Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-492/2025 20.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə tələbinə dair mülki iş üzrə (Açar sözlər: barışıq sazişinin təsdiq edilməsi) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X10 oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2(050)-4155/2024 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək 07 sentyabr 2023cü il tarixdə mediasiyada bağladıqları barışıq sazişinin təsdiq edilməsi və Maraqlı şəxs 6000 (altı min) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs onun qardaşıdır, qardaşı xeyir iş görəcəyini deyərək ondan borc pul istəmişdir. Qardaşı olduğunu nəzərə alaraq ona 6000 (altı min) manat borc vermişdir. Maraqlı şəxs pul aldığı vaxt qısa zamanda qaytaracağını bildirsə də, pulu qaytarmadı. Ona görə də, pulun verilməsini rəsmiləşdirməyi təklif etmişdir. Elxan Mediasiya qurumuna getmək və orada barışıq sazişi imzalamağa təklif etmiş, o, da razılaşmışdır. Birlikdə mediasiyaya getmişlər və orada 07 sentyabr 2023-cü ildə barışıq sazişi imzalamışlar. Sazişə əsasən cavabdeh Maraqlı şəxs ondan aldığı 6000 (altı min) manat pulu 6 (altı) ay ərzində hissə-hissə ödəməyi öhdəsini götürmüşdür. Lakin həmin vaxtdan 2 (iki) aydan çox vaxt keçsə də, Maraqlı şəxs ona bir qəpik belə ödəməmişdir. Ona görə də, məcbur qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Maraqlı şəxs məhkəməyə etiraz göndərərk bildimişdir ki, o, hal-hazırda Masallı rayonu, Qədirli kəndində yaşayır. X2 heç bir borcu olmamışdır, o, Qızqayıt Əzizovadan indiyə kimi borc pul almamışdır. Qızqayıt Əzizova yaşlı və xəstə adamdır, ondan heç vaxt borc almaq fikri olmamışdır. Mediasiya təşkilatında olan barışıq sazişinin mahiyyətini başa düşməmiş, elə bilmiş ki, bacısı ilə onun arasında barışıq etmək üçün bu müqavilə bağlanmışdır. Həqiqətən nəyə qol çəkməsini özüdə bilməmişdir. Orada yəni mediasiya təşkilatında barışıq sazişində pulla bağlı hər hansı bir fikir irəli sürülməsini bilsəydi dərhal barışıq sazişinin imzalanmasından imtina edərdi. O, elə bilmiş ki, onun və bacısı arasında münasibətləri yaxşılaşdırmaq üçün bu addım atılmışdır. Ona bacısı Ərizəçi tərəfindən mediasiyaya qədər təklifdə göndərilməmişdir. Əgər ona bacısı Qızqayıt Əzizova tərəfindən təklif gəlsəydi o, öz etirazını dərhal bildirərdi. Bundan əlavə bacısı Qızqayıt Əzizova ilə onun arasında mediasiya təşkilatında pulla bağlı söhbət olmamışdır. Qızqayıt Əzizova barışıq sazişini özü imzalamayıb ona ora gətirən şəxslərdən kimsə imza etdirmişdir. Ona görə də, barışıq sazişini mübahisələndirir və etibarsız olmasını istəyir. Əgər Ərizəçi ona təklif göndərsəydi bununla bağlı mediasiyaya ona məktubun göndərilməsi barədə poçt qəbzini mediatora təqdim edərdi. Ümumiyyətlə söhbət nədən getməsindən həqiqətən xəbəri olmamışdır. X3 arasında olan 07 sentyabr 2023-cü il tarixli barışıq sazişinin etibarsız hesab edilməsi barədə müvafiq məhkəmə aktını qəbul etməyi xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Masallı Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2(050)-4155/2024 saylı qətnaməsi ilə (hakim E.Hüseynov) ərizə təmin edilmiş, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 07 sentyabr 2023-cü il tarixli, MŞL/MT0 14/2023- 02125 nömrəli barışıq sazişinin “ikinci tərəf, yəni Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra Ərizəçi ödəməli olduğu 6000 (altı min) manat borc pulunu 6 ay ərzində hissə-hissə ödəyəcəyinə öhdəlik götürmüşdür.” məzmunda təsdiq edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 07 sentyabr 2023-cü il tarixli, MŞL/MT 014/2023-02125 nömrəli barışıq sazişindən müəyyən edilir ki, tərəflər arasındakı razılaşmaya əsasən ikinci tərəf, yəni Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra Ərizəçi ödəməli olduğu 6000 (altı min) manat borc pulunu 6 ay ərzində hissə-hissə ödəyəcəyinə öhdəlik götürmüşdür. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə hesab etmişdir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən ikinci tərəf, yəni Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra Ərizəçi ödəməli olduğu 6000 (altı min) manat borc pulunu 6 ay ərzində hissə-hissə ödəyəcəyinə öhdəlik götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində pul öhdəliyini könüllü icra etmədiyindən, eləcə də, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdıraraq hesab etmişdir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 07 sentyabr 2023-cü il tarixli, MŞL/MT 014/2023-02125 nömrəli barışıq sazişi aşağıda göstərilən hissədə, yəni: “ikinci tərəf, yəni Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra Ərizəçi ödəməli olduğu 6000 (altı min) manat borc pulunu 6 ay ərzində hissə-hissə ödəyəcəyinə öhdəlik götürmüşdür” hissəsində təsdiq edilməlidir. Məhkəmə Maraqlı şəxs 07 sentyabr 2023-cü il tarixli barışıq sazişinin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi ilə bağlı dəlilinə məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01/202 nömrəli, 23 fevral 2024-cü il tarixli qərardadında qeyd olunmuş mövqeni nəzərə almaqla qeyd etmişdir ki, hazırda barışıq sazişini təsdiqlənməsi barışıq razılaşmasının etibarlı olub-olmamasına qiymət verilməsi hesab edilmir və maraqlı şəxsin barışıq sazişinin etibarsız hesab edilməsi barədə iddia tələbinə ümumi qaydada baxıla bilər. Barışıq sazişinin tamamlanması prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 739.1 maddəsi, “Mediasiya haqqında” Qanunun 34.1, 34.2, 34.3-cü maddələri, Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 01/202 nömrəli, 23 fevral 2024-cü il tarixli qərardadının 44, 47, 49-cü bəndi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17, 355-23.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(050)-4155/2024 saylı qətnaməsi qanunsuz və ədalətsizdir. iddiaçı onun bacısıdır və onun 85 yaşı vardır. O hərəkətlərini idarə edə bilmir, mediator iddiaçının fəaliyyət qabiliyyətini yoxlamadan barışıq sazişi bağlamışdır. Həmin barışıq sazişinin etibarsızlığı barədə məhkəməyə müraciət etmişdir. Onun Qızqayıda borcum yoxdur. Qəbzdə 6000 manat səhvən yazılmışdır, əvvəlcə 600 manat yazılmış, sonra 6000 manat, təzadlı məqamlar vardır. xx.xx.2023-cü il tarixdə arvadı X4 iddiaçının borcunu qaytarmışdır. Bu zaman şahidlər Əmənulla Teymurov və Töhfə Əzizovda orada olmuşdur. Hakim həmin halları araşdırmamışdır. Ona görə də Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(050)-4155/2024 saylı qətnaməsi ləğv olunmalı və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə tərkibinin iclasında iştirak edən iddiaçı Ərizəçi izahat verərək bildirmişdir ki, apellyasiya şikayəti əsassızdır. Cavabdeh ondan 6000 manat məbləğində borc almış və uzun müddətdir ki, borcunu qaytarmamışdır. Odur ki, apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizələrlə ilə müraciət edərək iş üzrə icraatın dayandırılması və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, məhkəmə iclasının təxirə salınması və dayandırılması üçün əsaslar mövcud deyil. Eyni zamanda, maraqlı şəxs barışıq sazişinin etibarsızlığı barədə Masallı Rayon Məhkəməsində iddia qaldırdığını bildirsə də, həmin işin icraata götürülməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mediasiya Haqqında Azərbaycan Respublikası Qanunu: Mediasiya Haqqında Azərbaycan Respublikası Qanunun 1.0-cı maddəsinə əsasən bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. mediasiya – mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan proses; ... 1.0.7. barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşma; ... Həmin Qanunun 4.1-ci maddəsinə əsasən mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Həmin Qanunun 4.2-ci maddəsinə əsasən Mediasiya aşağıdakı prinsiplər əsasında həyata keçirilir: 4.2.1. könüllülük; 4.2.2. tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı; 4.2.3. mediatorların qərəzsizliyi və müstəqilliyi; 4.2.4. mediasiya prosesinə müdaxilənin yolverilməzliyi; 4.2.5. konfidensiallıq. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində müqavilənin tarixi və tərtib olunduğu yer; tərəflər haqqında məlumat; mübahisənin predmeti; mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər göstərilir. Həmin Qanunun 33.2-ci maddəsinə əsasən barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. Həmin Qanunun 32.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-ci maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-ci maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Həmin Qanunun 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəvə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: Həmin Məcəllənin 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; Həmin Məcəllənin 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Masallı Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2(050)-4155/2024 saylı qətnaməsinin ləğv edilərək ərizənin təmin edilməməsinə dair yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı məhkəmə tərkibi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə tərkibi prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Masallı Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2(050)-4155/2024 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayəti həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi və prosesual hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Masallı Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2(050)-4155/2024 saylı qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, ilk olaraq iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “ pul” tələbinə dair iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, 6000 manat və dövlət rüsumuna görə ödənilmiş 80 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(050)-1275/2024 saylı qətnaməsi ilə iddia təmin olunaraq, 6000 manat pulun və 80 manat ödənilmiş dövlət rüsumunun cavabdeh Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməsi qət edilmişdir. İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “ pul” tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(050)-1275/2024 saylı qətnaməsindən cavabdehdən tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)- 1788/2024 saylı qərardadı ilə cavabdeh Maraqlı şəxs apellyasiya şikayəti qismən təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 2(050)-1275/2024 saylı qətnaməsi ləğv edilmiş və iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı “ pul” tələbinə dair iddiası üzrə işin icraatına barışıq sazişinin mövcud olması əsası ilə xitam verilməsi qərara alınmışdır. Tərlər arasında bağlanmış barışıq sazişinə əsasən ikinci tərəf, yəni Maraqlı şəxs bu sazişi imzaladıqdan sonra Ərizəçi ödəməli olduğu 6000 (altı min) manat borc pulunu 6 ay ərzində hissə-hissə ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Ancaq Maraqlı şəxs bu barışıq sazişi üzrə özərinə götürdüyü öhtəliyi yerinə yetirməmişdir. Ərizəçi tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmiş, Masallı Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2(050)-4155/2024 saylı qətnaməsi ilə barışıq sazişinin təsdiq edilməsi qət edilmişdir. Şikayətin ilk dəlili ondan ibarətdir ki, iddiaçı onun bacısıdır və onun 85 yaşı vardır. O hərəkətlərini idarə edə bilmir, mediator iddiaçının fəaliyyət qabiliyyətini yoxlamadan barışıq sazişi bağlamışdır. Məhkəmə tərkibi hesab edir ki, şikayət əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən fiziki şəxs heç bir halda hüquq qabiliyyətindən məhrum edilə bilməz. Fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti yalnız qanunla müəyyənləşdirilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər. Məhkəmə tərkibi qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Apellyator isə ərizəçi olan bacısının öz hərəkətlərini idarə edə bilməməsi və onun fəaliyyət qabiliyyətinin olmaması ilə bağlı hər hansı bir sübut məhkəmələrə təqdim etməmişdir. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, qəbzdə 6000 manat səhvən yazılmışdır, əvvəlcə 600 manat yazılmış, sonra 6000 manat, təzadlı məqamlar vardır. xx.xx.2023-cü il tarixdə arvadı X4 iddiaçının borcunu qaytarmışdır. Məhkəmə tərkibi şikayətin bu dəlili ilə bağlı qeyd edir ki, hal-hazırda mübahisə predmeti qəbzdə yazılmış məbləğin doğruluğu deyil, barışıq sazişinin təsdiq edilməsidir. Mediasiya prosesində tərəflərin arasında bağlanan barışıq sazişi tərəflərin mübahisəli pul münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Həmin saziş tərəflər arasında pul borcunun ödənilməsi ilə bağlı mübahisəli vəziyyətin aradan qaldırılması, onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədilə könüllülük, tərəflərin hüquq bərabərliyi və əməkdaşlığı sayəsində meydana gəlmişdir. Müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Başqa sözlə, şəxslər ifadə etdikləri iradələri ilə özlərinin mülki hüquq və vəzifələrini əmələ gətirir, dəyişdirir və ya xitam edirlər. İradə bəyanı şifahi, sadə yazılı və ya rəsmi (notarial) formada, birtərəfli və ya müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər, məsələn, vəsiyyətnamə, etibarnamə, müqavilə və s. (Mülki Məcəllə, maddə 324.1, 324.2, 389.1, 406). “Mediasiya haqqında” Qanuna əsasən barışıq sazişi, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin müddət ərzində barışıq sazişi tərəflərdən hər hansı biri tərəfindən könüllü olaraq icra edilmədiyi və ya sazişin könüllü icrasından imtina edildiyi halda, digər tərəf barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər. Əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan Mülki Prosessual Məcəlləsinin yuxarıda qeyd edilən normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Belə ki, məhkəmə önündə barışıq, prosessual icraat olduğundan onun təsdiqlənməsi də prosessual hüquqa tabedir. Bu səbəbdən məhkəmə barışığı təsdiqlədiyi anda onun görünən qanuni tələblərə uyğun olub-olmadığını (subyekt tərkibinə aid şərtləri – fiziki və ya hüquqi şəxsin mövcud olmasını, fəaliyyət qabiliyyətini, sazişi imzalayan təmsilçinin səlahiyyətlərini, razılaşmanın tərəflərin ifadə etdikləri iradələrini əks etdirməsini, sazişin şəxsiyyətin hüquqlarına, məcburi hüquq normalarına, ictimai qaydaya və ya əxlaqa zidd olmamasını, yaxud hansısa şərtin etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin bir tərəfinə zərər vurub-vurmadığını və s.) yoxlayır. Əgər məhkəmə barışığın bu şərtlərə uyğun olduğu qənaətinə gələrsə, onu təsdiqləyir, əks halda təsdiqdən imtina edir. Hazırkı halda isə barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün əsaslar müəyyən edilmir. Ona görə də məhkəmə tərkibi şikayətin dəlillərini əsassız hesab edir. Həmçinin məhkəmə tərkibi qeyd etməyi lazım bilir ki, 19 dekabr 2024-cü il tarixdə birinci instansiya məhkəməsinə Maraqlı şəxs tərəfindən vəsatət daxil olmuşdur. Vəsatətdə Maraqlı şəxs bildirmişdir ki, X2 heç bir borcu olmamışdır, o, Qızqayıt Əzizovadan indiyə kimi borc pul almamışdır. Mediasiya təşkilatında olan barışıq sazişinin mahiyyətini başa düşməmiş, elə bilmiş ki, bacısı ilə onun arasında barışıq etmək üçün bu müqavilə bağlanmışdır. Həqiqətən nəyə qol çəkməsini özüdə bilməmişdir. Orada yəni mediasiya təşkilatında barışıq sazişində pulla bağlı hər hansı bir fikir irəli sürülməsini bilsəydi dərhal barışıq sazişinin imzalanmasından imtina edərdi. Göründüyü kimi maraqlı şəxsin apellyasiya şikayəti və təqdim etdiyi vəsatət bir-birini təkzib edir. Belə ki, maraqlı şəxs vəsatətdə barışıq sazişində pulla bağlı hər hansı bir fikir irəli sürüldüyünü bilmədiyini bildirmiş, ərizəçi Qızqayıt Əzizovadan indiyə kimi heç vaxt borc pul almadığını bildirmişdir. Lakin apellyasiya şikayətində qəbzdə yazılmış məbləğin doğruluğunu mübahisələndirmişdir. Eyni zamanda Mülki Məcəllənin 9.3-cü maddəsinə əsasən Qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. Nəhkəmə tərkibinin qənaətinə görə şikayətin dəlilləri əsassızdır. Bundan başqa apellyator xx.xx.2023-cü il tarixdə arvadı X1 ərizəçinin borcunu qaytardığını bildirmiş, ancaq arvadı X1 ərizəçinin borcunu qaytarması ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir. Şikayətin şahidlərin birinci instansiya məhkəməsi tərəfindən dindirilməməsi barədə dəlilini əsassız sayan məhkəmə tərkibi qeyd edir ki, iş materiallarında apellyatorun həmin şahidlərin dindirilməsi ilə bağlı vəsatət verməsi müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;
2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. (L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı). Ona görə də məhkəmə tərkibi hesab edir ki, şikayətin bu dəlili də əsassızdır. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Məhkəmə tərkibinin qənaətinə görə ərizənin təmin edilməməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə, məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni prosesual hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, maddi və prosessual hüquq normalarının düzgün tətbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Masallı Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2(050)-4155/2024 saylı qətnaməsi Maraqlı şəxs apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi:
Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 2(050)-4155/2024 saylı qətnaməsi Maraqlı şəxs apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, iddiaçının tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.