Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-354/2024 05.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, Ərizəçi "xxxx" şirkətinin (Maraqlı şəxs) barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Saatlı Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 2(055)-1190/2023 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Saatlı Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 2(055)-1190/2023 saylı qətnaməsi ilə (hakim İxtiyar Abuşov) ərizə təmin edilərək, 10 mart 2023-cü il tarixdə mediatorun iştirakı ilə "xxxx" şirkəti ilə Maraqlı şəxs arasında bağlanmış “mediasiya sessiyası zamanı birinci tərəf Saatlı şəhəri Azərbaycan xiyabanı 163-də yerləşən "xxxx" şirkətinin nümayəndəsi Nümayəndə, Saatlı Rayon Məhkəməsinin 22 sentyabr 2016-cı il tarixli 1(055)-46/2016 saylı hökmü ilə təqsirli bilinən ünvan 1 ünvanında qeydiyyatda olan ikinci tərəf Maraqlı şəxs "xxxx" Şirkətinə yanğın nəticəsində dəymiş ziyanı, yəni 525000 manat ödənilməsini tələb etməsi, ikinci tərəf Maraqlı şəxs, birinci tərəf "xxxx" Şirkətinə 525000 manat məbləğində yanğın nəticəsində ziyan vurduğunu bildirməsi və bu tələbi tam olaraq qəbul etməsi, ikinci tərəf Maraqlı şəxs, birinci tərəf "xxxx" Şirkətinə dəymiş ziyanı hissə-hissə olmaqla 30 il müddətinə ödəməyi, birinci tərəf "xxxx" Şirkətinin nümayəndəsi Nümayəndə təklif etməsi, birinci tərəf "xxxx" Şirkətinin nümayəndəsi Nümayəndə, ikinci tərəf Maraqlı şəxs təklifini qəbul etməsi və onunla razılaşması, ikinci tərəf Maraqlı şəxs 2023-cü ilin aprel ayının 1-dən başlamaqla öhdəliyini yerinə yetirmədiyi təqdirdə, birinci tərəf "xxxx" Şirkətinin məhkəməyə müraciət etmək hüququnun yaranması, ikinci tərəf Maraqlı şəxs buna etirazının olmaması, tərəflərin bir-birlərinə qarşı başqa təklifləri və tələblərinin olmaması və onların barışıq sazişini imzalamaları” barədə MŞS/MT023/2023- 00396 saylı barışıq sazişinin təsdiq edilməsi və barışıq sazişinin məcburi icrasının həyata keçirilməsi qət edilmişdir. Maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Ərizəçi "xxxx" şirkəti (Maraqlı şəxs) barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" şirkəti ilə Maraqlı şəxs arasında 10 mart 2023-cü il tarixdə bağlanmış MŞS/MT023/2023-00396 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi "xxxx" şirkəti ərizəsini onunla əsaslandırmışdır ki, Saatlı Rayon Məhkəməsinin 22 sentyabr 2016-cı il tarixli 1(055)-46/2016 saylı hökmünə əsasən Maraqlı şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında texniki təhlükəsizliyə məsul və rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Maraqlı şəxs törətdiyi cinayət əməli nəticəsində "xxxx" şirkətinə məxsus ticarət mərkəzinə 525000 manat maddi ziyan dəymiş və "xxxx" şirkəti zərər çəkmiş şəxs qismində tanınmışdır. Dəymiş ziyanın ödənilməsi ilə bağlı “ArazŞöhrət” şirkəti tərəfindən mediasiya təşkilatına müraciət edilmiş və şirkətlə Maraqlı şəxs arasında 10 mart 2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Lakin bu günə kimi Maraqlı şəxs mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişini könüllü qaydada icra etməmişdir. Yaxın vaxtlarda şirkətin direktoru tərəfindən ona barışıq sazişinin icra olunması üçün məktub göndərilsə də, bunun heç bir nəticəsi olmamışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, onunla "xxxx" Şirkəti arasında bağlanan barışıq sazişi onu aldadaraq bağlanılmışdır. Belə ki, "xxxx" ASC subroqasiya hüququna əsasən sığortalılarına dəymiş ziyanın ödənilməsinə görə xx.xx.2023-cü il tarixində Şirvan Kommersiya Məhkəməsinə müraciət etmiş, cavabdeh kimi həm onu, həm də "xxxx" Şirkətini qoymuşdur. Bundan sonra "xxxx" Şirkətinin rəhbərinin müavini Məmmədov Vüqar onunla əlaqə saxlayaraq bildirmişdir ki, onlarla barışıq sazişi bağlasın ki, bazara dəymiş zərəri o şirkətə ödəsin, ona görə də, sığorta şirkəti pul tələbini ona yönəltməsin. O da, neçə ildir işlədiyi bazarın nümayəndəsi V.Məmmədovun bu sözlərinə inanaraq saziş bağlamağa razı olmuşdur. Şirvan Kommersiya Məhkəməsində iddiaçı "xxxx" ASC-nin məhkəmə yanğın-texniki ekspertizası təyin edilməsi barədə vəsatətinə etiraz etmədiyini bildirdiyinə görə bu onlara xoş getmədiyi üçün Şirkət barışıq sazişində qeyd olunan pulu ondan tələb etməyə başladılar. 7-8 aydır saziş barədə danışmayan, pulu ondan tələb etməyən Şirkət indi həmin sazişin təsdiq edilməsi və məcburi icrası üçün məhkəməyə müraciət etmişdir. Bariz görünür ki, saziş bağlanarkən onun məqsədi həqiqətən 525000 manat məbləğində pulu "xxxx" Şirkətinə ödəmək olmamışdır. Sadəcə sığorta şirkətinin pul tələbini ona yönəltməməsi üçün V.Məmmədovun sözünə inanaraq sazişi bağlamışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Saatlı Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 2(055)-1190/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan "xxxx" şirkəti ilə Maraqlı şəxs arasında mediasiya mərhələsində mediatorun iştirakı ilə bağlanan 10 mart 2023-cü il tarixli MŞS/MT023/2023-00396 saylı barışıq sazişindən görünür ki, mediasiya sessiyası zamanı birinci tərəf Saatlı şəhəri Azərbaycan xiyabanı 163-də yerləşən "xxxx" şirkətinin nümayəndəsi Nümayəndə, Saatlı Rayon Məhkəməsinin 22 sentyabr 2016-cı il tarixli 1(055)-46/2016 saylı hökmü ilə təqsirli bilinən ünvan 1 ünvanında qeydiyyatda olan ikinci tərəf Maraqlı şəxs "xxxx" Şirkətinə yanğın nəticəsində dəymiş ziyanı, yəni 525000 manat ödənilməsini tələb etmişdir. İkinci tərəf Maraqlı şəxs, birinci tərəf "xxxx" Şirkətinə 525000 manat məbləğində yanğın nəticəsində ziyan vurduğunu bildirmişdir və bu tələbi tam olaraq qəbul etmişdir. İkinci tərəf Maraqlı şəxs, birinci tərəf "xxxx" Şirkətinə dəymiş ziyanı hissə-hissə olmaqla 30 il müddətinə ödəməyi, birinci tərəf "xxxx" Şirkətinin nümayəndəsi Nümayəndə təklif etmişdir. Birinci tərəf "xxxx" Şirkətinin nümayəndəsi Nümayəndə, ikinci tərəf Maraqlı şəxs təklifini qəbul etmişdir və onunla razılaşmışdır. İkinci tərəf Maraqlı şəxs 2023-cü ilin aprel ayının 1dən başlamaqla öhdəliyini yerinə yetirmədiyi təqdirdə, birinci tərəf "xxxx" Şirkətinin məhkəməyə müraciət etmək hüququ yaranır, ikinci tərəf Maraqlı şəxs buna etirazı olmamışdır. Tərəflərin bir-birlərinə qarşı başqa təklifləri və tələbləri olmamışdır və onlar barışıq sazişini imzalamışlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Hazırkı halda apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edilməklə qətnamə tam olaraq mübahisələndirilmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. MPM-in 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. MPM-in 355-23.1-ci maddəsinin tələbinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. MPM-in 355-25.3-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. MPM-in 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Qanunun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə kollegiyası apellyasiya şikayətinin göstərilən dəlillərinə qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlər baxımından formal və əsassızdır. Belə ki, ərizəçi və maraqlı şəxs arasında barışıq sazişi bağlanmış, həmin sazişlə tərəflər üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Maraqlı şəxs üzərinə düşən öhdəliyi icra etmədiyi üçün ərizəçi məhkəməyə ərizə ilə xüsusi icraat qaydasında müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda sadalanan hüquq normalarının tələblərindən də müəyyən edilir ki, məhkəmə iki halda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Barışıq sazişinin təsdiq edilməsini istisna edən hər hansı bir halın mövcudluğu kollegiya tərəfindən müəyyən edilmir və barışıq sazişinin təsdiq edilməsindən imtina üçün heç bir əsas yoxdur. Həmçinin qeyd edilməlidir ki, maraqlı şəxs apellyasiya şikayətində istinad etdiyi halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək belə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri yuxarıda göstərilənlər baxımından formal və əsassızdır. Bununla yanaşı, kollegiya diqqətə çatdırmağı zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 23 fevral 2024-cü il tarixli № 01/2024 qərardadına görə mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi isə yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır (“Mediasiya haqqında” Qanun, maddə 34.4; MPM, maddə 355-23.1) (39cu bənd); Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması (MPM, fəsil 40-7) proseduru da onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir (47-ci bənd). MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Saatlı Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 2(055)-1190/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli 2(055)-1190/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, o, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-354/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-354/2024
05.03.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver