Məhkəmə qərarları › İş №2(106)-418/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-418/2024

22.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-418/2024 22.02.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbinə qarşı ** may 2023-cü il tarixli, *42 saylı əmrin etibarsız hesab edilməsi və işə bərpa olunması tələbinə dair mülki iş üzrə Açar sözlər : əmrin etibarsız hesab edilməsi, işə bərpa X9 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X5 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X* və üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbinə qarşı ** may 2023-cü il tarixli, *42 saylı əmrin etibarsız hesab edilməsi və işə bərpa olunması tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(073)-*959/2023 saylı qətnaməsindən (hakim Elxan Əmirəliyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbinin direktoru Səidə Şükürovanın ** may 2023-cü il tarixli, *42 nömrəli əmrin etibarsız hesab edilməsi və işə bərpa olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 20*7-ci ildən Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbində xidmətçi işləmişdir. 20*9-cu ildə Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbinin direktoru Səidə Şükürova tərəfindən işdən azad edilmiş, lakin 03 iyun 2020-ci il tarixdə yenidən əmək müqaviləsi bağlayaraq xidmətçi işinə qəbul edilmişdir. Əmək qanunvericiliyinə uyğun olaraq əmək müqaviləsi bağlanmış və işə götürənlə aralarında həmin müqavilə üzrə qarşılıqlı öhdəliklər müəyyən edilməklə, həmin öhdəlikləri lazımınca yerinə yetirmişdir. İşlədiyi müddət ərzində bağladığı əmək müqaviləsinin şərtlərinə əməl etmiş, işinə məsuliyyətlə yanaşmış və əmək intizamını pozmamışdır. Lakin Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbinin direktoru Səidə Şükürova ona qarşı qərəzli olduğu üçün ** may 2023-cü il tarixdə, *42 saylı əmrlə onu işdən azad etmişdir. O, cavabdeh tərəfindən verilmiş həmin əmri əsassız və qanunsuz hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq cavabdeh Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbinin direktoru tərəfindən verilmiş ** may 2023-cü il tarixli, *42 saylı əmrin etibarsız hesab edilməsi və işə bərpa olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbinin nümayəndəsi X2 iddianı etiraf etməyərək verdiyi izahatında bildirmişdir ki, o, Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbin direktoru vəzifəsində işləyir. İddiaçı 20*7-ci ildən direktoru olduğu Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbində xidmətçi kimi işə qəbul olunmuşdur. 20*9-cu ildə isə Əmək müqaviləsinin tələblərini pozduğu üçün, onun tərəfindən əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmiş, lakin 03 iyun 2020-ci il tarixdə İddiaçı xahişi nəzərə alınmaqla, onunla yenidən əmək müqaviləsi bağlanaraq xidmətçi işinə qəbul edilmişdir. Lakin İddiaçı sonradan əmək müqaviləsi üzrə götürdüyü öhdəliyi heç bir üzrlü səbəb olmadan yerinə yetirməkdən imtina edərək, müxtəlif tarixlərdə onun üçün ayrılmış işləri yerinə yetirməyərək, iş rejiminin aparılması qaydalarını kobud surətdə pozmuşdur. Ona edilmiş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, o, iş rejimini və qaydalarını öz istədiyi tərzdə yaratmaq istəmişdir. Bu səbəbdən də, ** may 2023-cü il tarixdə onun tərəfindən İddiaçı işdən azad olunması barədə *42 saylı əmr imzalanmışdır. O, İddiaçı işdən azad edilməsi ilə bağlı Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbinin ** may 2023-cü il tarixli, *42 saylı əmrini qanuni və əsaslı hesab edir. Əmrin surəti cavabdehə 24 sentyabr 202*-ci il tarixdə göndərilmişdir və cavabdeh əmək qanunvericiliyi ilə nəzərdə tutulan işə bərpa müddətini ötürmüşdür. Qeyd edilənlərin nəzərə alınaraq iddianın əsassız olduğundan təmin olunmamasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran-Astara Regional Təhsil İdarəsinin nümayəndəsi X6 iddiaya münasibət bildirərək verdiyi izahatında bildirmişdir ki, o, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Lənkəran-Astara Regional Təhsil İdarəsinin inzibati təşkilat sektorunun baş məsləhətçisi vəzifəsində işləyir. İddiaçı ilə işlədiyi Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbinin rəhbərliyi tərəfindən əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsinə əsasən İddiaçı xidmətçi vəzifəsində işə başlamışdır. Lakin İddiaçı sonradan əmək müqaviləsi üzrə götürdüyü öhdəliyi pozaraq, məktəbin həyətində və digər təmizlik və abadlıq işləri aparılması üçün iş bölgüsünə uyğun olaraq üzərinə düşən işləri görməkdən imtina etmişdir. Qeyd edilənlərin nəzərə alınaraq qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(073)-*959/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Cəlilabad Rayon Məhkəməsi işdən çıxarılma barədə əmrin məzmununun Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərinə uyğun olub-olmamasına diqqət yetirməmişdir. Əmrdə işçinin vəzifəsinin (peşəsinin) adı göstərilməmiş, vəzifə adı əvəzinə ümumi olaraq “texniki işçi” sözündən istifadə edilmişdir. Bunu belə qeyd etmələrinin səbəbi odur ki, onlar texniki işçi adı altında ona gördürmək istədikləri - əmək funksiyasına daxil olmayan digər işləri də ona aid etsinlər və əmrdə qeyd etdikləri absurd əsasları bununla pərdələmək istəyirlər. Əmrdə əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənəd yerinə həmkarlar təşkilatının iclas protokolu göstərilmişdir. Aydın məsələdir ki, həmkarlar ittifaqı təşkilatının iclas protokolu işçinin azad edilməsi üçün əsas hesab edilə bilməz. Qeyd olunan maddənin 2-ci hissəsindən göründüyü kimi, bu nöqsanlar əmrin etibarsız hesab edilməsi üçün əsasdır. Əmək Məcəlləsi açıq aşkar təsbit edilmişdir ki, Cəlilabad şəhər 7 saylı tam orta məktəbin müdiriyyəri onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməyi üçün həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalıdır. Bunun üçün işəgötürən əsaslandırılmış yazılı təqdimatla həmkarlar ittifaqı təşkilatına müraciət etməlidir. Qeyd etmək zəruridir ki, iddiaçının təqdim etdiyi həmkarlar ittifaqının iclas protokolu formal tərtib olunmuşdur və saxtadır. Belə olan halda həmkarlar ittifaqının hansısa razılığından söhbət gedə bilməz. Bundan başqa, Əmək Məcəlləsinin 70-ci maddəsinin b və ç bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçi ilə əmək müqaviləsini ləğv etmək istəyən işəgötürənin həmin müəssisəsinin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatlar müraciət etməsi nəzərdə tutulmuşdur. Lakin 7 saylı tam orta məktəbin müdiriyyətinin belə bir əsaslandırılmış təqdimatı da olmamışdır. Ümumiyyətlə iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş, demək olar ki, bütün sənədlər formal xarakterlidir. İddiaçıdan yazılı izahat tələb edilməsi ilə bağlı tərtib erdilmiş sənəd saxtadır. İddiaçıya münasibətdə belə bir tələb olmamışdır, əgər olmuşdusa bunu sübut etməli idilər. Məhkəmə bu hala göz yummuşdur. Cavabdeh əmrdə qeyd olunan halların həqiqətən baş verməsini sübuta yetirə bilməmişdir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, vermiş olduğu apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, 20*7-ci ildən Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbində xidmətçi işləmişdir. Vəzifəsi ona verilən tapşırıqları yerinə yetrirmək olmuşdur. Belə ki, o, tapşırıq üzrə məktəbdə olan nisbətən nasaz vəziyyətə düşmüş stol-stul və partaların təmir edilməsi, məktəbin həyətində təmir-rəngləmə işlərinin aparılması, həyətdə olan otun biçilməsi, ağac və güllərə müvafiq texniki qulluğun və sairə tapşırılan işlərin görülməsi olmuş, əmək haqqısı 3*0 manat təşkil etmişdir. Qeyd etmişdir ki, məktəbdə *7 texniki işçi var, lakin onlardan o özü də daxil olmaqla 2-3 nəfəri verilən işləri görür. Digərləri isə işə gəlmir. Qeyd etmişdir ki, bundan əvvəl yəni 20*9-cu ildə məktəbinin direktoru Səidə Şükürova tərəfindən işdən azad edilmiş, lakin 03 iyun 2020-ci il tarixdə yenidən əmək müqaviləsi bağlayaraq xidmətçi işinə qəbul edilmişdir. Həmin vaxt işə qəbul olunması müəyyən orqanlara mütamadı olaraq şikayətlər etməsi nəticəsində baş vermişdir. Ona verilmiş töhmətdən isə xəbəri yoxdur. Cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, uzun müddətdir ki, Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbin direktoru vəzifəsində işləyir. İddiaçı 20*7-ci ildən direktoru olduğu 7 saylı tam orta məktəbində xidmətçi kimi işə qəbul olunmuşdur. 20*9-cu ildə isə Əmək müqaviləsinin tələblərini pozduğu üçün, onun tərəfindən əmək müqaviləsinə xitam verilməklə işdən azad edilmiş, lakin 03 iyun 2020-ci il tarixdə İddiaçı və onun qaynatasının xahişi nəzərə alınmaqla, onunla yenidən əmək müqaviləsi bağlamaqla xidmətçi işinə qəbul edilmişdir. Göstərmişdir ki, lakin işə qəbul ediləndən sonra da o davranışlarında dönüş yaratmamışdır. Təsərrüfat müdiri daima iddiaçıdan şikayət etmişdir ki, o, vəzifə funksiyalarını yerinə yetirmir. İddiaçı bildirir ki, məktəbdə *7 texniki işçi var, niyə həyətdə yalnız o işləməlidir. Bildirmişdir ki, məktəbdə *7.5 texniki işçi ştatı var. Lakin onların əksəriyyəti qadın xidmətçilərdir ki, onlar məktəbin otaqlarının səliqə-səhmanı ilə məşğul olur. Bəziləri laborant, kitabxana və s kimi yerlərdə işləyən texniki işçilərdir. İddiaçının işi əlində telefon operator kimi yalnız onu çəkməkdən ibarətdir. İddiaçı onu lentə almaqla onun konstitsion hüquqlarını pozur. Teleqram vasitəsilə icazə aılır. Əsassız və mütamadi olaraq müxtəlif orqanlara şikayətlər edir. Qeyd etmişdir ki, iddiaçı onunla qərəz aparır. Belə ki, o məktəb direktoru olandan iddiaçının adı məktəbdə gedən, lakin işə çıxmayan bir neçə yaxın qohumlarını işdən azad etmişdir. Kollektiv onunla işləmək istəmir. Üçüncü şəxs Lənkəran-Astara Regional Təhsil İdarəsinin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin göstərmişdir ki, gizli profillərdən Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəb barədə sosial şəbəkələrdə xoş olmayan informasiya paylaşılırdı. DİN-i tərəfindən bu hal araşdırılmış və müəyyən olunmuşdur, ki, gizli profillərdən istifadə etməklə belə məlumatları yayan 5 nəfərdən biri də İddiaçı olmuşdur. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.*-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.*. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 20**-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddiasının təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir, odur ki, qətnamənin əsaslılığı iddiaçıya münasibətdə tam yoxlanılmalıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının *27-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Konstitusiyasının *29-cu maddəsinin İİİ hissəsinə görə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontraktı) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Həmin Məcəllənin *0-cu maddəsinin "a” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, "b” bəndinə əsasən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməkdir. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən əmək müqaviləsi işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin "a” bəndinə əsasən işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan 5 bütün iş günü işə gəlməməsi, "c” bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması, "d” bəndinə əsasən qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi və "e” bəndinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin *4.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, işdə olan Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbi tərəfindən verilmiş 22 dekabr 2022-ci il tarixli, 339 saylı əmrdən görünür ki, məktəbin texniki işçisi İddiaçı dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, məktəbin daxili nizam-intizam qaydalarını kobud şəkildə pozduğu, məktəbi və məktəb rəhbərliyini nüfuzdan salan təxribati hərəkətlərə yol verdiyi üçün, həmçinin məktəbin Həmkarlar Təşkilatının iclasını pozmaq məqsədilə iclas zamanı pedaqoji heyətə, iclasın sədrinə və məktəb rəhbərliyinə qarşı kobud ifadələr işlətdiyinə görə sonuncu dəfə xəbrdarlıq edilməklə, ona şiddətli töhmət elan edilmişdir. İşdə olan Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbində Azərbaycan Respublikası AHİ-nın Respublika komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Azərbaycan Respublikası AHİ-nın Respublika komitəsinin katibi əmək haqqı və sosial müdafiə şöbəsinin müdiri Zəfər Məmmədov, Cəlilabad rayon Təhsil İdarəsinin müdiri İlkin Zeynalov, TİAHİnin Cəlilabad rayon Təşkilatının sədri Nəbi İskəndərov, Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbin direktoru Səidə Şükürova, Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbin direktor müavinləri Rəzzaq Abbasov, İlham Nağıyev və İbrahim Rəfibəyli və Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbin məktəbdənkənar-sinifdənxaric işlər üzrə təşkilatının sədri Ziya Aslanov və digərlərinin iştirakları ilə tərtib edilmiş 0* mart 2023-cü il tarixli aktdan görünür ki, Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbində məktəbin texniki işçiləri İddiaçı və X4 şikayəti ilə bağlı məsələyə baxılmış, həmin məktəbin direktoru Səidə Şükürova və məktəbin texniki işçiləri İddiaçı və Mübariz Əliyevlə söhbətlər aparılmışdır. Onlara işəgötürənlə işçi arasında əmək münasibətlərinin qanuni qaydaları izah olunmuş, yaranmış mübahisəli vəziyyətlə əlaqədar hər iki tərəfə razılığa gəlinməsi ilə bağlı təkliflər edilmiş, məktəbin direktoru Səidə Şükürova verilən təklifə razılıq versə də, İddiaçı heç bir razılığa gəlməmiş, Mübariz Əliyev isə şifahi şəkildə razılaşsa da, yazılı şəkildə izahat verməkdən imtina etmişdir. Bütün hallarda onlara əmək mübahisələrinin həll edilməsi üçün məhkəməyə müraciət etmək hüquqlarının olduğu bildirilmişdir. Araşdırma əsasında İddiaçı və Mübariz Əliyevin şikayət məktubundakı iddialarının əsassız olduğu aşkar edilmişdir. İşdə olan Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbi tərəfindən tərtib edilmiş 27 aprel 2023-cü il tarixli aktdan görünür ki, 27 aprel 2023-cü il tarixdə məktəbin həyətində təmizlik və abadlıq işləri aparılarkən məktəbin texniki işçisi İddiaçı iş bölgüsünə görə üzərinə düşən işi "mənim belimdə qrija olduğundan ot biçən maşını işlədə bilmirəm” bəhanəsi ilə yerinə yetirməkdən imtina etmişdir. Təsərrüfat işləri üzrə direktor müavini İbrahim Rəfibəyli onu işə cəlb etməyə çalışsa da, heç bir nəticəsi olmamışdır. İddiaçı bildirmişdir ki, "məktəbin bağbanı gəlsin işini görsün, mən işləmirəm”. Daha sonra isə telefonunu götürüb kimləsə yüksək səslə danışaraq "belə getsə bu məktəbdən kiminsə meyiti çıxacaq” sözlərini demişdir. İşdə olan Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbi tərəfindən tərtib edilmiş 27 aprel 2023-cü il tarixli aktdan görünür ki, 27 aprel 2023-cü il tarixdə təsərrüfat işləri üzrə direktor müavini İbrahim Rəfibəyli məktəbin texniki işçisi İddiaçı üzərinə düşən əmək funksiyalarını yerinə yetirməməsi barədə izahat yazmağı tələb etsə də, İddiaçı izahat yazmaqdan imtina etmişdir. İşdə olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifəsini kobud şəkildə pozduğuna gərə, ** may 2023-cü il tarixli qərarına əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməklə son haqq hesab ödənilməsi qərara alınmışdır. İşdə olan *2 may 2023-cü il tarixli məktubdan və Azərpoçt MMC-nin eyni tarixli məxaric qəbzindən görünür ki, İddiaçı əmrin surətini almaqdan imtina etdiyi üçün, Cəlilabad şəhər Akademik Z.Əliyeva adına 7 saylı tam orta məktəbi tərəfindən İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə elektron bildiriş və əmrin surəti və *2 may 2023-cü il tarixdə onun ünvanına göndərilmişdir. Müəyyən edilir ki, iddiaçı əmək müqaviləsi üzrə işlədiyi məktəbdə və həmin məktəbin həyətində texniki işçi kimi ona tapşırılan müəyyən işləri yerinə yetirmək funksiyası olmuşdur. Bu funksiyalar iddiaçının kollegiyanın iclasında bildirdiyi kimi məktəbdə olan nisbətən nasaz vəziyyətə düşmüş stol-stul və partaların təmir edilməsi, məktəbin həyətində təmir-rəngləmə işlərinin aparılması, həyətdə olan otun biçilməsi, ağac və güllərə müvafiq texniki qulluğun və sairə tapşırılan işlərin görülməsindən ibarət olmuşdur. İddiaçı əmək funksiyalarını yerinə yetirmədiyinə görə 22.*2.2022-ci il tarixdə ona şiddətli töhmət verilmişdir. Lakin o, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmuş və buna görə də iddiaçı işdən azad edilmişdir. İşdən azad edilmə məsələsi AHİ iclasında müzakirə edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi ona münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası iş materiallarını və tərəflərin izahatlarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(073)-*959/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.*-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Həmin Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. İddiaçının apellyasiya şikayətinin dəlilləri faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamənin yalnız formal mülahizələrə görə ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.*, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(073)-*959/2023 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar