Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-736/2024 06.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi» tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 2(053)-955/2023 saylı, 29 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 06 may 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı; İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, «Qurtuluş-93» yaşayış kompleksi, İstiqlaliyyət küçəsindəki 13(62) nömrəli binanın 37 nömrəli mənzilinin açıq hərracdan satılması, satışdan əldə olunacaq pulun ¾ hissədə ona, ¼ hissədə isə Cavabdeh verilməklə aralarında bölüşdürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmə baxışı zamanı iddiasını müdafiə edərək bildirmişdir ki, Cavabdeh ilə 04 aprel 2008-ci ildə rəsmi nikah bağlamaqla ailə qurmuş, birgə ailə münasibətlərindən 25 dekabr 2008-ci ildə Nərgiz və 29 oktyabr 2014-cü ildə Əsmər adlı uşaqları doğulmuşdur. Ailə münasibətləri kəskinləşdiyindən Binəqədi Rayon Məhkəməsinin 14 may 2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulub. Fərqli ünvanlarda qeydiyyatda olmalarına baxmayaraq, 2016-cı ildən Abşeron rayonu, «Qurtuluş-93» yaşayış kompleksi, İstiqlaliyyət küçəsindəki 13(62) nömrəli binanın 2-ci blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 120 kv.m, yaşayış sahəsi 82,5 kv.m, köməkçi sahəsi 37,5 kv.m olan, 3 otaqlı 37 nömrəli mənzildə yaşayırlar. Binəqədi Rayon Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli qətnaməsinə əsasən həmin mənzilə münasibətdə ¾ hissədə onun, ¼ hissədə cavabdehin payı müəyyən edilib. Qeyd edir ki, bir-birini görmək istəməyən və bir-birinə nifrət edən iki şəxs bu günədək həmin mənzildə yaşayır, hətta cavabdeh anasını da gətirib özü ilə saxlayır. Mənzilin bir giriş-çıxış qapısı var. Mətbəx, dəhliz və sanitar qovşağı da ümumi istifadədədir. Bu səbəbdən hər gün qarşılaşmaq məcburiyyətindədirlər. Mənzildə davranışları bir-birilərini qıcıqlandırır və bu səbəbdən cavabdehlə aralarında dəfələrlə mübahisə və dava-dalaşlar olub. Baş verənlər uşaqlarının tərbiyəsinə, sağlamlığına, onların psixi, fiziki və mənəvi inkişafına, bir sözlə şəxsiyyət kimi formalaşmasına mənfi təsir göstərir. Cavabdehlə, o cümlədən keçmiş qayınanası Elmira Səlimova ilə aralarında baş vermiş münaqişə ilə əlaqədar aparılmış araşdırma nəticəsində Abşeron Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən 20 oktyabr 2017-ci ildə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda onunla arvadı Təhminə Nəsibova və qayınanası Elmira Səlimova arasında gələcəkdə baş verə biləcək hüquqazidd hadisələrin qarşısının alınması məqsədilə münaqişəli ailə kimi qeydiyyata alınıb qabaqlayıcı-profilaktik söhbətlər aparılması üçün qərarın surətinin aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilməsi qərara alınmışdır. Aralarında münaqişə hal-hazıradək davam edir və hər an xoşagəlməz hadisələrin baş verməsi mümkündür. Hesab edir ki, bu vəziyyətdən yeganə düzgün çıxış yolu hər ikisinin mənzildəki payının bazar qiymətinə uyğun dəyərini almalarıdır. Mənzildə paylarının məlum olmasına, altı ilə yaxın bir müddətdə danışıqlar aparıldığına baxmayaraq, mənzilin bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməmişlər. Cavabdehə iki il əvvəl rəsmi bildiriş göndərərək mənzili qarşılıqlı razılıq əsasında bazar qiymətinə uyğun satmalarını, satışdan əldə edilmiş pul vəsaitinin paylara uyğun şəkildə bölünməsini təklif etmiş, lakin razılığa gələ bilməmişlər. Bu səbəbdən ilk öncə mənzilin naturada bölünməsi ilə bağlı məhkəməyə müraciət etmiş, lakin mənzilin naturada bölünməsi mümkün olmadığına görə Neftçala Rayon Məhkəməsinin 09 may 2022-ci il tarixli qətnaməsi ilə iddiası rədd olunmuşdur. Bundan sonra öz payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, lakin Neftçala Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli qətnaməsi ilə bu iddia tələbi də rədd olunmuşdur. Cavabdehlə arasında olan mübahisənin həlli məqsədilə mediasiya təşkilatına da müraciət etmiş, lakin cavabdeh mediasiya iclasına gəlmədiyi üçün mübahisənin həlli mümkün olmamışdır. Göründüyü kimi cavabdeh onunla aralarında olan mübahisənin könüllü həllindən yayınır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməyə məcbur olub. Göstərilənləri nəzərə alaraq iddiasının təmin olunmasını məhkəmədən xahiş edir. İşin məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh gəlməmiş, nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən «Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir». Məhkəmə cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunduğuna baxmayaraq gəlmədiyini üzrsüz saymış, eyni zamanda iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etdiyini nəzərə alaraq, işə cavabdehin iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını mümkün hesab etmişdir. a) Birinci instansiya məhkəməsində icraat; Neftçala Rayon Məhkəməsinin 2(053)-955/2023 saylı, 29 dekabr 2023-cü il tarixli qətnaməsi (hakim Ceyhun Qədimov) ilə, iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh ümumi paylı mülkiyyətində olan, Abşeron rayonu, Masazır kəndi, «Qurtuluş-93» yaşayış kompleksi, İstiqlaliyyət küçəsi, ev 13(62) ünvanında yerləşən 37 nömrəli mənzil açıq hərracdan satılaraq satış pulu paylara mütənasib surətdə, yəni ¾ hissədə İddiaçı, ¼ hissədə Cavabdeh verilməklə aralarında bölüşdürülməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat; Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyət kəsb edən bütün faktiki halları araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə çıxarılmışdır. Odur ki, kollegiyadan Neftçala Rayon Məhkəməsinin 2(053)-955/2023 saylı, 29 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi formada etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Neftçala Rayon Məhkəməsinin 2(053)-955/2023 saylı, 29 dekabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilməməsini xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada iddiaçı Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, keçirilən iclasda iştirak etməmiş, həmçinin iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri həddində, Neftçala Rayon Məhkəməsinin 2(053)-955/2023 saylı, 29 dekabr 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 220.1-ci maddəsinə əsasən Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6-cı maddəsinə əsasən Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini iddiaçı ilə cavabdehin aralarında münaqişənin mövcud olması, iddiaçının cavabdehə mənzilin bölünməsi ilə bağlı təklif etdiyini, lakin cavabdehin buna yaxın durmaması, eləcə də iddiaçının mübahisəli mənzilə olan payının naturada ayrılmasını, daha sonra da öz payının dəyərinin (kompensasiyanın) cavabdeh tərəfindən ona ödənilməsini məhkəmə qaydasında tələb etməsi və hər iki iddia üzrə də iddiasının rədd olunması və nəticədə iddiaçının mənzilin açıq hərracdan satılmasını, satış pulunun ¾ hissədə ona, ¼ hissədə isə cavabdehə verilməsini tələb etmək ixtiyarına malik olması ilə əlaqələndirmişdir. Cavabdeh qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş, şikayətində Neftçala Rayon Məhkəməsinin 2(053)-955/2023 saylı, 29 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 37 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınıb (iddiaçı bildirir ki, müvafiq məhkəmə qətnaməsini (aşağıda göstəriləcək) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etməyib və bu səbəbdən çıxarışda əmlakın mülkiyyətçisi kimi, yalnız onun adı qalıb). İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 2(001)-13873/2017 nömrəli iş üzrə 26 dekabr 2017- ci il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdeh İddiaçı qarşı «birgə nikah dövründə əldə olunmuş ümumi əmlakın bölünməsi» tələbinə dair iddiası qismən təmin edilərək İddiaçı adına olan, Abşeron rayonu «Qurtuluş-93» yaşayış kompleksi, İstiqlaliyyət küçəsindəki 13(62) nömrəli binanın 2-ci blok, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 120 kv.m, yaşayış sahəsi 82,5 kv.m, köməkçi sahəsi 37,5 kv.m olan 3 otaqlı 37 nömrəli mənzilin ¼ (dörddə bir) hissəsinə X1, ¾ (dörddə üç) hissəsinə İddiaçı paylarının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-9623/2018 nömrəli iş üzrə 21 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 apellyasiya şikayəti təmin edilməmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)-13873/2017 nömrəli iş üzrə 26 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan Neftçala Rayon Məhkəməsinin 2(053)-55/2022 nömrəli iş üzrə 19 may 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X2 qarşı «ümumi əmlakdan payın naturada ayrılması» tələbinə dair iddiası rədd olunub (bu zaman məhkəmə iddiaçının mübahisəli mənzilə dair payının naturada ayrılmasının mümkün olmadığını müəyyən edib). İş materiallarında olan Neftçala Rayon Məhkəməsinin 2(053)-974/2022 nömrəli iş üzrə 25 noyabr 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X2 qarşı «ümumi əmlakdan payın dəyərinin kompensasiyası» tələbinə dair iddiası rədd edilmişdir (bu zaman məhkəmə cavabdehin mübahisəli mənzildə payının cüzi olmadığını nəzərə alıb). İş materiallarında olan Binəqədi Rayon Məhkəməsinin 2(001)-955/2018 nömrəli iş üzrə 14 may 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X3 ilə cavabdeh İddiaçı arasında bağlanmış və Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən 04 aprel 2008-ci ildə 118 nömrəsi ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 25 dekabr 2008-ci il təvəllüdlü X5 və 29 oktyabr 2014-cü il təvəllüdlü X6 anaları X1 yanında qalmaları müəyyən edilmiş, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 07 sentyabr 2017-ci il tarixindən başlayaraq İddiaçı qazancının 1/3 hissəsi miqdarında alimentin X1 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X8 tərəfindən qəbul edilmiş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 20 oktyabr 2017-ci il tarixli qərarın surətindən görünür ki, həmin qərarla İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı ilə arvadı Təhminə Nəsibova və qayınanası Elmira Səlimova arasında gələcəkdə baş verə biləcək hüquqazidd hərəkətlərin qarşısını almaq məqsədilə münaqişəli ailə kimi qeydiyyata alınıb qabaqlayıcı-profilaktik söhbətlər aparılması üçün qərarın surətinin aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilməsi qərara alınmışdır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbinin mahiyyətindən müəyyən olunur ki, o, Cavabdeh ilə 04 aprel 2008-ci ildə rəsmi nikah bağlamaqla ailə qurmuş, birgə ailə münasibətlərindən 25 dekabr 2008-ci ildə Nərgiz və 29 oktyabr 2014-cü ildə Əsmər adlı uşaqları doğulmuşdur. Ailə münasibətləri kəskinləşdiyindən Binəqədi Rayon Məhkəməsinin 14 may 2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulub. Fərqli ünvanlarda qeydiyyatda olmalarına baxmayaraq, 2016-cı ildən Abşeron rayonu, «Qurtuluş-93» yaşayış kompleksi, İstiqlaliyyət küçəsindəki 13(62) nömrəli binanın 2-ci blokunun 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 120 kv.m, yaşayış sahəsi 82,5 kv.m, köməkçi sahəsi 37,5 kv.m olan, 3 otaqlı 37 nömrəli mənzildə yaşayırlar. Binəqədi Rayon Məhkəməsinin 26 dekabr 2017-ci il tarixli qətnaməsinə əsasən həmin mənzilə münasibətdə ¾ hissədə onun, ¼ hissədə cavabdehin payı müəyyən edilib. Qeyd edir ki, bir-birini görmək istəməyən və bir-birinə nifrət edən iki şəxs bu günədək həmin mənzildə yaşayır, hətta cavabdeh anasını da gətirib özü ilə saxlayır. Mənzilin bir giriş-çıxış qapısı var. Mətbəx, dəhliz və sanitar qovşağı da ümumi istifadədədir. Bu səbəbdən hər gün qarşılaşmaq məcburiyyətindədirlər. Mənzildə davranışları bir-birilərini qıcıqlandırır və bu səbəbdən cavabdehlə aralarında dəfələrlə mübahisə və dava-dalaşlar olub. Baş verənlər uşaqlarının tərbiyəsinə, sağlamlığına, onların psixi, fiziki və mənəvi inkişafına, bir sözlə şəxsiyyət kimi formalaşmasına mənfi təsir göstərir. Cavabdehlə, o cümlədən keçmiş qayınanası Elmira Səlimova ilə aralarında baş vermiş münaqişə ilə əlaqədar aparılmış araşdırma nəticəsində Abşeron Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı tərəfindən 20 oktyabr 2017-ci ildə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda onunla arvadı Təhminə Nəsibova və qayınanası Elmira Səlimova arasında gələcəkdə baş verə biləcək hüquqazidd hadisələrin qarşısının alınması məqsədilə münaqişəli ailə kimi qeydiyyata alınıb qabaqlayıcı-profilaktik söhbətlər aparılması üçün qərarın surətinin aidiyyəti üzrə Abşeron RPİ-nin İTŞ-nə göndərilməsi qərara alınmışdır. Aralarında münaqişə hal-hazıradək davam edir və hər an xoşagəlməz hadisələrin baş verməsi mümkündür. Hesab edir ki, bu vəziyyətdən yeganə düzgün çıxış yolu hər ikisinin mənzildəki payının bazar qiymətinə uyğun dəyərini almalarıdır. Mənzildə paylarının məlum olmasına, altı ilə yaxın bir müddətdə danışıqlar aparıldığına baxmayaraq, mənzilin bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməmişlər. Cavabdehə iki il əvvəl rəsmi bildiriş göndərərək mənzili qarşılıqlı razılıq əsasında bazar qiymətinə uyğun satmalarını, satışdan əldə edilmiş pul vəsaitinin paylara uyğun şəkildə bölünməsini təklif etmiş, lakin razılığa gələ bilməmişlər. Bu səbəbdən ilk öncə mənzilin naturada bölünməsi ilə bağlı məhkəməyə müraciət etmiş, lakin mənzilin naturada bölünməsi mümkün olmadığına görə Neftçala Rayon Məhkəməsinin 09 may 2022-ci il tarixli qətnaməsi ilə iddiası rədd olunmuşdur. Bundan sonra öz payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, lakin Neftçala Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli qətnaməsi ilə bu iddia tələbi də rədd olunmuşdur. Cavabdehlə arasında olan mübahisənin həlli məqsədilə mediasiya təşkilatına da müraciət etmiş, lakin cavabdeh mediasiya iclasına gəlmədiyi üçün mübahisənin həlli mümkün olmamışdır. Göründüyü kimi cavabdeh onunla aralarında olan mübahisənin könüllü həllindən yayınır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməyə məcbur olub. Göstərilənləri nəzərə alaraq iddiasının təmin olunmasını məhkəmədən xahiş edir.Tələbin hüquqi əsası kimi MM-nin 213 və 220-ci maddələrininə istinad etmişdir. Cavabdehin apelyasiya şikayətinin dəlillərində göstərir ki, İddiaçı məhkəmədə iddia qaldırmamışdan öncə əmlakın qarşılıqlı razılıq əsasında bazar qiymətinə uyğun olaraq satılmasını və satışdan əldə edilmiş pul vəsaitinin tərəflər arasında bərabər bölünməsini cavabdehə bildiriş göndərməklə təklif etməli idi. Bundan başqa, cavabdeh həmin əmlakın bazar dəyərini müəyyən etməli və həmin əmlakın satın alınması ilə bağlı bildirişdə qeyd aparılmalı idi. Lakin iddiaçı ümumiyyətlə bu bildirişi cavabdehə göndərməmiş, üç il əvvəl cavabdeh tərəfindən ona göndərilmiş bildirişi məhkəməyə təqdim etməklə öz işini bitmiş hesab etmişdir. Halbuki istinad edilən maddi hüquq normalarına əsasən iddiaçı əmlakların naturada bölünməsi, bu mümkün olmadıqda açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsini tələb etməkdən öncə ilk növbədə cavabdehə payına uyğun olaraq pul kompensasiyasının ödənilməsi təklif etməli idi. Göründüyü kimi, iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllığa əməl edilməmişdir. Kollegiya qeyd edir ki, Abşeron rayonu, Masazır kəndi, «Qurtuluş-93» yaşayış kompleksi, İstiqlaliyyət küçəsi, ev 13(62) ünvanında yerləşən 37 nömrəli mənzil ¾ hissədə iddiaçıya, ¼ hissədə isə cavabdehə məxsus olmaqla onların paylı mülkiyyətində (Binəqədi Rayon Məhkəməsinin 2(001)- 13873/2017 nömrəli iş üzrə 26 dekabr 2017-ci il tarixli qətnaməsi) olması işin mübahisəsiz halıdır. Kollegiya adı çəkilən Abşeron rayonu, Masazır kəndi, «Qurtuluş-93» yaşayış kompleksi, İstiqlaliyyət küçəsi, ev 13(62) ünvanında yerləşən 37 nömrəli mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi ilə bağlı iddia tələbinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 220.1 – 220.4-cü maddələrinə əsasən “Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər”, “Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər”, “Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir”, “Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeyə görə “...Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). ... Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. ... Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. ... Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. ... Mülki Məcəllənin 220.4-cü maddəsində qeyd olunur ki, mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda”. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında münaqişə mövcuddur. Belə ki, onların ailə münasibətləri kəskinləşmiş (hətta aidiyyəti polis orqanında münaqişəli ailə kimi qeydə alınmışlar), bu səbəbdən nikahları pozulmuşdur. İddiaçının bildirdiklərindən görünür ki, hazırda da onunla cavabdehvə keçmiş qaynanası arasında qarşılıqlı nifrət hissi var və bir evdə yaşamaları mümkün deyil. İddiaçı ilə cavabdeh arasında mübahisəli mənzilin bölünməsi, o cümlədən mənzilin satılaraq dəyərinin aralarında bölünməsi ilə bağlı da razılıq yoxdur. Bu hal işin s. faktik halları ilə yanaşı tərəflər arasında mənzillə bağlı mövcud olmuş məhkəmə mübahisələri ilə də təsdiq olunur. Eyni zamanda iddiaçı cavabdehə mənzilin bölünməsi ilə bağlı dəfələrlə şifahi müraciətlər etməklə yanaşı rəsmi məktubla da müraciət etdiyini, lakin müsbət cavab ala bilmədiyini qeyd edir. İddiaçı mübahisəli mənzilə olan payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmiş, lakin bunun mümkün olmaması əsası ilə iddiası məhkəmə tərəfindən rədd olunmuşdur (Neftçala Rayon Məhkəməsinin 2(053)-55/2022 nömrəli iş üzrə 19 may 2022- ci il tarixli qətnaməsi). Daha sonra iddiaçı öz payının dəyərinin (kompensasiyanın) cavabdeh tərəfindən ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, lakin bu tələbi də rədd olunmuşdur (Neftçala Rayon Məhkəməsinin 2(053)-974/2022 nömrəli iş üzrə 25 noyabr 2022-ci il tarixli qətnaməsi). Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası MM-nin yuxarıda istinad olunan 220.1 – 220.4-cü maddələrində nəzərdə tutulan bütün mərhələləri keçmiş, lakin cavabdehlə razılığa gələ bilməməsi, habelə aidiyyəti məhkəmə qətnamələri ilə iddialarının rədd olunması səbəbindən tələblərinin təmin olunması mümkün olmamamışdır. Azərbaycan Respublikası MM-nin 220.6-cı maddəsinin tələbinə görə “Bu Məcəllənin 220.3 – 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan Plenum Qərarında həmçinin aşağıdakı hüquqi mövqe açıqlanır: “Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3 – 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. ... Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz”. Beləliklə kollegiya birinci instansiya məhkəməsinin “iddiaçı Nəsibov X4 rayonu, Masazır kəndi, «Qurtuluş-93» yaşayış kompleksi, İstiqlaliyyət küçəsi, ev 13(62) ünvanında yerləşən 37 nömrəli mənzilin açıq hərracdan satılmasını, satış pulunun ¾ hissədə ona, ¼ hissədə isə cavabdehə verilməsini tələb etmək ixtiyarına malikdir, ona görə də iddia təmin olunmalıdır” mövqeyi ilə razılaşır, hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırmış və gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə kollegiyası iş materiallarını və tərəflərin izahatlarını tədqiq edərək yekun nəticə kimi qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla heç bir sübut əhəmiyyəti daşımayan formal mülahizədən ibarətdir. Odur ki, kollegiya birinci instasniya məhkəməsi tərəfindən gəlinən nəticə ilə razılaşaraq Neftçala Rayon Məhkəməsinin 2(053)-955/2023 saylı, 29 dekabr 2023-cü il tarixli qətnaməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi Neftçala Rayon Məhkəməsinin 2(053)-955/2023 saylı, 29 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinəəsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni vəəsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-955/2023 saylı, 29 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-736/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-736/2024
06.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver