Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-266/2024 15.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X6 ibarət məhkəmə tərkibində, X10 oğlunun katibliyi ilə, İddiaçı İmişli rayon Qaralar Bələdiyyəsinin Cavabdeh qarşı torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri alınması tələbinə dair iş üzrə İmişli Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 2(036)-1530/2023 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İmişli Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 2(036)-1530/2023 saylı qətnaməsi ilə (hakim Ülvi Qənbərov) iddia tələbinin təmin edilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək İmişli Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 2(036)-1530/2023 saylı qətnaməsinin tam ləğv edilib, iddianın təmin edilməməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı İmişli rayon Qaralar bələdiyyəsi Cavabdeh qarşı torpaq sahəsinin özgəsinin qanunsuz sahibliyindən geri alınması tələbi barədə iddia qaldıraraq cavabdehin İmişli rayonu Qaralar bələdiyyəsinin mülkiyyətində olan İmişli rayonu Cavadxanlı kəndi ərazisində yerləşən 3,84 ha torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə qaytarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. PROSESSUALMƏSƏLƏLƏR: Tərəflərə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 1 noyabr 2013-cü il tarixli qərarında apellyasiya instansiya məhkəməsinin səlahiyyətləri ilə əlaqədar qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Göstərilən normanın mənasına görə apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin MPM-in 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan istifadə edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğunluğu yoxlanılarkən müəyyən etmişdir ki, hazırkı iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən icraata prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş və iş üzrə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 70-ci maddələrinin tələbinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmçinin konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bundan başqa, qeyd edilməlidir ki, prosessual hüquq normalarının tələbinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Habelə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Beləcə, məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici MPM-də məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Həmin mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarında da öz əksini tapmışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə” 24 dekabr 2019-cu il tarixli qərarında göstərmişdir ki, məhkəmə müdafiəsi ilə bağlı konstitusiya təminatı hüquq və azadlıqların müdafiə sisteminin əsasını təşkil etməklə Konstitusiyada öz əksini tapmış digər hüquq və azadlıqların səmərəli müdafiəsinin təmin edilməsi məqsədini daşıyır. Məhkəmə müdafiəsi ən mühüm müdafiə mexanizmi olmaqla, hər kəsin hüquq və azadlıqları ilə bağlı yaranmış istənilən mübahisənin məhkəmədə həll olunmasını əhatə edir. Bu baxımdan, məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi isə qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması ilə həyata keçirilir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir fiziki və ya hüquqi şəxs öz hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsinin təmin edilməsindən ötrü məhkəməyə müraciət etməsi onun konstitusion hüququdur. Bu hüququn realizə edilməsindən ötrü məhkəməyə müraciət edilərkən prosessual qanunvericiliklə müəyyən edilmiş iddia ərizəsinin forma və məzmununa riayət edilməklə məhkəməyə müraciət edilməli, əgər iddia ərizəsi prosessual qanunvericiliyin tələblərinə uyğundursa (iddia ərizəsi prosessual qanunvericiliyin tələblərinə uyğun olmalı, o cümlədən səlahiyyətli şəxs tərəfindən imzalanmalı) icraata qəbul edilərək məhkəmə baxışına təyin edilməlidir. Bununla da, şəxsin məhkəmə müdafiəsi hüququ başlanmış olur. Hazırkı tələbdən göründüyü kimi, iddia ərizəsi X4 tərəfindən imzalanmışdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsinin İ hissəsinə görə yerli özünüidarəni bələdiyyələr həyata keçirir. Bələdiyyələr seçkilər əsasında yaradılır. Bələdiyyələrin statusunun əsasları bu Konstitusiya ilə, bələdiyyələrə seçkilərin qaydaları isə qanunla müəyyən edilir. Konstitusiyanın 143-cü maddəsinin İ hissəsinə görə bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir. Konstitusiyanın 144-cü maddəsinin İ hissəsinin 6-ci bəndinə əsasən bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam bələdiyyələrin iclaslarında həll edilir. Konstitusiyanın 145-ci maddəsinin İ və İİ hissələrinə görə Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Bundan əlavə, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinin 4-cü bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında” 4-cü hissəsində göstərilmişdir ki, bələdiyyənin iclası bələdiyyə üzvlərinin ümumi yığıncağıdır. Bələdiyyə iclaslarında bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələsi həll edilir. Hazırkı işin müəyyən edilmiş faktiki hallarından və yuxarıda sadalanan maddi hüquq normalarının tələbindən görünür ki, iddiaçı İmişli rayon Qaralar Bələdiyyəsinin Cavabdeh qarşı torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri alınması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bələdiyyə kollegial orqan olmaqla, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə sərəncam, ondan sahiblik və istifadə ilə bağlı məsələlər bələdiyyə üzvlərinin ümumi yığıncağında müzakirə edildikdən sonra qəbul edilmiş qərar ilə həll olunur. Hazırkı iddia üzrə İmişli rayonu Qaralar bələdiyyəsinin pozulmuş hüququnun bərpasından ötrü məhkəməyə müraciət edilmişdir. Bələdiyyə torpağı üzərində istifadə hüququnun realizəsinin təmin edilməsindən ötrü bələdiyyə üzvlərinin yığıncağında müzakirə olunmalı, qəbul edilmiş qərara uyğun olaraq məhkəməyə müraciət edilməli idi. Göründüyü kimi, bələdiyyə sədri qismində iddia ərizəsini və apellyasiya şikayətini imzalayan şəxs olaraq X2 bələdiyyənin təmsil etmək səlahiyyəti iş materialları ilə müəyyən edilmir. Belə olan halda, İmişli rayonu Qaralar bələdiyyəsinin sədri kimi məhkəməyə müraciət etmədən öncə X4 bələdiyyənin ümumi yığıncağının qərarı ilə səlahiyyət almalı, daha sonra isə bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində sahiblik, istifadə və sərancam vermək hüquqnun başqa şəxslər tərəfindən pozulmasının qarşısının alınması üçün məhkəmədə iddia qaldıra bilərdi. X1 bələdiyyə üzvlərinin ümumi yığıncağında torpaq sahəsi üzərində bələdiyyənin sahiblik və istifadə hüququnun bərpasından ötrü məhkəməyə müraciət edilməsinə dair qərar qəbul edilmədən, yəni ona belə bir səlahiyyət verilmədən birbaşa məhkəməyə müraciət etmişdir. MPM-in 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Habelə MPM-in 150.1-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsindən ötrü X3 belə bir səlahiyyət verilməmişdir. Halbuki, bələdiyyə torpaqlarının sahiblik, istifadəsi və onun barəsində sərəncam verilməsinə dair məsələlər bələdiyyə üzvlərinin ümumi yığıncağında qəbul edilmiş qərarlara əsasən həll edilir ki, bu da həmin məsələlər üzrə bələdiyyə üzvlərinin ümumi yığıncağının keçirilməsini və iclasın nəticəsində bələdiyyə sədrinə müvafiq məsələlərin həll edilməsindən ötrü ona səlahiyyət verilməsini zəruri edir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 saylı qərarının 1-ci bəndində qeyd edilmişdir ki, məhkəməyə daxil olan ərizə MPM-in 153.1-ci maddəsinə əsasən hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. Ərizə hakimin icraatına verildikdən sonra iş üzrə materiallar MPM-in 149-153-cü maddələrinin tələblərinə müvafiq olaraq məhkəmə baxışının hazırlıq mərhələsinə qədər öyrənilməlidir. Qeyd edilən qaydalara əməl edilməməsi gələcəkdə ərizənin baxılmamış saxlanılması və ya icraata xitam verilməsinə əsas yaradır. MPM-in 259.0.3-cü maddəsinə görə ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini prosessual hüquq normalarının pozulması ilə icraata qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən verildiyindən İmişli Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 2(036)-1530/2023 saylı qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddiaçı İmişli rayonu Qaralar Bələdiyyəsinə izah edilməlidir ki, iş üzrə qətnamənin ləğv edilməsi və iddia ərizəsinin baxılmamış saxlanılması iddiaçının yenidən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. MPM-in 384.0.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kollegiya diqqətə çatdırmağı zəruri hesab edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Həmin Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli 2(036)-1530/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı İmişli rayon Qaralar Bələdiyyəsinin Cavabdeh qarşı torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri alınması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı İmişli rayonu Qaralar Bələdiyyəsinə izah edilir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan hal aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(106)-266/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-266/2024
15.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver