Məhkəmə qərarları › İş №2(106)-490/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-490/2025

19.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-490/2025 19.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Aytən Nazim qızı Novruzova və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Masallı Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 1 ədəd 750 əyarlı, 28 qram çəkisi olan qızıl kolye-qolbağı ilə birlikdə və ya dəyəri 2410 manat, 1 ədəd 585 əyarlı, 21 qram çəkisi olan italyan sep, qolbağı ilə birlikdə və ya dəyəri 1350 manat, 1 ədəd 583 əyarlı, 13 qram çəkisi olan sırğa üzük dəsti və ya dəyəri 950 manat, 1 ədəd 583 əyarlı, 8 qram çəkisi olan paxlava üzük və ya dəyəri 720 manat, 1 ədəd 750 əyarlı, 13 qram çəkisi olan yumru qızıl qolbaq və ya dəyəri 820 manat, 1 ədəd 583 əyarlı, 17 qram çəkisi olan qızıl saat (valideyinlərin hədiyyəsi) və ya dəyəri 1100 manat, 1 ədəd 880 əyarlı, 8.6 qram çəkisi olan qızıl onluq və ya dəyəri 820 manat, 2 ədəd 880 əyarlı, 8.6 qram çəkisi olan qızıl beşlik və ya dəyəri 840 manat, 2 ədəd 583 əyarlı, 6 qram çəkisi olan qızıl üzük və ya dəyəri 378 manat, 2 ədəd 583 əyarlı, 4.2 qram çəkisi olan seplər nazik və ya dəyəri 270 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2024-cü il tarixli, 2(106)-1532/2024 saylı qərardadı ilə Masallı Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Masallı Rayon Məhkəməsinə qaytarılmışdır. Masallı Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh 08 noyabr 2024-cü il tarixdə Masallı Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 2(050)-2187/2023 saylı qətnaməsindən yenidən apellyasiya şikayəti təqdim etmiş, apellyasiya şikayəti ilə birgə prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, ərizədə müddətin bərpa edilməsini xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, Cavabdeh buraxılmış prosessual müddətin bərpasından imtina edilməsi, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardaddan Cavabdeh şikayət vermiş, qərardadın ləğv edilməsini və apellyasiya şikayəti vermək üçün müddətin bərpa olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(050)-2187/2023 saylı qətnaməsini xx.xx.2024-cü il tarixdə almış və vaxtında apellyasiya şikayəti vermiş, buna görə də müddəti ötürməmişdir. Qətnamənin surəti qanunla müəyyən olunmuş 1 ay ərzində ona verilməmiş və o, yalnız ərizə ilə müraciət etdikdən sonra qətnamənin surəti ona təqdim olunmuşdur. O da vaxtında apellyasiya şikayəti vermiş, lakin məhkəmə müddəti bərpa etməmişdir. Məhkəmə prosessual hüquq normalarının tələbini pozmuşdur. Məhkəmə müddəti qanunsuz olaraq bərpa etməmişdir. O, müddəti ötürməmişdir, qətnamənin surətini aldıqdan 1 ay sonra şikayət etmişdir. Masallı Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında qərardaddan verilmiş şikayət üzrə işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu qarşı tərəfə bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası, məruzəni dinləyib, şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə əsasən apellyasiya şikayəti qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, Masallı Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli qətnaməsi elektron imza ilə təsdiq edilməklə, poçt vasitəsi ilə tərəflərə göndərilmiş və cavabdeh tərəfindən 08 sentyabr 2023-cü il tarixdə qəbul edilmişdir. Qətnamə icraya yönəldilmiş, Masallı Rayon İcra və Probasiya şöbəsinin 30 oktyabr 2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanmışdır. Masallı Rayon İcra və Probasiya şöbəsində verdiyi 21 iyun 2024-cü il tarixli yazılı izahatından görünür ki, Cavabdeh icra sənədindən məlumatlı olmuş, o, icra sənədinin tam şəkildə icra etməməsinin səbəbi kimi maddi imkanın olmamasını, icra sənədi üzrə heç bir ödəniş etmədiyini və 15 iyul 2024-cü il tarixədək 2000 manat ödəyəcəyini, qalan məbləği hər ay ən azı 400 manat ödəyərək qəbzi təqdim edəcəyini bildirmişdir. Masallı Rayon İcra və Probasiya şöbəsinin 30 oktyabr 2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdə olan qeyddən görünür ki, Cavabdeh 14 noyabr 2023-cü il tarixdə qərarı və bildirişi almışdır. Masallı Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, 8(050)-489/2023 saylı qərardadı ilə xx xxxxxx 1980-cı ildə anadan olmuş, Masallı şəhəri Seybətin küçəsi 60-da qeydiyyatda olan Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Masallı Rayon icra məmurunun təqdimatı təmin edilmişdir. Bundan başqa, Masallı Rayon İcra və Probasiya şöbəsinin 11 iyun 2024-cü il tarixli qərarı ilə borclu Cavabdeh barəsində axtarış elan edilmişdir. Beləliklə, cavabdeh özünün də iştirakı ilə elan edilmiç Masallı Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli qətnaməsini 08 sentyabr 2023-cü il tarixdə almış, qətnamə icraya yönəldilmiş, cavabdehin qətnamənin icraya yönəldilməsindən də məlumatı olmuş, o, qətnaməni hissə-hissə icra edəcəyini də yazılı qaydada xx.xx.2024-cü ildə bildirmişdir. Həmin vaxt, o, qətnamədən məlumatsız olduğunu bildirməmişdir. Qətnamədən şikayəti isə cavabdeh xx.xx.2024-cü il tarixdə vermiş, bununla da qnunla müəyyən edilmiş müddəti ötürmüşdür. Kollegiya müdətin ötürülməsinin üzrlü sayılması və bərpa edilməsi üçün konkret əsas tapmır və belə hesab edir ki, buraxılmış prosessual müddətin bərpasından imtina edilməsi, və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, şikayət təmin edlməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-c1 maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2(050)-2187/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar