Məhkəmə qərarları › İş №2(106)-629/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-629/2023

25.04.2023 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-629/2023 25.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi vəkil Qədirov Ağabba İntiqam oğlunun, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, Cavabdehlərin nümayəndəsi vəkil Əhmədova Ulduzə Mehdi qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülkiyyət hüququnun müdafiəsi tələbi barədə iddiasına dair mülki iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli 2(071)-26/2023 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hacıqabul rayonunun Abdulabad kəndində yerləşən onun mülkiyyətində olan fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinin sərhədlərinin cavabdehlər tərəfindən pozulmasına və cavabdehlərə onun mülkiyyətində olan fərdi yaşayış evi və həyətyanı torpaq sahəsindən istifadəsinə maneəçilik törədilməsinə qadağanın qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hacıqabul Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli 2(071)-26/2023 saylı qətnaməsi ilə (hakim Zaur Hüseynov) iddia təmin edilmiş, İddiaçı xüsusi mülkiyyətində olan Hacıqabul rayonunun Abdulabad kəndində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinin sərhədlərinin (qeydiyyat nömrəsi **********) pozulması və onun mülkiyyətində olan fərdi yaşayış evi və həyətyanı torpaq sahəsindən istifadəsinə maneçilik törədilməsi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qadağan edilmiş, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat və mütəxəssisə ödənilmiş məbləğin əvəzi kimi 95 manat olmaqla, cəmi 105 manat məbləğdə pul vəsaitinin müştərək qaydada alınaraq İddiaçı verilməsi və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğdə pul vəsaitinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Hacıqabul Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli 2(071)-26/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnaməsinin ləğv edilməklə iddia tələbinin təmin edilməməsini xahiş edilmişlər. İŞİNHALLARİ: İddiaçı iddiası onunla əsaslandırılmışdır ki, Hacıqabul rayonunun Abdulabad kəndində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi onun mülkiyyətindədir. Həmin fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən 24 sentyabr 2020-ci il tarixdə qeydiyyat nömrəsi ********** nömrəli çıxarışla onun mülkiyyətinə verilmişdir. Qeyd olunan fərdi yaşayış evi və 0,25 ha həyətyanı torpaq sahəsinin hüdudları rəsmi şəkildə təsdiq edilmiş çıxarış və texniki pasport ilə müəyyən edilmişdir. Həmin ərazinin sərhədləri müvafiq dövlət orqanları tərəfindən müəyyən edilərək təhvil verilmişdir. Lakin, cavabdehlər buna məhəl qoyulmadan həmin əraziyə xüsusi texnika və vasitələr ilə girərək həyətyanı torpaq sahəsini mənimsəmişlər və ərazini yararsız hala salmışlar. Cavabdehlər onun fiziki hərəkətlərinin zəif olmasından və yaşlı olmasından istifadə edərək, həyətyanı torpaq sahəsinə girirlər, onun evinə girməsinə və həyətyanı torpaq sahəsində gəzməsinə maneəçilik törədirlər, onun Hacıqabul şəhərində yaşamasını düşünərək onun mülkiyyətində olan fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini mənimsəmək istədiyirlər. Cavabdeh2 onun qardaşıdır. Buna baxmayaraq, onun mülkiyyətində olan həyətyanı torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilir, həmin torpaq sahəsindən dinc istifadəsinə imkan vermirlər, cavabdehlərə dəfələrlə torpaq sahəsindən istifadə etməmələri barədə xəbərdarlıq etmiş, lakin cavabdehlər buna məhəl qoymurlar. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəməyə etiraz ərizəsi təqdim edərək ərizələrini onunla əsaslandırmışlar ki, İddiaçı onlara qarşı qaldırdığı iddianı qəbul etmirlər. Belə ki, İddiaçı Cavabdeh2 bacısıdır və Hacıqabul rayonunun Abdulabad kəndində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi anaları Hüseynova Mələk Cəbi qızının adına olmuşdur. Cavabdeh2 həmin evdə 1951-ci il tarixdə anadan olmuş və Cavabdeh1 50 il əvvəl həmin evə gəlin gəlmişdir, Cavabdeh3 1982-ci il tarixdə həmin evdə anadan olmuşdur, Hüseynova Mələk Cəbi qızı 1999-cu il tarixdə vəfat etmişdir. Cavabdeh2 anası vəfat etməmişdən əvvəl ailə üzvləri ilə birgə həmin evdə yaşamış və onlarla birgə təsərrüfat aparmışdır. İddiaçı isə 40 ildən artıq müddətdir ki, ərə gedərək ərinin Hacıqabul şəhərindəki evində davamlı olaraq yaşamışdır. Əvvəllər iddiaçı ilə münasibətləri yaxşı olsa da, sonradan iddiaçının onları yaşadıqları fərdi yaşayış evindən və həyətyanı torpaq sahəsindən çıxarmaq istəməsi səbəbindən münasibətləri korlanmışdır. Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli 09 saylı qərarı ilə Cavabdeh2 mülkiyyətinə fərdi yaşayış evi və həyətyanı sahəsi təyinatı ilə 0,20 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair JN 350A KOD 91002018 saylı şəhadətnamə verilmişdir və o, həmin torpaq sahəsindən 1951-ci il tarixdən bu günə kimi istifadə edir. Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli 09 saylı qərarı ilə ona və ailə üzvləri Cavabdeh1, Hüseynova Nəzirə əlisgəndər qızına, Hüseynova Aynurə Əlisgəndər qızına, Hüseynova Elnurə Əlisgəndər qızına, Cavabdeh3 və Hüseynova Aytəkin Əlisgəndər qızına kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1,79 ha torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə 20 aprel 1999-cu il tarixdə JN 398 KOD 91002018 saylı şəhadətnamə verilmişdir. Bütün bunlardan başqa İddiaçı Cavabdeh2 qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verildiyi gündən etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Hacıqabul Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 20 oktyabr 2016-cı il tarixli 2(071)-1239/2016 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir. Daha sonra Cavabdeh2 20 oktyabr 2016-cı il tarixli 2(071)-1239/2016 saylı qətnamədən apelyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin 27 fevral 2018-ci il tarixli 2(106)-837/2018 saylı qətnaməsi ilə Hacıqabul Rayon Məhkəməsinin 20 oktyabr 2016-cı il tarixli 2(071)-1239/2016 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməmişdir. İddiaçı onlara qarşı mülkiyyət hüququnun müdafiəsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının qanunsuz olaraq, saxta sənədlərlə Çıxarış almış olduğu Hacıqabul rayonunun Abdulabad kəndində yerləşən fəri yaşayış evi və 0,25 ha torpaq sahəsi cavabdeh Əlisgəndərin (və iddiaçının) anası, 1999-cu il tarixdə vəfat etmiş Hüseynova Mələk Cəbi qızının müllkiyyətidir və iddiaçı kimi cavabdeh Əlisgəndər qanun üzrə birinci dərəcəli vərəsədir. İddiaçı vərəsə kimi mirası nə rəsmi, nə də yaşamadığı, sahiblik etmədiyi və faktiki idarə etmədiyi miras əmlakı qanunsuz olaraq öz adına sənədləşdirməklə miras əmlakdan pay almaq hüququmu pozmuşdur. Məhkəmə demək olar ki, işin obyektiv həlli üçün kifayət qədər araşdırma aparmamışdır. Əgər araşdırma aparılmış olsaydı, iddiaçının almış olduğu Çıxarışın qanunsuz sənədlər əsasında alındığım bilərək, Çıxarışın və onun alınmasına səbəb olmuş sənədlərin etibarsız sayılması bardə iddia qaldırmaq hüquqlarını onlara izah edərdi. İddiaçı nümayəndəsi vəkil Qədirov Ağabba İntiqam oğlu iddia ərizəsinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilmədən, Hacıqabul Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli 2(071)-26/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və onların nümayəndəsi vəkil Əhmədova Ulduzə Mehdi qızı apellyasiya şikayətinin dəlillərinə və etiraz ərizəsinə uyğun izahat vermişlər. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Hacıqabul Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli 2(071)-26/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2020-ci il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********90- 10301 olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Hacıqabul rayonu Abdulabad kəndində yerləşən 0,25 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 37,6 kv.m fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan 13 saylı Şirvan ərazi idarəsi tərəfinən verilmiş xx.xx.2020-ci il tarixli **********90-10301 reyestr nömrəli Texniki pasportdan müəyyən edilir ki, İddiaçı xüsusi mülkiyyətində olan Hacıqabul rayonu Abdulabad kəndində yerləşən 0,25 ha torpaq sahəsi üzərində 2 otaq 1 açıq eyvandan ibarət 1 mərtəbəli yaşayış evi inşa edilmiş və torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İş materiallarında olan JN – 350A nömrəli KOD 91002018 saylı şəhadətnamənin surətindən müəyyən edilir ki, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998ci il tarixli 09 nömrəli qərarı ilə Hacıqabul rayon Abdulabad kənd sakini Hüseynov İslam Əhməd oğluna 20 fevral 2003-cü ildə Hacıqabul rayon Abdulabad kəndində yerləşən 0,20 ha torpaq sahəsi verilmişdir. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 noyabr 2022-ci il tarixli 10/6762 saylı rəyindən görünür ki, xx.xx.2020-ci il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla İddiaçı xüsusi mülkiyyətinə verilmiş Hacıqabul rayon Abdulabad kəndində yerləşən 0,25 ha torpaq sahəsi ilə 350A nömrəli KOD 91002018 saylı şəhadətnamə ilə Hüseynov İslam Əhməd oğluna 20 fevral 2003-cü ildə verilmiş Hacıqabul rayon Abdulabad kəndində yerləşən 0,20 ha torpaq sahəsinin sərhədləri üst-üstə düşmür. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də, mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat, bu hüququ hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, birinci instansiya məhkəməsində işin müəyyən edilmiş faktiki hallarına əsasən iş üzrə sübutlarla və işin hallarına əsasən 350A nömrəli KOD 91002018 saylı şəhadətnamə ilə Hüseynov İslam Əhməd oğluna 20 fevral 2003-cü ildə verilmiş Hacıqabul rayon Abdulabad kəndində yerləşən 0,20 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evində cavabdehlər yaşayırlar. Həmin torpaq sahəsi ilə qonşuluqda olan 0,25 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 37,6 kv.m fərdi yaşayış evi isə iddiaçının xüsusi mülkiyyətindədir. Ekspertiza tədqiqatının nəticəsinə əsasən həmin torpaq sahələrinin hüdudları müəyyən edilmiş və torpaq sahələrinin üstüstə düşmədiyi müəyyən olunmuşdur. Bununla belə məhkəmə iclasında həm iddiaçının, həm də cavabdehlərin izahatları ilə müəyyən olunur ki, cavabdehlər mütəmadi olaraq iddiaçıya ona məxsus torpaq sahəsinə və evinə gedib-gəlməsinə torpaq sahəsindən və evdən istədiyi kimi istifadə etməsinə maneçilik törədirlər. Başqa sözlə, cavabdehlərin hər hansı hüququ olmamasına baxmayaraq, onlar iddiaçıya məxsus torpaq sahəsinə və fərdi yaşayış evinə davamlı olaraq müdaxilələr etmiş, iddiaçının həmin əmlaklar üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirməyə mane olmuşlar, bununla da onun mülkiyyət hüququnu pozmuşlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 22 aprel 2014cü il, “V.Quliyevin şikayəti üzrə” 07 sentyabr 2017-ci il və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 08 yanvar 2021-ci il tarixli qərarlarında qeyd edilmişdir ki, mülkiyyət hüququ ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi ona verilən təminat mülki hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur. Habelə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Məhkəmə kollegiyası diqqətə çatdırmağı zəruri hesab edir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi Konvensiyanın və ona əlavə Protokolların tətbiqi və təfsiri məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanımışdır. Buna görə də, məhkəmənin presedent hüququ Konvensiyanın tərkib hissəsi kimi qəbul edilir və hüquq tətbiqetmə təcrübəsində rəhbər tutulur. Həmin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, Hacıqabul Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli 2(071)-26/2023 saylı qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillləri yetərli deyildir və həmin dəlillər əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. MPM-in 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun gəlir, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmış, təqdim olunmuş sübutlara obyektiv qiymət verilmişdir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakterli dəlillər olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli 2(071)-26/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar