Məhkəmə qərarları › İş №2(106)-376/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-376/2023

16.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-376/2023 16.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı girova xitam verilərək saxlanca qoyulmuş əşyaların geri qaytarılması tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(036)-1591/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh (VÖEN: **********) qarşı girova xitam verilərək saxlanca qoyulmuş əşyaların geri qaytarılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış xx.xx.2019-cu il tarixli Kredit müqaviləsi üzrə öhdəliyin təmin olunması məqsədilə qoyulmuş girova xitam verilməklə cəmi 612 manat məbləğində kredit götürülməsi müqabilində girov qoyulmuş 342,0 (üç yüz qırx iki) manat dəyərində 3,8 qram çəkidə 583 əyyarlı 1 ədəd qızıl üzük, 1080,0 (min səksən ) manat dəyərində 12 qram çəkidə 583 əyyarlı 1 dəst qızıl komplekt və 440,0 ( dörd yüz qırx) manat dəyərində 5,3 qram şəkidə 585 əyyarlı 1 cüt qızıl sırğa alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, o, xx.xx.2019-cu il tarixdə Cavabdeh aylıq 5 faizlə 612,0 manat kredit götürüb 342,0 ( üç yüz qırx iki) manat dəyərində 3,8 qram çəkidə 583 əyyarlı 1 ədəd qızıl üzük, 1080,0 (min səksən ) manat dəyərində 12 qram çəkidə 583 əyyarlı 1 dəst qızıl komplekt və 440,0 ( dörd yüz qırx) manat dəyərində 5,3 qram şəkidə 585 əyyarlı 1 cüt qızıl sırğa girov qoymuşdur. Aldığı kreditin faizini hər ay vaxtı-vaxtında ödəmiş və 2020-ci ilin fevral ayında əsas krediti qaytarmaq istəsə də, Cavabdeh fəaliyyət göstərdiyi məkanda tapa bilməmişdir. Ona görə də, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli Kredit müqaviləsi üzrə öhdəliyin təmin olunması məqsədilə qoyulmuş girova xitam verilməklə girov qoyulmuş 342,0 (üç yüz qırx iki) manat dəyərində 3,8 qram çəkidə 583 əyyarlı 1 ədəd qızıl üzük, 1080,0 (min səksən ) manat dəyərində 12 qram çəkidə 583 əyyarlı 1 dəst qızıl komplekt və 440,0 ( dörd yüz qırx) manat dəyərində 5,3 qram şəkidə 585 əyyarlı 1 cüt qızıl sırğa alınaraq ona verilməsi barədə iddia qaldırmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İmişli Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(036)-1591/2021 saylı qətnaməsi ilə iddia tələbinin təmin olunması, İddiaçı ilə Cavabdeh (VÖEN: **********) arasında bağlanmış xx.xx.2019-cu il tarixli Kredit müqaviləsi üzrə öhdəliyin təmin olunması məqsədilə qoyulmuş girova xitam verilmiş və Cavabdeh ( VÖEN: **********) 342,0 ( üç yüz qırx iki) manat dəyərində 3,8 qram çəkidə 583 əyyarlı 1 ədəd qızıl üzük, 1080,0 (min səksən ) manat dəyərində 12 qram çəkidə 583 əyyarlı 1 dəst qızıl komplekt və 440,0 ( dörd yüz qırx) manat dəyərində 5,3 qram şəkidə 585 əyyarlı 1 cüt qızıl sırğa alınıb İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikəyəti onunla əsaslandırılmışdır ki, məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sənədlərə əsaslanmış, iddia ərizəsinə baxılarkən onun Bakı şəhərində yaşamağını, məhkəmə iclasının keçirilmə vaxtı və yeri barəsində məlumatının olmamasını, COVİD-19 xəstəliyi ilə bağlı məhdudiyyətlərə görə gediş-gəlişin çətin olmasını nəzərə almamışdır. Məhkəmə İddiaçı kredit müqaviləsi üzrə öhdəliyini 9 ay müddətində icra etməməsi, bu səbəbdən girov predmetlərinin hərrac yolu ilə satılaraq borca yönəldilməsinin araşdırılmasını təmin etməmişdir. b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. c) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə cavabdeh apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında əlavə olaraq bildirdi ki, həqiqətən də iddiaçıdan 3 ədəd qızıl əşyalarını saxlanca götürərək ona 612 manat pul vermişdir. İddiaçıya məxsus qızılları özünün deyil, Sabirabad rayonunda olan Parabankda saxlanca qoymuşdur. Xatırlamasına görə iddiaçı ona 4 dəfə ödəniş etmişdir. Lakin sonradan Parabank barəsində cinayət işi başlandığından o həmin bankda saxlanılan qızılları ilə bağlı zərərçəkmiş kimi tanınmışdır. Sonradan iddiaçı qızıllara görə ödəniş etmədiyindən ona məxsus qızılları açıq hərracda satmışdır. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında isə ziddiyyətli izahat verərək göstərmişdir ki, iddiaçıdan aldığı qızılları Bakı şəhərində Lombardların birində saxlanca qoymuşdur. Məhkəmədə iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Göstərmişdir ki, sonradan qızıllarını girovluqdan çıxarmaq üçün ödəniş etmək istəsə də cavabdehi yerində tapa bilməmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə apellyasiya şikayətinin dəlilləri əsasında tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsas deyildır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Kredit müqaviləsinin surətinə əsasən Borclu Əvəzov X3 kreditinin verilməsi ilə məşğul olan fiziki şəxs Cavabdeh (VÖEN: **********) aylıq 5 faizlə 612,0 manat kredit götürüb cəmi 612,0 manat dəyərində 3,8 qram çəkidə 583 əyyarlı 1 ədəd qızıl üzük, 12 qram çəkidə 583 əyyarlı 1 dəst qızıl komplekt və 5,3 qram şəkidə 585 əyyarlı 1 cüt qızıl sırğa girov qoymuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 001803 nömrəli GirovBiletinin surətinə əsasən İddiaçı cəmi 612,0 manat dəyərində 3,8 qram çəkidə 583 əyyarlı 1 ədəd qızıl üzük, 12 qram çəkidə 583 əyyarlı 1 dəst qızıl komplekt və 5,3 qram şəkidə 585 əyyarlı 1 cüt qızıl sırğa girov qoyaraq aylıq 5 faizlə 612,0 manat ssuda götürülmüşdür. İş materiallarında olan Fərdi sahibkar-Qızıl X1 ( VÖEN: **********) tərəfindən verilmiş rəyə əsasən 3,8 qram çəkidə 583 əyyarlı 1 ədəd qızıl üzük 342,0 manat, 12 qram çəkidə 583 əyyarlı 1 dəst qızıl komplekt 1080,0 manat və 5,3 qram şəkidə 585 əyyarlı 1 cüt qızıl sırğa 440,0 manat dəyərində qiymətləndirilir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə kollegiyası tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh ( VÖEN: **********) aylıq 5 faizlə 612,0 manat kredit götürüb 3,8 qram çəkidə 583 əyyarlı 1 ədəd qızıl üzük, 12 qram çəkidə 583 əyyarlı 1 dəst qızıl komplekt 5,3 qram şəkidə 585 əyyarlı 1 cüt qızıl sırğa girov qoymuşdur. İddiaçı götürdüyü kreditin faizlərini ödəmişdir. Cavabdeh əsas kredit məbləğini qəbul etməyərək girov qoyulmuş əşyaları geri qaytarmamışdır. Mülki Məcəlləsinin 283.3-cü maddəsinə əsasən girov saxlayan öz vəzifələrini kobudcasına pozaraq girov qoyulmuş əşyanın itirilməsi və ya zədələnməsi təhlükəsini doğurduqda girov qoyan girova vaxtından əvvəl xitam verilməsini tələb edə bilər. Həmin Məcəllənin 294.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 283.3-cü maddəsində nəzərdə tutulan əsaslar olduqda girova xitam verilir. Həmin Məcəllənin 294.2-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. Həmin Məcəllənin 300.0.2-ci maddəsinə əsasən əşyanın lombardda girovu, girovun növlərindən biridir. Həmin Məcəllənin 302.1-ci madəsinə əsasən şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. Həmin Məcəllənin 302.4-cü maddəsinə əsasən lombard girov götürdüyü əşyanı onun girova qəbul olunduğu anda eyni növlü və keyfiyyətli əşyanın bazar qiymətinə uyğun müəyyənləşdirilən qiymətinin tam məbləğində girov qoyanın xeyrinə sığorta etdirməlidir. Həmin Məcəllənin 302.5-ci maddəsinə əsasən lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur. Həmin Məcəllənin 302.6-cı maddəsinə əsasən lombard girov qoyulmuş əşyaların itirilməsi və zədələnməsi üçün məsuliyyət daşıyır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh ( VÖEN: **********) arasında bağlanmış xx.xx.2019-cu il tarixli Kredit müqaviləsi üzrə öhdəliyin təmin olunması məqsədilə qoyulmuş girova xitam verilməli və Cavabdeh ( VÖEN: **********) girov saxladığı 3,8 qram çəkidə 583 əyyarlı 1 ədəd qızıl üzük, 12 qram çəkidə 583 əyyarlı 1 dəst qızıl komplekt və 5,3 qram şəkidə 585 əyyarlı 1 cüt qızıl sırğanı girov qoyana qaytarmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Göründüyü kimi cavabdeh iddiaçıya məxsus qızıl əşyalarını özünün saxlancında saxlamlı olduğu halda həmin əşyaları başqa şəxsin saxlancında saxlamış, bununla da riski özü daşımışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırki iddia tələbi üzrə iddianın qiyməti 5000 manatdan aşağı olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(036)-1591/2021 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar