Məhkəmə qərarları › İş №2(106)-509/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-509/2025

05.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-509/2025 05.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Novruzova Aytən Nazim qızı (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi» tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Yardımlı Rayon Məhkəməsinin 2(038)-596/2024 saylı, 29 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: Yardımlı Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2(038)-596/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim Rəşad Məmmədov) iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Yardımlı Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2(038)-596/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyünü yoxlayan məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və onun qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 361.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir:

1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı;

2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti;

3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı;

4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi;

5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar;

6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar;

7. şikayətə əlavə edilən sənədlərin siyahısı. MPM-in oktyabrın 1-dən qüvvəyə minmiş 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublıkasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) və qaydada verilməlidir. Apellyasiya şikayətinin forması MPM-in 2 nömrəli Əlavəsində göstərilmişdir və apellyasiya şikayəti verilən zaman həmin formaya riayət edilməsi tələb olunur. Lakin iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti MPM ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına uyğun deyil. Belə ki, “Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər”, “Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər” və Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər ilə bağlı hissələrə apellyasiya şikayətində tələb olunan formada və məzmunda yer verilməmişdir. Bundan başqa, MPM-in 2 nömrəli Əlavəsində «İşin halları» olan 5-ci qrafaya iddiaçının özü tərəfindən tərtib edilmiş apellyasiya şikayətini köçürmə etmişdir. Apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə hazırkı iş üzrə verilsə də, elektron sənəd formasında deyil, şikayətdə olan qrafalar iddiaçı tərəfindən tərtib edilmişdir, ardıcıllığa əməl edilməmişdir, halbuki elektron məhkəmə informasiya sistemində apellyasiya şikayətinin elektron sənəd forması mövcuddur, tərəf həmin qrafaları ardıcllıqla doldurmalıdır. (Məsələn, MPM-in 2 nömrəli Əlavəsində “Apellyasiya şikayəti verən şəxsin tələbi” 12-ci qrafa olmasına baxmayaraq hazırkı apellyasiya şikayətində 9-cu qrafa olaraq göstərilmişdir) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının “ 15” iyul 2019-cu il tarixli “17- N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 3.1-5-ci bəndlərində əks edilmiş tələblərə əsasən: İnformasiya Sisteminin iştirakçıları və istifadəçiləri tərəfindən sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 noyabr tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 441-ci bəndində göstərilən tələblər nəzərə alınmaqla hazırlanır. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir. Sənədə onun göndərilməsi zamanı maddi sübut qismində təqdim edilən fotoşəkil, videoyazı, audioyazı və digər maddi daşıyıcılar qoşula bilməz. Bu maddi daşıyıcılar barədə məlumat “Elektron kabinet” vasitəsilə göndərilən sənədlərdə qeyd oluna bilər. Sənəd göndərilməzdən əvvəl İnformasiya Sisteminin istifadəçisi onun düzgün tərtib edildiyini (elektron imzanın, əsas və əlavə rekvizitlərin olmasını) və ünvanlanmasını yoxlayır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsi ilə müəyyən edilmiş hallarda İnformasiya Sistemi həmin sənədi İnformasiya Sisteminin istifadəçisi tərəfindən göndərilməmiş hesab edir. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamənin 3.6-ci bəndinə əsasən: Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.2-ci maddəsində nəzərdə tutulan “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. MPM-in 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin MPM-in tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmiş, bununla da mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Şərh edilənlərə əsasən və MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Yardımlı Rayon Məhkəməsinin 2(038)-596/2024 saylı, 29 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Yardımlı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə qanunla müəyyən edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar