Məhkəmə qərarları › İş №2(106)-72/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-72/2025

26.08.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-72/2025 26.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X6 Əsədov (sədrlik edən və məruzəçi), Tale Suliddin oğlu Kərimov və X7 ibarət tərkibdə, Dəmirov Zaur Nəsir oğlunun katibliyi, İddiaçı, cavabdeh C.Tagıyev və üçüncü şəxs İmişli rayon Bəhrəmtəpə bələdiyyəsinin təmsilçisinin iştirakı ilə, İmişli Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən azad edilməsi və torpaqdan istifadə hüququnun həyata keçirilməsinə mane olan qanunazidd hərəkətlərə son qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli rayonu, Qaragüvəndikli bələdiyyəsi ilə bağlanan «Torpaq sahəsinin icarəyə verilməsi haqqında» xx.xx.2006-cı il tarixli müqavilə əsasında 25 il müddətinə icarəsinə verilən və müvafiq bələdiyyə tərəfindən təsdiq olunmuş plana əsasən yeri təyin edilən İmişli rayonu, Qaragüvəndikli kəndi ərazisində yerləşən 3,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh1 çıxarılması və həmin torpaq sahəsinin daşınmaz əmlakın Dövlət reyetrində qeydə alınmasına Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən maneənin aradan qaldırılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonu Qaragüvəndikli kəndində yaşayır və fərdi qaydada təsərrüfatla məşğul olur. İslahat zamanı pay torpağı ala bilmədiyindən təsərrüfatı inkişaf etdirmək məqsədilə torpaq sahəsi ayrılmasından ötrü yerli bələdiyyəyə müraciət etmiş və Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 05 nömrəli qərarı ilə Cavabdeh1 geri alınmış İmişli rayonu, Qaragüvəndikli kəndi ərazisində yerləşən boş qalmış 3,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi müvəqqəti istifadə hüququ ilə ayrılıb təsdiq olunmuş plan əsasında ona təhkim edilərək aralarında bağlanmış «Torpaq sahəsinin icarəyə verilməsi haqqında» müqavilə (müqavilə səhvən xx.xx.2006-cı il tarixi qeyd olunmaqla tərtib edilmişdir), əsasında 25 il müddətinə icarəsinə verilmişdir. Həmin vaxtdan etibarən ərazidə pambıq və arpa məhsulu yetişdirilərək torpaqdan təyinatına uyğun şəkildə istifadə olunmuş və icarə haqqı ilbəil ödənilmişdir. 2020-ci ildə İmişli rayonu, Qaragüvəndikli bələdiyyəsinin sədri Cavabdeh2 Cavabdeh1 torpaq üzərində 2013-cü ildə ləğv edilmiş icarə hüququnu qanunsuz yolla bərpa edərək ərazinin Cavabdeh1 tərəfindən zəbt edilməsi üçün şərait yaratmışdır. Ona görə də İmişli rayonu, Qaragüvəndikli bələdiyyəsi ilə bağlanan «Torpaq sahəsinin icarəyə verilməsi haqqında» xx.xx.2006-cı il tarixli müqavilə əsasında 25 il müddətinə icarəsinə verilən və müvafiq bələdiyyə tərəfindən təsdiq olunmuş plana əsasən yeri təyin edilən İmişli rayonu, Qaragüvəndikli kəndi ərazisində yerləşən 3,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh1 çıxarılması və həmin torpaq sahəsinin daşınmaz əmlakın Dövlət reyetrində qeydə alınmasına Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən maneənin aradan qaldırılmalıdır. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonu Qaragüvəndikli kəndində yaşayır və fərdi qaydada təsərrüfatla məşğul olur. Təsərrüfatı inkişaf etdirmək məqsədilə torpaq sahəsi ayrılmasından ötrü yerli bələdiyyəyə müraciəti nəzərə alınaraq Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə İmişli rayonu, Qaragüvəndikli kəndi ərazisində yerləşən boş qalmış 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi müvəqqəti istifadə hüququ ilə ayrılıb təsdiq olunmuş plan əsasında ona təhkim edilərək aralarında bağlanmış xx.xx.2006-cı il tarixli 01 saylı «Torpaq sahəsinin icarəyə verilməsi haqqında» müqavilə əsasında 30 il müddətinə icarəsinə verilmişdir. Həmin vaxtdan etibarən ərazidə kənd təsərrüfatı məhsulları yetişdirilərək torpaqdan təyinatına uyğun şəkildə istifadə etmiş və icarə haqqını ilbəil ödəmişdir. 2013-cü ildə Bakı şəhərində işə başlaması ilə əlaqədar olaraq həmin torpaq sahəsini müvəqqəti olaraq İddiaçı qardaşı X1 vermiş və 2020-ci ildə torpaq sahəsini geri almışdır. Birinci instansiya məhkəməsində Cavabdeh2 izahatında göstərmişdir ki, o, İmişli rayonu Qaragüvəndikli bələdiyyəsinin sədri vəzifəsində işləyir. Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə İmişli rayonu, Qaragüvəndikli kəndi ərazisində yerləşən boş qalmış 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi müvəqqəti istifadə hüququ ilə ayrılıb təsdiq olunmuş plan əsasında Cavabdeh1 təhkim edilmiş və xx.xx.2006-cı il tarixli 01 saylı «Torpaq sahəsinin icarəyə verilməsi haqqında» müqavilə əsasında 30 il müddətinə icarəsinə verilmişdir. Həmin vaxtdan etibarən Cavabdeh1 ərazidə kənd təsərrüfatı məhsulları yetişdirərək torpaqdan təyinatına uyğun şəkildə istifadə etmiş və icarə haqqını ilbəil ödəmişdir. 2013-cü ildə həmin torpaq sahəsini Cavabdeh1 qarşılıqlı razılıq əsasında müvəqqəti olaraq İddiaçı istifadəsinə vermiş və 2020-ci ildə geri almışdır. Torpağın icarə haqqı indiyədək Cavabdeh1 tərəfindən ödənilmişdir. İmişli Rayon Məhkəməsinin (hakim Ü.Qənbərov) 03 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, məhkəmə mübahisəli torpaq sahəsinin ona verilməsi barədə bələdiyyənin bağladığı icarə müqaviləsini sübut kimi qəbul etməmiş və araşdırmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hal- mübahisəli torpaq sahəsinin cavabdehin icarəsində olması sübut edilməmişdir. Cavabdehlərin etirazı da əsassızdır. İzahatlar Prosessual məsələlər Apellyasiya baxışında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmiş və izahatında bildirmişdir məhkəmə torpağın ona verilməsini sübut kimi qəbul etməmişdir. Torpaq sahəsi 2006-cı ildən 2010-cu ilədək cavabdehin istifadəsində olmuş, 2011-ci ildən onun (iddiaçının) istifadəsinə verilmiş, 2020-ci ilədək müqavilə əsasında torpaq sahəsindən istifadə etmişdir. Sonradan başqa şəxslər də torpaq sahəsindən istifadə etməyə başladılar. Müqavilə əsasında təhvil-təslim olmamışdır. O elə bilmişdir ki, həmin torapq sahəsi boş olmuşdur. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şimayətin təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, 2006-cı ildən torpaq sahəsi onun icarəsinə verilmişdir. Torpaq sahəsinin icarə haqqını və vergisini ödəyir. Qəbzləri də məhkəmə kollegiyasına təqdim edə bilər. Torpağı iddiaçının qardaşına qeyri-rəsmi icarəyə vermişdir. Hər ay da 250 manat icarə haaqı ödəmişdir. 2020-ci ildə də Bələdiyyəyə müraciət etmiş, bələdiyyə iddiaçını həmin torpaq sahəsindən çıxarmışdır. Hazırda torpaq sahəsi onun istifadəsindədir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs– İmişli rayon Bəhrəmtəpə bələdiyyəsinin sədri X4 izahatında bildirmişdir ki, keçmiş bələdiyyə sədri hər iki tərəflə müqaviləni qanunsuz bağlamışdır. İddiaçı və cavabdehlə bağlı bələdiyyənin arxivində heç bir sənəd yoxdur. Torpaq sahəsinə dair mövcud icarə müqaviləsi pozulmamış, yeni müqavilə bağlanıla bilməzdi. Cavabdeh2 məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Kollegiya işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşin faktiki halları İddiaçının təqdim etdiyi sənədlərə görə, İmişli rayonu Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 05 saylı iclas protokolundan çıxarışa görə (surəti təqdim edilmişdir), İmişli rayonu, Qaragüvəndikli kəndi ərazisində yerləşən Cavabdeh1 geri alınmış 3,0 ha əkinə yararlı torpaq sahəsi İddiaçı müvəqqəti istifadəsinə verilmişdir. İddiaçının təqdim etdiyi «Torpaq sahəsinin icarəyə verilməsi haqqında» xx.xx.2006-cı il tarixli müqaviləyə görə (kserosurəti təqdim edilmişdir), İmişli rayonu Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı ilə İmişli rayonu, Qaragüvəndikli kəndi ərazisində yerləşən 3,0 ha torpaq sahəsi 25 il müddətinə illik hər hektara 40,0 manat icarə haqqı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə İddiaçı istifadəsinə verilmişdir. (Əlavə edilmiş planda torpaq sahəsinin yeri təyin edilmişdir.) Bundan başqa, cavabdeh tərəfin təqdim etdiyi sənədlərdən görünür ki, İmişli rayonu Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2006-cı il tarixli iclas protokolundan çıxarışa əsasən İmişli rayonu, Qaragüvəndikli kəndi ərazisində yerləşən boş qalmış yararsız 2,0 ha örüş torpaq sahəsi Cavabdeh1 müvəqqəti istifadəsi üçün ayrılmışdır. «Torpaq sahəsinin icarəyə verilməsi haqqında» xx.xx.2006-cı il tarixli 01 saylı müqaviləyə görə, İmişli rayonu, Qaragüvəndikli kəndi ərazisində yerləşən boş qalmış 2,0 ha örüş torpaq sahəsi 30 il müddətinə hər hektara illik 8,0 manat icarə haqqı ilə otlaq və yem istehsalı məqsədilə Cavabdeh1 istifadəsinə verilmişdir. (Əlavə edilmiş planda torpaq sahəsinin yeri təyin edilmişdir.) Hazırki tələbində iddiaçı icarəsinə verilmiş torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsinin daşınmaz əmlakın Dövlət reyetrində qeydə alınmasına cavabdehlər tərəfindən törədilən maneənin aradan qaldırılmasını xahiş etmişdir. İddiaçı tələbini sahibliyin pozulması ilə əlaqələndirmiş, tələbin qanuni əsası olaraq Mülki Məcəllənin 164.2, 165.1-ci maddələrini göstərmişdir. İşin hallarından görünür ki, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/4504 saylı rəyində göstərilmişdir ki, İmişli rayonu Qaragüvəndikli bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı və xx.xx.2006-cı il tarixli «Torpağın icarəyə verilməsi haqqında» müqaviləyə əsasən İddiaçı icarəsinə verilmiş İmişli rayonu, Qaragüvəndikli kəndi ərazisində yerləşən bələdiyyə mülkiyyətində olan 3,0 ha torpaq sahəsi bütünlüklə Cavabdeh1 istifadəsindədir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə mühəndis-texniki ekspertiza keçirilmiş, hər iki tərəfin iddia etdiyi torpaq sahələrinin koordinatları müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin yerquruluşu təşkili şöbəsinin mühəndisinin tərtib etdiyi mütəxəssis rəyinə əsaslanan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş xx.xx.2025-ci il tarixli, 10/2126 saylı ekspert rəyinə görə: - İmişli rayonu Qaragüvəndikli bələdiyyəsinə aid torpaq sahəsinin ərazisindən İddiaçı Yeniulduz oğluna Qaragüvəndikli bələdiyyəsinin 04 dekabr 2006-cı il tarixli “Toprağın icarə müqaviləsi” əsasında icarəsinə verilmiş 3.0 ha torpaq sahəsinin sərhədinin koordinatları mülki işin içərisində olan və Qaragüvəndikli bələdiyyəsinin sədri tərəfindən təsdiq olunmuş yerquruluşu planında olan istinad nöütələrinə əsasən, naturada müəyyən edilmişdir. -Eyni zamanda Qaragüvəndikli bələdiyyəsinin 17 yanvar 2006-cı il tarixli “Torpağın icarə müqaviləsi” əsasında Cavabdeh1h oğlunun icarəsinə verilmiş 2.0 ha torpaq sahəsinin sərhəddinin koordinatları mülki işin içərisində olan və Qaragüvəndikli bələdiyyəsinin sədri tərəfindən təsdiq olunmuş yerquruluşu planında olan istinad nöqtələrinə əsasən, naturada müəyyən edilmişdir. -İddiaçı Yeniulduz oğlunun Qaragüvəndikli bələdiyyəsinin 04 dekabr 2006-cı il tarixli “Torpağın icra müqaviləsi” əsasında icarəsinə verilmiş mülki işin içərisində olan və ancaq Qaragüvəndikli bələdiyyəsinin sədri tərəfindən təsdiq olunmuş yerquruluşu planında olan 3.0 ha torpaq sahəsinin sərhəddi ilə Cavabdeh1h oğlunun icarəsinə verilmiş 17 yanvar 2006-cı il tarixli “Torpağın icarə müqaviləsi” əsasında mülki işin içərisində olan Qaragüvəndikli bələdiyyəsinin sədri tərəfindən təsdiq olunmuş yerquruluşu planında olan 2.0 ha torpaq sahəsinin 1.68 ha hissəsinin sərhəddi üst -üstə düşür. -İddiaçı Yeniulduz oğlunun Qaragüvəndikli bələdiyyəsinin 04 dekabr 2006-cı il tarixli “Torpağın icra müqaviləsi” əsasında icarəsinə verilmiş 3.0 ha torpaq sahəsinin ərazisi bütövlükdə Cavabdeh1h oğlu tərəfindən istifadə olunur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ servitutlar da əmlak hüquqları sayılır. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona əsaslanmışdır ki, 3,0 ha torpaq sahəsinin İddiaçı icarəsinə verilməsi haqqında İmişli rayonu Qaragüvəndikli bələdiyyəsinin, müqavilədə istinad edilən xx.xx.2006-cı il tarixli qərarı mövcud olmadığından xx.xx.2006-cı il tarixli «Torpağın icarəyə verilməsi haqqında» müqavilə özü-özlüyündə etibarsız olmuşdur. Əzizov X5 rayonu, Qaragüvəndikli kəndi ərazisində yerləşən bələdiyyə mülkiyyətində olan 3,0 ha torpaq sahəsini hərrac və ya müsabiqə yolu ilə əldə etməmiş və xx.xx.2006-cı il tarixli «Torpağın icarəyə verilməsi haqqında» müqaviləyə əsaslanan icarə hüququ dövlət qeydiyyatına alınmamışdır. İddiaçı mübahisəli torpaq sahəsi üzərində sahiblik hüququ olmadığından sahiblik haqqında iddia hüququ da yoxdur. Belə ki, Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq sahələri üzərində hüquqlar, o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar müdafiə olunmaq məqsədilə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyatdan keçməlidir. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Apellyasiya Məhkəməsinin mövqeyi İlk növbədə qeyd edilməlidir ki, keçmiş bələdiyyə sədri işləmiş, hazırki iş üzrə Cavabdeh2 qarşı iddianın heç bir hüquqi əsası yoxdur. Belə ki, sonuncu, həm iddiaçının istinad etdiyi müqavilə üzrə tərəf deyil, həm də iddiaçının iddia etdiyi torpaq sahəsini tutmamışdır. Digər cavabdehə münasibətdə iddiaçı tələbində qanuni sahibliyinin pozulduğuna əsaslanmışdır. İddia tələbi ilə bağlı Kollegiya qeyd etməyi zəruri hesab edir ki, sahibliyin müdafiəsinə dair normaların tətbiq edilməsi üçün iddiaçının əmlakın sahibi olması və bu vəziyyətin cavabdeh tərəfindən özbaşınalıqla pozulması müəyyən edilməlidir. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. (MM-in 152.2-ci maddəsi). Qanunun tələbinə görə, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Hazırkı halda iddiaçının mübahisəli torpaq sahəsinin sahibi olması, əvvəldən, yaxud sonrada torpağın onun sahibliyinə müəyyən edilmiş qaydada verilməsini müəyyən etməmişdir. İddiaçının özü ərizəsində göstərmişdir ki, torpaq sahəsi 2013-cü ildə ona verilmiş, müqavilə səhvən xx.xx.2006-cı il tarixi qeyd olunmaqla tərtib edilmişdir. Torpaq sahəsi faktiki 2011-ci ildən 2020-ci ilədək onun istifadəsində olmuşdur. İddiaçı apellyasiya baxışında izahatında torpaq sahəsinin ona verilməsi ilə bağlı təhviltəslim olmadığını qeyd etmişdir. Cavabdehlərin izahatlarına görə torpaq sahəsi müvəqqəti olaraq iddiaçının istifadəsinə verilmiş, sonra ondan geri alınmışdır. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, mövcud vəziyyətdə iddianın sahibliyin müdafiəsinə dair normalar çərçivəsində (MM-in 164-165-ci maddələr baxımından) təmin edilməsi üçün əsas yoxdur. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2 və 157.4-cü maddələri də təşkil etmir. MM-in 157.2 və 157.4-cü maddələri öz əşyasından məhrum olan və ya məhrumetmə olmadan qəsdə məruz qalan mülkiyyətçinin hüquqlarının qorunması ilə bağlı vindikasiya və neqator iddiaları nəzərdə tutur. Vindikasiya və ya neqator tələbin təmin olunması üçün iddiaçı əşyanın mülkiyyətçisi, cavabdeh isə əşyanın sahibi olmalı, yaxud onun tərəfindən əşyaya qəsd və ya başqa maneələr törədilməli, habelə cavabdehin sahibliyi və ya müdaxiləsi qanunsuz olmalıdır. Bu normalara söykənən tələbin haqlı sayılması üçün həmin ünsürlərin hər biri müəyyən edilməlidir. İddiaçının bildirdiyi hallar göstərilən dispozisiya şərtləri ilə uzlaşdıqda iddia əsaslı sayıla və təmin edilə bilər. Onlardan biri aşkar olunmadıqda sonrakı ünsürlərin araşdırılmasına gərək qalmadan həmin normaya söykənən iddia rədd olunmalıdır. Hazırki halda iddiaçının mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olduğunu müəyyən edilmir. Belə olan halda, həmin normaların müstəqil əsas kimi işə tətbiq edilməsi qanuni olmamışdır. İddianın əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsi də təşkil etmir. Bu maddəyə əsasən, mülkiyyət hüququnun müdafiəsinə dair hüquqlar mülkiyyətçi olmasa belə, əşyaya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla sahiblik edən şəxsə də mənsubdur. Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Qeyd edilməlidir ki, bu normada müqavilədən irəli gələn tələb hüquqları (şəxsi hüquqlar) deyil, məhdud əşya hüquqlarından (məsələn servitut, uzufrukt, girov və s.) irəli gələn sahiblik və istifadə nəzərdə tutulmuşdur. Əmlak hüquqlarının iki ayrı növü olan əşya və tələb hüquqları isə bir-birindən əhəmiyyətli dərəcədə fərlənirlər. Əşya hüquqları, başqa bir şəxsin vasitəçiliyinə gərək duyulmadan, müəyyən bir əşya üzərində birbaşa hakimiyyət təmin edən və hər kəsə qarşı irəli sürülə bilən hüquqlardır (məsələn, mülkiyyət hüququ, servitut, ipoteka və s.). Bu səbəbdən əşya hüquqları mütləq hüquqlar sayılır. Bu hüquq əsasında tələb istənilən şəxsə qarşı yönələ bilər. Tələb hüquqları isə sahibinə borcludan hər hansı bir hərəkəti yerinə yetirməyi tələb etmək imkanı verir. Hətta kreditorun tələb hüququnun predmeti bir əşya olduqda belə vəziyyət dəyişmir (məsələn, alqı-satqı müqaviləsi üzrə alıcının əşyanın onun mülkiyyətinə verilməsini satıcıdan tələb etmək hüququ; kirayə müqaviləsi üzrə kirayəçinin əşyanın onun istifadəsinə verilməsini kirayəyə verəndən tələb etmək hüququ). Bu tələblər üzrə hərəkəti yerinə yetirmək öhdəliyi yalnız borcluya aiddir, digər şəxslərə aidiyyəti yoxdur. Ona görə də kreditor müqavilədən irəli gələn tələb hüququnu müqavilənin tərəfi olmayan üçüncü şəxslərə qarşı irəli sürə bilməz. Bu xüsusiyyətlərinə görə tələb hüquqları nisbi hüquqlar sayılır. Bu baxımdan, tələb hüququ öhdəlik münasibətlərində kreditorun borcludan bir hərəkəti yerinə yetirməsini tələb etmək səlahiyyətini özündə ehtiva edirsə, əşya hüququnun özü əşya üzərində birbaşa hakimiyyət təmin edir və hər kəs bu hüququ pozmamaq öhdəliyi daşıyır. Əşya hüququ mövcud və müəyyən bir əşya üzərində qurula biləcəyi halda, mövcud olmayan və gələcəkdə orataya çıxa biləcək bir əşya (məsələn, podratda hər hansı məmulatın hazırlanması) tələb hüququnun predmeti ola bilər. Məhdud əşya hüququna sahib olan şəxs, MM-in 157-ci maddəsinə istinad etməklə öz hüququnu hər kəsə qarşı qoruya bilər. Bundan əlavə, mülkiyyət hüququnun müdafiəsinə dair qaydaların müqavilədən irəli gələn tələb hüquqlarına da şamil edilməsi, bu hüquqları eyniləşdirmək anlamına gəlir. Halbuki, yuxarıda göstərilən əlamətləri baxımından mahiyyətcə fərqli olan həmin hüquqlara (əşya və tələb hüquqlarına) eyni yanaşma sərgilənə bilməz. Əks halda, bu hüquqlar arasındakı fərqləndirmənin bir mənası qalmazdı. Hazırkı işdə cavabdehin torpaq sahəsindən çıxarılmasını tələb edən iddiaçının hər hansı məhdud əşya hüququna malik olması məhkəmələr tərəfindən müəyyən edilməmişdir. Belə olan halda, iddianın MM-in 157.8-ci maddəsi ilə təmin edilməsi də qanuni və əsaslı yanaşma sayıla bilməz. İddiaçı Qaragüvəndikli bələdiyyəsi ilə aralarında bağlanmış xx.xx.2006-cı il tarixli icarə müqaviləsinə istinad etmişdir. İddiaçının bildirdiyinə görə müqavilənin həmin tarixi yazıda düzgün göstərilməmişdir. Bununla yanaşı, cavabdehin Qaragüvəndikli bələdiyyəsi ilə bağladığı müqavilənin tarixi daha əvvəl- xx.xx.2006-cı il tarixə təsadüf edir. Cavabdehlə bağlanmış xx.xx.2006-cı il tarixli müqavilə və ona torpaq sahəsinin ayrılmasına dair qərar ləğv edilməmişdir. İddiaçı cavabdehə torpaq sahəsinin ayrılmasına dair qərarın ləğv edildiyini, torpaq sahəsinin onun üçün ayrıldığını bildirsə də cavabdehə torpaq sahəsinin ayrılmasına dair qərarın və icarə müqaviləsinin ləğv edilməsi, iddiaçıya torpaq sahəsinin ayrılmasına dair hərhansı sübut təqdim etməmişdir. İmişli rayon Bəhrəmtəpə bələdiyyəsinin sədri apellyasiya baxışındakı izahatında iddiaçının istinad etdiyi icarə müqaviləsinin qanunsuz olduğunu, iddiaçıya verilən torpaq sahəsi ilə bağlı bələdiyyənin arxivində heç bir sənədin olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi iddiaçının icarə müqaviləsinin qeydə alınmadığına, əhəmiyyətsiz sənəd olduğuna əsaslanaraq iddianı rədd etmişdir. İddiaçı apellyasiya şikayətində yalnız məhkəmənin icarə müqaviləsini sübut kimi qəbul etmədiyinə əsaslanmışdır. Kollegiya hesab edir ki, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Birinci instansiya məhkəməsi iddianı rədd etməkdə mahiyyəcə doğru qənaətə gəlmişdir. Beləliklə, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilir. Ekspertiza xərcinə görə 100 manat İddiaçı alınıb Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 385, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2(036)-912/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərcinə görə İddiaçı 100 manat alınıb Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar