Məhkəmə qərarları › İş №2(106)-347/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-347/2024

12.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-347/2024 12.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvən Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən qanunsuz istifadənin dayandırılması, oradan çıxarma və torpaqdan istifadəyə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 2(055)123/2023 saylı, 01 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 29 yanvar 2024-cü il tarixdə baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istifadəsində olan 0.44 hektar torpaq sahəsindən cavabdehin qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması və torpaqdan istifadəyə yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, 1997-ci ildə keçirilən torpaq islahatı zamanı ona və ailə üzvlərinə 0.27 ha. və 0.77 ha. olmaqla cəmi 1.04 ha pay torpaq sahəsi verilmişdir. Bundan əlavə onlara ayrılan torpaq sahəsi az olduğundan Yerli İslahat Komissiyasının qərarı ilə Saatlı rayonunun Hacıqasımlı kəndinin “Arazqırağı” adlanan meşə ərazisindən də, özü də daxil olmaqla hər bir ailə üzvünə 0.11 ha, ümumilkdə isə 0.44 ha torpaq sahəsi əkin üçün istifadə olunması məqsədilə onlara verilmişdir.2021-ci ildə 0.27 ha və 0.77 ha olmaqla, ümumilikdə 1.04 ha pay torpaq sahəsini notarial qaydada alqı-satqı yolu ilə 3200 manata Cavabdeh satmışdır.Saatlı rayonunun Hacıqasımlı kəndi ərazisində yerləşən “Arazqırağı” adlanan meşə ərazisində olan və onların istifadəsinə verilmiş 0.44 ha.torpaq sahəsini isə həmin alqı-satqı zamanı Cavabdeh satmamışdır. Lakin sonradan qeyd edilən torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir.Dəfələrlə cavabdehə həmin torpaq sahəsindən çıxmasını, alqı-satqı zamanı həmin torpağın deyil, ərazisi 1.04 ha olan pay torpaq sahəsini cavabdehə satdığını sonuncuya bildirsə də, heç bir müsbət nəticə əldə etməmişdir. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da və həmin torpaq sahəsi ekspert rəyi ilə təsdiq olunduğu kimi meşə fonduna aid olsa da, Saatlı RİH başçısının Hacıqasımlı kənd İƏDN-nin 21 dekabr 2022-ci il tarixli 337 saylı arayışından da göründüyü kimi 1997-ci ildə keçirilən torpaq islahatı zamanı Yerli İslahat Komissiyasının qərarı ilə onun istifadəsinə verilmişdir. Odur ki, göstərdiklərinin nəzərə alınaraq iddinın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclası zamanı Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, 2021-ci ildə İddiaçı 1.04 ha pay torpağını notarial qaydada alqı-satqı yolu ilə 3200 manata almışdır. Həmin torpaq sahəsini aldığı zaman Saatlı rayonunun Hacıqasımlı kəndi ərazisində yerləşən “Arazqırağı” adlanan meşə sahəsində olan 0.44 ha torpaq sahəsi də iddiaçı rəsmi sənədləşmə həyata keçirilmədən ona satmışdır. Ekspertiza rəyindən göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi meşə fonduna aid olmaqla həmin torpağın qanuni sahibi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Hüquqi cəhətdən həmin torpaq sahəsinin iddiaçıya hər hansı şəkildə aidiyyəti yoxdur. Nə vaxt Ekologiya və Təbii Sərvlətlər Nazirliyi ondan torpaq sahəsindən çıxmasını tələb etsə, o, torpaq sahəsindən çıxmağa hazırdır.Bir daha bildirir ki, o, mübahisə predmeti olan torpaq sahəsini iddiaçıdan digər torpaq sahəsi ilə birlikdə pul müqabilində almış, lakin torpaq sahəsi iddiaçının mülkiyyətində olmadığından alqı-satqı etmək mümkün olmamışdır. Ona görə də göstərdiklərinin nəzərə alınaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Saatlı Rayon Məhkəməsinin 2(055)123/2023 saylı, 01 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (Hakim: Mirlətif Sadıqov), İddiaçı Cavabdeh qarşı istifadəsində olan 0.44 hektar torpaq sahəsindən cavabdehin qanunsuz istifadəsinin dayandırılaraq həmin torpaq sahəsindən çıxarılması və torpaqdan istifadəyə yaradılan maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, İddiaçı ekspertiza xərcinə görə 50 (əlli) manat alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, Meşə Məcəlləsinin 4, 11, 15, 16, 22 və 26-cı maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı nümayəndəsi və vəkili Vəkil Saatlı Rayon Məhkəməsinin 2(055)123/2023 saylı, 01 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini, Saatlı Rayon Məhkəməsinin 2(055)123/2023 saylı, 01 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Saatlı Rayon Məhkəməsinin 2(055)123/2023 saylı, 01 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 4-cü maddəsinə əsasən meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər (meşə münasibətləri) Azərbaycan Respublikasının meşə qanunvericiliyinin və torpaq qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. 15-ci maddəsinə əsasən meşə fondu sahələrindən istifadə hüququnun əsaslarına müqavilələr, məhkəmə qərarları və bu Məcəllə ilə yol verilən digər əsaslar daxildir. 16-cı maddəsinə əsasən meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır. 22-ci maddəsinə əsasən meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) icarəyə müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı (icarəyə verən) tərəfindən bir ildən qırx doqquz ilədək verilə bilər. 26-cı maddəsinə əsasən meşə fondu sahələrinin bir ilə qədər qısamüddətli istifadəyə verilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Saatlı Rayon Məhkəməsinin 2(055)123/2023 saylı, 01 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, Apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında mübahisə iddiaçının iddia etdiyinə görə, Hacıqasımlı kəndində Arazqırağı adlanan sahədə istifadəsinə verilən 0.44 ha torpaq sahəsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması təşkil edir. İddiaçı iddia edir ki, 1997-ci ildə keçirilən torpaq islahatı zamanı ona və ailə üzvlərinə 0.27 ha. və 0.77 ha. olmaqla cəmi 1.04 ha pay torpaq sahəsi verilmişdir. Bundan əlavə onlara ayrılan torpaq sahəsi az olduğundan Yerli İslahat Komissiyasının qərarı ilə Saatlı rayonunun Hacıqasımlı kəndinin “Arazqırağı” adlanan meşə ərazisindən də, özü də daxil olmaqla hər bir ailə üzvünə 0.11 ha, ümumilkdə isə 0.44 ha torpaq sahəsi əkin üçün istifadə olunması məqsədilə onlara verilmişdir. 2021-ci ildə 0.27 ha və 0.77 ha olmaqla, ümumilikdə 1.04 ha pay torpaq sahəsini notarial qaydada alqı-satqı yolu ilə 3200 manata Cavabdeh satmışdır. Saatlı rayonunun Hacıqasımlı kəndi ərazisində yerləşən “Arazqırağı” adlanan meşə ərazisində olan və onların istifadəsinə verilmiş 0.44 ha. torpaq sahəsini isə həmin alqı-satqı zamanı Cavabdeh satmamışdır. Lakin sonradan qeyd edilən torpaq sahəsi cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Dəfələrlə cavabdehə həmin torpaq sahəsindən çıxmasını, alqı-satqı zamanı həmin torpağın deyil, ərazisi 1.04 ha olan pay torpaq sahəsini cavabdehə satdığını sonuncuya bildirsə də, heç bir müsbət nəticə əldə etməmişdir. Həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da və həmin torpaq sahəsi ekspert rəyi ilə təsdiq olunduğu kimi meşə fonduna aid olsa da, Saatlı RİH başçısının Hacıqasımlı kənd İƏDN-nin 21 dekabr 2022-ci il tarixli 337 saylı arayışından da göründüyü kimi 1997-ci ildə keçirilən torpaq islahatı zamanı Yerli İslahat Komissiyasının qərarı ilə onun istifadəsinə verilmişdir. Cavabdehin iddia tələbinə münasibətindən isə müəyyən edilir ki, 2021-ci ildə İddiaçı 1.04 ha pay torpağını notarial qaydada alqı-satqı yolu ilə 3200 manata almışdır. Həmin torpaq sahəsini aldığı zaman Saatlı rayonunun Hacıqasımlı kəndi ərazisində yerləşən “Arazqırağı” adlanan meşə sahəsində olan 0.44 ha torpaq sahəsi də iddiaçı rəsmi sənədləşmə həyata keçirilmədən ona satmışdır. Ekspertiza rəyindən göründüyü kimi, mübahisə predmeti olan torpaq sahəsi meşə fonduna aid olmaqla həmin torpağın qanuni sahibi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Hüquqi cəhətdən həmin torpaq sahəsinin iddiaçıya hər hansı şəkildə aidiyyəti yoxdur. Nə vaxt Ekologiya və Təbii Sərvlətlər Nazirliyi ondan torpaq sahəsindən çıxmasını tələb etsə, o, torpaq sahəsindən çıxmağa hazırdır.Bir daha bildirir ki, o, mübahisə predmeti olan torpaq sahəsini iddiaçıdan digər torpaq sahəsi ilə birlikdə pul müqabilində almış, lakin torpaq sahəsi iddiaçının mülkiyyətində olmadığından alqı-satqı etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İşdə olan Saatlı RİH başçısının Hacıqasımlı kənd İƏDN-nin 21 dekabr 2022-ci il tarixli 337 saylı arayışından görünür ki, 1997-ci ildə keçirilən torpaq islahatı zamanı Yerli İslahat Komissiyasının qərarı ilə Saatlı rayonunun Hacıqasımlı kəndinin “Arazqırağı” adlanan meşə ərazisindən hər bir ailə üzvünə 0.11 ha, ümumilkdə isə 0.44 ha torpaq sahəsi əkin üçün istifadə olunması məqsədilə İddiaçı istifadəsinə verilmişdir. İşdə olan 30 iyul 2021-ci il tarixli, notariat qaydada təsdiq olunmuş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar X1 və İddiaçı 0.7779 ha torpaq sahəsini 2000 manat müqabilində alıcı Cavabdeh satmışdır. İşdə olan 30 iyul 2021-ci il tarixli, notariat qaydada təsdiq olunmuş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcılar X1 və İddiaçı 0.2738 ha torpaq sahəsini 1200 manat müqabilində alıcı Cavabdeh satmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 sentyabr 2023-cü il tarixli, 10/5947 nömrəli rəyindən görünür ki, İddiaçı iddia etdiyi və mübahisə predmeti olan 0.44 ha(faktiki 0.38 ha) torpaq sahəsi dövlət mülkiyətində saxlanılan, meşə fondu torpaqları kateqoriyasına aid torpaq sahəsidir və Cavabdeh istifadəsindədir. İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi əsassız olaraq onun iddia tələbini təmin etməmişdir. Kollegiya bununla əlaqədar qeyd edir ki, qeyd olunan mübahisə ilə bağlı ilk növbədə nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ”L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. İşin mövcud hallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə almaqla kollegiya hesab edir ki, İddiaçı iddianın predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki, İddiaçı iddia etdiyi və mübahisə predmeti olan 0.44 ha(faktiki 0.38 ha) torpaq sahəsi dövlət mülkiyətində saxlanılan, meşə fondu torpaqları kateqoriyasına aid torpaq sahəsi olmaqla Cavabdeh istifadəsindədir. Tərəflərin heç birinin həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri yoxdur. İddiaçı tələbinin əsası kimi istinad edilən halı, yəni Saatlı RİH başçısının Hacıqasımlı kənd İƏDN-nin 21 dekabr 2022-ci il tarixli 337 saylı arayışını (həmin arayışışa əsasən 1997-ci ildə keçirilən torpaq islahatı zamanı Yerli İslahat Komissiyasının qərarı ilə Saatlı rayonunun Hacıqasımlı kəndinin “Arazqırağı” adlanan meşə ərazisindən ümumilkdə isə 0.44 ha torpaq sahəsi əkin üçün istifadə olunması məqsədilə İddiaçı istifadəsinə verilmişdir) sübut növü kimi məhkəməyə təqdim etsə də, həmin arayış sözügedən torpaq sahəsi üzərində müvafiq hüquqları təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Belə ki, Meşə Məcəlləsinin 16-cı maddəsinin tələblərindən göründüyü kimi, meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır. İddiaçı isə bu barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki Mülki Məcəllənin 146-cı maddəsində qeyd edilmişdir ki, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmçinin eyni Məcəllənin 157.2-ci maddəsində qeyd edilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Burada nəzərə alınmalıdır ki, “öz əmlakını” deyərkən tələb edən şəxsin özünün də həmin əmlaka münasibətdə qanuni sahib olması şərti mütləqdir. Göründüyü kimi qanunvericilikdə “zəbt” torpaq sahələrinə münasibətdə subyektlərə hər hansı hüquqlar verilməmişdir. Belə olan halda isə mübahisələndirilən və cavabdeh tərəfindən maneələr yaradıldığı iddia edilə torpaq sahəsində iddiaçının, cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbinin irəli sürməyə subyektiv hüququnun olması xüsusi əhəmiyyət kəsb etmişdir. Məhz bu səbəbdən də, birinci instansiya məhkəməsi 1997-ci ildə keçirilən torpaq islahatı zamanı Yerli İslahat Komissiyasının qərarını hüquq müəyyən edici sənəd kimi qəbul etməyib, iddiaçının həmin torpaq sahəsinə münasibətdə tələb irəli sürməsi üçün subyektiv hüququnun olmaması qənaətinə gəlmişdir. Apellyasiya icraatında araşdırma zamanı o, da müəyyən edilmişdir ki, iş üzrə Cavabdeh birinci instansiya məhkəməsində iddia tələbinə münasibət bildirərək göstərmişdir ki, iddiaçının hazırda meşə fonduna aid olan topaq sahəsindən onun çıxarılmasını tələb etməsi üçün əsaslar yoxdur, onu yalnız istifadə etdiyi torpaq sahəsinin mülkiyyətçisi iddia etdiyi halda o, torpaq sahəsini buraxar. Kollegiya bununla əlaqədar ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hüquq müəyyənedici sənəd olmadan həm iddiaçı həmdə cavabdeh tərəfindən mübahisəli (torpaq (meşə fonduna aid dövlətin mülkiyyətindədir) torpaq sahəsi ilə əlaqədar sövdələşmə aparması özü-özlüyündə əhəmiyyətsizdir. Birinci instansiya məhkəməsi haqlı olaraq bu barədə sübutlar tələb etməmişdir. Əks halda Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərini pozmuş olardı. Burada söhbət işin həlli üçün önəmli olmayan hallardan və faktlardan gedir. Yəni cavabdehin istifadə etdiyi torpaq sahəsinin mülkiyyətçisi iddia etdiyi halda o, torpaq sahəsini buraxmasını bildirməsi, həmçinin iddiaçının ona mübahsiəli torpaq sahəsinin Saatlı RİH başçısının Hacıqasımlı kənd İƏDN-nin 21 dekabr 2022-ci il tarixli 337 saylı arayışına istinadən (həmin arayışışa əsasən 1997-ci ildə keçirilən torpaq islahatı zamanı Yerli İslahat Komissiyasının qərarı ilə Saatlı rayonunun Hacıqasımlı kəndinin “Arazqırağı” adlanan meşə ərazisindən ümumilkdə isə 0.44 ha torpaq sahəsi əkin üçün istifadə olunması məqsədilə İddiaçı istifadəsinə verilməsinin qeyd olunması, həmin torpaq sahəsinə həm iddiaçının həm də, cavabdehin hər hansı hüquq əldə etməsinin qanuni əsası kimi qəbul edilə bilməz. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin iddianın əsassız olması və təmin edilməməsi mövqeyi ilə razılaşır, hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmamaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi və Saatlı Rayon Məhkəməsinin 2(055)123/2023 saylı, 01 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 2(055)123/2023 saylı, 01 noyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar