Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-315/2025 10.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Cavabdeh nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı əmlakın və ya onun dəyərinin geri qaytarılması tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin 2(047)-222/2024 saylı, 16 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya qaydasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı əmlak tələbinə və vurulmuş zərərə görə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı1 və İddiaçı2 nümayəndəsi və eyni zamanda vəkili, həmçinin İddiaçı1 vəkili Nümayəndə iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı2 mülkiyyətində olan, lakin Cavabdeh istifadəsində olan 1989-cu il buraxılışlı, “Kamaz 53212” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı, 1990-cı il buraxılışlı, “Kamaz 53212” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı və 1984-cü il buraxılışlı, “Kamaz 5511” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobillərin alınaraq iddiaçılara verilməsi və həmin avtomobillərin olmadığı halda onların ümumi dəyəri olan 88000 manat pulun və 280 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçılara verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər və qeyd edilən ərizə məhkəmə tərəfindən mülki məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinə uyğun izahat verib iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdeh qismində göstərdikləri Cavabdeh ilə 2023cü ilin təqribən mart ayının axırlarında, yəni novruz bayramından sonra ümumi tanışları olan bir 1 nəfər şəxsin vasitəsi ilə tanış olmuşlar. Həmin şəxs cavabdehi onlara iş adamı kimi təqdim etmişdir. Əvvəllər onu tanımamışlar. Tanışlıqdan sonra onlara məlum olmuşdur ki, Cavabdeh özünə aid yük maşınlarını və başqa şəxslərdən icarəyə götürdüyü yük maşınlarını işğaldan azad olunmuş Qarabağ, Laçın və Kəlbəcər bölgəsində gedən yenidənqurma işlərini həyata keçirən şirkətlərə icarəyə verməklə xeyli miqdarda qazanc əldə edir. Cavabdeh onların imkanları barədə məlumat aldıqdan sonra təklif etdi ki, onlar bir necə maşın alıb ona icarəyə verəcəkləri halda o, hər maşına görə 1000 manat icarə pulu vermək imkanındadır. Eyni zamanda cavabdeh bildirdi ki, maşın alacaqları tədqirdə onun özündə olan satdığa qoyulmuş maşınlardan onların adına keçirmək imkanı da vardır. Cavabdehin təklifindən sonra onlar qərara gəlmişlər ki, cavabdehə pul verməklə onun özündə olan maşınlardan alsınlar. Razılaşmalarına əsasən bir necə gündən sonra 3 maşına görə onlar cavabdehin tələb etdiyi 45.500 manat pulu ona vermişlər. Həmin pulu cavabdeh onlardan götürdükdən az bir vaxt sonra, yəni 20 aprel 2023-cü ildə 1 ədəd “Kamaz” markalı, 1990-cı il buraxılışdan olan, **-CN- *** qeydiyyat nişanlı maşının İddiaçı2 adına rəsmiləşdirilmiş sənədini təqdim etdi. Bundan 1 həftə sonra isə 2 maşının, biri 1984-cü il buraxılışdan olan “Kamaz” markalı, **-BK-*** qeydiyyat nişanlı, digəri 1989- cu il buraxılışdan olan “Kamaz” markalı, **-EU-*** qeydiyyat nişanlı maşınların İddiaçı2 adına dair texniki pasportlarını onlara təqdim etdi. Bildirdi ki, həmin maşınlardan birinin icarədə olduğu şirkət Qarabağda fəaliyyətini müvəqqəti dayandırdığına və həmin maşının icarə pulu bir müddət ödənilmədiyinə görə o, həmin maşına görə aylıq 1000 manatı hələlik verə bilməyəcəkdir. Şirkətin işi bərpa olduqdan sonra o, alacağı icarə haqqından onlara pul ödəyəcəkdir. Digər iki maşına görə isə onlara hər ay hər birinə görə 1000 manat olmaqla, 2000 manat verəcəkdir. Maşınları İddiaçı2 adına sənədləşdirdikdən sonra onların cavabdehə yüksək etibarı yarandığına görə, onlar həmin şərtlərlə razılaşmışlar. Cavabdeh sonrakı 2 ayda şifahi razılaşdıqları şərtlərə əməl edərək may və iyun aylarına görə hər ay onlara 2000 manat pul vermişdir. Cavabdeh iyul ayının icarə haqqını ödəməyi gecikdirdikdən sonra buna səbəb kimi onlara dəfələrlə bildirmişdir ki, guya digər iki maşını icarəyə götürən şirkətlər də işlərini müvəqqəti dayandırdığına görə ödəmələri gecikdirirlər. Lakin o, hər dəfə söz vermişdir ki, tezliklə hər şey qaydasına düşəcək və o, maşınlara görə aylıq ödəmələri alıb onlara verəcəkdir. Hər dəfə bildirmişdir ki, iki maşına görə ödənilən 2000 manat pul gecikmədən asılı olmayaraq ödəniləçəkdir. Bundan sonra cavabdeh onlara qarşı münasibətini kəskin dəyişdirdi və verdiyi sözlərdən imtina etməyə başladı. Son vaxtlar isə telefon zənglərinə cavab verməyib görüşməkdən boyun qaçırdığına görə onlar cavabdehdən maşınlarının özlərinə təhvil verilməsini, yaxud verdikləri pulun geri qaytarılmaqla mübahisəni sülh yolu ilə həll etməyə dəfələrlə cəhd etsələr də, cavabdeh bundan imtina etmişdir. 2023-cü ilin noyabr ayının əvvəllərində onlar DİN-nin Baş X3 İdarəsinin rəhbərliyinə rəsmi müraciət edərək cavabdehin qanunsuz sahibliyində olan yuxarıda qeyd etdikləri 3 ədəd yük maşınının saxlanılmasını və onlara təhvil verilməsini xahiş etmişlər. Gəncə şəhər BPİ-nin X3 Şöbəsi xx.xx.2023-cü il tarixli məktubla onlara məlumat vermişdir ki, avtomobilləri xətdə müəyyən etmək mümkün olmadığına görə guya tədbirlər davam etdirilir və nəticə olarsa onlara məlumat veriləcəkdir. Baş Polis İdarəsindən eyni zamanda onlara qeyri-rəsmi bildirmişlər ki, maşınların cavabdehdən alınıb onlara verilməsinə guya səlahiyyətləri yoxdur. Ancaq maşınlar Gəncə şəhərində sürüləcəyi halda saxlanılıb dayanacağa qoymağa səlahiyyətləri vardır. Bu cavabdan sonra onlar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Ona görə də cavabdehin qanunsuz istifadə və sahibliyində olan, rəsmi sənədlərlə onların mülkiyyətində olan 3 ədəd yük avtomobilinin cavabdehdən alınıb onlara verilməsinə dair iddialarının təmin edilməsini qanunauyğun və mümkün hesab edirlər. Ona görə də Cavabdeh istifadəsində olan 1989-cu il buraxılışlı, “Kamaz 53212” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı, 1990-cı il buraxılışlı, “Kamaz 53212” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı və 1984-cü il buraxılışlı, “Kamaz 5511” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobillərin cavabdehdən alınaraq onlara verilməsi və həmin yük avtomobillərin olmadığı halda isə onların umumi dəyəri olan 88000 manat pulun və ödənilmiş 280 manat dövlət rüsumunun cavabdehdən onların xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı2 nümayəndəsi və eyni zamanda vəkili, həmçinin İddiaçı1 vəkili Nümayəndə məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirib iddiaçıların iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırkı işlə bağlı İddiaçı2 nümayəndəsi və eyni zamanda vəkili, həmçinin İddiaçı1 vəkili Nümayəndə onların iştirakları olmadan işə baxılması xahişini qanunauyğun sayır və mülki işə Nümayəndə iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə İddiaçı2 və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən mülki işə İddiaçı2 və Cavabdeh iştirakları olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Laçın Rayon Məhkəməsinin 2(047)-222/2024 saylı, 16 may 2024-cü il tarixli qətnaməsi (hakim Cavad İbrahimov) ilə, iddia tələbinin qismən təmin edilməsi, İddiaçı2 mülkiyyətində olan, lakin Cavabdeh istifadəsində olan 1989-cu il buraxılışlı, dəyəri 22000 manat olan, “Kamaz 53212” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı, 1990-cı il buraxılışlı, dəyəri 23000 manat olan “Kamaz 53212” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı və 1984-cü il buraxılışlı, dəyəri 43000 manat olan “Kamaz 5511” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobillərinin özü və yaxud həmin yük avtomobilləri qətnamə icra olunan vaxt natura qaydasında mövcud olmadıqda isə onların ümumi dəyəri olan 88000 (səksən səkkiz min) manat pul, həmçinin 280 (iki yüz səksən) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı2 verilməsi, iddia tələbinin qalan hissədə isə əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi-vəkili Vəkil tərəfindən apelyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli qərardadı ilə iddiaçı X1 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilərək, apellyasiya icraatına qəbul edilmişdir. Cavabdeh nümayəndəsi-vəkili Vəkil apellyasiya icraatı zamanı verdiyi izahatında məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Laçın Rayon Məhkəməsinin 2(047)-222/2024 saylı, 16 may 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə baxış iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prossesual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini iddia tələbinin əsaslı olması ilə əlaqələndirmişdir. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, 1989-cu il buraxılışlı, “Kamaz 53212” yük markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobil 22000 manata, 1990-cı il buraxılışlı, “Kamaz 53212” yük markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobil 23000 manata və 1984-cü il buraxılışlı, “Kamaz 5511” yük markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil isə 43000 manata ayrı-ayrı şəxslərdən İddiaçı2 tərəfindən alınmış və qeyd edilən yük avtomobilləri nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələrinə əsasən İddiaçı2 məxsus olmuşdur. Bundan sonra İddiaçı2 məxsus olan həmin yük avtomobilləri tərəflər arasında olan şifahi razılaşmaya əsasən Cavabdeh istifadəsinə verilmiş, lakin sonradan Cavabdeh tərəflər arasında olan şifahi razılaşmaya əməl etmədiyindən qeyd edilən avtomobillərin İddiaçı2 tərəfindən Cavabdeh geri qaytarılması tələb edilsə də Cavabdeh bu günədək qeyd edilən 3 ədəd yük avtomobillərini İddiaçı2 geri qaytarmaqdan imtina etdişdir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, digər İddiaçı1 da qeyd edilən yük avtomobillərinin Cavabdeh alınaraq ona verilməsini tələb etsə də məhkəmə araşdırmaları zamanı həmin yük avtomobillərinin onun mülkiyyətində olmadığı müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən də məhkəmə belə hesab edir ki, 1989-cu il buraxılışlı, “Kamaz 53212” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı, 1990cı il buraxılışlı, “Kamaz 53212” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı və 1984-cü il buraxılışlı, “Kamaz 5511” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilləri halhazırda da İddiaçı2 mülkiyyətində olduğundan və həmin yük avtomobilləri Cavabdeh tərəfindən hüquqi əsas olmadan öz istifadəsində saxlanıldığından göstərilən yük avtomobilləri və yaxud həmin yük avtomobilləri qətnamə icra olunan vaxtı natura qaydasında mövcud olmadıqda isə onların cəmi dəyəri olan 88000 manat pul Cavabdeh alınaraq İddiaçı2 verilməli və iddia tələbi digər İddiaçı1 iddia tələbinə münasibətdə isə rədd edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, iş materiallarında toplanmış və əlavə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, hazırkı iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilərkən məhkəmə aidiyyəti qaydaları pozulmuş, nəticədə iddia ərizəsinə səlahiyyəti olmayan (hüququ olmayan hakim) məhkəmə tərəfindən baxılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin icraata qəbul edilməsi zamanı yol vermiş pozuntuların aydın və anlaşılan olması üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd edilən maddənin birbaşa mənasından başa düşülür ki, məhkəmələr məhkəmə aidiyyətini müəyyən edərkən üç əsas xüsusiyəti – işdə iştirak edən şəxslərin subyektiv tərkibini (hüquqi, fiziki şəxslər və sahibkarlar), mübahisənin predmetini (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakterini) və hüquq münasibətinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məs, mülki, ailə, iqtisad və.s) yoxlamalıdır. Bununla yanaşı hər üç xüsusiyyət bir-biri ilə birbaşa bağlı olduğundan, məhkəmə aidiyyəti müəyyən edilərkən, onların üçünün də yoxlanılması zəruridir. Halbuki, Laçın Rayon Məhkəməsi Azərbaycan Respublikası MPM-nin “hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanır” prinsipini rəhbər tutaraq, iddia ərizəsini icraata qəbul etsə də, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər arasında yaranan mübahisəyə hansı məhkəmədə baxılmasını (ümumi və ya kommersiya), yəni mübahisənin məhkəmə aidiyyətini nəzərdə tutan prosessual hüquq normalarını pozaraq, mübahisə üzrə işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətinin xarakterini nəzərə almalı olduğu halda, buna əməl etməmiş və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hazırkı mülki işi Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsində sadalanan xüsusiyyətlər üzrə araşdıraraq, işin məhkəmə aidiyyəti ilə bağlı aşağıdakı nəticələri müəyyən edir. İddiaçı1 iddia ərizəsinə uyğun izahat verib iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh özünə aid yük maşınlarını və başqa şəxslərdən icarəyə götürdüyü yük maşınlarını işğaldan azad olunmuş Qarabağ, Laçın və Kəlbəcər bölgəsində gedən yenidənqurma işlərini həyata keçirən şirkətlərə icarəyə verməklə xeyli miqdarda qazanc əldə edir. Cavabdeh onların imkanları barədə məlumat aldıqdan sonra təklif etdi ki, onlar bir necə maşın alıb ona icarəyə verəcəkləri halda o, hər maşına görə 1000 manat icarə pulu vermək imkanındadır. Eyni zamanda cavabdeh bildirdi ki, maşın alacaqları təqdirdə onun özündə olan satdığa qoyulmuş maşınlardan onların adına keçirmək imkanı da vardır. Cavabdehin təklifindən sonra onlar qərara gəlmişlər ki, cavabdehə pul verməklə onun özündə olan maşınlardan alsınlar. Razılaşmalarına əsasən bir necə gündən sonra 3 maşına görə onlar cavabdehin tələb etdiyi 45.500 manat pulu ona vermişlər. Həmin pulu cavabdeh onlardan götürdükdən az bir vaxt sonra, yəni 20 aprel 2023-cü ildə 1 ədəd “Kamaz” markalı, 1990-cı il buraxılışdan olan, **-CN-*** qeydiyyat nişanlı maşının İddiaçı2 adına rəsmiləşdirilmiş sənədini təqdim etdi. Bundan 1 həftə sonra isə 2 maşının, biri 1984-cü il buraxılışdan olan “Kamaz” markalı, **-BK-*** qeydiyyat nişanlı, digəri 1989- cu il buraxılışdan olan “Kamaz” markalı, **- EU-*** qeydiyyat nişanlı maşınların İddiaçı2 adına dair texniki pasportlarını onlara təqdim etdi. Bildirdi ki, həmin maşınlardan birinin icarədə olduğu şirkət Qarabağda fəaliyyətini müvəqqəti dayandırdığına və həmin maşının icarə pulu bir müddət ödənilmədiyinə görə o, həmin maşına görə aylıq 1000 manatı hələlik verə bilməyəcəkdir. Şirkətin işi bərpa olduqdan sonra o, alacağı icarə haqqından onlara pul ödəyəcəkdir. Digər iki maşına görə isə onlara hər ay hər birinə görə 1000 manat olmaqla, 2000 manat verəcəkdir. Maşınları İddiaçı2 adına sənədləşdirdikdən sonra onların cavabdehə yüksək etibarı yarandığına görə, onlar həmin şərtlərlə razılaşmışlar. Cavabdeh sonrakı 2 ayda şifahi razılaşdıqları şərtlərə əməl edərək may və iyun aylarına görə hər ay onlara 2000 manat pul vermişdir. Cavabdeh iyul ayının icarə haqqını ödəməyi gecikdirdikdən sonra buna səbəb kimi onlara dəfələrlə bildirmişdir ki, guya digər iki maşını icarəyə götürən şirkətlər də işlərini müvəqqəti dayandırdığına görə ödəmələri gecikdirirlər. Lakin o, hər dəfə söz vermişdir ki, tezliklə hər şey qaydasına düşəcək və o, maşınlara görə aylıq ödəmələri alıb onlara verəcəkdir. Hər dəfə bildirmişdir ki, iki maşına görə ödənilən 2000 manat pul gecikmədən asılı olmayaraq ödəniləçəkdir. Bundan sonra cavabdeh onlara qarşı münasibətini kəskin dəyişdirdi və verdiyi sözlərdən imtina etməyə başladı. Son vaxtlar isə telefon zənglərinə cavab verməyib görüşməkdən boyun qaçırdığına görə onlar cavabdehdən maşınlarının özlərinə təhvil verilməsini, yaxud verdikləri pulun geri qaytarılmaqla mübahisəni sülh yolu ilə həll etməyə dəfələrlə cəhd etsələr də, cavabdeh bundan imtina etmişdir. 2023-cü ilin noyabr ayının əvvəllərində onlar DİN-nin Baş X3 İdarəsinin rəhbərliyinə rəsmi müraciət edərək cavabdehin qanunsuz sahibliyində olan yuxarıda qeyd etdikləri 3 ədəd yük maşınının saxlanılmasını və onlara təhvil verilməsini xahiş etmişlər. Gəncə şəhər BPİ-nin X3 Şöbəsi xx.xx.2023-cü il tarixli məktubla onlara məlumat vermişdir ki, avtomobilləri xətdə müəyyən etmək mümkün olmadığına görə guya tədbirlər davam etdirilir və nəticə olarsa onlara məlumat veriləcəkdir. Baş Polis İdarəsindən eyni zamanda onlara qeyri-rəsmi bildirmişlər ki, maşınların cavabdehdən alınıb onlara verilməsinə guya səlahiyyətləri yoxdur. Ancaq maşınlar Gəncə şəhərində sürüləcəyi halda saxlanılıb dayanacağa qoymağa səlahiyyətləri vardır. Bu cavabdan sonra onlar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 15 dekabr 2023-cü il tarixli qərarda izahatı alınmış İddiaçı1 izahatında göstərmişdir ki, 2023-cü ilin mart ayında ortaq tanışı Zeynallı Sadiq onu Cavabdehla tanış etmiş və onlar birlikdə tikinti texnikalarının alqı-satqısı və icarəsilə məşğul olmağa başlamışlar. İşə başlamaq üçün o, Allahverdiyevə 90.000 manat pul vermiş, həmçinin Allahverdi sürücü axtardığından ona demişdir ki, oğlu Barat işsizdi, əgər razidirsa onu işə götürsün, o da razılaşmışdır. Təxminən ay yarım sonra Sadiq ona zəng edərək bildirmişdir ki, Allahverdi ilə problemləri yaşanıb, qazanc əldə vermək məqsədilə oğlu Barat vasitəsilə Allahverdiyev 50.000 ABŞ dolları və 2.000 manat göndərmişdir. Həmin pulun və eyni məqsədlə Sadiqin verdiyi pulun yoxa çıxdığını demişlər. Həmin günü Sadiq o və Allahverdi oğlu ilə birlikdə maşında görüşmüşlər və söhbət etmişlər. Söhbət zamanı Allahverdi pulun guya Barat tərəfindən götürüldüyünü demiş, ona görə aralarında sözlə mübahisə olmuşdur. Allahverdi onlara və başqalarına olan borcunu bu yolla silmək istədiyini düşünür. Sonradan Allahverdi bildirmişdir ki, sabahdan iş birlikləri dayanır və ona ilk dəfə verdiyi 90.000 manatını qaytaracaq. Növbəti günü həmin puldan 78.800 manat gətirmiş, 10 gün sonra isə qalan məbləği ödəmiş, həmçinin Allahverdi bildirmişdir ki, maşından itmiş onlara məxsus olan pulu da iyun ayının 1-2 qaytaracaqdır. Həmin tarixdə pulu istədikdə isə o, pulu qaytarmaqdan imtina etmişdir. Həmin gün Allahverdini onlarla tanış edən Sadiq gilə getmişlər, Sadiqin anasının iştirakı ilə aralarında razılıq əldə olunmuşdur ki, Allahverdi hər ay 2.000 manat onlara pul ödəyərək borcunu bağlasın. İyul və avqust aylarında həmin məbləği ödəsə də, sonradan ödənişi dayandırmışdır. Bu səbəbdən də onun və övladı barədə böhtan xarakterli şikayət etmişdir. Bundan başqa bildirmişdir ki, 2 gün öncə şikayətinin geri götürmək üçün onlardan əvvəlcə 100.000 (yüz min), sonra isə 30.000 (otuz min) manat tələb etmişdir. İddiaçı1 və Cavabdeh vergi ödəyicisi kimi Azərbaycan Respublikasının Vergilər Nazirliyində qeydiyyata alınmışdır. Cavabdeh hal hazırda vergi ödəyicisi kimi aktiv olsa da, elektron sistemdə iddiaçının vergi ödəyicisi kimi fəaliyyətini müvəqqəti dayandırmış olduğu göstərilmişdir. İddiaçının cavabdeh ilə birgə fəaliyyət göstərdiyi dövrdə vergi ödəyicisi kimi fəaliyyətini müvəqqəti dayandırması onun cavabdeh ilə birgə fəaliyyət göstərdiyi müddət üzrə sahibkarlıq statusunun ləğv olunması anlamına gəlməyə əsas vermir. Çünki o, vergi ödəyicisi kimi statusunu ləğv etdirməmiş, yalnız dayandırmışdır ki, sonradan həmin fəaliyyəti bərpa edilməsi istisna edilmir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi üzrə tərəflər subyektiv tərkiblərinə görə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdir. Digər İddiaçı2 vergi ödəyicisi kimi qeydiyyatda olmasa da kollegiya hesab edir ki, sahibkarlıq fəaliyyəti əsas onun atası olan digər İddiaçı1lə Cavabdeh arasında baş vermişdir. İddia üzrə mübahisənin predmetinə gəldikdə qeyd edilməlidir ki, iddiaçılar tərəfindən cavabdehin təklifi əsasında birlikdə qazanc əldə etmək məqsədi ilə 1989-cu il buraxılışlı, “Kamaz 53212” markalı, **-EU-*** dövlət qeydiyyat nişanlı, 1990-cı il buraxılışlı, “Kamaz 53212” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı və 1984-cü il buraxılışlı, “Kamaz 5511” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri cavabdehdən alınmış, cavabdeh həmin nəqliyyat vasitələrinin hər birinə görə aylıq 1000 manat icarə haqqı verəcəyini bildirmiş, lakin iddiaçıların iddia etdiyinə görə vədinə əməl etməmiş, həmçinin həmin nəqliyyat vasitələri cavabdehin sahibliyində və istifadəsində olduğundan iddiaçılar iddia irəli sürərək həmin nəqliyyat vasitələrinin və ya onların dəyərinin qaytarılmasını məhkəmə qaydasında xahiş etmişlər. Belə olan təqdirdə, iddia ərizəsində qoyulan tələbin predmeti, iki fərdi sahibkarlıq statusuna malik olan şəxs arasında yaranmış öhdəlik münasibətlərindən irəli gələn mübahisə ilə bağlıdır. Bundan əlavə qeyd edilməlidir ki, hər hansı bir iddia tələbinin yaranmasına subyektlər arasında müxtəlif sahələrdə (ailə, mülki, inzibati, iqtisad və.s) yaranan hüquq münasibətlərinin tənzimlənə bilməməsi səbəb olur. Hazırkı iddia tələbinin hansı hüquq münasibətindən yaranmasının müəyyənləşdirilməsi zamanı nəzərə alınmalı olan diqqətəlayiq əsas, onlar arasında sahibkarlıq fəaliyyətinin realizəsi zamanı iddiaçılar tərəfindən cavabdehə qazanc əldə edilmək məqsədi ilə verilmiş nəqliyyat vasitələrinin özünün və ya dəyərinin geri qaytarılması təşkil edir. Göründüyü kimi, iddia tələbi subyektiv tərkibinə, mübahisənin predmeti və hüquq münasibətinin xarakterinə görə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalıdır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır (Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsi). “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 saylı, 18 sentyabr 2020-ci il tarixli qərarının 13-cü bəndində qeyd edilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini icraata qəbul edərkən iddia tələbi üzrə tərəflərin subyektiv tərkibini, mübahisənin predmetini və hüquq münasibətlərinin xarakterini nəzərə alınmayaraq, özünü iddia tələbi üzrə baxmağa səlahiyyətli olması qənaətinə gəlməklə prosessual normanın tələblərini pozmuşdur. Halbuki hazırkı tələbə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələrində baxılmalıdır. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, iddia tələbi üzrə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə aidiyyat qaydalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iddia tələbinə mahiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməli, apellyasiya şikayəti qətnamənin ləğv edilməklə iddia tələbinin rədd edilməsinə yönəldiyindən, lakin gəlinən nəticənin səlahiyyətli olmayan məhkəmə tərəfindən qəbul edilməsi həmin tələb üzrə yekun hüquqi dəyərləndirmə aparılmasını istisna etdiyindən, qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prossesual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 24.2, 26, 32, 44.2.2, 263, 264, 400 və 403-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Laçın Rayon Məhkəməsinin 2(047)-222/2024 saylı, 16 may 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş aidiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə, Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-315/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-315/2025
10.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver