Məhkəmə qərarları › İş №2(106)-348/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-348/2024

27.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-348/2024 27.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yetirilmiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə Saatlı Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli e-2(055)-919/2023 saylı qətnaməsindən (hakim M.Sadıqov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “yetirilmiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək, 9000 manat məbləğində zərərin, 116 manat ödənilmiş dövlət rüsumunun və hüquqi yardım ücün vəkilə ödənilmiş 520 manat pulun, cəmi 9636 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, pilot layihə üzrə yeni inşa olunmuş binada ona məxsus 1-ci blok 50 №-li, sahəsi132 kv.metr olan mənzilin tam təmir işlərini 30 may 2022-ci il tarixində internetdə tanış olduğu Cavabdeh şifahi razılaşma əsasında həvalə etmiş, cavabdeh isə 11500 manat müqabilində 2022-ci il sentyabr ayının 15-dək işlərin yerinə yetirilməsi barədə ona vəd vermişdir. 3 iyun 2022-ci il tarixində mənzildə təmir işlərinə başlanaraq hörgü, döşəmənin beton, isitmə xətləri, santexnika, elektrik, suvaq və tavanın alçipan işləri yerinə yetirilmiş, iş görülən müddətdə şəxsən Cavabdeh 3 iyun 2022-ci il tarixdə 200 manat, 4 iyun 2022-ci il tarixdə 800 manat, 9 iyun 2022-ci il tarixdə 1500 manat, 10 iyun 2022-ci il tarixdə 200 manat, 11 iyun 2022-ci il tarixdə 300 manat, 14 iyun 2022-ci il tarixdə 300 manat, 16 iyun 2022-ci il tarixdə 300 manat, 21 iyun 2022-ci il tarixdə 300 manat, 24 iyun 2022-ci il tarixdə 200 manat, 30 iyun 2022-ci il tarixdə 200 manat, 4 iyul 2022-ci il tarixdə 700 manat, 7 iyul 2022-ci il tarixdə 300 manat, 8 iyul 2022-ci il tarixdə 800 manat, 13 iyul 2022-ci il tarixdə 200 manat, 14 iyul 2022-ci il tarixdə 500 manat, 16 iyul 2022-ci il tarixdə 1600 manat, 25 iyul 2022-ci il tarixdə 200 manat, cəmi 8600 manat nağd pul vermişdir. 2022-ci ilin iyul ayının 31-də mənzilə gəlib işlərə diqqət yetirəndə cox böyük səhvlərin buraxılması, işlərin olduqca keyfiyyətsiz və natamam görüldüyü aşkar olunmuşdur. Bu səbəbdən də mənzilin sahəsi 132 kv.metrdən 125 kv.metrə qədər azalmış, divarların hamarlılığını profillə yoxladıqda kələ-kötürlərin ölçüləri 2-4 sm. arasında dəyişdiyi, tavanın alçipan vurulduqdan sonrakı hamarlığını profillə yoxladıqda isə orada olan kələ-kötürlülüyün 28 sm-dən 58 sm-dək olduğu məlum olmuşdur. Səhəri gün mənzildə cavabdehlə görüşüb nöqsanları göstərdikdə cavabdeh nöqsanların olmasını qəbul edib razılaşmış və avqust ayına kimi qüsurları aradan qaldıracağına söz vermişdir. Lakin qüsurlar aradan qaldırılmamışdır. Cavabdeh ikinci dəfə avqustun 10-na qədər, üçüncü dəfə isə avqustun 15nə qədər qüsurların aradan qaldırılmasına söz versə də, heç nə etməmişdir. Üç dəfə söz verib yerinə yetirmədiyinə görə avqustun 16-da cavabdehdən dəymiş ziyanı ödəməsini tələb etmiş, cavabdeh avqustun 19-da sms-lə xəbər göndərərək pulu qaytaracağını bildirmiş, lakin yenə də qaytarmamışdır. O da avqustun 20-də məcburiyyətdən kənardan işçilər tutub ödəniş edərək bütün suvaqları və tavanı söküb mənzildən çıxartmış, mənzili tam şəkildə yenidən təmir etdirmişdir. Daha sonra cavabdeh şirkətə işə düzəldiyini deyib əvvəlcə sentyabrın ayının 5-də, daha sonra sentyabrın 20-də 7-10 gün ərzində pulu qaytaracağına söz versə də, yenə də vədlərinə əməl etməmişdir. Bununla bağlı bir neçə dəfə polisə müraciət etmiş, mübahisə mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Sonradan Cavabdeh 1 aprel 2023-ci il tarixdə iltizam yazıb hər ayın 10-da 400 manat ödəyəcəyini və 10 iyul 2023-cü il tarixində isə qalan pulu tam şəkildə ödəyəcəyini bildirsə də, yenə də onu aldadıb ziyanı ödəməmişdir. Əslində cavabdehin ona vurduğu ziyan iddia tələbində göstərdiyi məbləğdən olduqca yüksəkdir. Lakin cavabdehə güzəşt edib 9000 manat kimi göstərmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddiasını müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, həqiqətən iddiaçıya məxsus, 1-ci blok 50 №-li, sahəsi 132 kv.metr olan mənzilin tam təmir işlərini 11500 manat müqabilində 2022-ci il sentyabr ayının 15-dək yerinə yetirəcəyi barədə öhdəlik götürmüş və 3 iyun 2022-ci il tarixində mənzildə təmir işlərinə başlanaraq hörgü, döşəmənin beton, isitmə xətləri, santexnika, elektrik, suvaq və tavanın alçipan işləri yerinə yetirilmişdir. İş görülən müddətdə iddiaçı ona 3 iyun 2022-ci il tarixdə 200 manat, 4 iyun 2022-ci il tarixdə 800 manat, 9 iyun 2022-ci il tarixdə 1500 manat, 10 iyun 2022-ci il tarixdə 200 manat, 11 iyun 2022-ci il tarixdə 300 manat, 14 iyun 2022-ci il tarixdə 300 manat,16 iyun 2022-ci il tarixdə 300 manat, 21 iyun 2022-ci il tarixdə 300 manat, 24 iyun 2022-ci il tarixdə 200 manat, 30 iyun 2022-ci il tarixdə 200 manat, 4 iyul 2022-ci il tarixdə 700 manat, 7 iyul 2022-ci il tarixdə 300 manat, 8 iyul 2022-ci il tarixdə 800 manat, 13 iyul 2022-ci il tarixdə 200 manat, 14 iyul 2022-ci il tarixdə 500 manat, 16 iyul 2022-ci il tarixdə 1600 manat, 25 iyul 2022-ci il tarixdə 200 manat, cəmi 8600 manat nağd pul vermişdir. Görülmüş işlərin lazımı keyfiyyətdə olmadığını və iddiaçıya ziyan dəydiyini qəbul edir. Lakin bu hal işçilərin işinə nəzarət etməməsi və iş görülməsi prosesində istifadə olunan tərəzinin əyri göstərməsi ilə bağlı olmuşdur. 1 aprel 2023-cü il tarixli iltizamdakı imza ona məxsudur və həmin iltizamda iddiaçıya 9000 manat pul qaytarmalı olduğunu, hər ayın 10-da 400 manat ödəyəcəyini və 10 iyul 2023-cü il tarixində isə qalan pulu tam şəkildə qaytaracağını öz imzası ilə təsdiq etmişdir. Lakin maddi imkanı olmadığından pulu tam şəkildə ödəyə bilməmişdir. Bununla yanaşı hesablamalarına görə iddiaçı keyfiyyətsiz görülmüş işləri 3000 manat müqabilində aradan qaldıra bilərdi. Odur ki, cəmi 3000 manat pulun qaytarılmasına razıdır. Saatlı Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli 2(055)-919/2023 saylı qətnaməsi ilə iddia təmin olunaraq, Cavabdeh yetirilmiş zərərin əvəzi olaraq 9000 (doqquz min) manat pulun və 116 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qismən ləğv olunub, iddianın 3000 manat hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsalandırılmışdır ki, Saatlı Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli e-2(055)-919/2023 saylı qətnaməsi qismən qanunsuz və əsassızdır. Belə ki, iddiaçı məhkəməyə heç bir mötəbər sübut təqdim etmədən mənzilinin keyfiyyətsiz təmiri nəticəsində ona 9000 manat ziyan dəydiyini iddia etmiş, məhkəmə isə tam və obyektiv araşdırma aparmadan iddiaçının iddiasını tam təmin etmişdir. İddiaçı qeyd edir ki, mənzilində təmir işləri zamanı hörgü, döşəmənin beton, isitmə xətləri, santexnika, elektrik, suvaq və tavanın alçipan işləri görülmüş, lakin həmin işlərdən divarların hamarlılığı və tavanın alçipan işləri keyfiyyətsiz görülmüşdür. İddiaçı bildirir ki, tavanın alçipanı vurulduqdan sonrakı hamarlılığını profillə yoxladıqda kələ-kötürlülüyün 28 sm-dən 58 sm-dək, yəni 30 sm-dək fərq verir. Məhkəmə kollegiyasının nəzərinizə çatdırır ki, iddiaçı yalnız iki işdə, yəni divarların və tavanın alçipanında hamarlılığın olmadığını, kələ-kötür olduğunu qeyd etmişdir. Bu isə o deməkdir ki, görülmüş digər işlərdə, yəni hörgü, döşəmənin beton, isitmə xətləri, santexnika, elektrik işlərində qüsurlar yoxdur. Lakin iddiaçı qüsurlar olmayan işlərə görə də verdiyi pulları tələb edir. İddiaçı mənzilində görüləcək bütün təmir işləri üçün onlara 8600 manat pul vermişdir, hazırda isə ondan 9000 manat pul tələb edir. Bu ədalətsizlikdir. İddiaçının göstərdiyi qüsurlu işləri o görməmişdir, lakin həmin işləri görən ustaları iddiaçının razılığı ilə o tapmışdır. İddiaçının mənzilinin yalnız bir otağının tavanına vurulan alçipan azacıq orta hissəsində dalğa vermişdir, bunu isə sonradan onun özü də görmüşdür, lakin bu o demək deyil ki, həmin işlər sıfırdan görülməlidir. İddiaçı qeyd etdiyi qüsurla görülmüş işlərə görə ustalara ümumilikdə 3000 manat pul vermişdir ki, həmin pulu da hazırda iddiaçının təkidinə görə ona qaytarmağa razıdır. Lakin iddiaçı qüsur olmayan təmir işlərinin də pulunu ondan tələb edir. Qüsurla görülmüş işlər barədə iddiaçı ona bildirəndə, qüsurların aradan qaldırılması üçün işləri görmüş ustalara zəng etmiş və qüsurlar barədə onlara bildirmişdi. Həmin vaxt ustalar qüsurların aradan qaldırılması üçün özləri Maariflə danışacaqlarını bildirirdilər. Lakin sonradan ustalar ona zəng edərək Maarifin onlardan heç bir tələbi olmadığını bildirdilər. Bu səbədən də qüsurlar düzəldilməmiş qaldı. Bundan başqa bildirir ki, mənzildə təmir işləri apardıqları dövrdə hər gün iddiaçı və onun bir nəfər tanışı onların yanında olmuş və onlara nəzarət etmiş, görülən işlər icra olunduqdan sonra pulu verilmişdir. Necə ola bilər ki, tavanda 30 sm-dək kələ-kötürlülük olsun, bunu isə iddiaçı və onun tanışı görməsin və həmin görülmüş işin pulunu versin. Bunların hamısı iddiaçının uydurduğu yalanlardır. Yəni demək istəyir ki, iddiaçı qəbul etmədiyi işlərin həcmini hədindən artıq şişirdir. Ona görə də iddiaçı mənzilini məhkəmə işini gözləmədən tez-tələsik təmir etdirmiş və qeyd etdiyi keyfiyyətsiz təmir işlərinə baxış keçirilməsinə imkan verməmişdir. Birinci instansiya məhkəməsi yalnız iddiaçının təqdim etdiyi iltizama əsaslanaraq iddianı tam təmin etmişdir. Bu isə qanunsuz və əsassızdır. Ona görə ki, onun iddiaçı ilə münasibətləri mənzil təmirinə görə yaranmışdır və düşünür ki, ədalətli məhkəmə araşdırması da təmir işlərinə görə araşdırılmalı idi. Lakin məhkəmə həmin münasibətləri borc müqaviləsindən irəli gələn münasibətlər kimi araşdıraraq, iddianı təmin edərkən yalnız təqdim olunmuş iltizama əsaslanmışdır. Məhkəmə işi araşdırarkən iddiaçının keyfiyyətli görülmüş işlərin pullarını nəyə görə mənədən tələb etməsini və 9000 manat ziyan dəyməsi qənaətinə necə gəldiyini və bu barədə hansısa sübutlarının olduğunu soruşmamışdır. Ona görə də yuxarıda göstərdiklərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının mülki və prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması, ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edilməlidir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv olunmasını xahiş etməklə qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən, yetirilmiş zərərə görə artıq hesablanmış 6000 manat pulun tutulması hissədə yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olmaqla, qətnamənin apellyasiya qaydasında dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı işin faktiki halları üzrə qismən düzgün olmayan nəticəyə gəlmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə olunan sənədlərdən aşağıdakılar müəyyən olunur: "xxxx" MMC (sonradan mətndə müəssisə adlanacaq) ilə İddiaçı (sonradan mətndə mülkiyyətçi adlanacaq) arasında 12 mart 2018-ci ildə bağlanmış 048/2018 saylı müqavilədən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı Qərarına əsasən "Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə" Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Salatın Əsgərova küçələrinin kəsişməsindəki məhəllədə yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri yaşayış obyektlərinin tikintisini müəssisə həyata keçirir. Müəssisə tərəfindən mülkiyyətçinin söküntüsü nəzərdə tutulan binada DƏDRX-nin çıxarışı əsasında mülkiyyətində olan 50.0 kv.metr, faktiki vəziyyətdə 73.6 kv.metrdən ibarət 2 otaqlı mənzilin ümumi sahəsinə 25% əlavə edilməklə 92.0 kv.metr yaşayış sahəsi, mülkiyyətçinin şəxsi vəsaiti hesabına güzəştli şərtlər daxilində 1 kv.metri 1200 manat olmaqla əlavə 40.1 kv.metr yaşayış sahəsi, ümumilikdə tikiləcək binanın 12-ci mərtəbəsində 132.1 kv.metr ümumi sahədən ibarət 3 otaqlı təmirsiz mənzilin mülkiyyətçinin sərəncamına verilməsi, mülkiyyətçi tərəfindən əlavə kv.metrlərin dəyərinin müqavilədə nəzərdə tutulan qaydada ödənilməsi müqavilənin predmetini təşkil etmişdir; İddiaçı şikayəti əsasında Cavabdeh Nəsimi RPİ-nin 22-ci polis bölməsinə 26 oktyabr 2022-ci il tarixində verdiyi izahatında göstərmişdir ki, 2012-ci ildən ev təmiri ilə məşğul olur. 30 may 2022-ci il tarixdə internet vasitəsilə Maarif adlı şəxslə tanış olmuş, Maarif onun mobil telefonuna zəng edərək 28 May metrosu yaxınlığında, Salatın Əsgərova küçəsində yerləşən hündür mərtəbəli binanın 12-ci mərtəbəsində sahəsi 132 kv.metr olan 4 otaqlı mənzilinin ümumi təmirini təklif etmişdi. Həmin şəxslə 11500 manata mənzili tam təmir edəcəyinə söz vermişdir. Birinci hörgü işlərinə başlanmış, arxasınca elektrik və santexnik işləri görülmüşdür. Bu işlər bitəndən sonra yerin beton hissəsi verilmişdir. Ardınca divarların ağdağla suvanması başlanmış və alçipan işləri görülən zaman mənzil sahibi özüdə gəlib yoxlamışdır. Mənzilin ağdağla suvanması işləri bitəndən sonra mənzil sahibi demişdi ki, divarlar əyridir, yoxlamış və əyri olduğunu görmüşdür. Sonra ev sahibinə qüsurları özünün aradan qaldıracağını bildirmişdir. Vəd etdiyi vaxt gecikmiş, ev sahibindən vaxt verməsini xahiş etmişdir. 5 gün keçəndən sonra ev sahibi onu çağırmış, həmin vaxt problemi çıxmışdır. Mənzil sahibinin qeyd etdiyi məbləğlə razı deyil. Divarda suvarma işləri görülən zaman 280 ədəd ağdağ işlənib ki, onun da bazarda alış qiyməti 3.60 manatdır. Ustaya verilən isə 2500 manatdır. Qaldıki alçipan işinə, 1 otaqda əyri vardı, onun da alçipanını sökmüşdülər, gedib baxdığı vaxt digər otağın da, alçipan yığılan fiquru sökülmüşdü. Qüsurları lombarddan pul götürüb düzəltməyə çalışırdı. Deyilən pulu qaytarmağa gücü çatmır; Cavabdeh 1 aprel 2023-cü il tarixdə İddiaçı verdiyi yazılı qəbzdən görünür ki, sonuncuya məxsus olmaqla Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Salatın Əsgərova küçələrinin kəsişməsində inşa edilmiş binanın birinci blok 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 132.1 kv.metr olan mənzilin tam təmir işlərinin yerinə yetirilməsi barədə (yəni sıfırdan başlayaraq tam yaşayış üçün yararlı hala gətirmək şərtilə) şifahi razılığa gəlmişlər. Bununla əlaqədar 3 iyun 2022-ci il tarixdə təmirə başlamışdır. Təmir zamanı cəlb etdiyi işçilərin işinə yetərincə nəzarət etmədiyindən və alınan tərəzinin əyri göstərməsi səbəbi ilə mənzil sahibi İddiaçı maddi ziyan vurulmuşdur. Maddi ziyan 9000 (doqquz min) manat məbləğindədir. Dəfələrlə sözlə ziyanı ödəyəcəyinə söz versə də, əməl etməmişdir. Yazılı surətdə öhdəlik götürür ki, İddiaçı dəymiş ziyanı hər ayn 10-u tarixində 400 manat ödəyəcək. 10 iyul 2023-cü il tarixdə isə qalan məbləği tam ödəyəcək. Mülki işin apellyasiya baxışı məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunaraq ekspertiza qarşısında cavablandırılmasından ötrü aşağıdakı sual qoyulmuşdur: "MƏK-AN” MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Salatın Əskərova küçələrinin kəsişməsində yerləşən məhəllədə inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 1-ci blokunda, 12-ci mərtəbədə yerləşən, sahəsi 132.1 kv.m olan 3 otaqlı 50 nömrəli İddiaçı məxsus mənzilin suvaq və tavanın alçipan işlərinin görülməsi (qüsurla görülmüş suvağın, tavanın alçipanının sokülməsi, zibillərin daşınması, alınan materiallar, usta pulu və digər xərclər daxil olmaqla) üçün çəkilən xərc müəyyən edilsin? Azərbaycan Republikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2024cü il tarixli 10/2212 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, Şamil Əzizbəyov, Mirəli Qaşqay və Salatın Əskərova küçələrinin kəsişməsində yerləşən məhəllədə inşa olunmuş çoxmərtəbəli yaşayış binasının 1-ci blokunda, 12-ci mərtəbədə yerləşən, sahəsi 132.1 kv.m olan 3 otaqlı 50 nömrəli İddiaçı məxsus mənzilin suvaq və tavanın alçipan işlərinin görülməsi (qüsurla görülmüş suvağın, tavanın alçipanının sokülməsi, zibillərin daşınması, alınan materiallar, usta pulu və digər xərclər daxil olmaqla) üçün aparılmış təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 8935 manat məbləğində müəyyən olunmuşdur. Rəy verilərkən tərtib olunan smetaya əsasən tavandan alçıpanın sökülməsi və yenisinin vurulması (altının hazırlanması, materialla birlikdə) 125 kv.metr üçün bir kv.metrinin dəyəri 20 manatdan olmaqla 2500 manat, divarların və tavanın şpaklyovkalanması 515 kv.metr üçün 2575 manat, şpaklyovka üzlük üçün 50 kisə material birinin dəyəri 8 manat olmaqla 400 manat, şpaklyovka astar üçün 50 kisə material - birinin dəyəri 8 manat olmaqla 400 manat, divarlardan suvağın sökülməsi, inşaat zibilinin (tavandan sökülmüş alçıpanla birlikdə) kisələrə doldurulması və zibilin 12-ci mərtəbədən daşınması və ərazidən çıxarılması 515 kv.metr üçün bir kv.metrə görə 4 manatdan olmaqla 2060 manat, materialların 12-ci mərtəbəyə qaldırılması 500 manat, əlavə və nəqliyyat xərcləri 500 manat məbləğində müəyyən edilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən etmişdir. Həmin Məcəllənin 21.2 maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7 maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin qərarında verilmiş olsun. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır (405.1). Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.1-759.2-ci maddələrinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır (762.2). Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Kollegiya hesab edir ki, cavabdeh iddiaçı ilə bağlamış olduğu podrat müqaviləsi üzrə müqavilədə nəzərdə tutulan işləri qüsurlardan, üçüncü şəxslərin hüquqlarından azad icra etməli olduğundan, iş materialları ilə podratın qüsurlu icra olunduğu müəyyən edildiyindən, iddiaçı müqavilənin icrasından birtərəfli imtina edərək, qüsurların aradan qaldırılması ilə bağlı faktiki çəkmiş olduğu xərclərin əvəzini podratçıdan tələb etməkdə tam haqlı olmuşdur. Bununla belə birinci instansiya məhkəməsi cavabdehin mübahisələndirməsinə baxmayaraq, müvafiq mütəxəsis rəyi almadan qüsurların aradan qaldırılması üçün çəkilən xərclərin məbləğini cavabdehin yazılı qəbzinə istinadla müəyyən etməklə işin faktiki hallarını tam araşdırmamış olmuşdur. Mülki işin apellyasiya baxışı zamanı cavabdehin özünün də izahatlarından qüsurlu görüldüyünü təsdiq etdiyi mənzilin suvaq və tavanın alçıpan işlərinin görülməsi (qüsurla görülmüş suvağın, tavanın alçıpanının sokülməsi, zibillərin daşınması, alınan materiallar, usta pulu və digər xərclər daxil olmaqla) üçün çəkilən xərclərin müəyyən edilməsi məqsədilə müvafiq ekspertiza təyin olunmuş, ekspert rəyinə əsasən podratın qüsurlu icrasının aradan qaldırılması üçün tələb olunan məbləğ 8935 manat müəyyən olunmuşdur. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi podratın qüsurlu icrasının aradan qaldırılması üçün çəkilən xərclərin əvəzi olaraq cavabdehdən 9000 manat məbləğində pulun tutulması hissədə dəyişdirilərək, həmin məbləğ ekspert rəyinə uyğun olaraq 8935 manat müəyyən edilməlidir. İddiaçının muzd olaraq cavabdehə 8600 manat pul verməsi qarşılığında, podratın qüsurlu icrası nəticəsində yetirilmiş zərər olaraq 9000 manat tələb etməsinin ədalətsiz olmasına dair apellyasiya şikayətinin dəlilinə qiymət verən kollegiya qeyd etməyi zəruri hesab edir ki, podratın qüsurlu icrası nəticəsində yetirilən zərər təkcə ödənilən muzdun məbləğindən deyil, həmçinin məhv olunan mal-materialların dəyəri, qüsurlu görülən işlərin sökülməsi, zibillərin daşınması, alınan materialların mənzilin yerləşdiyi 12-ci mərtəbəyə qaldırılması və nəqliyyat sair kimi xərclərdən ibarət olmuşdur ki, ekspert rəyində tərtib olunan smetada həmin xərclər öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, mülki işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat ekspertiza xərci Cavabdeh alınaraq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan artıq olduğundan, qətnamədə kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli e-2(055)-919/2023 saylı qətnaməsi Cavabdeh yetirilmiş zərərin əvəzi olaraq 9000 manat pulun alınaraq İddiaçı ödənilməsi hissədə dəyişdirilərək, yetirilmiş zərərin məbləği 8935 (səkkiz min doqquz yüz otuz beş) manat məbləğində müəyyən olunsun. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat ekspertiza xərci Cavabdeh tutularaq dövlət büdcəsinə Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Pəriz Əhmədov Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar