Məhkəmə qərarları › İş №2(106)-584/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-584/2023

22.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-584/2023 22.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi “mediasiya prosesində bağlanmış barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsi tələbinə dair” ərizəsi ilə bağlı mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 2(036)- 3574/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs MMC-nin müdiriyyəti onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad etmişdir. Ərizəçi həmin vaxt koronavirus xəstəliyinə tutulmuş, ona görə də işə gedə bilməmiş, sağaldıqdan sonra işə getmişdir. Lakin müdiriyyət onu işə buraxmamışdır. Ərizəçi məhkəməyə hazırlıq üçün mediasiya təşkilatına müraciət etmişdir. Bakı şəhəri 8 saylı Mediasiya təşkilatının mediatoru Mayıl Əhmədin qəbulunda mediasiya sessiyasında xx.xx.2022-ci il tarixdə Maraqlı şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X7 ilə barışıq sazişi bağlamışlar. Ərizəçi öhdəsinə götürmüşdür ki, işdən azad etmənin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndindən 68-ci maddəsinin “a” bəndinə, yəni öz xahişi ilə dəyişdirilməsinə razıdır, işəgötürənə qarşı başqa heç bir iddia və tələbi olmayacaq. Maraqlı şəxs MMC-nin nümayəndəsi də ərizəçinin işdən azad edilməsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndindən 68-ci maddəsinin “a” bəndinə, yəni öz xahişi ilə dəyişdirilməsinə razı olduğunu bildirmiş, barışığın icra olunması üçün X6 göndərilməsini öhdəsinə götürmüşdür. Lakin maraqlı şəxs barışıq sazişini icra etməkdən imtina edir və 1 ay 19 gündür ki, barışıq sazişini icra etmir. İmişli Rayon Məhkəməsinin 2(036)-3574/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Ülvi Qənbərov) ərizə təmin edilməmiş, Ərizəçi ilə Maraqlı şəxs MMC arasında mediasiya prosesində bağlanmış xx.xx.2022-ci il tarixli, MŞB/8-00006 nömrəli barışıq sazişinin məcburi icra olunması üçün təsdiq edilməsindən imtina edilmişdir. Qətnamədən narazı qalan Ərizəçi apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində İmişli Rayon Məhkəməsinin 2(036)-3574/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qətnaməsinin tam ləğv edilməsini və ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi apellyasiya şikayətini ərizənin dəlilləri və onunla əsaslandırmışdır ki, Əmək Məcəlləsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Məhkəmə qanunun tələbini nəzərə almamışdır. Məhkəmə işəgötürənlə işçi kimi aralarında olan mübahisənin fərdi əmək mübahisələrinə aid olmaması nəticəsinə gələrkən Əmək Məcəlləsinin 3-cü maddəsinin 16-cı bəndinin və 288-ci maddəsinin tələblərini pozmuşdur. Mübahisənin predmeti əmək müqaviləsinə xitam verilməsinin düzgün olmamasıdır. Məhkəmə həmin normanı tətbiq etməmişdir. Həmin normaya görə tərəflər əmək müqaviləsi bağlanarkən ona xitam verilməsinin Məcəllədə nəzərdə tutulan hallardan əlavə hallar da müəyyən edə bilərlər. İddiaçı işə qəbul olunan zaman ona izah edilmişdir ki, müddətli müqavilə ilə ixtisaslı müəllim gələnə kimi işə götürülür. İddiaçı özü də razılaşmışdır və bunu etiraf edir. Ona görə iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr qanuni olmuşdur. Məhkəmə bu hala düzgün hüquqi qiymət verməmişdir. Məhkəmə MPM-in 355-23.1-ci maddəsinə əməl etməməklə düzgün nəticəyə gəlməmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Ərizəçi çıxış edərək bildirdi ki, o, 2021-ci ilin aprel ayının 23-də Maraqlı şəxs MMC-də işə daxil olmuş, orada 8 ay işləmiş və onun təxminən 2 ayı xəstə olduğuna görə işə gedə bilməmişdir. Həmin ərəfələrdə onun atası koronavirusa yoluxaraq vəfat etmişdir. Atasından sonra onun özü də koronavirusa yoluxaraq ağır şəkildə xəstələnmiş, evdə ambulator müalicə almış və bu səbəbdən də oktyabr ayının sonlarından 2 ay ərzində işdə olmamışdır. Maraqlı şəxs MMC-nin əməkdaşları bir neçə dəfə ona xəbər etmişlər ki, əgər işləyə bilmirsə, gəlib özü ərizəsini yazıb işdən çıxsın. Lakin o etiraf edir ki, bunu etməmişdir. Ərizəçi koronavirusa yoluxması və müalicəsi vaxtı ilə 50 gün işdən qalması müddətinin üst-üstə düşməməsini onunla izah etmişdir ki, onun vəziyyəti pis olmuş, koronavirusun fəsadları geri qayıtmış, hələ də tam sağalmamışdır. O, ümumiyyətlə, çölə çıxa bilməmiş, dərmanlarını həkim gəlib yazmış, elə həkim də alıb gətirmişdir. O bildirdi ki, onu öz xahişi ilə işdən çıxara bilərdilər, çünki onun hər hansı əmək haqqı və ya işə bərpa ilə bağlı tələbi olmamışdır. Onun yeganə istəyi işdən çıxarıldığı Əmək Məcəlləsinin maddəsinin dəyişdirilməsi ilə bağlı olmuşdur ki, başqa yerdə iş tapa bilsin. Mediasiya prosesi zamanı da Maraqlı şəxs MMC-nin nümayəndəsi ilə razılığa gəlmişdilər ki, həmin maddə dəyişdirilsin, onun öz xahişi ilə işdən çıxması qeyd edilsin. Lakin sonradan maraqlı şəxs bu razılığa əməl etməmişdir. Odur ki, o, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında Maraqlı şəxs MMC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, ərizəçi Maraqlı şəxs MMC-nin İmişli şəhəri, Heydər Əliyev prospekti, 4 saylı uşaq bağçasının qarşısındakı mağazasında işləmişdir. O, 2022-ci ilin yanvar ayının 3-dən fevral ayının 22-nə qədər 50 gün ərzində heç bir səbəb göstərmədən ard-arda işdə olmamışdır. Ərizəçi işə gəlmədiyinə görə İnsan Resursları şöbəsinin əməkdaşı dəfələrlə ona zəng etmiş, lakin o, işə çıxmamış, işdən azad edilməsi barədə ərizə yazmaqdan imtina etmişdir. O bildirdi ki, mediasiya prosesində Babək Umudov tərəfindən imzalanmış barışıq sazişi Maraqlı şəxs MMC-nin rəhbərinə təqdim edildikdə rəhbərlik tərəfindən bəyənilməmişdir. Belə ki, ərizəçinin işdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə deyil, onun xahişi əsasında azad edilməsi şirkətin və başqa işəgötürənlərin hüquqlarını, eləcə də ədalət prinsipini pozur. Çünki ərizəçi 50 gün üzrsüz səbəbdən işə gəlməməklə şirkətin hüquqlarını pozmuşdur. Həmçinin, Babək Umudova şirkət tərəfindən verilmiş etibarnamədə mediasiya sessiyalarının keçirilməsi ilə bağlı sənədləri imzalamaq səlahiyyət verilsə də, barışıq sazişini imzalamaq səlahiyyəti verilməmişdir. Etibarnamədə qeyd edilmiş və imzalanmasına səlahiyyət verilən sənədlər isə müraciətlər, sorğular, təkliflər və təklifə etirazları imzalamaqla bağlı olmuşdur. Yekun barışıq sazişi isə Babək Umudov tərəfindən imzalanmamışdan əvvəl rəhbərliyə təqdim edilməli, həmin saziş rəhbərlik tərəfindən imzalanmalı və ya Babək Umudova birbaşa olaraq barışıq sazişini imzalamaq səlahiyyəti verildikdən sonra o, sazişi imzalamalı idi. Bundan başqa, mediasiya prosesi zamanı ərizəçi üzrlü səbəbdən işə gəlməməsini təsdiq edən sənədləri təqdim edəcəyini bildirmiş, maraqlı şəxsin əməkdaşları da sonradan sənədləri alıb tarixləri qarşılaşdırdıqda müəyyən etmişlər ki, tarixlər üst-üstə düşmür. Ərizəçi əmək qabiliyyətinin olmaması ilə bağlı sənəd də təqdim etməmişdir. Odur ki, o, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda ərizəçi verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməklə, onu tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası qətnamənin tam yoxlanılmasını düzgün hesab edir. Məhkəmə kollegiyası ərizəçini və maraqlı şəxsin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək hesab etdi ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki Ərizəçi adına açılmış ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2021-ci il tarixində Maraqlı şəxs MMC-nin pərakəndə satış departamentinə satıcı (meyvətərəvəz) vəzifəsinə işə qəbul edilmişdir. İşəgötürənin 550K nömrəli, xx.xx.2022-ci il tarixli əmri ilə Ərizəçi əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə müvafiq olaraq xitam verilmişdir. İşdəki Maraqlı şəxs MMC-nin 2022-ci ilin yanvar və fevral ayları üçün iş vaxtının istifadəsi cədvəllərindən görünür ki, satıcı (meyvə-tərəvəz) vəzifəsində çalışan Ərizəçi 2022-ci ilin yanvar ayının 3-dən fevral ayının 22-nə kimi xəbərsiz olaraq işə gəlməmişdir. İşdəki Maraqlı şəxs MMC tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2022-ci il tarixli, 674 nömrəli xəbərdarlıq məktubundan görünür ki, ona xx.xx.2022-ci il tarixindən həmin günədək heç bir üzrlü səbəb göstərmədən bütün iş günləri işə gəlmədiyi və bu halın Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin tələbinə görə onun tərəfindən əmək vəzifəsinin kobud şəkildə pozulması halı kimi qəbul edildiyi bildirilmiş, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi izah edilmiş, işə gəlməməsinin səbəbini 2 iş günü ərzində yazılı şəkildə bildirməsi xahiş edilmiş, əks halda onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. İşdəki “İmişli rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin 1604 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Ərizəçi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi “Xr. Obstruktiv bronxit, boğulma tutmaları” diaqnozu ilə ambulator müalicə almışdır. İşdəki Maraqlı şəxs MMC tərəfindən X5 verilmiş 11 yanvar 2022-ci il tarixli etibarnamədən görünür ki, MMC ona “Mediasiya haqqında” Qanunun müddəalarına uyğun olaraq Cəmiyyət adından kommersiya və əmək mübahisələri üzrə Cəmiyyət adından mediasiya sessiyalarında iştirak etməyi, mediasiya sessiyalarının keçirilməsi ilə bağlı sənədləri imzalamağı və digər prosessual hərəkətləri icra etməyi etibar etmişdir. İşdəki Bakı 8 saylı Mediasiya Təşkilatında imzalanmış xx.xx.2022-ci il tarixli, MŞB/8- 00006 nömrəli barışıq sazişindən görünür ki, birinci tərəf Ərizəçi işə üzrlü səbəbdən gəlməməsi barədə işəgötürənə öz günahından zamanında rəsmi qaydada məlumat verməməsini təsdiq etmişdir. O, hazırda əmək kitabçasında (kağız daşıyıcıda) və X2 işdən azad olması səbəbinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndindən həmin Məcəllənin 68-ci maddəsinin “a” bəndinə (öz xahişi ilə) dəyişdirilməsinə razıdır. Bu şərtlər daxilində barışıq sazişi imzalandıqdan sonra Maraqlı şəxs MMC-yə qarşı heç bir iddia və tələbinin qalmadığını təsdiq edir. Bu sazişin icra olunması üçün onun X6 göndərilməsinə razıdır. İşdəki Bakı 8 saylı Mediasiya Təşkilatında imzalanmış xx.xx.2022-ci il tarixli, MŞB/8- 00006 nömrəli barışıq sazişindən görünür ki, ikinci tərəf Maraqlı şəxs MMC (nümayəndəsi X7) humanizm prinsiplərini nəzərə alaraq sabiq əməkdaşı vətəndaş Ərizəçi işdən azad olması səbəbinin X4 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndindən həmin Məcəllənin 68-ci maddəsinin “a” bəndinə (öz xahişi ilə) dəyişdirilməsinə razıdır. Bu şərtlər daxilində barışıq sazişi imzalandıqdan sonra vətəndaş Ərizəçi Maraqlı şəxs MMC-yə qarşı heç bir iddia və tələbinin olmadığını qəbul edir. Bu sazişin icra olunması üçün X6 göndərilməsini öhdəsinə götürür. Bakı 8 saylı Mediasiya Təşkilatında imzalanmış xx.xx.2022-ci il tarixli, MŞB/8-00006 nömrəli barışıq sazişi Ərizəçi, Maraqlı şəxs MMC-nin nümayəndəsi X7 və mediator X11 tərəfindən imzalanmışdır. İş materiallarından görünür ki, ərizəçi mediasiya prosesinin nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsini xahiş edir. MPM-in 40-7 fəslində isə bu cür işlər üzrə xüsusi qaydalar müəyyən edilmişdir. MPM-in 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. MPM-in 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. MPM-in 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. MPM-in 355-26.1.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). “Mediasiya haqqında” Qanunun 34.5-ci maddəsinə əsasən, barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Göründüyü kimi, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi üçün onun qanunauyğun olub-olmamasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu səbəblə də, məhkəmə kollegiyası ərizəçinin təsdiq edilməsini xahiş etdiyi barışıq sazişinin qanunauyğun olub-olmamasını yoxlamağı zəruri hesab edir. İş materiallarından görünür ki, ərizəçi xx.xx.2021-ci il tarixində maraqlı şəxs olan Maraqlı şəxs MMC-də satıcı vəzifəsinə qəbul edilərək işləməyə başlamışdır. O, xx.xx.2022-ci il tarixindən əmək müqaviləsinə xitam verildiyi xx.xx.2022-ci il tarixinədək ardıcıl olaraq xəbərsiz olaraq işə gəlməmişdir. Barışıq sazişindən də göründüyü kimi, ərizəçi işə üzrlü səbəbdən gəlməməsi barədə işəgötürənə öz günahından zamanında rəsmi qaydada məlumat verməməsini təsdiq etmişdir. Ərizəçi işə gəlməməsinin üzrlü səbəbi kimi göstərmişdir ki, koronavirusa yoluxmuş, bir müddət ambulator müalicə almış, evə buraxıldıqdan sonra isə evdən çölə çıxa bilməmişdir. Bu səbəblərdən də o, işlədiyi müəssisəyə hər hansı məlumat da verə bilməmişdir. xx.xx.2022-ci il tarixində Maraqlı şəxs MMC tərəfindən ərizəçiyə yazılı şəkildə xəbərdarlıq məktubu göndərilmiş, lakin ərizəçi tərəfindən həmin məktuba da cavab verilmədiyinə görə, işəgötürənin xx.xx.2022-ci il tarixli 550K nömrəli əmri ilə ərizəçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə müvafiq olaraq xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Ərizəçi koronavirus xəstəliyinə yoluxması səbəbindən işə gələ bilmədiyini bildirsə də, bu halı təsdiq edən hər hansı bir sənəd təqdim etməmiş, yalnız “İmişli rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli arayışını təqdim etməklə kifayətlənmişdir. Həmin arayışda isə ərizəçinin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi ambulator müalicə aldığı və diaqnozunun “Xr. Obstruktiv bronxit, boğulma tutmaları” olduğu qeyd edilmişdir. Göründüyü kimi, ərizəçinin koronavirusa yoluxması səbəbindən işə gəlməməsi halı təsdiq edilməməklə yanaşı, diaqnozunun fərqli olduğu, ambulator şəraitdə müalicə aldığı müəyyən edilir. Lakin ərizəçi müalicəsi başa çatdıqdan sonra da 25 gün ərzində xəbərsiz olaraq işə getməməkdə davam etmiş, işdən azad edilməsi barədə ərizə ilə maraqlı şəxsə müraciət etməmişdir. Göründüyü kimi, ərizəçinin xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ardıcıl olaraq xəbərsiz işə getmədiyi müddət qeyd edilən arayışla tam əhatə olunmur. Barışıq sazişindən və iş materiallarından aydın olduğu kimi, ərizəçi gəlməməsi barədə işəgötürənə hər hansı məlumat vermədən xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək ardıcıl olaraq işə gəlməmiş, bununla da əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində nəzərdə tutulmuş həmin hala istinad edilərək, Maraqlı şəxs MMC tərəfindən 550K nömrəli, xx.xx.2022-ci il tarixli əmrlə ərizəçinin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə kollegiyası bildirir ki, əmək kitabçasında, eləcə də əmək müqaviləsinin ləğv edilməsi barədə əmrdə işçinin Əmək Məcəlləsinin məhz hansı maddəsində nəzərdə tutulmuş hala əsasən işdən azad edilməsinin göstərilməsi digər işəgötürənlərin də hüquqlarının və qanuni mənafelərinin qorunmasına xidmət edir. Hazırkı halda isə bağlanmış barışıq sazişində tərəflər ərizəçinin işdən azad olunma əsasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndindən Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə (işçinin öz xahişi ilə) dəyişməyə razı olduqlarını qeyd etmişlər. Bu hal isə işçinin işdən azad olunmasının həqiqi səbəbini gizlətməklə, potensial işəgötürənlərin bu barədə sonradan məlumatlarının olmamasına və onların hüquqlarının və qanuni mənafelərinin pozulması ehtimalının yaranmasına gətirib çıxarır. Bundan əlavə, nümayəndəsi Babək Umudov tərəfindən imzalanmış barışıq sazişi sonradan Maraqlı şəxs MMC-nin rəhbərliyi tərəfindən bəyənilməmiş və icra edilməmişdir. Maraqlı şəxs MMC tərəfindən X5 verilmiş 11 yanvar 2022-ci il tarixli etibarnamədə isə konkret olaraq mediasiya prosesi nəticəsində barışıq sazişi imzalamaq səlahiyyətinin verildiyi göstərilməmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi Hafiz Cəfərli isə bildirmişdir ki, etibarnamədə qeyd edilmiş və imzalanmasına səlahiyyət verilən sənədlər müraciətlər, sorğular, təkliflər və təklifə etirazları imzalamaqla bağlı olmuşdur. Yekun barışıq sazişi isə Babək Umudov tərəfindən imzalanmamışdan əvvəl rəhbərliyə təqdim edilməli, həmin saziş rəhbərlik tərəfindən imzalanmalı və ya Babək Umudova birbaşa olaraq barışıq sazişini imzalamaq səlahiyyəti verildikdən sonra o, sazişi imzalamalı idi. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, ərizəçinin təsdiq edilməsini xahiş etdiyi barışıq sazişi üzrə tərəflərin üzərinə götürdükləri qanuna zidd olmaqla yanaşı, həm də qeyri-müəyyən və natamam xarakter daşıyır. Belə ki, barışıq sazişi üzrə ikinci tərəf olan Maraqlı şəxs MMC sazişin icra olunması üçün X6 göndərilməsini öhdəsinə götürmüş olsa da, sazişdə ərizəçinin əsas istəyi olan işdən azad olunma səbəbinin hansı qaydada dəyişdiriləcəyi, Maraqlı şəxs MMC-nin xx.xx.2022-ci il tarixli, 550K nömrəli əmrinin hüquqi taleyinin necə olacağı, həmin əmrin ləğv edilib-edilməyəcəyi, eləcə də, sazişin X9 tərəfindən hansı qaydada icra olunacağı ilə bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası onu da bildirir ki, ərizəçi apellyasiya şikayətinin məzmununda hazırkı işlə heç bir əlaqəsi olmayan hallara da istinad etmiş, hər hansı müəssisədə müəllim işləməklə bağlı qeydlər etmişdir. Bu hallar isə onu göstərir ki, ərizəçinin dəlilləri formal mülahizələrə əsaslanır və onlar birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməyərək, barışıq sazişinin məcburi olunması üçün təsdiq edilməsindən imtina edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından, iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 355-23 – 355-26, 382, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 2(036)-3574/2022 saylı, 14 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Samir Mayılov Hakimlər: İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar