barədə məhkəməyə müraciət edəcəkdir. Hazırkı iddia tam əsassızdır. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Beyləqan rayon Vəkil bürosunun vəkili Nümayəndə iddia əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Beyləqan Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2(020)-51/2024 saylı qətnaməsi ilə (Hakim: Ramiz Nurullayev), iddianın təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı qanunsuz tikililərin sökülməklə torpaq sahəsindən çıxarılma və zərər tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi, ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pulun İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı Beyləqan Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2(020)-51/2024 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatından apellyasiya şikayətinin təmin edilməsini, Beyləqan Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2(020)-51/2024 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya icraatı zamanı verdikləri izahatlarında İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin əsassız olduğundan və formal mülahizələrə söykəndiyindən təmin edilməməsini, Beyləqan Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2(020)-51/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Beyləqan Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2(020)-51/2024 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-cü maddəsinə əsasən isə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 5.2-ci maddəsində göstərilir ki, mülkiyyət hüququnun subyektləri dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində-bələdiyyələr, xüsusi mülkiyyətdə torpaq sahələri üzərində Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. 49-cu maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır. 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinə əsasən bələdiyyələrin ümumi istifadədə olan torpaqları xüsusi mülkiyyətə verilə bilməz. 11.7-ci maddəsində qeyd olunur ki, ümumi istifadədə olan bələdiyyə torpaqlarının bütövlükdə icarəyə verilməsinə yol verilmir. 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır; 16.2-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Beyləqan Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli, 2(020)-51/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş JN 0066 KOD 60701018 saylı Dövlət Aktından görünür ki, Beyləqan rayon Aqrar İslahat Komissiyasının 05 sentyabr 2001-ci il tarixli qərarına əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə 4.89 ha torpaq sahəsi verilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 avqust 2024-cü il tarixli 3-16-16/2-10/4101 nömrəli ekspert rəyi ilə aşağıdakılar müəyyən olunur. - Beyləqan rayonu Şəfəq qəsəbəsində yerləşən İddiaçı və ailə üzvlərinə məxsus “ Torpağa mülkiyyət hüququna dair “JN-66 saylı Dövlət aktı ilə, mülkiyyətində olan 4.85 ha torpaq sahəsinin sərhədlərini naturada müəyyən etmək üçün araşdırma aparan zamanı müəyyən olunmuşdur ki, qeyd edilən torpaq sahəsi 2.68 ha (JN 66 üzrə) və 2.17 ha (JN 66 A üzrə) olmaqla 2 hissədən ibarət olmuşdur. Beyləqan rayonu Şəfəq qəsəbəsində yerləşən İddiaçı və ailə üzvlərinə məxsus 4.85 ha torpaq sahəsinin 2.17 ha (JN 66A üzrə) hissəsi mübahisəli ərazidə yerləşmədiyi və mübahisə predmeti olmadığı üçün mübahisə predmeti olan 2.68 ha (JN 66 üzrə) hissəsinin yerləşdiyi ərazidə tədqiqat aparılmışdır. - İddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan və X4 X5 (TEKUİS-ə) əsasən JN-66 saylı Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 2.68ha (JN 66 üzrə) torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. X4 uçotu məlumatları əsasında “Kral” şadlıq sarayının və ona bitişik otelin yerləşdiyi 0.57 ha torpaq sahəsinin naturada sərhədləri müəyyən edilmişdir. Mövcud baza məlumatlarının əks olunduğu X4 X5 (TEKUİS-ə) əsasən həmin 0.57 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Cavabdeh torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etmədiyi üçün ona məxsus torpaq sahəsinin sərhədlərini naturada müəyyən etmək mümkün olmamışdır. - X4 X5 (TEKUİS-ə) əsasən JN-66 saylı Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 2.68ha (JN 66 üzrə) torpaq sahəsi zəbt edilməmişdir və İddiaçı və ailə üzvləri tərəfindən istifadə edilir. X4 X5 (TEKUİS-ə) əsasən JN-66 saylı Dövlət aktı ilə İddiaçıLətif qızının və ailə üzvlərinin mülkiyyətində olan 2.68ha (JN 66 üzrə) torpaq sahəsi ilə “Kral” şadlıq sarayının və ona bitişik otelin yerləşdiyi 0.57 ha torpaq sahəsi üst-üstə düşmür. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında mübahisə iddiaçının iddiasına görə Cavabdeh ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini zəbt etməklə qanunsuz inşa etdiyi tikililərin onun hesabına sökülməklə torpaq sahəsindən çıxarılması təşkil edir. İddiaçı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublaikası Mülki Məcəlləsinin 164.1,139.1ci və Torpaq Məcəlləsinin 67, 68, 84,111-ci maddələrinə istinad edir. İddiaçı iddia edir ki, Beyləqan rayon Şəfəq qəsəbəsində ailə üzvlərinə məxsus olan və mülkiyyət hüququnu təsdiq edən JN 0066 KOD 60701018 saylı Dövlət Aktı ilə rəsmiləşdirilmiş 4.84 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi onun istifadəsində olmaqla, torpaq sahəsində mövsümi bitkilər əkməklə yaşayış üçün lazım olan tələbatlarının bir hissəsini təmin edirlər. Onların xüsusi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən zəbt edilərək şadlıq sarayı tikilmişdir. Dəfələrlə tələb etməyinə baxmayaraq həmin torpaq sahəsini zəbtdən azad etmir. Kral şadlıq sarayının tikintisi üçün heç kimə torpaq sahəsi ayrılmamışdır. Hal-hazırda əvvəlcədən zəbt edilmiş torpaq sahəsindən başqa, əlavə olaraq yeni torpaq sahəsi zəbt edərək tikintini davam etdirirlər. Cavabdehin iddia tələbinə münasibətindən isə müəyyən edilir ki, iddiaçının tələb etdiyi torpaq sahəsini o, zəbt etməmişdir. “Kral” şadlıq sarayı da ona məxsus deyildir və onun sözügedən ərazidə torpaq sahəsi yoxdur. Lakin o, “Kral” şadlıq sarayında mühasib işləyir və etibarnamə əsasında onların bütün işlərini görür. Həmçinin qeyd edir ki, iddiaçının mübahisələndirdiyi “Kral” şadlıq evinin və onun yaxınlığında yerləşən otelin torpaq sahəsi bələdiyyə mülkiyyətinə aiddir. İddia tələbi iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi barədədir. Bu iddia mülkiyyətin müdafiəsinə yönəlmişdir və bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Baxılan işdə də birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə torpaq islahatı aparılanda Aqrar İslahat Komissiyasının qərarı əsasında verilmişdir. Mülki Məcəllənin 14.2.2-ci maddəsində dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının mülkiyyətinə torpaq sahəsinin verilməsi barədə qərar, torpaq sahəsi üzərində hüququn yaranması üçün Mülki Məcəllənin 14.2.2-ci maddəsində nəzərdə tutulan hüquqi əsasdır. İddiaçının subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçının torpaq sahəsində və ya onun bir hissəsində cavabdeh tərəfindən tikili inşa edilib edilməməsinin müəyyən edilməsindən ibarətdir. İşə baxmış birinci instansiya məhkəməsi bu halın müəyyən olunması üçün ekspertiza aparmaq yolu ilə müəyyən etmişdir ki, Beyləqan rayonu Şəfəq qəsəbəsində yerləşən İddiaçı və ailə üzvlərinə məxsus “ Torpağa mülkiyyət hüququna dair “JN-66 saylı Dövlət aktı ilə, mülkiyyətində olan 4.85 ha torpaq sahəsinin sərhədlərini naturada müəyyən etmək üçün araşdırma aparan zamanı müəyyən olunmuşdur ki, qeyd edilən torpaq sahəsi 2.68 ha (JN 66 üzrə) və 2.17 ha (JN 66 A üzrə) olmaqla 2 hissədən ibarət olmuşdur. Beyləqan rayonu Şəfəq qəsəbəsində yerləşən İddiaçı və ailə üzvlərinə məxsus 4.85 ha torpaq sahəsinin 2.17 ha (JN 66A üzrə) hissəsi mübahisəli ərazidə yerləşmədiyi və mübahisə predmeti olmadığı üçün mübahisə predmeti olan 2.68 ha (JN 66 üzrə) hissəsinin yerləşdiyi ərazidə tədqiqat aparılmışdır. İddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan və X4 X5 (TEKUİS-ə) əsasən JN-66 saylı Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 2.68ha (JN 66 üzrə) torpaq sahəsinin sərhədləri naturada müəyyən edilmişdir. X4 uçotu məlumatları əsasında “Kral” şadlıq sarayının və ona bitişik otelin yerləşdiyi 0.57 ha torpaq sahəsinin naturada sərhədləri müəyyən edilmişdir. Mövcud baza məlumatlarının əks olunduğu X4 X5 (TEKUİS-ə) əsasən həmin 0.57 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. X4 X5 (TEKUİS-ə) əsasən JN-66 saylı Dövlət aktı ilə İddiaçıLətif qızının və ailə üzvlərinin mülkiyyətində olan 2.68ha (JN 66 üzrə) torpaq sahəsi ilə “Kral” şadlıq sarayının və ona bitişik otelin yerləşdiyi 0.57 ha torpaq sahəsi üst-üstə düşmür. Başqa sözlə aparılan tikinitinin iddiaçının mülkiyyətində olan torpaq sahəsində aparılmamaqla mülkiyyətinə müdaxilə baş verməmiş, başqa sözlə iddiaçının qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə müdafiəsi üçün əsaslar mövcud olmamışdır. Bu halda, iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit edilmiş mülkiyyətində olan əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, Mülki Məcəllənin 157.2-ci maddəsində müəyyən edilmiş özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək, habelə 180-ci maddəsində nəzərdə tutulmuş özbaşına inşa edilmiş tilinin sökülməsi üçün müraciət etmə hüquqlarından çıxış etməklə cavabdehin onun torpaq sahəsində inşa etdiyi tikilinin sökülməsini tələb etmək hüququ üçün əsaslar da yaranmamışdır. Mülki Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmçinin Mülki Məcəllənin 152.6-cı maddəsində deyilir ki, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi əsassız olaraq onun iddia tələbini təmin etməmişdir. Kollegiya bununla əlaqədar qeyd edir ki, qeyd olunan mübahisə ilə bağlı ilk növbədə nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. İşin mövcud hallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə almaqla kollegiya hesab edir ki, İddiaçı iddianın predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququ olsa da, həmin hüquq cavabdeh tərəfindən pozulmamış, bu hal məhkəmə araşdırması zamanı əldə edilmiş ekspertiza rəyi ilə də təsdiq olunmuşdur. Belə ki, İddiaçı iddia etdiyi və mübahisə predmeti olan JN- 66 saylı Dövlət aktı ilə İddiaçıLətif qızının və ailə üzvlərinin mülkiyyətində olan 2.68ha (JN 66 üzrə) torpaq sahəsi ilə “Kral” şadlıq sarayının və ona bitişik otelin yerləşdiyi 0.57 ha torpaq sahəsi üstüstə düşmür. Yəni zəbt olunması və qanunusuz tikilməsi iddia olunan torpaq sahəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsinə aidiyyəti olmamaqla iddiaçının mülkiyyətinə cavabdeh tərəfindən hər hansı müdaxilə baş verməmiş, başqa sözlə iddiaçının qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə müdafiəsi üçün əsaslar mövcud olmamışdır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin digər dəlili birinci instansiya məhkəməsi tərəfindən həmin ərazidə Cavabdeh mülkiyyətində torpaq sahəsinin olub-olmaması, iddiaçılara aid torpaq sahəsinin məhz Cavabdeh tərəfindən zəbt edilib-edilməməsi, həmçinin “Kral” şadlıq sarayı kimi fəaliyyət göstərən şadlıq sarayının və ona bitişik otelin, habelə həmin əmlakın yerləşdiyi torpaq sahəsinin kimə məxsus olması, Cavabdeh həmin əmlaklara nə kimi münasibətinin olmasını araşdırmamış, həmçinin “Kral” şadlıq sarayının məxsus olduğu şəxsin müəyyən edilərək işə cavabdeh qismində cəlb etməməsi ilə bağlıdır. Kollegiya cavabdehin apelyasiya şikayətinin yuxarıda qeyd edilən dəlillərinin iki hissədən ibarət olmasını və hər iki hissədə dəlillərin əsassız olması qənaətinə gəlir. Belə ki, iddiaçının həmin ərazidə Cavabdeh mülkiyyətində torpaq sahəsinin olub-olmaması, iddiaçılara aid torpaq sahəsinin məhz Cavabdeh Tərəfindən zəbt edilib-edilməməsi dəlili ilə bağlı qeyd edilməlidir ki, əvvəla iddiaçının apellyasiya şikayətindəki birinci instansiya məhkəməsi tərəfindən həmin ərazidə Cavabdeh mülkiyyətində torpaq sahəsinin olub-olmamasının müəyyən edilməsini bildirməsi absurd bir dəlil olmaqla onu deməyə əsas verir ki, sanki iddiaçı məhkəməyə iddia qaldırakən hüquqlarının kimin tərəfindən pozulmasını bilmir və məhkəmənin üzərinə onun hüquqlarını pozan şəxsin müəyyən edilməsini vəzifə kimi qoyur. Halbuki məhkəmənin belə bir səlahiyyəti yoxdur, məhkəmə yalnız şəxsin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək etmək və konkret şəxsin onun hüquqlarını pozan şəxsə qarşı iddiası olduğu halda buna qanunvericiliyin verdiyi imkan həddində baxmaq, hüquqların pozulduğunu müəyyən etdikdə isə bunun pozulmasının aradan qaldırılmasını təmin etmək səlahiyyəti vardır. İkincisi, Mülki Prosessual Məcəllənin tələbinə görə iddia ərizəsində, həmçinin iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar, onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Əgər təqdim edilmiş iddia ərizəsində cavabdeh kimi qeyd olunmuş işdə iştirak edən şəxsə münasibətdə istinad olunan maddədə sadalanan hallardan biri və ya bir neçəsi göstərilməyibsə, yaxud ümumiyyətlə iş üzrə hər hansı şəxsin cavabdeh kimi göstərilməsi açıq-aşkar formaldırsa (həmin şəxsin mübahisəyə aidiyyəti iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə təsdiq olunmursa), məhkəmə iddia ərizəsinin Mülki Prosessual Məcəllənin 152.1.1 -ci maddəsinə əsasən geri qaytarılması barədə məsələni müzakirə edə bilər. Göründüyü kimi prosessual məcəllənin tələblərinin əksinə olaraq tərəfin yerinə məhkəmənin verilmiş iddia üzrə tərəfi müəyyən etməsi, tərəflərin prosessual baxımdan onlara verilmiş iddiası üzrə subyektiv hüququnun həyata keçirilməsinə müdaxilə kimi qiymətləndirilə bilər. Odur ki, kollegiya iddiaçının apellyasiya şikayətinin bu dəlilini də əsassız və formal mülahizə hesab edir. İddiaçı apellyasiya şikayətinin ikinci xahişində bu xahiş həm də iddiaya münasibətdə birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq prosessual baxımdan qiymət verilmişdir. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırarkən iddiasının əsasını təşkil edən onun mülkiyyətində olan torpaq sahəsinin zəbt edilməsi və həmin torpaq sahəsində qanunsuz olaraq Kral şadlıq sarayının tikilməsini iddianın yönəldiyi Cavabdeh kimi qəbul etmişdir. Baxmayaraq ki, birinci instansiya məhkəməsi cavabdehin iddia olunan “Kral” şadlıq sarayında mühasib (apellyasiya icraatında elektron informasiya vasitəsi ilə əldə edilmiş əmək müqaviləsi məlumat bölməsində sahibkar X2 işə götürən kimi qeyd olunmuş, Cavabdeh isə mühasib vəzifəsində çalışmaqla onun aylıq əmək haqqı 350 manat olduğu müəyyən edilmişdir.) vəzifəsində işləməsini müəyyən etdikdən sonra bu barədə iddiaçıya bildirmiş və MPM-in 54-cü maddəsinin tələblərini izah etmiş, ona cavabdehin əsl cavabdehlə əvəz olunmasını təklif (məhkəmə iclasının protokolu səh. 81, 82) etmiş, lakin iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmamışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Qeyd edilən prosessual hüquq normasının mənasından da göründüyü kimi, birinci instansiya məhkəməsi ona verilmiş hüququndan istifadə etməklə, mülki icraatı iddiaya cavab verməli olmayan cavabdehin iştirakı ilə davam etdirmiş, nəticədə məhkəmə iddiaçının iddia tələbini sübut edə bilməməsi əsası ilə təmin etməmişdir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 54.4cü maddəsinə əsasən, əsl olmayan tərəf əvəz edildikdən sonra işə əvvəldən baxılmağa başlanır. Prosessual hüquq normasının mənasından da göründüyü kimi, qanunverici hətta birinci instansiya məhkəməsində əsl olmayan tərəfin iştirakı olmadan aparılmış hər hansı bir prosessual hərəkətin nəticələrini də tanımadan, əsl tərəf əvəz edildikdən sonra mülki icraatın yenidən başlanmalı olmasını nəzərdə tutur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyasında əsl cavabdehin əvəz edilməsinin iddiaçıya təklif edilməsi və bu barədə qərar qəbul edilməsi onun birinci instansiya məhkəməsində özünü müdafiə - iddiaya qarşı etiraz vermək, qarşılıqlı iddia vermək, məhkəmə aktını mübahisələndirmək və.s hüququnun pozulması nəticələndiyi üçün qanunsuzdur. Apellyasiya icraatı tərəflərin vəsatəti ilə dindirilərək izahatı alınmış üçüncü şəxs Şəfəq bələdiyyəsinin sədri X9 göstərmişdir ki, iddiaçının cavabdehə qarşı hazırkı iddiasından məlumatlıdır, hətta dəfələrlə bu barədə iddiaçı ona cavabdeh tərəfindən onun torpağının zəbt olunaraq qanunsuz şadlıq sarayının tikilməsi barədə məlumat vermiş, o da bu barədə hüquqlarının müdafiəsi barədə iddiaçıya iddia qaldırmağı tövsiyyə etmişdir. Birinci instansiya məhkəməsində təyin edilmiş ekspertiza rəyindən müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsindən cavabdeh tərəfindən hər hansı müdaxilə mövcud olmamış, iddiaçının sökülməsini iddia etdiyi qanunsuz tikili məhz Şəfəq bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindədir. O, bunu “Kral” şadlıq sarayının rəhbərliyi tərəfindən onlara tikilinin yerləşdiyi torpaq sahəsinin sənədləşdirilməsi barədə təklif etdikdə bilmişdir. Şəfəq bələdiyyəsinin sədri həmçinin izahatında bildirmişdir ki, hazırkı mübahisə üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini aldıqdan sonra bələdiyyənin mülkiyyətində olan torpaq sahəsində qanunsuz tikilmiş “Kral” şadlıq sarayının sökülməsi barədə məhkəmədə iddia qaldıracaqdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “beləliklə iddianın təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı qanunsuz tikililərin sökülməklə torpaq sahəsindən çıxarılma və zərər tələbinə dair iddiasının əsassız olduğundan rədd edilməsi, ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pulun İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması” qənəatinə gəlməsi mövqeyi ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallarını aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Beyləqan Rayon Məhkəməsinin 2(020)-51/2024 saylı, 23 sentyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)-51/2024 saylı, 23 sentyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar