Məhkəmə qərarları › İş №2(106)-501/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-501/2025

27.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-501/2025 27.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, İddiaçı İmişli rayonunun Muradalılı Bələdiyyəsinin Cavabdeh Əlağa oğluna qarşı müqavilənin ləğv edilməsi və cavabdehin torpaq sahəsindən çıxarılması tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2(036)-50/2024 saylı qətnaməsindən Cavabdeh Əlağa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanmış torpağın icarəyə verilməsi haqqında xx.xx.2011-ci il tarixli müqavilənin ləğv edilməsi, cavabdehin iddiaçıya məxsus 5 hektar torpaq sahəsindən çıxarılması və cavabdehdən borclu olduğu 950 manat məbləğində icarə haqqının alınıb iddiaçının hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizəylə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında olan icarə müqaviləsinin ləğv edilməsi və cavabdehin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2(036)-50/2024 saylı qətnaməsi ilə (hakim Z.Pirverdiyev) iddia təmin edilmiş, iddiaçı İmişli rayonunun Muradalılı Bələdiyyəsi ilə Cavabdeh Əlağa oğlu arasında bağlanmış xx.xx.2011-ci il tarixli Torpağın icarəyə verilməsi haqqında müqavilənin ləğv edilməsi və Cavabdeh Əlağa oğlunun iddiaçı İmişli rayonunun Muradalılı Bələdiyyəsinə məxsus torpaq sahəsindən çıxarılması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh Əlağa oğlu apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya məxsus 5 hektar torpaq sahəsindən qanunsuz istifadə edir, torpaq sahəsinin bir hissəsinin təyinatını dəyişdirib otlaq sahəsi əvəzinə əkin sahəsi kimi istifadə edir və torpaq icarə haqqını ödəməkdən boyun qaçırır. Muradalılı bələdiyyəsinin keçmiş sədri mərhum Çingiz Quliyev qeyri-qanuni olaraq Cavabdeh Əlağa oğluna torpağın icarəyə verilməsi haqqında xx.xx.2011-ci il tarixli müqaviləni özündən əvvəlki bələdiyyə sədri İmamverdi Əsədovun adı ilə tərtib edib 4 ha torpaq sahəsini 20 il müddətinə icarəyə vermişdir. Cavabdeh həmin örüş sahəsinin təyinatını dəyişdirib qanunsuz olaraq 2 hektarını şumlayıb yonca əkmişdir. Bundan əlavə, cavabdeh 2020-2023-cü ilin yanvar ayına kimi 950 manat icarə haqqını bələdiyyəyə ödəməmişdir və ödəməkdən boyun qaçırır. xx.xx.2023-cü il tarixdə akt tərtib etmişdir ki, Cavabdeh bələdiyyənin 5 hektar torpaq sahəsini zəbt etmiş, 2 hektarını şumlayıb yonca əkin işləri aparmışdır. xx.xx.2023-cü il tarixə 950 manat icarə haqqı borcu qalmışdır. Cavabdehin müqaviləsinin dövlət qeydiyyatı da yoxdur. Bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bələdiyyə torpaqları üzərində hüquqi və fiziki şəxslərin icarə hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada (torpaq sahəsi üzərində müddəti 11 aydan çox olan icarə hüququ) Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində dövlət qeydiyyatına alınır. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız təyinatı üzrə istifadə olunmaq şərtilə, eləcə də qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Qanunun bu tələblərinə də əməl edilməmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, o, sözügedən qətnamə ilə razı deyil. Məhkəmə işi düzgün araşdırmamış qanunsuz qətnamə qəbul etmişdir. Bildirmişdir ki, xx.xx.2011-ci il tarixində onunla iddiaçı arasında bağlanmış icarə müqaviləsinə əsasən heyvandarlığın inkişafı üçün iddiaçıya məxsus 4 ha torpaq sahəsini 20 il müddətinə icarəyə götürmüşdür. Həmin torpaq sahəsindən indiyədək təyinatı üzrə istifadə etmiş və icarə haqqında ödəmişdir. xx.xx.2023-cü il tarixində Hərracların təşkili mərkəzi PHŞ Beyləqan ərazi torpaq müsabiqə və hərrac komissiyası tərəfindən həmin torpaq sahəsi hərraca çıxarılmış və hərracın qalibi o olduğu üçün torpaq sahəsi ona verilmişdir. Lakin hərracdan sonra iddiaçı onunla həmin torpaq sahəsinə görə müqavilə bağlamamış və o məcbur qalıb poçt vasitəsi ilə rəsmi olaraq 21 iyun 2023-cü il tarixində iddiaçıya müracət etmişdir ki, onunla hərracdan sonra müqavilə bağlasın, lakin iddiaçı qanunsuz olaraq onunla müqavilə bağlamamışdır. Hazırda məhkəmə işi düzgün araşdırmadığı üçün qətnamə qəbul edərək düzgün nəticəyə gəlməmişdir. Ona görə də İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(036)-50/2024 saylı qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. PROSESSUAL MƏSƏLƏLƏR: Cavabdeh Mustafayev X1 Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2(036)- 50/2024 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İmişli rayonunun Muradalılı Bələdiyyəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbi barədə heç bir məlumat verməmişdir. Cavabdeh Əlağa oğlu isə məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə tərkibi Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 1 noyabr 2013-cü il tarixli qərarında apellyasiya instansiya məhkəməsinin səlahiyyətləri ilə əlaqədar qeyd etmişdir ki, Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır (MPM-in 372.1-ci maddəsi). Göstərilən normanın mənasına görə apellyasiya instansiyası məhkəməsi tərəflərin tələb və etirazlarına hüquqi qiymət verir, onların hüquq və vəzifələrini müəyyənləşdirir, işə faktlar üzrə araşdırma aparmaqla baxır. Bunun üçün apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinə təqdim olunmuş sübutlardan, həmçinin MPM-in 371-ci maddəsində müəyyən olunmuş qaydada ona təqdim olunmuş yeni sübutlardan istifadə edir. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini iddiaçı tərəfindən təqdim edilmiş sübutların iddianın təmin olunması üçün kifayət etməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh Əlağa oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi nəticənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğunluğu yoxlanılarkən müəyyən etmişdir ki, hazırkı iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilərkən prosessual hüquq norması pozulmuş, nəticədə prosessual hüquq normasını pozmaqla qətnamə qəbul etmişdir. Məhkəmə tərkibi gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntular izah olunmalıdır. İddiaçı İmişli rayonunun Muradalılı Bələdiyyəsinin Cavabdeh Əlağa oğluna qarşı iddia tələbində qeyd etmişdir ki, cavabdeh iddiaçıya məxsus 5 hektar torpaq sahəsindən qanunsuz istifadə edir, torpaq sahəsinin bir hissəsinin təyinatını dəyişdirib otlaq sahəsi əvəzinə əkin sahəsi kimi istifadə edir və torpaq icarə haqqını ödəməkdən boyun qaçırır. Muradalılı bələdiyyəsinin keçmiş sədri mərhum Çingiz Quliyev qeyri-qanuni olaraq Cavabdeh Əlağa oğluna torpağın icarəyə verilməsi haqqında xx.xx.2011-ci il tarixli müqaviləni özündən əvvəlki bələdiyyə sədri İmamverdi Əsədovun adı ilə tərtib edib 4 ha torpaq sahəsini 20 il müddətinə icarəyə vermişdir. Cavabdeh həmin örüş sahəsinin təyinatını dəyişdirib qanunsuz olaraq 2 hektarını şumlayıb yonca əkmişdir. Bundan əlavə, cavabdeh 2020-2023-cü ilin yanvar ayına kimi 950 manat icarə haqqını bələdiyyəyə ödəməmişdir və ödəməkdən boyun qaçırır. xx.xx.2023-cü il tarixdə akt tərtib etmişdir ki, Cavabdeh bələdiyyənin 5 hektar torpaq sahəsini zəbt etmiş, 2 hektarını şumlayıb yonca əkin işləri aparmışdır. xx.xx.2023-cü il tarixə 950 manat icarə haqqı borcu qalmışdır. Cavabdehin müqaviləsinin dövlət qeydiyyatı da yoxdur. Bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bələdiyyə torpaqları üzərində hüquqi və fiziki şəxslərin icarə hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada (torpaq sahəsi üzərində müddəti 11 aydan çox olan icarə hüququ) Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində dövlət qeydiyyatına alınır. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız təyinatı üzrə istifadə olunmaq şərtilə, eləcə də qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. Qanunun bu tələblərinə də əməl edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasınınh 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsi). Konstitusiya Məhkəməsi Plenumunun “Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə 24 dekabr 2019-cu il tarixli qərarında göstərmişdir ki, məhkəmə müdafiəsi ilə bağlı konstitusiya təminatı hüquq və azadlıqların müdafiə sisteminin əsasını təşkil etməklə Konstitusiyada öz əksini tapmış digər hüquq və azadlıqların səmərəli müdafiəsinin təmin edilməsi məqsədini daşıyır. Məhkəmə müdafiəsi ən mühüm müdafiə mexanizmi olmaqla, hər kəsin hüquq və azadlıqları ilə bağlı yaranmış istənilən mübahisənin məhkəmədə həll olunmasını əhatə edir. Bu baxımdan, məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi isə qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması ilə həyata keçirilir. Məhkəmə tərkibi qeyd edir ki, hər bir fiziki və ya hüquqi şəxs öz hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsinin təmin edilməsindən ötrü məhkəməyə müraciət etməsi onun konstitusion hüququdur. Bu hüququn realizə edilməsindən ötrü məhkəməyə müraciət edilərkən prosessual qanunvericiliklə müəyyən edilmiş iddia ərizəsinin forma və məzmununa riayət edilməklə məhkəməyə müraciət edilməli, əgər iddia ərizəsi prosessual qanunvericiliyin tələblərinə uyğundursa (iddia ərizəsi prosessual qanunvericiliyin tələblərinə uyğun olmalı, o cümlədən səlahiyyətli şəxs tərəfindən imzanmalı) icraata qəbul edilərək məhkəmə baxışına təyin edilməlidir. Bununla da şəxsin məhkəmə müdafiəsi hüququ başlanmış olur. Hazırkı tələbdən göründüyü kimi iddia ərizəsi iddiaçı İmişli rayonunun Muradalılı Bələdiyyəsinin sədri R.Əliyev tərəfindən imzalanmaqla icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin boşaldılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 142-ci maddəsinin İ hissəsinə görə yerli özünüidarəni bələdiyyələr həyata keçirir. Bələdiyyələr seçkilər əsasında yaradılır. Bələdiyyələrin statusunun əsasları bu Konstitusiya ilə, bələdiyyələrə seçkilərin qaydaları isə qanunla müəyyən edilir. Konstitusiyanın 143-cü maddəsinin İ hissəsinə görə bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir. Konstitusiyanın 144-cü maddəsinin İ hissəsinin 6-ci bəndinə görə bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam bələdiyyələrin iclaslarında həll edilir. Konstitusiyanın 145-ci maddəsinin İ və İİ hissələrinə görə Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.2-ci maddəsinə əsasən istifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinin 4-cü bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında” 4-cü hissəsində göstərilmişdir ki, Bələdiyyənin iclası bələdiyyə üzvlərinin ümumi yığıncağıdır. Bələdiyyə iclaslarında bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam məsələsi həll edilir. Qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilindən görünür ki, Bələdiyyə kollegial orqan olmaqla bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə sərəncam, ondan sahiblik və istifadə ilə bağlı məsələlər bələdiyyə üzvlərinin ümumi yığıncağında müzakirə edildikdən sonra qəbul edilmiş qərar ilə həll olunur. Bələdiyyə torpaq sahəsi üzərində istifadə hüququnun realizəsinin, yəni bərpa edilməklə, digər şəxslərin də istifadəsini təmin edilməklə, bələdiyyənin həmin torpaq sahəsi üzərində sahiblik və istifadə hüququnun təmin edilməsi məqsədi ilə məhkəməyə müraciət etməsinin təmin edilməsindən ötrü bu məsələ bələdiyyə üzvlərinin yığıncağında müzakirə edilməli, qəbul edilmiş qərara uyğun olaraq məhkəməyə müraciət etməli idi. Göründüyü kimi bələdiyyə sədrinin bələdiyyənin təmsil etmək səlahiyyəti yoxdur. Belə olan halda İmişli rayonunun Muradalılı Bələdiyyəsinin sədri R.Əliyev məhkəməyə müraciət etmədən öncə, İmişli rayonunun Muradalılı Bələdiyyəsinin ümüumi yığıncağının qərarı ilə səlahiyyət almalı daha sonra isə bələdiyyə mülkiyyətində olan torpaqlar üzərində sahiblik, istifadə və sərancam vermək hüquqnun başqa şəxslər tərəfindən hazırkı iddia üzrə Cavabdeh tərəfindən pozulmasının qarşısının alınması üçün məhkəmədə iddia qaldıra bilərdi. Lakin İmişli rayonunun Muradalılı Bələdiyyəsinin sədri R.Əliyev bələdiyyə üzvlərinin ümumi yığıncağında torpaq sahəsi üzərində bələdiyyənin sahiblik və istifadə hüququnun bərpasından ötrü məhkəməyə müraciət edilməsinə dair qərar qəbul edilmədən, yəni ona belə bir səlahiyyət verilmədən birbaşa məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, hazırki iddiada İmişli rayonunun Muradalılı Bələdiyyəsinin sədri tərəfindən qaldırılmış, lakin bu müraciət İmişli rayonunun Muradalılı Bələdiyyəsinin ümumi yığıncağında müzakirəyə çıxarılmamış və bələdiyyə tərəfindən məhkəməyə müraciət edilməsindən ötrü bələdiyyə sədrinə belə bir səlahiyyət verilməmişdir. Halbuki bələdiyyə torpaqlarının sahiblik, istifadəsi və onun barəsində sərəncam verilməsinə dair məsələlər bələdiyyə üzvlərinin ümumi yığıncağında qəbul edilmiş qərarlara əsasən həll edilir ki, bu da həmin məsələlər üzrə bələdiyyə üzvlərinin ümumi yığıncağının keçirilməsini və iclasın nəticəsində bələdiyyə sədrinə müvafiq məsələlərin həll edilməsindən ötrü ona səlahiyyət verilməsini zəruri edir. Əks halda bu bələdiyyə sədrinin qanunsuz hərəkətlərin edilməsinə rəvac verilməsinə şərait yaratmaqla yanaşı hüquqda nihilizmin yaranmasına da səbəb olar. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 saylı, 31 mart 2011-ci il tarixli qərarının 1-ci bəndinsə qeyd edilmişdir ki, məhkəməyə daxil olan ərizə Azərbaycan Respublikası MPM-nin 153.1-ci maddəsinə əsasən hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. Ərizə hakimin icraatına verildikdən sonra iş üzrə materiallar Azərbaycan Respublikası MPM-nin 149-153-cü maddələrinin tələblərinə müvafiq olaraq məhkəmə baxışının hazırlıq mərhələsinə qədər öyrənilməlidir. Qeyd edilən qaydalara əməl edilməməsi gələcəkdə ərizənin baxılmamış saxlanılması və ya icraata xitam verilməsinə əsas yaradır. Mülki Prosessual Məcəllənin 259.0.3. ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini prosessual hüquq normalarının pozulması ilə icraata qəbul etmişdir. Beləliklə məhkəmə tərkibi qeyd olunanlara əsasən yekun olaraq hesab edir ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən verildiyindən İmişli Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2(036)-50/2024 saylı qətnaməsi ləğv edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İş üzrə qətnamənin ləğv edilməsi və iddia ərizəsinin baxılmamış saxlanılması iddiaçının yenidən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Mülki Prosessual Məcəllənin 260.4-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.4, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə tərkibi QƏRARA ALDİ: Cavabdeh Əlağa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2(036)-50/2024 saylı qətnaməsi ləğv edilsin. İddiaçı İmişli rayonunun Muradalılı Bələdiyyəsinin Cavabdeh Əlağa oğluna qarşı müqavilənin ləğv edilməsi və cavabdehin torpaq sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı İmişli rayonunun Muradalılı Bələdiyyəsinə izah edilir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan hal aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar