Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2087/2024 28.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X3 ibarət məhkəmə tərkibində, İddiaçı Cavabdeh1 və X2 qarşı pul tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli 2(020)-14/2023 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh1 və X2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beyləqan Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli 2(020)-14/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti və onun verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Beyləqan Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli 2(020)-14/2023 saylı qərardadı ilə prosessual müddətin bərpasına dair ərizənin rədd edilməsi və apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh1 qərardaddan şikayət vermiş və göstərmişdir ki, tərəflərindən müddətin bərpası barədə verilmiş vəsatətdə səhhətində yaranmış müxtəlif xəstəliklərlə əlaqədar, eləcə də işğaldan azad edilmiş Laçın rayonu ərazisində işlədiyi üçün sərbəst gedib-gələ bilməmiş, bu qeyd edilən üzrlü səbəblərdən dolayı qətnamədən vaxtında apellyasiya şikayəti verə bilməmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(020)-14/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, Cavabdeh1 şikayəti təmin edilməməli, Beyləqan Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli 2(020)-14/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 135.1, 135.3 və 135.4-cü maddələrinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır; Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir; Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. MPM-in 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 fevral 2007-ci il qərarında göstərilmişdir ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Beyləqan Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli 2(020)-14/2023 saylı qərardadından apellyasiya instansiyası məhkəməsinə şikayət etmək hüququ tərəfin konstitusion hüququdur və o, bu hüququndan qanunvericilikdə nəzərə tutulmuş müddətdə istifadə edə bilərdi. Cavabdeh1 məhkəmənin yuxarıda adıçəkilən qətnaməsindən apellyasiya şikayəti vermə müddətini üzrlü səbəbdən ötürməsini göstərsə də, bu halı təsdiq edə bilməmişdir. İş materiallarından müəyyən olunur ki, qətnamənin surəti tərəflərə göndərilmiş və iş üzrə Cavabdeh1 müraciətinə əsasən 12 dekabr 2023-cü il tarixdə şəxsən ona verilmişdir. Belə ki, Cavabdeh1 və nümayəndəsinin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizədən görünür ki, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(020)-14/2023 saylı qətnaməsinin surətini Cavabdeh1 xx.xx.2023cü il tarixdə almışdır. Lakin səhhəti və işi ilə əlaqədar həmin qətnamədən apellyasiya şikayəti vermə müddətini ötürdüyünü göstərsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Habelə mülki işə əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmə qətnaməsi üzrə verilmiş icra sənədi Beyləqan rayon İcra və probasiya şöbəsində icra edilmiş, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə Beyləqan rayon İcra və probasiya şöbəsinə ərizə təqdim edərək məhkəmə qətnaməsi üzrə verilmiş icra sənədi tam şəkildə icra edildiyindən icra icraatına xitam verilməsini xahiş etmişdir. Beyləqan rayon İcra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədi icra olunduğundan iş üzrə icraata xitam verilmişdir. MPM-in 128.1 və 128.2-ci maddələrinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında prosessual müddətlərlə bağlı göstərilmişdir ki, “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Kollegiya eyni zamanda diqqətə çatdırmağı zəruri hesab edir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Beyləqan Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli 2(020)-14/2023 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməməli, həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. MPM-in 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Beyləqan Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli 2(020)-14/2023 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin və qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-2087/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2087/2024
28.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver