Məhkəmə qərarları › İş №2(106)-510/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-510/2023

11.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-510/2023 11.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi, İddiaçının nümayəndəsi Heydərov Əli Paşa oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı avtomobilin geri qaytarılması tələbi dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli 2(057)-1482/2022 saylı qətnaməsindən İddiaçı oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək buraxılış ili 2011-ci il BAN nömrəsi KMHDH4AAE9CU318039, ** ZF *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” minik markalı avtomobilin ona qaytarılması və cavabdehin əməlində cinayət tərkibi olduğundan onun haqqında xüsusi qərardad çıxarılaraq prokurorluğa göndərilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli 2(057)-1482/2022 saylı qətnaməsi ilə (hakim Muradağa Qasımov) İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edilərək ** ZF *** dovlət qeydiyyat nişanlı “Hyundai Elentra” markalı avtomobilin Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh Salyan Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli 2(057)- 1482/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı iddiası onunla əsaslandırılmışdır ki, atası Heydərov Əli Paşa oğlu buraxılış ili 2011-ci il BAN nömrəsi KMHDH44AE9CU318039, ** ZF *** dövlət qeydiyyat nişanlı “Huindai Elantra” minik markalı avtomobil almışdır. Sonradan atası həmin avtomobili onun adına keçirmişdir. Daha sonra atası cavabdehlə tanış olmuşdur. Cavabdeh avtomobil təlimçisidir. Bir müddət sonra cavabdeh sözügedən avtomobilin təlim avtomobili üçün istifadə olunması ilə bağlı atasına təklif irəli sürmüş, atası ilə onun arasındakı şifahi razılaşmaya əsasən cavabdeh atasına hər ay 1000 manat məbləğdə pul vəsaiti verməsini öhdəsinə götürmüşdür. Şifahi razılaşma əsasında cavabdeh tərəfindən atasına 8 ay ərzində hər ay 1000 manat olmaqla, ümumilikdə 8000 manat məbləğdə pul ödənilmişdir. Daha sonra təlimçi olan cavabdeh tərəfindən ona məxsus olan avtomobil qəzaya uğramışdır. Qəza nəticəsində avtomobil bərbad hala gəlmişdir. Sonradan cavabdeh həmin avtomobilin onda qalması təklifini etmişdir. Yekunda atası ilə cavabdeh 20000 manata şifahi razılığa gəlmişlər. Hətta, qəza ilə əlaqədar olaraq sığorta şirkəti tərəfindən verilmiş 5000 manat məbləğdə pul vəsaitini də atası cavabdehə vermişdir. Sözügedən avtomobil onun adına olduğundan bununla bağlı tərəfindən cavabehə 20 avqust 2020-ci il tarixdə Bakı şəhəri 38 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 7E-2786 reyestr nömrəli etibarnamə verilmişdir. Bir gün təsadüfən onlara məxsus olan avtomobilin “turbo.az” internet səhifəsində satılması ilə bağlı elana rast gəlmişdir. Elanı görən kimi cavabdehlə razılaşdırılmış 20000 manat məbləğdə pul vəsaitinin ödənilməmiş qalan hissəsi ilə bağlı zəng etmişdir. Çünki aralarındakı şifahi razılaşmaya əsasən qiyməti əvvəlcədən razılaşdırılmış 20000 manat məbləğdə pul vəsaitindən cəmi 1650 manat (1000+250+400 manat) cavabdeh tərəfindən ödənilmişdir. Daha sonra öyrənmişlər ki, həmin avtomobil cavabeeh tərəfindən bir başqasına satılmışdır. Avtomobil satılsa da, cavabdeh tərəfindən pulun ödənilməsi ilə bağlı addım atılmadığı üçün məcbur qalıb etibarnaməni ləğv etmişdir. Hal-hazırda avtomobilin geri qaytarılmasını istəyir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh Babayeva Kürsüm Fəxrəddin qızının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun iştirakını təmin etməməklə və narazı olduğunu dinləmədən qanunvericiliyin tələbini pozmuş, həmçinin onun həmin avtomobilə görə bir ildən çox müddətdə hər ay 1000 manat, nağd 9000 manat, daha sonra isə kart vasitəsilə ödəməklə, ümumilikdə isə 16650 manat məbləğ ödənişlərinin olmasını nəzərə almamışdır. Məhkəmə maddi və prosessual hüquq normasım pozmaqla səhv hüquqi nəticəyə gəlmişdir. Halbuki, o, iddiaçıdan həmin avtomobili nisyə alqı-satqı müqaviləsi şərtlərinə uyğun olaraq aylıq ödənişlər (həm nağdsız bank köçürməsi həm də əlbəəl nağd) etmək yolu ilə əldə etmişdir. İddiaçı həmin məqamları məhkəmədən gizlətmişdir. Mübahisəli avtomobil hazırda üçüncü şəxsə satılmışdır. Cavabdeh Babayeva Kürsüm Fəxrəddin qızı apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Salyan Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli 2(057)-1482/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, mübahisəli “Huindai Elantra” minik markalı avtomobilini 20 avqust 2020-ci il tarixdə İddiaçı ona yalnız idarə etmək hüququnu nəzərdə tutan etibarnamə əsasında vermişdir. Aralarında olan şifahi razılaşmaya əsasən 17000 manat qarşılığında həmin avtomobil onun adına rəsmiləşəcəkdi. Ancaq o, hazırkı vaxta kimi iddiaçıya ümumilikdə 16500 manat ödəniş etmişdir. Avtomobil hazırda Coşqun adlı şəxsdədir. Belə ki, İddiaçı avtomobili ondan alaraq 2021-ci ildə Elşad adlı şəxsə satmış və sonuncu isə avtomobili sonda Coşquna satmışdır. İddiaçının nümayəndəsi Heydərov Əli Paşa oğlu apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu, ona görə də, apellyasiya şikayətinin təmin edilmədən, Salyan Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli 2(057)-1482/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. O, əlavə olaraq göstərmişdir ki, mübahisəli “Huindai Elantra” minik markalı avtomobilini 20 avqust 2020-ci il tarixdə oğlu İddiaçı cavabdeh Babayeva Kürsüm Fəxrəddin qızına yalnız idarə etmək hüququnu nəzərdə tutan etibarnamə əsasında vermişdir. Aralarında olan şifahi razılaşmaya əsasən 20000 manat qarşılığında həmin avtomobil cavabdehə veriləcəkdi. Amma ödənişi vaxtında ödəmədiyi üçün İddiaçı adıçəkilən avtomobili 2021-ci ilin oktyabr-noyabr aylarında cavabdeh Babayeva Kürsüm Fəxrəddin qızından alaraq Meylamov Elşad Mehman oğluna satmışdır. Elşad isə avtomobili qanunsuz olaraq Ləzgiyev Coşqun Feruz oğlu adlı şəxsə vermişdir. Buna görə də, həm Elşada, həm də Coşquna verilən etibarnamələr İddiaçı tərəfindən ləğv edilmişdir. Avtomobilin saxlanılması üçün polis orqanlarına müraciət edilmiş və onun saxlanılması üçün tədbirlər görülməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, iş üzrə Salyan Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli 2(057)-1482/2022 saylı qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Baş Dövlət Yol Polis İdarəsinin 09 avqust 2022-ci il tarixli məktubundan görünür ki, “Huindai Elantra” minik markalı **-ZF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 22 sentyabr 2020-ci il tarixdən İddiaçı adına qeydiyyatdadır. Həmin məktuba qoşmadan görünür ki, həmin avtomobil üzrə 04 noyabr 2021-ci il tarixdə Meylamov Elşad Mehman oğluna, 21 may 2022-ci il tarixdə isə Ləzgiyev Coşqun Feruz oğluna etibarnamə verilmişdir. İş materiallarında olan nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, İddiaçı tərəfindən cavabdeh Babayeva Kürsüm Fəxrəddin qızına 20 avqust 2020-ci il tarixində Bakı şəhəri 38 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təqdiq edilmiş 7E-2786 reyestr nömrəli etibarnamə verilmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 181.1, 181.2 və 181.4-cü maddələrinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Əşyanın verilməsi bunlardır: əşyanın əldə edənin birbaşa sahibliyinə verilməsi, əşyaya dolayı sahibliyin müqavilə üzrə verilməsi, bu zaman əvvəlki mülkiyyətçi birbaşa sahib kimi qala bilər; mülkiyyətçinin üçüncü şəxsdən sahibliyi tələb etmək hüququnu əldə edənə verməsi. Mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alğı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özgəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Əgər şəxs beş il fasiləsiz daşınar əşyaya öz mülkiyyəti kimi sahiblik etmişdirsə, o həmin əşyaya mülkiyyət hüququ əldə edir (əldə etmə müddəti). Əgər əldə edən əşyaya vicdansız sahiblik edirdisə və ya sonradan əşyanın ona məxsus olmamasını bilmişdirsə, daşınar əşyanın əldə edilməsi yolverilməzdir. MM-in 182.2-ci maddəsinin tələbinə görə daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğlurlanmışsa və ya iradəsinə zidd olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2007-ci il tarixli 546 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan əmlak növlərinin və onların qeydiyyatını aparan icra hakimiyyəti orqanlarının Siyahısı”nın 2-ci bəndinə görə hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kubsantimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün ipli, markalı, modelli mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində qeydiyyata alınır. Həmin Fərmanın 1 saylı əlavəsi olan “Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması qaydaları”nın 1.2-ci bəndinə görə, reyestrlərin tərtib edilməsi və aparılması hər bir növ daşınar əmlak, onun əmələ gəlməsi (istehsalı), həmin əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi), başqasına keçməsi və bu hüquqlara xitam verilməsi barəsində məlumatların reyestrlərə daxil edilməsindən, bu məlumatların təzələnməsindən və ya silinməsindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən nəqliyyat vasitəsi rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əmlakdır, bu səbəbdən həmin əmlakla bağlı alqı-satqı və həmin nəqliyyat vasitələri üzərində yaranmış mülkiyyət hüququ daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Ona görə də əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət olunması vacib şərtdir. MM-in 650-ci maddəsinin tələbinə görə rəsmi reyestrlərdə qeydə alınması tələb olunan daşınar əşyalara daşınmaz əşyaların alqı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. Məhkəmə iclasında müəyyən edilmiş işin mübahisəsiz faktiki hallarından görünür ki, İddiaçı ona məxsus ** ZF *** dovlət qeydiyyat nişanlı “Hyundai Elentra” markalı nəqliyyat vasitəsini 20 avqust 2020-ci il tarixli 7E-2786 saylı etibarnamə əsasında Cavabdeh idarə etmək məqsədilə vermişdir. Bunun müqabilində Cavabdeh avtomobilin dəyəri kimi razılaşdırılmış məbləğdə pulu iddiaçıya ödəməli idi. Cavabdeh avtomobilin dəyəri kimi razılaşdıqları məbləği ödəmədiyi halda, İddiaçı adıçəkilən avtomobili 2021-ci ilin oktyabrnoyabr aylarında cavabdeh Babayeva Kürsüm Fəxrəddin qızından alaraq Meylamov Elşad Mehman oğluna satmışdır. Elşad isə avtomobili Ləzgiyev Coşqun Feruz oğlu adlı şəxsə vermişdir ki, bu səbəbdən də, həm Elşada, həm də Coşquna verilən etibarnamələr İddiaçı tərəfindən ləğv edilmişdir. İddiaçı tərəfindən mübahisəli avtomobilin saxlanılması üçün polis orqanlarına müraciət edilmiş və onun saxlanılması üçün tədbirlərin görülməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası işin yuxarıda qeyd olunan faktiki hallarını nəzərə alaraq hesab edir, İddiaçı mübahisəli “Hyundai Elantra” markalı ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobilin qaytarılmasını tələb etsə də, mübahisə olunan avtomobilin Cavabdeh sahibliyində olmasına dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, əksinə həmin avtomobilin iddiaçı tərəfindən cavabdehdən alınaraq Meylamov Elşad Mehman oğluna satılması müəyyən edilmişdir. Buna görə də, birinci instansiya məhkəməsi hazırkı iddia tələbinin qanuni əsası kimi MM-in 157.2-ci maddəsinə (mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.) istinad edərkən həmin maddə üzerə bütün dispozisiya şərtlərini yoxlamamışdır. Belə ki, adıçəkilən maddə özündə üç şərti birləşdirir: iddiaçı əşyanın mülkiyyətçisi olmalıdır, cavabdeh əşyanın sahibi olmalıdır və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Ancaq avtomobil hazırkı iş üzrə Cavabdeh olmadığı iddiaçıya bəllidir və o, özü onu cavabdehdən alaraq Meylamov Elşad Mehman oğluna satmışdır. Bu hallar işin mübahisəsiz hallarıdır. Əşyanı – avtomobili əldə edən də məhz Meylamov Elşad Mehman oğludur ki, avtomobilin də onun sahibliyinə verilməsi tərəflərin izahatları və eləcə də, cavabdehdən sonra Meylamov Elşad Mehman oğluna etibarnamənin verilməsi ilə təsdiq edilir. Bununla da, hazırkı iddia tələbinin MM-in 157.2-ci maddəsi əsasında həll edilməsi mümkün deyildir və iddianın qanuni əsası mövcud deyildir. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Diqqətə çatdırılmalıdır ki, MPM-in 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Belə ki, kollegiya cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə əsasən diqqətə çatdırır ki, iddiaçı tərəfindən mübahisəli avtomobilin hazırda cavabdehin qanunsuz sahibliyində olması əsaslandırılmamış və sübuta yetirilməmiş, əksinə, məhkəmə proses zamanı avtomobilin iddiaçının razılığı ilə 2021-ci ilin oktyabr-noyabr aylarında cavabdehdən alınaraq Meylamov Elşad Mehman oğluna satılması iddiaçının nümayəndəsi və cavabdeh tərəfindən təsdiqlənmişdir. Bu baxımdan da, birinci instansiya məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmayaraq, işə əhəmiyyəti olan yeni halların aydınlaşdırılması və ya əlavə sübutların tədqiq edilməsi barədə hər hansı tədbir görməmişdir. Halbuki, MPM-in 14.1-ci maddəsinin tələbinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Beləcə, iş üzrə müəyyən edilmiş hallardan aşkar görünür ki, İddiaçı Cavabdeh qarşı buraxılış ili 2011-ci il BAN nömrəsi KMHDH4AAE9CU318039, ** ZF *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” minik markalı avtomobilin ona qaytarılması tələbi hər hansı qanuni əsasa söykənmir və buna görə də, həmin iddianın təmin olunması mümkün deyildir. Eyni zamanda, hazırkı iddia tələbində göstərilən Cavabdeh əməlində cinayət tərkibi olması və buna görə də, onun haqqında xüsusi qərardad çıxarılaraq prokurorluğa göndərilməsi də iş üzrə təsdiqini tapmamışdır. Hətta, bu hal iddia tələbində xahiş edilməsə də, MPM-in 265.4-cü maddəsinə uyğun olaraq məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üçün həra hansı hüquqi əsas müəyyən edilməmişdir. Beləliklə, kollegiya hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Salyan Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli 2(057)- 1482/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı buraxılış ili 2011-ci il BAN nömrəsi KMHDH4AAE9CU318039, ** ZF *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” minik markalı avtomobilin ona qaytarılması və Cavabdeh əməlində cinayət tərkibi olduğundan onun haqqında xüsusi qərardad çıxarılaraq prokurorluğa göndərilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Habelə, MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 135.2, 217.2, 217.4, 372, 376.2, 384.0.1, 385.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Salyan Rayon Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli 2(057)-1482/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı buraxılış ili 2011-ci il BAN nömrəsi KMHDH4AAE9CU318039, ** ZF *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” minik markalı avtomobilin ona qaytarılması və Cavabdeh əməlində cinayət tərkibi olduğundan onun haqqında xüsusi qərardad çıxarılaraq prokurorluğa göndərilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar