Məhkəmə qərarları › İş №2(106)-521/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-521/2025

14.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-521/2025 14.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, katib Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(056)-1156/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İşin halları İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh “1000 manat borclu olduğu Soltan adlı şəxsin onu öz evində hədələyərək borcun əvəzində 10.000 manat qaytarmalı olduğu barədə” müraciətində göstərilən xüsusatlarda cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Mülki işə əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/1084 saylı məhkəmə-xəttşünaslıq ekspertizası rəyindən görünür ki, Cavabdeh Məhəmmədəli qızının adından olan xx.xx.2023-cü il tarixli borc qəbzinin əlyazma mətni və “İmza” sözünün qarşısındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı - Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc verilmiş 10000 manat pul vəsaitinin, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi 120 manat və ödənilmiş hüquqi yardım xərcinin əvəzi 300 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Sabirabad rayonu Xankeçən kənd sakini Cavabdeh (qeyd: qəbzdə cavabdeh özü adını kiril əlifbası ilə Səlyan rayon sakini X1 yazmışdır) özünün yaşadığı evində 10000 (on min) manat məbləğində borc pul vermişdir. Cavabdeh həmin borc aldığı pulu 2 (iki) ay müddətinə qaytaracağı barədə İddiaçı 11 oktyabr 2023-cü il tarixində yazılı şəkildə qəbz də vermişdir. Lakin Cavabdeh götürdüyü borc pulu vaxtında qaytarmamış və bunu müxtəlif bəhanələrlə əsaslandırmağa çalışmışdır. Bildirirdi ki, pulu yeznəsinin işi üçün götürür və cavabdeh ona olan borc pulu 2 ay müddətinə ödəyəcəyi barədə söz vermişdir. Lakin həmin pulu ödəyə bilməmişdir. Yeznəsi ona pul verməlidir ki, oda götürdüyü borcu qaytarsın. Yeznəsi cavabdehə pul vermədiyi üçün borcu qaytara bilmir. O, Cavabdeh məhkəməyə müraciət edənədək vaxt versə də, ona dəfələrlə pulu qaytarmasını bildirsə də, o, müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan yayınmışdır. Cavabdeh borcunu könüllü qaytarmaq istəmədiyi üçün, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən etiraf edərək izahatında bildirmişdir ki, onun İddiaçı ilə borc münasibəti olmamışdır. O, iddiaçının anası X3 cəmi 2000 manat borc pul almışdır. Sonradan borcundan 1000 manat qaytarmış, qalan 1000 manatı isə 15% ilə qaytarmağı barədə aralarında razılıq olmuşdur. 8 ay gecikməsi olmuş, daha sonra iddiaçının anası onu öz evinə çağıraraq məcburi olaraq qəbz yazdırmışdır. Qəbzi hədə qorxu altında yazmışdır. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(056)-1156/2024 saylı qətnaməsi ilə (hakim Nurəddin Bağırov) iddia təmin edilmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1, 740, 385, 739.1, 442, 448.1, 430-cu, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 220.5, 107, 115.0.6, 121.1,119.1-ci maddələrinə istinad etmiş və qeyd etmişdir ki, Cavabdeh iddiaçıdan aldığı 10000 manat borc vəsaitini vaxtında və lazımı qaydada qaytarmamış və bununla da iddiaçı ilə bağladığı yazılı borc müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliyi icra etməmişdir. Ona görə də, Cavabdeh 10000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh iddiaya etirazının əsası kimi göstərdiyi “onu evində hədələyərək 1000 manat borcun əvəzində məcbur edib 10.000 manat borcunun mövcudluğuna dair qəbzi imzalatdırmaq” halların təsdiqinə dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin həmin xüsusatlar xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla da təsdiq edilməmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(056)-1156/2024 saylı qərardadı ilə, iddiaçının nümayəndəsi Vəkil1 ərizəsinin təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(056)-1156/2024 saylı qətnaməsinə düzəliş edilməsi və qətnamənin bütün mətni üzrə “şifahi borc müqaviləsi” sözləri “yazılı borc müqaviləsi” sözləri ilə əvəz edilməsi, həmçinin qətnamənin ikinci səhifəsinin doqquzuncu abzasında isə “şifahi formada bağlanmış borc müqaviləsindən” sözləri “yazılı formada bağlanmış borc müqaviləsindən” sözləri ilə əvəz edilməsi qərara alınmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmiş, apellyasiya şikayətində qeyd etmişdir ki, cavabdehlə İddiaçı arasında heç vaxt borc münasibətləri olmamışdır. O, bir neçə il əvvəl iddiaçının anası X3 faizlə 2000 manat pul borc almışdır. Həmin puldan 1000 manat məbləğində pulu Sultan Nəsibova qaytarmışdır. Digər 1000 manata görə isə hər ay 150 manat faiz qaytarmışdır. Son 8 ayda faizləri qaytara bilmədiyi üçün 2023-cü ilin oktyabr ayının 4-də Sultan Nəsibova onun yaşadığı evə çağıraraq ona hədə-qorxu gəlmiş və ona məcburi şəkildə həm ona, həm də qızı İddiaçı 10.000 (onmin) manat pul borclu olması barədə iki qəbz yazdırmışdır. O, Sultan Nəsibovanın yaşadığı evdən çıxan kimi dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurmuşdur. Maraqlıdır ki, iş materiallarında xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar olduğu halda hakim həmin qərarda İddiaçı tərəfindən verilmiş izahata heç bir münasibət bildirməmişdir. Belə ki, həmin qərarda İddiaçı ona 2023-cü ilin mart ayında kürəkəni həbs edildiyi üçün ona müraciət etməsini və ona məhz mart ayında 10.000 manat pul verdiyini qeyd etmişdir. Bundan əlavə bildirmək istəyir ki, o, 04 oktyabr 2023-cü il tarixdə iddiaçı və onun anasından polisə şikayət etmiş olduğu halda necə olur ki, bir həftə sonra iddiaçı ona 10.000 manat pul verir? Bu hallara çox təəssüf ki, birinci instansiya məhkəməsi münasibət bildirməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. . Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirdi ki, cavabdeh qeyri-səmimidir, izahatları ziddiyyətlidir. Polisə izahatında 1000 manat aldığını, məhkəmədə gah 1000, gah 2000 aldığını bildirir. Cavabdeh məhkəmə prosesində qəbzi yazmadığını bildirmiş, ekspertizadan sonra isə imzaladığını qəbul etmişdir. Apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışında iştirak edən Cavabdeh izahatında bildirdi ki, o, faizlə borcu iddiaçıdan deyil, onun anasından almışdır. İddiaçı borcu yeznəsinin tutulduğuna görə aldığını bildirir, lakin onun yeznəsi 2020-ci ildə, 10 il bundan əvvəl tutulmuşdur. O, borcu nəvəsi xəstə olduğu üçün, 3000 (üç min) manat faizlə borca pul almışdır. Həmin borcun 2000 manatını qaytarmış, 1000 manat borcu qalmışdır. 8-9 ay 1000 manatı ödəyə bilmədiyini gördükdə, 1000 manat borcun qarşılığında zorla ona 10000 manatlıq qəbz yazdırmışlar. 4-5 gün əvvəl iddiaçının anasının adına, sonradan isə iddiaçının özünün adına qəbz tərtib olunmuşdur. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi. Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X5 izahatında bildirdi ki, İddiaçı borcu 2023-cü ilin yaz aylarında verdiyini bildirir, lakin qəbzdə 2023-cü ilin oktyabr ayı yazılmışdır. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.2-ci maddəsinə əsasən tərəflər arasında borc münasibətlərinin yarandığı zaman qüvvədə olan mətninə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016cı il 23 fevral tarixli Qərarı: Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Müqavilə və öhdəliklər hüququnda qəbz, borc münasibətlərini təsdiqləyən mühüm sənədlərdən biri hesab olunur. Mülki prosessual qanunvericiliyə əsasən borc münasibətlərinin mövcudluğunu iddia edən tərəf bunu sübut etməlidir. İddiaçı tərəf qəbz təqdim edərək borc münasibətlərinin mövcudluğu sübut etsə də, cavabdeh isə borcun artıq qaytarıldığını sübut etməlidir. Bu, mülki prosessual hüququn əsas prinsiplərindən biri olan sübutetmə yükü qaydasına əsaslanır. Mülki iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası keçirilmiş, müəyyən edilmişdir ki, Cavabdeh Məhəmmədəli qızının adından olan xx.xx.2023-cü il tarixli borc qəbzinin əlyazma mətni və “İmza” sözünün qarşısındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Həmiçinin iş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh “1000 manat borclu olduğu Soltan adlı şəxsin onu öz evində hədələyərək borcun əvəzində 10.000 manat qaytarmalı olduğu barədə” barədə müraciətində göstərilən xüsusatlarda cinayət tərkibi müəyyən olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, cavabdeh qəbzin hədə-qorxu altında yazdığını təsdiqləyəcək sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, Cavabdeh apellyasiya məhkəmə iclaslarında izahat verən zaman öz mövqeyində ardıcıl olmamış, onun izahatlarında bir-birinə zidd olan məqamlar yer almışdır:

1. Cavabdeh ilkin izahatında (eləcə də, apellyasiya şikayətində) iki ədəd qəbzi imzaladığını bildirmiş, bu qəbzlərin hər ikisinin eyni tarixdə – biri iddiaçının, digəri isə iddiaçının anasının adına zorla yazıldığını qeyd etmişdir.

2. Lakin sonrakı məhkəmə iclasında verdiyi izahatında əvvəlki bəyanatından kəskin şəkildə fərqlənərək yalnız iddiaçının anasının adına qəbz tərtib etdiyini, təxminən beş gün sonra isə iddiaçının adına olan qəbzin onun iradəsinə zidd olaraq, zorla yazdırıldığını iddia etmişdir. Cavabdehin ifadələri arasında bu cür ziddiyyətli və bir-birini təkzib edən fərqlər onun izahatlarının etibarlılığına ciddi şübhə doğurur və göstərir ki, o, hadisələrin ardıcıllığı və mahiyyəti barədə sabit və inandırıcı mövqe sərgiləmir. Tərəflərin təqdim etdiyi izahatlarda daxili uyğunsuzluqların olması onların obyektivliyini şübhə altına alır. Əgər eyni tərəf müxtəlif vaxtlarda bir-birini təkzib edən açıqlamalar verirsə, bu, məhkəmənin həmin izahatlara inanmasını çətinləşdirir. Tutarsız, ziddiyyətli və məntiqsiz izahatlar məhkəmənin daxili inamınını formalaşmasında rol oynayır və tərəfin mövqeyinin zəifləməsinə səbəb olur. Buna görə də, hüquqi prosesdə tərəflərin izahatlarının ardıcıl, əsaslandırılmış və sübutlarla dəstəklənməsi onların mövqeyinin haqlı olmasını təmin edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Kollegiya qeyd edir ki, məhkəmə sübutları qiymətləndirərkən onların bir-biri ilə uyğunluğunu və məntiqli əlaqəsini nəzərə alır. Ekspert rəyləri digər sübutlarla bir-birini tamamlayır və işin halları ilə uyğundur. Həmçinin rəyin etibarlılığına dair hər hansı əsaslı şübhə yaranmamış, işdə tərəflərdən heç biri ekspertin qərəzliliyinə və ya ekspertizanın aparılma metodlarına dair əsaslı sübut təqdim etməmişdir. Bu səbəbdən, məhkəmə ekspert rəyini ağlabatan və etibarlı sübut kimi qəbul edir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilir ki, hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Cavabdeh tərəfin bir arqumenti də o olmuşdur ki, İddiaçı borcun 2023-cü ilin yaz aylarında verdiyini bildirsə də, qəbzdə 2023-cü ilin oktyabr ayı yazılmışdır. Bu ziddiyyəti tərəflərlə araşdıran kollegiya müəyyən etmişdir ki, iddiaçı tərəf pulun 2023-cü ilin mart ayında verilməsini təsdiq etmiş, bildirmişdir ki, yazılan qəbz cavabdeh tərəfindən müstəqil olaraq icra edilmiş (yəni diktə olunmadan), o, qəbzdə tarixi oktyabr olaraq göstərmiş, hətta qəbzdə başqa texniki səhvlərə də yol vermişdir. Məhkəmə kollegiyası bu halı qəbzin etibarlılığını şübhə altına alan hal olaraq qəbul etmir. Belə ki, qəbzə xx.xx.2023-cü il yazan cavabdeh, xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidmətinə müraciət etmiş, xx.xx.2023-cü il tarixdə Soltan adlı şəxsin onu öz evində hədələməklə qəbz yazdırdığını bildirmişdir. Bu onu göstərir ki, cavabdeh Gülarə Əliyevanın polisə müraciət etdikdən sonra qəbz yazması inandırıcı deyil, ağlabatan mühakimə əsasında da məntiqli deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir. Beləliklə, qəbzdə olan imza məhz iradənin bəyanı kimi çıxış etməklə, onun kimdən gəldiyini müəyyən edən vasitədir. Cavabdeh də öz imzası ilə iradəsini bəyan etmiş və qəbzin məzmununun həqiqiliyini təsdiq etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd edilən prinsip, hüquq sisteminin ən əsas prinsiplərindən biri olan “sübutetmə yükü” prinsipini özündə əks etdirir. Bu prinsipə əsasən, hər bir tərəf öz irəli sürdüyü iddiaların və ya qarşı tərəfə yönəltdiyi etirazların hüquqi əsasını sübut etmək vəzifəsini daşıyır. Bu, məhkəmə mübahisələrinin ədalətli şəkildə həll olunması üçün zəruri bir mexanizmdir. Sübutetmə yükü prinsipi yalnız tərəflərin öhdəliklərini deyil, həm də məhkəmənin funksiyasını müəyyən edir. Məhkəmə tərəflərin təqdim etdiyi sübutları obyektiv və qərəzsiz şəkildə dəyərləndirir. Sübutların mötəbərliyini, əlaqəliliyini və kifayətliliyini yoxlayır. Eyni zamanda, məhkəmə tərəflərin sübutetmə öhdəliyini yerinə yetiribyetirmədiyini qiymətləndirir. Bu prinsip məhkəmələrdə mübahisələrin həlli zamanı aşağıdakı məqsədləri təmin edir: 1.Ədalətli qərar qəbul etmək-Məhkəmə yalnız təqdim olunan sübutlar əsasında qərar qəbul edir və tərəflərin hər birinin mövqeyini əsaslandırmaq üçün eyni imkanlara malik olmasını təmin edir.

2. Həqiqətin müəyyən olunması-sübutetmə yükü tərəflərin prosessual aktivliyini artıraraq, faktiki halların tam və hərtərəfli araşdırılmasını təmin edir. Bundan başqa İddiaçı nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2025-ci il tarixdə ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət edərək, apellyasiya şikayətinin təmin edilməyəcəyi təqdirdə vəkil haqqı kimi ödənilmiş 330 manat pul vəsaitinin Cavabdeh Məmmədli qızından alınaraq İddiaçı ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2025-ci il tarixli ərizəsində irəli sürdüyü məsələ mahiyyət etibarilə yeni tələb xarakteri daşıyır. MPM-in 372.4.-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Bu səbəbdən həmin tələb apellyasiya instansiyası tərəfindən araşdırıla bilməz. Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini isə heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Sabirabad Rayon Məhkəməsinin e-2(056)-1156/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

qətetdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin e-2(056)-1156/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar