Məhkəmə qərarları › İş №2(106)-689/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-689/2024

13.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-689/2024 13.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-287/2024 saylı, 01 fevral 2024-cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə (Maraqlı şəxs kimi göstərilməklə) məhkəməyə müraciət edərək, Hacıqabul rayonu, 2-ci Paşalı kəndində yaşayan 12 iyul 2003-cü ildə anadan olmuş X2 22 iyun 2023-cü il tarixdə ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, mərhum X4 onun oğlu idi. O, 12 iyul 2003-cü ildə Hacıqabul rayonunun 2-ci Paşalı kəndində anadan olmuşdur. X1 22 iyul 2023-cü il tarixdə avtomobil qəzasında aldığı xəsarətlər nəticəsində vəfat etmişdir. Onu Hacıqabul rayon Şorbacı kənd qəbiristanlığında ailə məzarlığında dəfn etmişlər. Bu barədə akt da tərtib olunmuşdur. Ərizəçi ölüm haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Oradan ərizəçiyə rəsmi cavab olaraq bildirilmişdir ki, həkim arayışı olmadığına görə ölüm haqqında şəhadətnamə verə bilməzlər və bu barədə məhkəməyə müraciət etmək lazımdır. Bu səbəblərdən ərizəçi məhkəməyə müraciət edir. X10 22 iyun 2023-cü ildə ölməsini 2-ci Paşalı kənd sakinləri X8, X3, X5 təsdiq edə bilər və bu hal 08 yanvar 2024-cü il tarixli aktla da təsdiq olunur. Hal-hazırda X1nun ölümü barədə şəhadətnamə ona lazımdır. Hacıqabul Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(071)-287/2024 saylı qərardadı ilə (sədrlik edən hakim Orxan Bayramov) Ərizəçi “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, Ərizəçi qərarın təsviri hissəsində göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə biləcəyi izah olunmuşdur. Qərardad onunla əsaslandırılmışdır ki, ərizəçi X1nun ölməsi faktının müəyyən edilməsinin onun üçün hansı hüquqi əhəmiyyət daşımasını, bu faktı hansı məqsədlə müəyyən etmək istədiyini bildirmədiyindən, eləcə də mərhum oğlunun ölümü haqqında tibbi şəhadətnamənin alınması üçün tibb müəssisəsinə müraciət etməsini və həmin şəhadətnaməni ala bilməməsini təsdiq edən sübutları ərizəsində göstərmədiyindən və bu cür sübutları ərizəsinə əlavə etmədiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Hacıqabul Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(071)-287/2024 saylı qərardadından narazı qalan Ərizəçi şikayət vermiş, şikayətində həmin qərardadın ləğv edilməsini, ərizəsinin qəbul edilərək məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Ərizəçi şikayətini onunla əsaslandırmışdır ki, o, Hacıqabul rayonu, 2-ci Paşalı kəndində yaşayır. Oğlu Məhəmməd 22 iyun 2023-cü ildə avtomobil qəzası nəticəsində vəfat etmişdir. Başları hüzürə qarışdığına görə həkimə müraciət etməmişlər. Üç aydan sonra həkimə müraciət etsə də, həkim ona demişdir ki, vaxtında müraciət etmədiyinə görə ona heç bir tibbi sənəd verə bilməz. Ərizəçi bu barədə Qeydiyyat şöbəsinə də müraciət etmiş, oradan da ona bildirmişlər ki, tibbi sənəd olmasa, ölüm haqqında şəhadətnamə verilə bilməz. Bu səbəbdən də o, sənədləri toplaya bilməmişdir. Hal-hazırda oğlunun ölümü haqqında şəhadətnamə hərbi komissarlığa, torpaq şöbəsindən onun ölümü ilə bağlı veriləsi yardımla əlaqədar lazımdır. Hacıqabul Rayon Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2(071)-287/2024 saylı qərardadı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə Hacıqabul Rayon Məhkəməsinin 2(071)-287/2024 saylı, 01 fevral 2024-cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin mülki iş ilə birlikdə baxılması üçün 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM-in) 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-287/2024 saylı, 01 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-in 310.1-ci maddəsinə əsasən, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının 1.6-cı bəndində qeyd edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Birinci instansiya məhkəməsinin ərizənin geri qaytarılması üçün göstərdiyi ilk əsas məhz o olmuşdur ki, ərizəçi oğlunun ölməsi faktının müəyyən edilməsinin onun üçün hansı hüquqi əhəmiyyət daşımasını və bu faktı hansı məqsədlə müəyyən etmək istədiyini ərizəsində bildirməmişdir. Ərizəçi 01 fevral 2024-cü il tarixli qərardaddan vermiş olduğu şikayətdə oğlunun ölməsi faktının müəyyən edilməsinin ona hansı məqsədlə lazım olduğunu bildirmişdir. Bundan əlavə, ərizəçi qərardaddan vermiş olduğu şikayətə yeni məzmunda ərizə də əlavə edərək, həmin ərizədə bildirmişdir ki, oğlu vəfat etdikdən sonra onun başı hüzürə qarışdığından bu barədə xəstəxanaya müraciət edə bilməmiş, 3 aydan sonra müraciət etdikdə isə artıq gec olmasını bildirərək ona tibbi arayış verməmişlər. Oğlunun ölümü barədə şəhadətnaməni ondan hərbi komissarlıq tələb edir. Bundan əlavə, onun adına torpaq sahəsi var, dövlət tərəfindən oğlunun ölümünə görə onun ailəsinə veriləsi yardımı almaq üçün ora da şəhadətnaməni təqdim etmək lazımdır. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, sözügedən dəlillər məhz birbaşa olaraq ayrıca qaydada məhkəməyə verilmiş ərizədə öz əksini tapmalıdır. Lakin hazırda ərizəçi qərardadda qeyd edilmiş həmin nöqsanı aradan qaldıraraq yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməmiş, hüquqi əhəmiyyətli faktın hansı məqsədlə ona lazım olması barədə dəlilləri də özündə əks etdirən ərizəni qərardaddan şikayətə əlavə edilmiş sənəd kimi təqdim etmişdir. Bu hal isə nöqsan aradan qaldırıldıqdan sonra ərizənin yenidən ümumi qaydada məhkəməyə verilməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 3 nömrəli Qərarının 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin Qərarın 9-cu, 9.1-ci və 9.2-ci bəndlərində isə qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Lakin hazırda ərizəçinin öz ərizəsinə əlavə etdiyi sənədlərin sırasında tibb müəssisəsinin “Ölüm haqqında tibbi şəhadətnamə”si mövcud olmamaqla yanaşı, həmin şəhadətnamənin alınması üçün müraciət edilməsi və ya həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar da ərizəyə əlavə edilməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, ərizəçi ərizəsində X10 avtomobil qəzasında aldığı xəsarətlər nəticəsində vəfat etdiyini bildirmişdir. Belə olan halda avtomobil qəzasında aldığı xəsarətlər nəticəsində vəfat etmiş şəxsin hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırmalar aparılmadan və meyitin müayinə edilməsi yolu ilə ölümün səbəbləri müəyyən edilmədən dəfn edilməsi ağlabatan deyil. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi MPM-in 152.1.1-ci maddəsinə istinad etməklə Ərizəçi “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 149.2.3-cü maddəsinə əsasən, ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. MPM-in 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Sadalananlarla yanaşı, məhkəmə kollegiyası MPM-in 152.4-cü maddəsinə əsasən ərizəçiyə bildirir ki, ölüm faktının müəyyən edilməsi barədə ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-287/2024 saylı, 01 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən, Ərizəçi şikayəti isə təmin edilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda şərh edilənlərə əsasən və MPM-in 263, 264, 360, 397-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-287/2024 saylı, 01 fevral 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar