Məhkəmə qərarları › İş №2(106)-2505/2022

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-2505/2022

29.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-2505/2022 29.12.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Masallı Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(050)-67/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X6, Cavabdeh2, X8, X10, X9, X4 tərəfindən qanunsuz qaydada əlavə olaraq zəbt etdikləri 0,02 ha həyətyanı torpaq sahəsinin boşaldılması, torpaq üzərində qanunsuz tikililərin və yaradılan digər maneələrin cavabdehlərin hesabına sökülməsi və maddi (əldən çıxmış gəlir) ziyana görə hər il üçün 1000 manat, illər üzrə cəmi 10000 manat, mənəvi ziyana görə 30000 manat və ödənilmiş 30 manat dövlət rüsumu, ümumilikdə 40030 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 06 iyul 2020ci ildə **********37-10301 reyestr nömrəli X1 adına verilmiş çıxarışın və 11 avqust 2021-ci il tarixli **********65 reyestr nömrəli Əskərova (Bayramova) Sürəyya Ağarza qızının adına verilmiş çıxarışın ləğv edilməsi, X6, Əskərova (Bayramova) Sürəyya Ağarza qızı, X8, X10, Əsgərov Ramin (Bəylan) İbadulla oğlu, Bəşirova (Əskərova) Nurlanə İbadulla qızı tərəfindən qanunsuz qaydada əlavə olaraq zəbt etdikləri 0,02 ha həyətyanı torpaq sahəsinin boşaldılması, torpaq üzərində qanunsuz tikililərin və yaradılan digər maneələrin cavabdehlərin hesabına sökülməsi və maddi (əldən çıxmış gəlir) ziyana görə hər il üçün 1000 manat, illər üzrə cəmi 10000 manat, mənəvi ziyana görə 30000 manat və ödənilən 30 manat dövlət rüsumu, ümumilikdə 40030 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(050)-67/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh2, X7, X2, X3, X5, Əsgərov Ramin (Bəylan) İbadulla oğluna və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “zəbt edilən torpaq sahəsinin boşaldılması, çıxarışın ləğvi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə hissəvi – “06 iyul 2020ci il tarixli, **********37-10301 reyestr nömrəli və 11 avqust 2021-ci il tarixli, **********65 reyestr nömrəli çıxarışların ləğv edilməsi” hissəsində xitam verilmiş, iddiaçıya həmin tələblə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur. Masallı Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli, 2(050)-67/2022 saylı və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 avqust 2022-ci il tarixli, 2(106)- 1754/2022 saylı qərardadları ilə Masallı Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2(050)-67/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Sonrakı məhkəmə baxışı iclasları 03 oktyabr 2022-ci il və 19 oktyabr 2022-ci il tarixlərinə təyin edilmişdir. Masallı Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli baxış iclası iddiaçının nümayəndəsi Nümayəndə vəsatətinə (teleqramına) əsasən təxirə salınmışdır. Belə ki, nümayəndə məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və bunu səhhəti ilə əlaqələndirmişdir. İddiaçı icraatın dayandırılmasına dair ərizəsi 14 oktyabr 2022-ci il tarixində Masallı Rayon Məhkəməsinə daxil olmuşdur. Ərizədə Masallı Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər X3 və digərlərinə qarşı 2(050)-67/2022 nömrəli mülki iş üzrə icraatın Şirvan İnzibati Məhkəməsində icraat bitənə qədər dayandırılması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Masallı Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(050)-67/2022 saylı qərardadı ilə (sədrlik edən hakim Ceyhun Quliyev) İddiaçı cavabdehlər Cavabdeh2, X7, X2, X3, X5 və Əsgərov Ramin (Bəylan) İbadulla oğluna qarşı “zəbt edilən torpaq sahəsinin boşaldılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qərardad Mülki Prosessual Məcəllənin 259.0.7-ci maddəsinə istinad edilməklə əsaslandırılmışdır. Qərardaddan narazı qalan İddiaçı şikayət vermiş, şikayətində Masallı Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(050)-67/2022 saylı qərardadının ləğv edilərək, iş üzrə icraatın Şirvan İnzibati Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2- 1(120)-2726/2022 saylı inzibati iş bitənə qədər dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 01 dekabr 2022-ci il tarixli, 2(050)-67/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(050)-67/2022 saylı qərardadı qüvvədə saxlanılmış, həmin qərardaddan İddiaçı tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Masallı Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(050)-67/2022 saylı qərardadı ləğv edilməli və mülki iş İddiaçı icraatın dayandırılması barədə ərizəsinə hüquqi qiymət verilməsi və sonrakı prosessual hərəkətlərin aparılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 259.0.7-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Masallı Rayon Məhkəməsi 19 oktyabr 2022-ci il tarixli, 2(050)-67/2022 saylı qərardadında ərizəni baxılmamış saxlayarkən MPM-in 259.0.7-ci maddəsinə istinad etmişdir. Lakin məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi həmin maddəyə istinad edərək ərizəni baxılmamış saxlamaqla yanlış nəticəyə gəlmişdir. Belə ki, həmin maddənin tətbiq edilməsi üçün işə onun iştirakı olmadan baxılmasını xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlməməlidir. Lakin hazırkı iş üzrə iddiaçı birinci instansiya məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli iclasında iştirak etməsə də, ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Bu isə onu göstərir ki, iddiaçı icraatın dayandırılması üçün əsas hesab etdiyi halların aradan qalxmasından sonra mülki iş üzrə icraatın davam etdirilməsində maraqlı olmuşdur. Birinci instansiya məhkəməsi isə bu halı nəzərə almamışdır. Mülki Prosessual Məcəllənin 184.4-cü maddəsinə əsasən, işə baxılması ilə əlaqədar olan məsələlərə dair işdə iştirak edən şəxslərin vəsatətləri işdə iştirak edən digər şəxslərin fikirləri dinlənildikdən sonra məhkəmə qərardadları ilə həll olunur. Mülki Prosessual Məcəllənin 263.2-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. Mülki Prosessual Məcəllənin 263.4-cü maddəsinə əsasən, məhkəmə mürəkkəb olmayan məsələləri məhkəmə iclasında həll etdikdə, müşavirə otağına getməyib, yerində müşavirə edərək, ayrıca akt şəklində tərtib olunmadan qərardad çıxara bilər. Masallı Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(050)-67/2022 saylı məhkəmə baxış iclasının protokolundan isə görünür ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş ərizə ilə proses iştirakçılarını tanış edib qısa müzakirə aparsa da, ərizəyə hüquqi qiymət verilməsinə dair nə ayrıca akt şəklində, nə də protokol qaydasında qərardad qəbul etməmiş, ərizənin nəticəsinə dair yekun fikir bildirməmişdir. Bununla da, birinci instansiya məhkəməsi mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normaların tələblərini pozmuşdur. Odur ki, şikayət qismən təmin edilərək Masallı Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(050)-67/2022 saylı qərardadı ləğv edilməli və mülki iş İddiaçı icraatın dayandırılması barədə ərizəsinə hüquqi qiymət verilməsi və sonrakı prosessual hərəkətlərin aparılması üçün Masallı Rayon Məhkəməsinə geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. MPM-in 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 384, 385.1, 397, 398.0.2, 399 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2(050)-67/2022 saylı qərardadı ləğv edilsin. Mülki iş İddiaçı icraatın dayandırılması barədə ərizəsinə hüquqi qiymət verilməsi və sonrakı prosessual hərəkətlərin aparılması üçün Masallı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar