Məhkəmə qərarları › İş №2(106)-343/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-343/2024

16.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-343/2024 16.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Səfərov Rəşad Ramazan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “əmlak və pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-2381/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, 2(050)-2381/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ceyhun Quliyev) iddia qismən təmin edilmiş, 50 manat dəyərində 1 ədəd tozsorandan, 60 manat dəyərində 1 ədəd soba, 20 manat dəyərində 1 ədəd ətçəkən maşın, 15 manat dəyərində 1 ədəd şirəçəkən maşın, 200 manat dəyərində 3 ədəd xalça, 5 manat dəyərində uşaq üçün yorğan-döşək (dəsti), 10 manat dəyərində uşaq üçün beşik, 50 manat dəyərində uşaq üçün velosiped, 50 manat dəyərində 2 ədəd lüstur, 8 manat dəyərində 1 ədəd güldan, 50 manat dəyərində bagema, 50 manat dəyərində 5 ədəd qəfadan, 70 manat dəyərində yemək dəsti, 5 manat dəyərində 1 ədəd gecə lampası, 30 manat dəyərində 5 ədəd pərdə, 4 ədəd qarniz, 30 manat dəyərində 6 ədəd çuxol-mələfə dəsti, 20 manat dəyərində 8 ədəd balış, 40 manat dəyərində 4 ədəd döşək, 40 manat dəyərində 4 ədəd yorğan, 20 manat dəyərində 12 ədəd nalça, 20 manat dəyərində 7 ədəd divan üstlüyü, 5 manat dəyərində 1 ədəd çamadan, 5 manat dəyərində 10 ədəd çay dəsmalı, 20 manat dəyərində 4 ədəd bədən dəsmalı, 5 manat dəyərində 5 ədəd çay dəsmalı, 5 manat dəyərində 7 ədəd süfrə, 12 manat dəyərində 4 ədəd kəpkir, 4 manat dəyərində 2 ədəd dəmir vedrə, 20 manat dəyərində 4 ədəd çüyün ləyən, 5 manat dəyərində 1 ədəd ləyən, 10 manat dəyərində 1 ədəd çuqun vedrə, 20 manat dəyərində çamadan (nabor dəst), 5 manat dəyərində 12 ədəd kabab şiş, 10 manat dəyərində 5 ədəd meyvə qabı, 7 manat dəyərində 7 ədəd qənd qabı şüşə, 5 manat dəyərində mürəbbə qabı (3 komplekt), 5 manat dəyərində 1 dəst su dolçası, 6 manat dəyərində 6 dəst stəkan dəsti, 2 manat dəyərində 3 ədəd ləpə qabı, 5 manat dəyərində 1 ədəd xrustal stəkan, 8 manat dəyərində podnos dəsti, 3 manat dəyərində 4 ədəd külqabı, 10 manat dəyərində boşqab dəsti, 5 manat dəyərində 2 dəst tort qabı, 40 manat dəyərində 1 ədəd kasturka dəsti, 2 manat dəyərində 1 ədəd tava, 5 manat dəyərində 2 oxlov (yuxa açan), 2 manat dəyərində 2 ədəd çörək qabı, 4 manat dəyərində 3 ədəd tort qabı, 1 manat dəyərində keks qabı, 3 manat dəyərində plastmas qabyuyan, 5 manat dəyərində armudu stəkan dəsti (2 komplekt), 1 manat dəyərində 1 ədəd paltar səbəti, 8 manat dəyərində 1 ədəd saat, 10 manat dəyərində 2 ədəd termos, 20 manat dəyərində 5 ədəd nəlbəki dəsti, 15 manat dəyərində 1 ədəd albom, 1 ədəd ütü, 15 manat dəyərində 1 ədəd ütü altlığı, 1 ədəd taxt, 1 ədəd künc divan, 1 ədəd şifaner, 1 ədəd servant, balaca tumabalar, 2 ədəd tək divan, 1 ədəd yazı stol, 2 ədəd termo güzgüsü, cəmi 2000 manat dəyərində mebel dəsti, 300 manat dəyərində 1 ədəd mətbəx mebeli, 100 manat dəyərində 6 ədəd stol-stul dəsti, 170 manat dəyərində uşaq çarpayısı, 300 manat dəyərində paltaryuyan, 20 manat dəyərində sandıq, 300 manat dəyərində 82 ekran televizordan ibarət əşyaların və ya qət olunan əşyaların naturada alınması mümkün olmadığı hallarda həmin əyşaların dəyərinin Cavabdeh alınaraq İddiaçı verilməsi, Cavabdeh “VAZ 21015” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması üçün ödənilmiş 2600 manat vəsaitin ½ hissəsi olan 1300 manat pul vəsaitinin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin 76,36 manat hissəsinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh ondan 3 fərqli formada və həcmdə apellyasiya şikayəti vermişdir. Belə ki, həmin apellyasiya şikayətlərindən birinin həcmi 3 vərəq, birinin həcmi 4 vərəq, digərinin həcmi isə 5 vərəq təşkil edir. Lakin birinci instansiya məhkəməsi həmin apellyasiya şikayətlərinin bir-birindən fərqli məzmunda olmasına, fərqli həcmdə olmalarına, iki apellyasiya şikayətində fərqli tələblərin irəli sürülməsinə və digər apellyasiya şikayətində isə ümumiyyətlə hər hansı tələbin göstərilməməsinə əhəmiyyət verməmiş, cavabdehin məhz hansı apellyasiya şikayətinin apellyasiya instansiyası məhkəməsinə göndərildiyini göstərməmişdir. Bununla belə cavabdehin apellyasiya şikayətlərinin mümkünlüyünü yoxlayan məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən cavabdehin hər üç apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və onların qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir:

1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı;

2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;

3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı;

4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi;

5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar;

6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar;

7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Apellyasiya şikayətinin forması MPM-in 2 nömrəli Əlavəsində göstərilmişdir. Lakin cavabdeh tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilən hər üç apellyasiya şikayəti MPM ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına uyğun deyil. Belə ki, apellyasiya şikayətində “Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” və “Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” ilə bağlı apellyasiya şikayətinin tələb olunan hissələrinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə elektron sənəd şəklində verilmiş apellyasiya şikayətində ümumiyyətlə yer verilməmişdir. Apellyasiya şikayətində “Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” və “Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” ilə bağlı hissələr göstərilməyərək, cədvəldə sıra ilə göstərilməli olan hər bir normanın qarşısında onun pozulmasının və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olmasına dair mövqe bildirilməmişdir. Cavabdeh tərəfindən verilmiş 5 vərəq həcmində olan apellyasiya şikayətində “Apellyasiya şikayəti verən şəxsin tələbi” hissəsinə ümumiyyətlə yer verilməmişdir. Buna görə də cavabdehin həmin şikayət üzrə tələbinin nədən ibarət olmasını ümumiyyətlə müəyyən etmək mümkün olmur. Bundan başqa, cavabdeh tərəfindən verilmiş 3 vərəqlik və 4 vərəqlik iki apellyasiya şikayətində cavabdeh tələblərini fərqli məzmunda və qeyri-dəqiq göstərmişdir. Belə ki, 3 vərəq həcmində olan apellyasiya şikayətində cavabdeh Masallı Rayon Məhkəməsinin çıxardığı qeyri-qanuni avtomobil qərarında 1300 manatın İddiaçı Vilayət qızına verilməməsini xahiş etmiş, İddiaçı Vilayət qızının cehizləri cavabdehin valideynlərinin yaşadığı evdə qaldığı üçün və dəfələrlə Masallı Rayon Məhkəməsinə yazılı və elektron qaydada müraciət təqdim etdiyini, cehizlərini gəlib aparmadığını qeyd etmiş və məhkəmə pulunda onun üzərinə yazılan 76 manatın silinməsi barədə qərar verilməsini xahiş etmişdir. 4 vərəq həcmində olan apellyasiya şikayətində isə cavabdeh Masallı Rayon Məhkəməsinin çıxardığı qeyriqanuni avtomobil qərarında 1300 manatın İddiaçı Vilayət qızına verilməməsini xahiş etmiş, 28 il serablacin iflicdən əziyyət çəkən dili olmayan 1-ci qrup əlil və Prezident təqaüdçüsü bacısının hüquqlarının pozulduğunu, əmək qabiliyyətsiz valideynlərinin hüquqlarının pozulduğunu, çünki avtomobilin bütün alınmasında onların təqaüd və pensiyaları hesabına alındığını, avtomobilin 2600 manat qətnamədə olan bütün hissəsinin hüquqları pozulmuş bacısı X1 haqqı olduğunu, bu puldan nə cavabdehə, nə də İddiaçı Vilayət qızına çatmamalı olduğunu, məhkəməyə təqdim etdiyi bütün sənədlərdən də bunun xəstə bacısının haqqı olduğunun və 99KP815 nömrəli avtomobilin atasına məxsus olduğunun göründüyünü, İddiaçı Vilayət qızının cehizləri cavabdehin valideynlərinin yaşadığı evdə qaldığı üçün və dəfələrlə Masallı Rayon Məhkəməsinə yazılı və elektron qaydada müraciət təqdim etdiyini, cehizlərini gəlib aparmadığını qeyd etmiş və məhkəmə pulunda onun üzərinə yazılan 76 manatın silinməsi barədə qərar verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehə izah edir ki, apellyasiya şikayətinin “Apellyasiya şikayəti verən şəxsin tələbi” hissəsində apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Lakin cavabdeh 5 vərəq həcmində olan apellyasiya şikayətində ümumiyyətlə öz tələbini göstərməmiş, 4 vərəq və 3 vərəq həcmində olan digər apellyasiya şikayətlərində isə öz tələbini qeyri-müəyyən şəkildə göstərmiş, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməmişdir. Həmçinin, Cavabdeh apellyasiya şikayətinin verilməsinə görə müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəməmişdir. Belə ki, apellyasiya şikayətlərində göstərilən dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixində apellyasiya şikayətinin verilməsinə görə 17 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia ərizəsindən göründüyü kimi, iddianın ümumilikdə qiyməti 8586 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən xx.xx.2023-cü ildə 105 manat məbləğində dövlət rüsumu ödəmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda, 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Göründüyü kimi, qanunvericilikdə apellyasiya şikayətinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği iddia ərizəsinin verilməsinə görə müəyyən edilmiş məbləğin 50 faizi məbləğində nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin hansı hissədə mübahisələndirilməsindən asılı olmayaraq, ondan apellyasiya şikayəti verilən zaman məhz “Dövlət rüsumu haqqında” Qanunun 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Lakin hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətinin verilməsinə görə 52,93 manat məbləğində dövlət rüsumu ödəməli olsa da, cəmi 17 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-in 361.3-cü maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. MPM-in 363.1.1-1-ci və 363.1.2-ci maddələrinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, eləcə də, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətlərinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan onları əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qeyri-mümkün hesab edilməli, onların MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Masallı Rayon Məhkəməsinin 2(050)-2381/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətlərinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Masallı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar