Məhkəmə qərarları › İş №2(106)-553/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-553/2024

22.04.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-553/2024 22.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış “Barışıq Sazişi”-nin təsdiq edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 2(057)-387/2024 saylı, 25 yanvar 2024-cü il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə 22 aprel 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, mediator X3 tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli onunla Maraqlı şəxs arasında bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mediator X3 tərəfindən xx.xx.2023-cü ildə Ərizəçi ilə Maraqlı şəxs arasında barışıq sazişi təsdiq edilməklə 21 iyun 2016-cı il təvəllüdlü X2 və 18 noyabr 2017-ci il təvəllüdlü X4 üçün hər uşağa 200 manat olmaqla, hər ay 400 manat aliment Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilməsi, birgə nikah dövründə əldə edilmiş 21 dekabr 2020ci ildə 29000 manata alğı-satqı edilmiş ünvan 1 ünvanda yerləşən 53.2 kvadratmetr sahədən ibarət müddətsiz Maraqlı şəxs adında olan mənzili Ərizəçi bağışlaması, X8 Xidmət Mərkəzində Notariat Ofisində bağışlanma müqaviləsinin bağlanılması öhdəsinə götürməsi barədə razılığa gəlmişdir. 100 manat mediasiya üçün tərəfindən rüsum ödənilmişdir. Maraqlı şəxs tərəfindən qeyd olunmuş xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişindəki öhdəliklər könüllü icra edilməmişdir. Barışıq Sazişinin şərtlərinə görə saziş məhkəmə tərəfindən təsdiq edilməsi mütləqdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi bildirmişdir ki, mediasiya sessiyasına nikahın pozulması, birgə nikahlarından doğulmuş uşaqların onun yanında qalması, aliment və birgə nikah dövründə əldə olunmuş əmlak tələbi ilə bağlı müraciət etmişdir. Maraqlı şəxslə birlikdə mediasiya prosesində iştirak etmişlər. Maraqlı şəxsə heç bir təzyiq göstərilməmişdir. Əksinə, Maraqlı şəxs onunla birlikdə mediasiyaya gedərək məsələnin həll edilməsini təklif etmişdir. Mediasiya prosesində aralarında razılığa gəlmişlər. Lakin barışıq sazişində olan dörd tələbdən üçü maraqlı şəxs tərəfindən icra olunur. Ona görə də, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs bildirmişdir ki, Ərizəçi ərizə verərək evin onun adına keçirilməsi ilə bağlı bağışlama müqaviləsinin bağlanmasını tələb edir. O bununla razı deyildir. Evin bərabər bölünməsini tələb edir. Barışıq sazişi bağlandıqdan bir gün sonra mediasiya şurasına şikayət etdiyini, sazişin evə dair hissəsi ilə razılaşmadığını və sazişin həmin hissədə ləğv edilməsini xahiş etmişdir. Ona bildirilmişdir ki, bu barədə məhkəməyə müraciət etməlidir. O mülkiyyət hüququnun bərpa olunmasını istəyir. Ona ərizəçi təsir göstərdiyi üçün mediasiya prosesi zamanı nəyə imza atdığını tam başa düşməmişdir. Gülnar ona aliment və uşaqların onda qalması ilə bağlı hədələmişdir. Həmçinin Gülnar ona bildirmişdir ki, evdə olan payı ¼ hissədədir. Mənzilin bazar qiyməti 70.000 (yetmiş min) manatdır. Birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi ilə bağlı iddia ərizəsi Salyan Rayon Məhkəməsinin icraatındadır. Ona görə də, məhkəmədən ona köməklik göstərilməsini xahiş etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Salyan Rayon Məhkəməsinin 2(057)-387/2024 saylı, 25 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (Hakim: Ənnağı Məmmədli), ərizənin qismən təmin edilməsi, Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişinin qismən - aşağıdakı şərtlərlə təsdiq edilməsi: xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 anası Ərizəçi yanında saxlanılması, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 üçün hər uşağa 200 manat olmaqla hər ay 400 manat aliment ataları Maraqlı şəxs tutularaq anaları Ərizəçi ödənilməsi, ərizənin qalan hissədə təmin edilməməsi və barışıq sazişinin qalan hissədə təsdiq edilməməsi, alimentin tutulması vaxtının xx.xx.2023-cü il tarixdən hesablanması, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Ərizəçi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Odur ki, Salyan Rayon Məhkəməsinin 2(057)-387/2024 saylı, 25 yanvar 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, ərizənin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Maraqlı şəxs tərəfindən apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Maraqlı şəxs apellyasiya icraatı zamanı ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Salyan Rayon Məhkəməsinin 2(057)-387/2024 saylı, 25 yanvar 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Ərizəçi xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edərək apelyasiya şikayətinin təmin edilməsini, Salyan Rayon Məhkəməsinin 2(057)-387/2024 saylı, 25 yanvar 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, ərizənin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş lakin ərizəçi apellyasiya icraatı zamanı iştirak etməmiş, iştirak etməmələrinin səbəblərini qabaqcadan bildirməmişdir. Odur ki, MPM-nin 376.2-ci maddəsinə əsasən apelyasiya şikayəti üzrə ərizəçinin iştirakı olmadan işə baxılması məqsədə müvafiq hesab edilmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Salyan Rayon Məhkəməsinin 2(057)-387/2024 saylı, 25 yanvar 2024-cü il tarixli qətnaməsinin Ərizəçi apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəllənin; 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilənin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 329.1-ci maddəsinə əsasən Mülki Məcəllənin əqdlərin bağlanması qaydalarını və onların etibarsızlığını müəyyən edən müddəalarına əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.1; 337.3-337.5-ci maddələrinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 666.1 və 668.1.1-ci maddələrinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama müqaviləsi etibarlı sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 668.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355- 26.1.1 barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2 barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən Barışıq Sazişinin bir hissəsinin təsdiq edilməsinə o halda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Salyan Rayon Məhkəməsinin 2(057)-387/2024 saylı, 25 yanvar 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir Belə ki, iş materiallarında olan Salyan rayon İcra Hakimiyyəti Başçısı aparatının müavini Rəşad Cəbrayılov tərəfindən X8 xidmət mərkəzində fəaliyyət göstərən Notariat ofisinə ünvanlanmış 28 noyabr 2023-cü il tarixli, 5-71/2-903/2023 saylı məktubun ksero surətindən görünür ki, Salyan rayon İcra Hakimiyyətinin balansında olan, ünvan 3 ünvanında yerləşən mənzildə yaşayan Maraqlı şəxs rayon İcra Hakimiyyətinə müraciət edərək həmin mənzilə olan istifadə hüququnun bağışlanmasına icazə verilməsini xahiş etmişdir. Qeyd olunan mənzilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reysetri Xidmətinin çıxarışının olmasını nəzərə alaraq Maraqlı şəxs ünvan 3 ünvanında yerləşən mənzil üzərində olan istifadə hüququnun onun tərəfindən digər şəxsə bağışlanılmasına etiraz edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Barışıq sazişindən görünür ki, tərəflər- Ərizəçi və Maraqlı şəxs israrla nikahın pozulmasını tələb edir. Tərəflər xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 anası Ərizəçi yanında saxlanılması barədə razılığa gəlmişlər. Tərəflər xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 üçün hər uşağa 200 manat olmaqla hər ay 400 manat aliment ataları Maraqlı şəxs tərəfindən anaları Ərizəçi ödənilməsi barəsində razılığa gəlmişlər. Maraqlı şəxs bildirir ki, birgə nikah dövründə əldə edilmiş xx.xx.2020-ci ildə 29000 (iyirmi doqquz min) manata alğı-satqı edilmiş ünvan 4 ünvanında yerləşən 53.2 kv.m sahədən ibarət müddətsiz Maraqlı şəxs adında olan mənzili Ərizəçi bağışlayır və X8 xidmət mərkəzində Notariat Ofisində bağışlanma müqaviləsi bağlamağı öhdəsinə götürür. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355- 26.1.1 barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2 barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən Barışıq Sazişinin bir hissəsinin təsdiq edilməsinə o halda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Həmin Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Göründüyü kimi, tərəflərin arasında bağlanılmış barışıq sazişi ilə tərəflərin birgə nikahlarında olan uşaqların ananın yanında qalması və alimentlə bağlı hissəsi maraqlı şəxs tərəfindən icra edilsə də ünvan 4 ünvanında yerləşən 53.2 kv.m sahədən ibarət müddətsiz Maraqlı şəxs adında olan mənzilin Ərizəçi bağışlamaya dair X8 xidmət mərkəzində Notariat Ofisində bağışlanma müqaviləsinin təsdiq edilməsi ilə bağlı öhdəlik icra edilməmişdir. Belə ki, Maraqlı şəxs barışıq sazişi bağlandıqdan bir gün sonra mediasiya şurasına şikayət etdiyini, barışıq sazişinin mənzilə dair hissəsi ilə bağlı yanıldığı başa düşdüyü üçün sazişin həmin hissəsini icra etməkdən imtina etmişdir. İş materiallarından görünür ki, tərəflərin ailə münasibətlərində bir müddət əvvəldən narazılıqlar yaranmağa başlanmış, ərizəçi nikah münasibətlərini bitirmək, maraqlı şəxs isə ailə münasibətlərini qoruyub saxlamaq arzusunda olmuşdur. Ərizəçinin təşəbbüsü ilə barışıq sazişi bağlanmışdır. Maraqlı şəxs barışıq sazişini qismən, yəni xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 Ərizəçi yanında saxlanılması və hər uşaq üçün 200 manat olmaqla hər ay 400 manat alimenti ödəməsi ilə bağlı hissəsini icra edir. Maraqlı şəxsin istifadə hüququ olduğu və alğı-satqı müqaviləsinə əsasən əldə etdiyi mənzili ərizəçiyə bağışlayacağına dair müqavilə bağlamaqdan imtina edir. Həmçinin, iş materiallarından o da müəyyən edilir ki, ərizəçi mediasiya prosesinin tətbiqi barədə təklifi maraqlı şəxsə əvvəlcədən təqdim etməmişdir. Halbuki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən, tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formada sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Kollegiya hesab edir ki, Maraqlı şəxs mənzili bağışlayacağına dair barışıq sazişi ilə öz üzərinə öhdəlik götürsə də bağışlama müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Eyni zamanda iş materiallarına əlavə edilmiş iddia ərizəsindən də müəyyən olunur ki, maraqlı şəxs “birgə əmlakın bölünməsi barədə” iddia tələbi ilə Salyan Rayon Məhkəməsinə müraciət etmişdir və hazırda qeyd olunan mübahisə ilə bağlı məhkəmənin icraatında 2(057)- 362/2024 saylı mülki iş var. Odur ki, tərəflər arasında əmlak bölgüsünə dair məhkəmə qaydasında mübahisə mövcuddur, belə ki, mənzillə bağlı mübahisəyə müvafiq mülki işdə baxılıb hüquqi qiymət veriləcəkdir. Sadalanan xüsusatların kontekstində kollegiya hesab edir ki, maraqlı şəxsin barışıq sazişinin ünvan 4 ünvanında yerləşən 53.2 kv.m sahədən ibarət müddətsiz Maraqlı şəxs adında olan mənzili Ərizəçi bağışlayır və X8 xidmət mərkəzində Notariat Ofisində bağışlanma müqaviləsi bağlamaq öhdəliyinin könüllü icrasından imtina etməsi səbəbindən həmin hissədə sazişin təsdiq edilməsi barədə ərizəçinin tələbi əsassızdır. Mülki Məcəllənin mülkiyyət hüququnu tənzimləyən müddəaları mülkiyyətçinin öz hüquqlarını sərbəst və maneəsiz istifadə etməsinin hüquqi əsaslarını müəyyən etməklə, mülki əşya hüquq münasibətlərinin iştirakçısı kimi çıxış edən mülkiyyətçiyə münasibətdə öz hüquqlarının həyata keçirilməsində lazımi davranış hüdudlarını müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2015-ci il tarixli qərarı). Göründüyü kimi, mülki hüquq münasibətlərinin yaranması əsaslarından biri olan əqdin etibarlı hesab olunması üçün əqdin bağlanması zamanı həmin əqdin iştirakçısı olan şəxslərin iradə ifadəsi olması və əqdin mülki qanunvericiliyin tələblərinə uyğun bağlanması zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq birinci instansiya məhkəməsinin “ərizənin qalan hissədə, yəni ünvan 4 ünvanında yerləşən 53.2 kv.m sahədən ibarət mənzilin bağışlanmasına dair hissədə təmin edilməməsi.” qənaətini əsaslı hesab edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bu isə onu göstərir ki, apelyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqlda birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 2(057)-387/2024 saylı, 25 yanvar 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar