Məhkəmə qərarları › İş №2(106)-294/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-294/2023

14.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-294/2023 14.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şirvan Şəhər Məhkəməsinin 2(032)1319/2022 saylı, 19 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 fevral 2023-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh “Honda İnsigt” markalı, ** BY *** dövlət qeydiyyat nişanlı avtomobilin alınaraq geri qaytarılmasını, olmadığı halda onun dəyəri 12000 manat pulun və ödənilmiş 126 manat dövlət rüsumunun alınıb verilməsini tələb etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, 2021-ci ilin iyun ayında özünə məxsus "Honda İnsight" markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobili tanışı X1 15000 manata aralarında olan razılığa əsasən həmin pulu hissə-hissə ödəmək şərtilə Bakı şəhəri, Nərimanov rayonu Təbriz küçəsində yerləşən 21 saylı notariusda Vasif Quliyevin sürücüsü Cavabdeh avtomobili idarə etməsi üçün etibarnamə vermişdir. Sənədləşmədən sonra yaşadığı ünvan 1 ünvanında həmin avtomobili Cavabdeh təhvil vermişdir. Cari ilin yanvar ayınadək Vasif ona 6200 manat pul ödəmiş, yanvar ayında Vasif işləri ilə əlaqədar Almaniyaya getdiyindən avtomobili geri qaytarmaq istədiyini bildirmiş bunun qarşılığında 2000 manat pul istəmiş və avtomobili Cavabdeh təhvil alacağını demişdir. Cavabdeh ilə "Honda İnsight" markalı** BY *** dövlət qeydiyyat nişanlı avtomobili 12000 manata hər ay 600 manat olmaqla 20 ay müddətinə razılaşmışlar. Qabaqcadan ona beh kimi 200 manat pul vermişdir. "Honda İnsight" markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobili Natiqə təhvil verdikdən sonra ona bildirmişdir ki, “mən sənə nə avtomobili, nədə pulu vermirəm, get hara istəyirsən şikayət et.” Məcbur olub Bakı şəhəri Xətai rayon Polis İdarəsinə şikayət etmişdir. Bakı şəhəri Xətai rayon Polis idarəsində onlar razılaşmışlar. Avtomobili təhvil almaq üçün Natiqlə əlaqə saxlamış və sonuncu Vasifin ona 2000 manat pul borclu olmasını bildirərək avtomobili ona qaytarmaqdan imtina etmişdir. 29 yanvar 2022-ci il tarixdə Cavabdeh adına verdiyi etibarnaməni ləğv etdirmiş və bununla bağlı Natiqə məlumat vermişdir. Natiqə maşını geri qaytarması barədə şifahi müraciəti nəticə vermədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində qeyd olunanları təsdiq edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərilmiş, lakin o məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-cı maddəsinin tələblərinə əməl edilməklə işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Şirvan Şəhər Məhkəməsinin 2(032)1319/2022 saylı, 19 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (Hakim: E.Qurbanov), iddianın qismən təmin edilməsi, Cavabdeh "Honda İnsight" markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobil alınaraq İddiaçı verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 365.1.3, 394, 567 və 650-ci maddələrinə istinad etmişdir. Apelyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apelyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instasniya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh Şirvan Şəhər Məhkəməsinin 2(032)1319/2022 saylı, 19 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apelyasiya şikayətinin dəlillərinə qarşı etirazı daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, Şirvan Şəhər Məhkəməsinin 2(032)1319/2022 saylı, 19 sentyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədənn saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh iştirak etməmiş və bu barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin dəlilləri həddində Şirvan Şəhər Məhkəməsinin 2(032)1319/2022 saylı, 19 sentyabr 2022-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcələsinin; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 365.1.3-cü maddəsinə etibarnamənin qüvvəsinə etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində xitam verilir. 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiymətini) ödəməyi öhdəsinə götürür. 650-ci maddəsinə əsasən rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)1319/2022 saylı, 19 sentyabr 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qeydiyyat Şəhadətnaməsinin surətindən görünür ki, "Honda İnsight" markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 18 saylı notariat ofisinin 15 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, 21 saylı notariat ofisində İddiaçı tərəfindən dövlət qeydiyyat nömrəsi **- BY-*** olan avtomobilə dair Cavabdeh adına 7E-8604 reyestrlə rəsmiləşdirilmiş etibarnaməyə İddiaçı xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən xitam verilmişdir. Həmin etibarnamə etibarsız hesab edilir. Məhkəmə kollegiyası iş materialları araşdıraraq müəyyən edir ki, tərəflər arasında mübahisə xarakterinə görə avtomobilin hissə-hissə ödəmək şərtilə nisyə alqı-satqı müqaviləsinin icrası ilə əlaqədar olmuşdur. Lakin nisyə alqı-satqı müqaviləsi qanunla müəyyən edilmiş qaydada bağlanmadığından, mövcud mübahisənin həlli zamanı mülki qanunvericiliyinin daşınar əşyaların alqı-satqısı haqqında müddəaları tətbiq edilməməlidir. Belə ki, daşınar əşyaların alqı-satqı müqaviləsinin bağlanması qaydası Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiymətini) ödəməyi öhdəsinə götürür. Göründüyü kimi alqı-satqı müqaviləsinin təhlili göstərir ki, alqı-satqı müqaviləsi ikitərəfli əvəzli müqavilədir, müqavilənin bir tərəfi alıcı olduğu halda, digər tərəfi satıcıdı, alıcı müqavilə ilə müəyyənləşdirilmiş məbləğdə verdiyi pul müqabilində satıcının əmlakını alır. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların alqı-satqı müqaviləsinin bağlanması qaydası isə Mülki Məcəllənin 650-ci maddəsində göstərilmişdir. Həmin maddəyə görə rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Beləliklə mülki qanunvericiliyinin tələbinə görə rəsmi reyestrdə qeydə alınması tələb edilən daşınar əşyaların alqı-satqı müqaviləsinin bağlanması qaydası daşınmaz əşyaların alqısatqısı haqqında göstərişlərə uyğun olmalı, bu isə o deməkdir ki, avtomobillər rəsmi reyestrdə qeydə alınması tələb edilən daşınar əşyalar olduğundan onların alqı-satqısı qaydası daşınmaz əşyaların alqı-satqısına uyğun olmalı, yəni tərəflər arasında bağlanmış müqavilə notariat qaydasında təsdiqlənməlidir. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə tərəflər arasında qanunla müəyyən edilmiş qaydada alqı-satqı müqaviləsi bağlanmamış, İddiaçı tərəfindən özünə məxsus olan "Honda İnsight" markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobili müəyyən müddətə idarə etmək səlahiyyəti Cavabdeh etibarnamə vasitəsilə verilmişdir. Etibarnamə isə birtərəfli əqd olduğundan alqı-satqı müqaviləsinin bağlanmasını təsdiq edən sübut hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.3-cü maddəsinə etibarnamənin qüvvəsinə etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi nəticəsində xitam verilir. Bu baxımdan kollegiya qeyd edir ki, "Honda İnsight" markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısına dair İddiaçı ilə Cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada alqı-satqı müqaviləsi bağlanmadığından və bununla da Cavabdeh həmin avtomobili alqı-satqı nəticəsində əldə etmədiyindən, ona verilmiş etibarnaməyə xx.xx.2022-ci il tarixdə xitam verildiyindən Cavabdeh "Honda İnsight" markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobil üzərində olan sahibliyi qanunsuz olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd edir ki, avtomobilin idarə edilməsi üçün etibarnamə ona formal olaraq verilmiş və onun həmin avtomobilin üzərində istər idarə edilməsi, istərsədə avtomobil barəsində sərəncam verilməsi səlahiyyətləri olmamışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin yuxarıda göstərilən dəlili ilə bağlı qeyd edir ki, cavabdeh ilk öncə apellyasiya şikayətinin dəlillərində ona mübahisəli avtomobilin üzərində hər hansı səlahiyyətinin olmamasını həmçinin, avtomobili idarə etmək səlahiyyətinin olmamasını qeyd edir, daha sonra isə ona verilən etibarnamənin formal olaraq verildiyini iddia edir. Göründüyü kimi cavabdehin iddiaçının iddia tələbinə qeyd etdiyi etiraz ziddiyyətli olmaqla biri digərini təkzib edir. Bu isə ona dəlalət edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin “İddiaçı mülkiyyət hüququnu müdafiə etmək məqsədi ilə "Honda İnsight" markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı verilməli, bununla da iddia bu hissədə təmin edilməlidir.” mövqeyi ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası yuxarıda göstərilən iddia tələbinin yuxarıda göstərilən hallar üzrə hüquqi dəyərləndirilməsi nəticəsində apellyasiya şikayətinin dəlillərinə yekun hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi verilmiş tələb üzrə qanuni və əsaslı nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlilləri isə formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. Apelyasiya şikayətinin təmin edilməsi və Şirvan Şəhər Məhkəməsinin 2(032)1319/2022 saylı, 19 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 2(032)1319/2022 saylı, 19 sentyabr 2022-ci il tarixli qətnaməsi Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar