Məhkəmə qərarları › İş №2(106)-1998/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1998/2025

15.01.2026 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1998/2025 15.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(071)-1134/2025 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi barədə” xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə aralarında mediasiya sessiyası nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/18/2024-01177 nömrəli barışıq sazişinin uşaqla ünsiyyətdə olmaq qaydasının müəyyən edilməsinə dair hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs arasında rəsmi nikah 19 oktyabr 2013-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1491 nömrə ilə Bakı Şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsində qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X2 doğulmuşdur. Daha sonra tərəflərin arasında münasibətlər pozulmuş və ailə mübahisəsi yaranmışdır. Maraqlı şəxs (birinci tərəf) ilə Ərizəçi (ikinci tərəf) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/18/2024-01177 nömrəli barışıq sazişi bağlanmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-992/2025 saylı qətnaməsinə əsasən İddiaçı Maraqlı şəxs ilə cavabdeh Ərizəçi arasında xx.xx.2013-cü il tarixində bağlanmış və Binəqədi rayon Qeydiyyat Şöbəsində 1491 № ilə qeydə alınmış nikah pozulmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-6470/2025 saylı qətnaməsinə əsasən Maraqlı şəxs (birinci tərəf) ilə Ərizəçi (ikinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/18/2024-01177 nömrəli barışıq sazişinin üçüncü və beşinci bəndi təsdiq edilməsi, İİ tərəfin (Ərizəçi) uşağın saxlanılması üçün uşaq yetkinlik yaşına çatana qədər 2024-cü ilin noyabr ayından başlayaraq hər ayın 1-dən 10-a qədər 600 (altı yüz) manat məbləğində alimentin İ tərəfə (Maraqlı şəxs) ödənilməsi və İİ tərəfin (Ərizəçi) uşağın İ tərəf (Maraqlı şəxs) ilə uzunmüddətli təhsil istisna olmaqla, istirahət və qısamüddətli təhsil səbəbi ilə uşağın ölkə xaricinə çıxarılmasına dair notarial qaydada razılıq verməyi öhdəsinə götürməsi hissəsində məcburi icraya yönəldilməsi qət edilmişdir. Maraqlı şəxs (birinci tərəf) ilə Ərizəçi (ikinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtləri özündə ehtiva edir: 1. Tərəflər onlar arasında xx.xx.2013cü il tarixdə 1491№-li reyestr qeydi ilə Binəqədi rayon qeydiyyat şöbəsində qeydə alınmış nikahın məhkəmə qaydasında,əlavə vaxt verilmədən pozulmasına razıdırlar. 2. İİ Tərəf onların birgə nikahından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X1 İ Tərəfin (ananın) yanında qalmasına razılıq verir. 3. İİ Tərəf uşağın saxlanılması üçün uşaq yetkinlik yaşına çatana qədər 2024-cü ilin noyabr ayından başlayaraq hər ayın 1-dən 10-a qədər 600 (altı yüz) manat məbləğində alimenti İ Tərəfə məxsus bank kartına köçürülməklə ödəməyi öz öhdəsinə götürür. 4. İ Tərəf uşağın təhsilinə və sağlamlığına zərər vurmamaq şərti ilə, atanın hər həftənin Şənbə və Bazar günləri saat 13:00-dan saat 17:00-a qədər, müəyyən olunmuş saatda uşağı yaşadığı yerə qaytarmaq çətinlik yaratdığı halda, qarşılıqlı razılıq əsasında həmin gecəni atanın yanında qalmasına razılıq verir. 5. İİ Tərəf uşağın İ Tərəf ilə uzunmüddətli təhsil istisna olmaqla, istirahət və qısamüddətli təhsil səbəbi ilə uşağın ölkə xaricinə çıxarılmasına razılıq verir və bununla bağlı 3 (üç) iş gün ərzində notarial qaydada razılıq ərizəsi verməyi öz öhdəsinə götürür. İlkin mediasiya xərcini (60 manat) və tam mediasiya xərcini (200 manat) İ Tərəf ödəyir. Göründüyü kimi tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən uşaqla atanın ünsiyyət hüququna dar müddəalar əks olunmuş, lakin buna baxmayaraq Maraqlı şəxs öz üzərinə düşən öhdəliklərin icrasından yayınır. Buna görə də, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və məcburi icraya yönlədirilməsi ilə bağlı məhkəməyə ərizə vermək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-1134/2025 saylı qətnaməsi (hakim: Orxan Bayramov ərizə təmin edilmiş, Ərizəçi və Maraqlı şəxs arasında “barışıq sazişinin təsdiq edilməsinə” dair mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/18/2024-01177 nömrəli barışıq sazişinin uşaqla ünsiyyətdə olmaq qaydasının müəyyən edilməsinə dair hissəsinin təsdiq edilməsi, barışıq sazişinə əsasən “tərəflər razılığa gəldilər ki, Maraqlı şəxs uşağın təhsilinə və sağlamlığına zərər vurmamaq şərti ilə, atanın - Ərizəçi hər həftənin şənbə və bazar günləri saat 13:00-dan saat 17:00-a qədər müəyyən olunmuş saatda uşağı yaşadığı yerə qaytarmaq çətinlik yaratdığı halda isə, qarşılıqlı razılıq əsasında həmin gecəni atanın yanında qalsın”, ərizəçi tərəfindən hüquqi yardımla əlaqədar olaraq ödənilmiş 200 (iki yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 (yüz) manat məbləğində pul vəsaitinin Maraqlı şəxs Ərizəçi xeyrinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Elektron Məhkəmə İnformasiya sistemindən əldə olunan məlumatlardan görünür ki, xx.xx.2014-cü təvəllüdlü X1 atası Ərizəçi, anası isə Maraqlı şəxsdır. Ərizəçi ilə Maraqlı şəxs arasında rəsmi nikah 19 oktyabr 2013-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1491 nömrə ilə Bakı Şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsində qeydə alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-992/2025 saylı qətnaməsinə əsasən İddiaçı Maraqlı şəxs ilə cavabdeh Ərizəçi arasında xx.xx.2013-cü il tarixində bağlanmış və Binəqədi rayon Qeydiyyat Şöbəsində 1491 № ilə qeydə alınmış nikah pozulmuşdur. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-6470/2025 saylı qətnaməsinə əsasən Maraqlı şəxs (birinci tərəf) ilə Ərizəçi (ikinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/18/2024-01177 nömrəli barışıq sazişinin üçüncü və beşinci bəndi təsdiq edilməsi, İİ tərəfin (Ərizəçi) uşağın saxlanılması üçün uşaq yetkinlik yaşına çatana qədər 2024-cü ilin noyabr ayından başlayaraq hər ayın 1-dən 10-a qədər 600 (altı yüz) manat məbləğində alimentin İ tərəfə (Maraqlı şəxs) ödənilməsi və İİ tərəfin (Ərizəçi) uşağın İ tərəf (Maraqlı şəxs) ilə uzunmüddətli təhsil istisna olmaqla, istirahət və qısamüddətli təhsil səbəbi ilə uşağın ölkə xaricinə çıxarılmasına dair notarial qaydada razılıq verməyi öhdəsinə götürməsi hissəsində məcburi icraya yönəldilməsi qət edilmişdir. İş materiallarında olan Maraqlı şəxs (birinci tərəf) ilə Ərizəçi (ikinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/18/2024-01177 nömrəli barışıq sazişinin 4-cü bəndinə əsasən müəyyən edilir ki, İ tərəf uşağın təhsilinə və sağlamlığına zərər vurmamaq şərti ilə, atanın hər həftənin Şənbə və Bazar günləri saat 13:00-dan saat 17:00-a qədər, müəyyən olunmuş saatda uşağı yaşadığı yerə qaytarmaq çətinlik yaratdığı halda, qarşılıqlı razılıq əsasında həmin gecəni atanın yanında qalmasına razılıq vermişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır. Məhkəmə hesab etmişdir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs uşağın təhsilinə və sağlamlığına zərər vurmamaq şərti ilə, atanın - Ərizəçi hər həftənin şənbə və bazar günləri saat 13:00-dan saat 17:00-a qədər müəyyən olunmuş saatda uşağı yaşadığı yerə qaytarmaq çətinlik yaratdığı halda isə, qarşılıqlı razılıq əsasında həmin gecəni atanın yanında qalmasına razılıq verməsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində öhdəliyini lazımi qaydada icra etmədiyindən, eləcə də barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Odur ki, ərizə təmin olunmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Mediasiya haqqında” qanunun 34.1-ci maddəsi, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 50.1, 50.2, 50.3, 61.1, 61.2, 61.3, 62.4 «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5, 17, 18-ci maddələri ,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1, 355-25.3ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçi tərəf məhkəməyə sübut təqdim etməmişdir ki, o, sazişi könüllü icra etmir. Əksinə, o, həmişə tərəfdarı olmuşdur ki, qızı ata qayğısı olmadan böyüməsin, onunla tez-tez ünsiyyətdə olsun. Ərizəçi, barışıq sazişi bağlanandan indiyədək bir manat belə aliment ödəməmişdir. Əslində onun üzü yoxdur ki, qızı ilə görüşsün. O, sazişin alimentlə bağlı hisssəinin təsdiq edilməsi üçün Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə qətnaməsi ilə saziş həmin hissədə təsdiq edilmişdir. Nəhayət, hesab edir ki, məhkəmə bu hala istinad edib ərizəni təmin edirdisə, məhkəmə xərclərini ondan tutmalı deyildi. Aylardır qızını təkbaşına çətinliklə böyüdür. Alimenti ödəməkdən yayınan atanın iddiası əsasında ondan əlavə 300 manatın tutulması onu daha ağır maddi vəziyyətə salır. Odur ki, qətnamə həmin hissədə də əsassızdır. Məhkəmə barışıq sazişinin tərəfindən könüllü şəkildə icra olunmaması qənaətinə gəlsə də, ərizəçi bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, məhkəmə özü isə belə sübutun olmamasına rəğmən, bu halı sübut edilmiş hal kimi qətnaməsində göstərmişdir. Belə olan halda, qətnamə əsassızdır. Odur ki, həmin qətnamə ləğv edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin ; 50.1-ci maddəsinə əsasən, uşaq valideyinləri, babaları, nənələri, qardaşları, bacıları və başqa qohumları ilə ünsiyyətdə olmaq hüququna malikdir. 50.2-ci maddəsinə əsasən, valideyinlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın bu hüquqlarına təsir etmir. 50.3-cü maddəsinə əsasən, valdeyinlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. 61.1-ci maddəsinə əsasən, uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. 61.2-ci maddəsinə əsasən, uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkşafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. 61.3-cü maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. 62.4-cü maddəsinə əsasən, məhkəmənin qərarına əməl etməyən valideyn Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun məsuliyyət daşıyır. “Mediasiya haqqında” Qanunun; 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər; iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-1134/2025 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)- 1134/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi və prosessual hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq ərizəni düzgün olaraq təmin etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi barədə” xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə aralarında mediasiya sessiyası nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/18/2024-01177 nömrəli barışıq sazişinin uşaqla ünsiyyətdə olmaq qaydasının müəyyən edilməsinə dair hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs uşağın təhsilinə və sağlamlığına zərər vurmamaq şərti ilə, atanın - Ərizəçi hər həftənin şənbə və bazar günləri saat 13:00-dan saat 17:00-a qədər müəyyən olunmuş saatda uşağı yaşadığı yerə qaytarmaq çətinlik yaratdığı halda isə, qarşılıqlı razılıq əsasında həmin gecəni atanın yanında qalmasına razılıq verməsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində öhdəliyini lazımi qaydada icra etmədiyindən, eləcə də barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün MPMin 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Odur ki, ərizə təmin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, “Mediasiya haqqında” qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. İş materiallarında olan Maraqlı şəxs (birinci tərəf) ilə Ərizəçi (ikinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/18/2024-01177 nömrəli barışıq sazişinin 4-cü bəndinə əsasən müəyyən edilir ki, İ tərəf uşağın təhsilinə və sağlamlığına zərər vurmamaq şərti ilə, atanın hər həftənin Şənbə və Bazar günləri saat 13:00-dan saat 17:00-a qədər, müəyyən olunmuş saatda uşağı yaşadığı yerə qaytarmaq çətinlik yaratdığı halda, qarşılıqlı razılıq əsasında həmin gecəni atanın yanında qalmasına razılıq vermişdir. Məhkəmə tərkibi qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/18/2024-01177 nömrəli barışıq sazişinin 4-cü bəndinə əsasən uşağın atası ilə həftəsonları ünsiyyətdə olması qaydası razılaşdırılmışdır və həmin şərtlər qanunvericiliyin tələblərinə zidd olmamaqla uşağın mənafeyinə uyğun hesab edilmişdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, barışıq sazişinin təsdiqi barədə ərizə ilə məhkəməyə müraciət edilməsi faktının özü, sazişin könüllü qaydada icra olunmadığını göstərən haldır. Bu baxımdan, qanun barışıq sazişinin icra edilməməsini ayrıca sübutlarla təsdiq etməyi ərizəçinin üzərinə vəzifə kimi qoymur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya onun icrasından imtina edildikdə, ərizəçi barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin normadan da göründüyü kimi, qanunverici barışıq sazişinin icra edilməməsinin sübut yükünü xüsusi prosessual qaydada müəyyən etməmişdir. Həmçinin maraqlı şəxsin apellyasiya şikayətinin aliment öhdəliyinin yerinə yetirilməməsi ilə bağlı dəlillərinə münasibətdə qeyd edilməlidir ki, hazırkı iş barışıq sazişinin uşaqla ünsiyyətin müəyyən edilməsinə dair hissəsinin təsdiqi ilə bağlıdır və aliment öhdəliyinin icra olunub-olunmaması bu iş üzrə baxılan predmetə aid deyildir. Bundan başqa məhkəmə tərkibi məhkəmə xərcləri ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı işdən görünür ki, ərizəçinin tələbi (ərizəsi) tam təmin edilmişdir. Bu baxımdan, məhkəmə xərclərinin maraqlı şəxsin üzərinə qoyulması qanunvericiliyin tələblərinə tam uyğun olmaqla, birinci instansiya məhkəməsi tərəfindən bu hissədə düzgün nəticəyə gəlinmişdir. Məhkəmə tərkibi iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Odur ki, məhkəmə tərkibi maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olması qənətinə gəlir. Bunu əsas götürən məhkəmə tərkibi işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Beləliklə məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də məhkəmə tərkibi hesab edir ki, Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)- 1134/2025 saylı qətnaməsi Maraqlı şəxs apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(071)-1134/2025 saylı qətnaməsi Maraqlı şəxs apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar