Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-583/2023 12.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, Şirvan Şəhər Məhkəməsinin 14 aprel 2023-cü il tarixli 2(032)-52/2022 saylı qərardadından (hakim S.Məmmədova) İddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İlk iddia üzrə İddiaçı Cavabdeh Nəsiq qızına qarşı "əmlak" tələbinə dair iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, 1 ədəd 100 qram çəkidə bismak boyunbağı, 2 ədəd 30 qram çəkidə bismak boyunbağı, 1 ədəd 50 qram çəkidə boyunbağı, 1 ədəd 50 qram çəkidə kişi saatı və qolbağı və 1 ədəd 10 qram çəkidə qadın sırğasının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahmş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı "pul" tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək, borc kimi verilmiş və qaytarılmamış 6000 manat və 2000 ABŞ dolları məbləğində pulun qızılların qaytarılması ilə eyni vaxtda alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şirvan Şəhər Məhkəməsinin 23 fevral 2022-ci il tarixli 2(032)-52/2022 saylı qətnaməsi ilə ilk iddia rədd edilmiş, qarşılıqlı iddia qismən təmin olunaraq cavabdeh İddiaçı 6000 manat və 2000 ABŞ dollarının alınaraq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarına əsasən qətnamənin surəti 05 mart 2022-ci ildə İddiaçı şəxsən təqdim olunmuşdur. İş materiallarında olan xəbərnaməyə əsasən qətnamənin surəti İddiaçı vəkili və eyni zamanda nümayəndəsi Tükəzban Aşurovaya fəaliyyət göstərdiyi "Alyans" vəkil bürosuna 14 mart 2022-ci ildə təqdim olunmaqla çatdırılmışdır. 01 aprel 2022-ci ildə Zenfira Rəhimov ərizə ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək qətnaməni itirdiyini bildirib, yenidən verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə qəbzinə əsasən qətnamənin surəti 01 aprel 2022-ci ildə yenidən İddiaçı təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə qəbzinə əsasən qətnamənin surəti 26 dekabr 2022-ci ildə bir daha İddiaçı təqdim edilmişdir. 26 dekabr 2022-ci il tarixdə İddiaçı Şirvan Şəhər Məhkəməsinin 23 fevral 2022-ci il tarixli 2(032)-52/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, eyni zamanda buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir. Şirvan Şəhər Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli 2(032)-52/2022 saylı qərardadı ilə apellyasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə cavab verməməsi əsası ilə geri qaytarılmışdır. 25 yanvar 2023-cü il tarixdə İddiaçı Şirvan Şəhər Məhkəməsinin 23 fevral 2022-ci il tarixli 2(032)-52/2022 saylı qətnaməsindən yenidən apellyasiya şikayəti vermiş, eyni zamanda buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir. Şirvan Şəhər Məhkəməsinin 03 fevral 2023-cü il tarixli 2(032)-52/2022 saylı qərardadı ilə ərizə təmin olunaraq qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Qərardaddan Cavabdeh vəkili və eyni zamanda nümayəndəsi Vəkil şikayət verərək ləğv olunmasını, buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin edilməməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Şirvan Şəhər Məhkəməsində həm özü, həm də nümayəndəsi və vəkili Tükəzban Aşurova ilə birlikdə iştirak etmiş, məhkəmənin qətnaməsi 23 fevral 2022-ci il tarixdə poçtla rəsmi qaydada Cavabdeh və nümayəndə kimi ona göndərildiyi kimi eləcə də, qarşı tərəfə də məhkəmə qətnaməsi İddiaçı və nümayəndəsi, vəkil Tükəzban Aşurovaya göndərilmişdir. Bundan başqa, Şirvan Şəhər məhkəməsinin 23 fevral 2022-ci il tarixli 2(032)-52/2022 saylı qətnaməsini İddiaçı 05 mart 2022-ci il tarixdə qəbzə imza etməklə şəxsən gəlib götürmüşdür. Bundan sonra, İddiaçı təkrar məhkəməyə 01 aprel 2022-ci il tarixdə hakim Ziya Əliyevə ərizə yazır ki, “23 fevral 2022-ci il tarixli 2 (032)-52/2022 saylı qətnaməni itirmişəm və mənə yenidən qətnamənin surətini verin”. 01 aprel 2022-ci ildə həmin qətnamə və 30 mart 2022-ci il tarixli qətnaməyə düzəliş qərardadı şəxsə qəbzlə təkrar təqdim edilir. İddiaçı ən yaxşı halda itirdiyi qətnaməni təkrar 01 aprel 2022-ci il tarixdə əldə etdiyi vaxtdan 9 ay keçmiş, bu müddət ərzində nə özü, nədə nümayəndəsi-vəkil vasitəsilə apellyasiya şikayəti verməmişdir. 25 dekabr 2022-ci il tarixdə müddətin bərpası barədə ərizə yazır və ərizəsində qeyd edir ki, “60 yaşım var, himayəmdə 2 azyaşlı uşaq saxlayıram, ağır şəkər və ürək qan-damar xəstəsiyəm, yaddaşsızam, qətnamənin mahiyyətini mənə başa salan olmayıb”. İddiaçı nümayəndəsi və vəkili Seymur Kərimov tərəfindən 25 yanvar 2023-cü il tarixli buraxılmış prosessual müddətin bərpası barədə ərizəsində isə, ümumiyyətlə məhkəmə qətnaməsinin tərəfə rəsmi şəkildə təqdim olunmaması qeyd edilir və bu halın üzürlü hal hesab edilib müddətin bərpa edilməsi xahiş edilir. Həmçinin də, əvvəlki fikrini təkzib edib təmsil etdiyi tərəfin xəstəlik, yaşlılıq, savadsızlıq, şəhid anası, himayəsində azyaşlı uşagın olması hallarını üzürlü hal hesab edilməsini bildirərək, müddətin bərpa edilməsini xahiş edir. Məhkəmə qətnaməsi 05 mart 2022-ci il tarixdə və təkrar 01 aprel 2022-ci il tarixdə İddiaçı qəbzə imza etməklə şəxsən təqdim olunub. Qətnamə hələ onun iş üzrə nümayəndəsi və vəkili Tükəzban Aşurovaya da poçtla rəsmi şəkildə göndərilib. Göründüyü kimi, ərizədə qeyd olunan hallar heç bir sübutla təsdiq edilmir və bəhanələrdən başqa bir şey deyil. Qətnaməni 01 aprel 2022-ci il tarixdə təkrar aldığı və vəkili oldugu halda, iş üzrə ötürülmüş prosessual müddətin bərpasına əsas olacaq üzürlü hallar mövcud deyildir. İşə məsuliyyətsiz, laqeyd yanaşan, məhkəmə iclaslarının birində iştirak edib məlumatı oldugu halda, başqa iclaslarda iştirak etməyən şəxsin heç bir əsas olmadan üzürsüz səbəbdən ötürdüyü prosessual müddəti bərpa etmək istəyi, qarşı tərəfin hüquqlarının kobud şəkildə pozulması, qanun qarşısında bərabərlik, çəkişmə, ədalət prinsiplərinin pozulması hallarına gətirib çıxarmışdır. Nə İddiaçı verdiyi müddətin bərpası barədə ərizədən, nədə onun nümayəndəsi və vəkilinin bu barədə təkrar verdiyi buraxılmış prosessual müddətin bərpası barədə ərizədən, keçirilmiş məhkəmə iclaslarından və qəbul edilmiş qərardaddan məlumatları olmamışdır. Belə ki, iş materialında guya məhkəmə 31 yanvar 2023-cü il tarixdə 03 fevral 2023-cü il tarixdə keçiriləcək məhkəmə iclası barədə tərəfə poçtla bildiriş göndərir. Poçt bildirişinin qaiməsi, qəbzi, xəbərnaməsi barədə sənəd yox, tərəfin telefonuna sms bildiriş göndərilməsi barədə məlumat yoxdur. Təmsil etdiyi tərəfdən başqa, bir nümayəndə və vəkil kimi ona məlumat verilməyib. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qəbul edilmiş 03 fevral 2023-cü il tarixli qərardadın guya, 03 fevral 2023-cü il tarixdə Cavabdeh göndərilməsi barədə işdə məktub var amma, göndərişi təsdiq edəcək poçt qaiməsi, qəbzi, xəbərnaməsi yoxdur. Halbuki, mülki-prosessual qanunvericiliyə əsasən məhkəmə bildirişləri, qətnamə, qərardad rəsmi sənədlər hesab edilir və tərəflərə sifarişli poçt vasitəsilə göndərilməlidir və şəxsin həmin sənədləri şəxsən yaxud, nümayəndə vasitəsilə almasını təsdiq edən bildiriş də işə əlavə edilməlidir. Bundan başqa, qərardadda nümayəndə və vəkil Seymur Kərimov tərəfindən verilmiş 25 yanvar 2023-cü il tarixli ərizənin deyil, iş üzrə geri qaytarılmış İddiaçı 10 yanvar 2023-cü il tarixli ərizəsinin təmin olunması göstərilir ki, bu da iş üzrə anlaşılmamazlıq yaradır. Həmçinin, qərardadda İddiaçı apellyasiya şikayəti verilməsi üçün nə qədər müddət ötürməsi və hansı halın üzürlü hesab edilməsi barədə məhkəmənin mövqeyi, açıqlaması yoxdur. Məhkəmə yanlış olaraq iş materialına zidd qeyd edir ki, İddiaçı qətnaməni sonuncu dəfə poçt göndərişi ilə 26 dekabr 2022-ci il tarixdə almışdır. Amma, qətnamənin iş materialında olan 05 mart 2022-ci il tarixdə və təkrar 01 aprel 2022ci il tarixdə İddiaçı qəbzə imza etməklə şəxsən təqdim olunması barədə məlumat verilmir və bu hallar nəzərə alınmır. Şirvan Şəhər Məhkəməsinin 14 aprel 2023-cü il tarixli 2(032)-52/2022 saylı qərardadı ilə şikayət təmin olunaraq, qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin barpasına dair Şirvan Şəhər Məhkəməsinin 03 fevral 2023-cü il tarixli qərardadı ləğv edilmişdir. Qeyd olunan sonuncu qərardaddan İddiaçı şikayət verərək ləğv olunmasını, qətnamədən apellyasiya şikayəti verə bilməsi üçün ötürülmüş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin sözügedən qətnaməsi 26 dekabr 2022-ci ildə poçt vasitəsilə ona təqdim edilmişdir. 05 mart 2022-ci il tarixi qeyri iş günü olduğundan qətnamənin həmin tarixdə rəsmi qaydada ona verilməsi absurddur. 01 aprel 2022-ci il tarixdə isə ona qətnamənin surəti deyil, qətnaməyə düzəliş verilməsinə dair qərardadın surəti verilmişdir. Şirvan Şəhər Məhkəməsinin 05 may 2023-cü il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq iş materialları ilə birlikdə baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsiə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını şikayətin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. İş materiallarına əlavə olunmuş sənədlərdən İddiaçı apellyasiya qaydasında mübahisələndirmək istədiyi qətnamənin ilk dəfə 05 mart 2022-ci ildə, sonradan isə ərizəsi əsasında 01 aprel 2022-ci ildə təkrarən qəbzə imza etdirilməklə verildiyi müəyyən olunur. Bundan başqa iş materiallarında olan xəbərnaməyə əsasən qətnamənin surəti İddiaçı vəkili və eyni zamanda nümayəndəsi Tükəzban Aşurovaya fəaliyyət göstərdiyi "Alyans" vəkil bürosuna 14 mart 2022-ci ildə təqdim olunmaqla çatdırılmışdır. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, qətnamə rəsmi qaydada verildiyi gündən sonra 1 ay müddətində apellyasiya şikayəti verilə bilərdi ki, Znfira Rəhimova ilk dəfə 26 dekabr 2022-ci il tarixində qətnamədən apellyasiya şikayəti verməklə, qanunla müəyyən olunan prosessual müddəti 05 mart 2022-ci il tarixindən hesablansa 9 ay 21 gun, 01 aprel 2022-ci il tarixindən hesablansa 8 ay 25 gün ötürmüş olmuşdur. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir. Həmin Məcəllənin 133.4-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qarardadında və qərarında göstərilməlidir. Maddələrin məzmunundan göründüyü kimi qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin axımı, qətnamənin rəsmi qaydada tərəfə verildiyi andan başlayır və yalnız qətnamənin rəsmi qaydada verildiyi andan keçən bir ay müddətində apellyasiya şikayəti verilmədiyi halda, prosessual müddət buraxılmış hesab olunur ki, bu halda qanunvericilik tərəfin üzərinə buraxılmış prosessual müddətin bərpasına dair vəsatət vermək vəzifəsi qoyur. Kollegiya hesab edir ki, İddiaçı tərəfindən apellyasiya şikayətinin vaxtında verilə bilməməsinin üzürlü səbəblərdən baş verməsinə dair sübutlar verilmədiyindən, 9 ay müddət ötürülməklə verilən ərizə əsaslı hesab olunaraq təmin edilə bilməzdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Kollegiya hesab edir ki, şikayətin dəlilləri əsassız, iş materialları ilə təkzib olduğundan, təmin oluna, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvinin əsasını təşkil edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göründüyü kimi hazırki qərardaddan kassasiya şikayətinin verilməsi prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 14 aprel 2023-cü il tarixli 2(032)-52/2022 saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Samir Həsənov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-583/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-583/2023
12.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver