Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-199/2024 27.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X3 ibarət məhkəmə tərkibində, X11 oğlunun katibliyi, Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi digər tələblərinə dair iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli 2(017)-79/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 Cavabdeh qarşı paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi digər tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Ağcabədi Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli 2(017)-79/2023 saylı qətnaməsi ilə (Etibar Quliyev) iddia təmin edilərək Ağcabədi rayonunun İmamqulubəyli kəndində 0.1643 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 142.80 kv.metr fərdi yaşayış evinin açıq hərracdan satılması, satışdan əldə olunan pulun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına (İddiaçı1 Sarxan qızına 10/35 pay, İddiaçı2 2/35 pay, X2 2/35 pay; X7 2/35 pay; İddiaçı3 1/35 pay; İddiaçı4 1/35 pay; Cavabdeh 1/35 pay; İddiaçı5 8/35 pay və X4 8/35 pay) mütənasib surətdə bölüşdürülməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişlər. İ Ş İ N H A L L A R İ: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun doğma oğludur. Mərhum əri X8 xx.xx.2015-ci il tarixdə vəfat etmiş, ondan Ağcabədi rayonunun İmamqulubəyli kəndində 0,1643 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 142,80 kv.m olan fərdi yaşayış evi miras qalmışdır. Miras qalmış əmlaka dair adlarına vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən miras əmlakdan – İddiaçı1 10/35 hissə, İddiaçı2 2/35 hissə, X2 2/35 hissə, X7 2/35 hissə, İddiaçı3 1/35 hissə, İddiaçı4 1/35 hissə, Cavabdeh 1/35 hissə, İddiaçı5 8/35 hissə və İddiaçı6 8/35 hissə olmaqla vərəsəlik üzrə payları müəyyən edilmişdir. Onların adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Dövlət Reyestri Publik Hüquqi Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən, daşınmaz əmlakın reyestr nömrəsi **********53-10301 qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2022ci il olan Çıxarış verilmişdir. Payçılardan Nəzrin və Hacı azyaşlı olmaqla anaları Əslinin himayəsindədir. Cavabdeh paylı mülkiyyətlərində olan torpaq sahəsindən və üzərində olan fərdi yaşayış evindən onların sərbəst istifadə etmələrinə imkan vermir. Daşınmaz əmlakın öz aralarında bölünməsinə isə razılaşmır. Bu da onların mülkiyyət hüquqlarını pozur. Bundan sonra onların payına düşən hissənin dəyərinin ödənilməsi qarşı tərəfə təklif olunaraq tələb olunmuş, lakin paylı mülkiyyətin digər mülkiyyətçisi Cavabdeh kompensasiya verməyə maddi imkanı olmadığını bildirmişdir. Bu mümkün olmadığına görə əmlakın paylar üzrə bölünməsinin mümkün olub-olmamasını müəyyən etmək üçün ekspertiza təyin edilmiş və ekspertin rəyi alınmışdır. Ekspertin rəyinə əsasən yuxarıda adı çəkilən əmlakın paylar üzrə bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ekspertiza təyin edərkən ekspertizanın keçirilməsi zamanı onların iştirakını təmin etməmişdir. Həmin fərdi yaşayış evi ilə bağlı digər mülkiyyətçilərlə razılığa gəlmək üçün heç bir cəhd göstərilməmişdir. Bununla bağlı, ilk öncə məhkəməyə müraciət etməzdən əvvəl payçılar arasında müəyyən razılığın olub-olmamasını aydınlaşdırmaq lazım idi. Halbuki, məhkəmə tərəfindən ona hər hansı bildiriş göndərilməmiş, o, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatsız olmuşdur. Apellyasiya şikayətinə əlavə etdiyi zərfdən və poçt izləməsindən görünür ki, 1 iyun 2023-cü il tarixli iclas üçün ona göndərilən bildiriş 15 iyun 2023-cü il tarixdə onun tərəfindən qəbul edilmişdir, bu da birinci instansiya məhkəməsinin göstərdiyi qərəzin bariz nümunəsidir. Bununla bərabər özü və iki övladı gözdən birinci qrup əlildir. Birinci instansiya məhkəməsi tərəfindən çəkişmə prinsipinin tələbləri pozulmaqla mübahisəli qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə tərəfindən onun məhkəmə iclasında iştirakı təmin edilməmiş, məhkəmə iclasları barədə ona hər hansı formada xəbərdarlıq edilməmişdir. Birinci instansiya məhkəməsi ekspertiza təyin edərkən ekspertizanın keçirilməsi zamanı onların iştirakını təmin etməmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, mübahisəli fərdi yaşayış evi atasından miras qalmışdır. İddiaçı1 onun anasıdır. Həmin evdə anası ilə yanaşı onun özü, arvadı Nümayəndə və uşaqları yaşayır. Özü gözdən əlildir. Uşaqları azyaşlıdır və onlar da gözdən əlildirlər. İddiaçı2 vəfat edən qardaşının arvadıdır. Digər iddiaçılar qardaş və bacılarıdır. Onlara ayrı ev tikilib verilmişdir. Onlar onun əlilliyinə görə müavinət aldığını görüb evi satdıraraq onu evdən çıxarmağı istəyirlər. Qeyd edir ki, 0,21 ha torpaq sahəsi başqa yerdə yerləşir. Mübahisəli evin bütün xərclərini özü çəkmişdir. Digər iddiaçıların həmin evdəki paylarına uyğun pul məbləğini ödəyərək evi almaq üçün maddi imkanı yoxdur. Hətta onun ailəsinə mütəmadi olaraq müvafiq dövlət qurumları tərəfindən maddi yardımlar edilir. Şəfəq, Güldanə, Güllü, Aqil onun qardaş və bacılarıdır. Qardaşı Gəray vəfat etmişdir. Hacı və Nəzrin onun uşaqlarıdır. Həmçinin ona evdən cüzi - 1/35 hissə düşür ki, iddiaçılarla mübahisəli evə görə kompensasiya barədə hər hansı razılaşma əldə etmək mümkün olmamışdır. İddiaçılar da ona istədiyi məbləği təklif etmirlər, çünki iddiaçıların əsas məqsədi onun və ailəsinin həmin evdən çıxmasıdır. Həmin evdən başqa evləri yoxdur, xəstə olduğu üçün həmin evdən çıxmayacaqlar. Üçüncü şəxs Nümayəndə izahatında bildirmişdir ki, cavabdehin arvadıdır. Mübahisəli evdə qayınanası İddiaçı1 və onların ailəsi yaşayır. Fərdi yaşayış evi yeddi otaqlıdır. O, cavabdeh və uşaqları iki iç-içə olan otaqda yaşayırlar. Qalan otaqların qapısını İddiaçı1 bağlayaraq həmin otaqlardan onlardan istifadə etmələrinə maneçilik törədir. İddiaçı1 məhkəməyə teleqram ünvanlayaraq xəstə olduğu üçün, həmçinin digər iddiaçıların da maddi imkanı olmadığı üçün iştirak edə bilməyəcəklərini, məhkəmə iclasının onların iştirak olmadan keçirilməsini və iş üzrə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən iddiaçıların iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının və üçüncü şəxsin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə araşdıraraq belə hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Ağcabədi Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli 2(017)-79/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin verdiyi daşınmaz əmlakın reyestr nömrəsi **********53-10301 qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2022-ci il olan Çıxarışın surətindən görünür ki, mübahisəli fərdi yaşayış evi Ağcabədi rayonu İmamqulubəyli kəndində 0,1643 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 142,80 kv.m.-dən ibarətdir. Həmin əmlak üzərində hüquq sahiblərinin payları - İddiaçı1 10/35 hissə, İddiaçı2 2/35 hissə, X1 2/35 hissə, X5 2/35 hissə, İddiaçı3 1/35 hissə, İddiaçı4 1/35 hissə, Cavabdeh 1/35 hissə, İddiaçı5 8/35 hissə və İddiaçı6 8/35 hissə təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 may 2023-cü il tarixli 10/387 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Ağcabədi rayonunun İmamqulubəyli kəndində 0,1643 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 142,80 kvadrat metr olan fərdi yaşayış evinin yerləşmə mövqeyinə, ərazinin situasiya planına görə mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına və payçılara uyğun sahələrin olmamasına görə, o cümlədən fərdi yaşayış evinin tərkiblərində olan kommunal xidmətli sahələri bir ailənin yaşaması üçün nəzərdə tutulduğuna (mətbəx, dəhliz və s.) görə, İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.2, 2.4, 2.9-cu bəndlərinin və metodik əsasların tələblərinə uyğun tərəflərin hər birinin payına uyğun ideal bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. İş materiallarında olan 08 may 2023-cü il tarixli 10/387 nömrəli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış məhkəmə tikinti-texniki tədqiqatının dəyəri 50 manat təşkil edir. Birinci instansiya məhkəməsində sübutların araşdırılması əsasında müəyyən edilmişdir ki, mübahisəli fərdi yaşayış evi Ağcabədi rayonu İmamqulubəyli kəndində 0,1643 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 142,80 kv.m.dən ibarətdir. Həmin əmlak üzərində hüquq sahiblərinin payları - İddiaçı1 10/35 hissə, İddiaçı2 2/35 hissə, X1 2/35 hissə, X5 2/35 hissə, İddiaçı3 1/35 hissə, İddiaçı4 1/35 hissə, Cavabdeh 1/35 hissə, İddiaçı5 8/35 hissə və İddiaçı6 8/35 hissə təşkil edir. Ayrılan mülkiyyətçilər - İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 öz paylarının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi Cavabdeh tərəfindən onlara ödənilməsini təklif və tələb etmişlər, lakin sonuncu bundan imtina etmiş, kompensasiya vermək imkanı olmadığını bildirmişdir. Habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 may 2023-cü il tarixli 10/387 nömrəli məhkəmə ekspertizasının rəyinin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Ağcabədi rayonu İmamqulubəyli kəndində 0,1643 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 142,80 kv.m olan fərdi yaşayış evinin yerləşmə mövqeyinə, ərazinin situasiya planına görə mülkiyyətçilərin payına düşən hissələrin hər birinə ayrıca giriş-çıxış yolunun açılmasının mümkün olmamasına və payçılara uyğun sahələrin olmamasına görə, o cümlədən fərdi yaşayış evinin tərkiblərində olan kommunal xidmətli sahələri bir ailənin yaşaması üçün nəzərdə tutulduğuna (mətbəx, dəhliz və s.) görə İnşaat Norma və Qaydalarının 2.08.01.89-nun 1.1, 2.2, 2.4, 2.9-cu bəndlərinin və metodik əsasların tələblərinə uyğun tərəflərin hər birinin payına uyğun ideal bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, bu halda ümumi mülkiyyətdəki əmlakın hərrac vasitəsilə satılması barədə qərar qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilmir. Belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Belə ki, mülkiyyətçilərin razılığı olmadan əmlakın hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Bu hal Konstitusiya Məhkəməsinin müvafiq qərarında da öz əksini tapmışdır. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası; Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Maddə 29. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2 paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.4. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsində qeyd edilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiqi edilmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisənin maddi hüquqi əsasını Mülki Məcəllənin 220.4 və 220.6-cı maddələri təşkil edir. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 220-ci maddəsi əmlakın bölünməsi və ayrılması üzrə müxtəlif hallarda tənzimləməni müəyyən edir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Qeyd edilməlidir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməyibsə, həmçinin öz payının naturada ayrılmasını tələb etməsinə baxmayaraq, payın naturada ayrılması mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Bu qayda Mülki Məcəllənin 220.3 və 220.6-cı maddələrində müəyyən olunub. Hazırda baxılan işdə iddiaçının tələbi məhz Mülki Məcəllənin 220.4 və 220.6-cı maddələrində müəyyən olunan qaydada həyata keçirilmiş, ancaq nə birinci instansiya, nə də apelyasiya instansiyası məhkəməsinin icraatında tərəflərin izahatlarında kompensasiya üzrə hər hansı razılaşmanın mümkün olmadığı görünür. Əlavə olaraq, apelyasiya instansiyası məhkəməsində izahat verərkən Cavabdeh bildirmişdir ki, mübahisəli fərdi yaşayış evi atasından miras qalmış və iş üzrə İddiaçı1 anasıdır. Həmin evdə anası ilə yanaşı, özü, arvadı - üçüncü şəxs Nümayəndə və uşaqları yaşayır. Digər iddiaçıların həmin evdəki paylarına uyğun pul məbləğini ödəyərək evi almaq üçün maddi imkanı yoxdur. Hətta onun ailəsinə mütəmadi olaraq müvafiq dövlət qurumları tərəfindən maddi yardımlar edilir. Həmçinin ona evdən cüzi - 1/35 hissə düşür ki, iddiaçılarla mübahisəli evə görə kompensasiya barədə hər hansı razılaşma əldə etmək mümkün olmamışdır. İddiaçılar da ona istədiyi məbləği təklif etmirlər, çünki iddiaçıların əsas məqsədi onun və ailəsinin həmin evdən çıxmasıdır. Həmin evdən başqa evləri yoxdur, xəstə olduğu üçün həmin evdən çıxmayacaqlar. Göründüyü kimi, tərəflər arasında ağlabatan üsul olaraq pul kompensasiya barədə razılaşma mövcud deyildir və mümkünsüzdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarına əsasən əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki halları aydınlaşdırılmış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin həqiqi hallarına uyğun gəlir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri və işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları nəzərə alınmaqla qətnamənin ləğvi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Ağcabədi Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli 2(017)-79/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 385.2, 392, 393 və 402.1ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 01 iyun 2023-cü il tarixli 2(017)-79/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddət ərzində şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-199/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-199/2024
27.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver