Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-754/2023 10.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının geri alınması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 2(057)-167/2023 saylı, 19 yanvar 2023cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə apellyasiya icraatı qaydasında, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq; MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sep 15 qram 583 əyyar – 1500 manat, sep 5 qram 583 əyyar – 500 manat, sep 6 qram 583 əyyar – 600 manat, qolbaq 7 qram 585 əyyar – 1800 manat, qolbaq 7 qram 585 əyyar – 700 manat, üzük alyans 3 qram 583 əyyar – 300 manat, kişi üzüyü 5 qram 583 əyyar – 700 manat, üzük ay, ulduz 7 qram 583 əyyar – 700 manat, zəncir sep, kulon 10 qram 585 əyyar – 1000 manat, cəmi 9400 manat olan qızıl-zinət əşyalarının özü, ya eynisi və ya dəyərinin alınaraq iddiaçının xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə nikahını 09 fevral 2016-cı ildə Salyan rayon Qeydiyyat şöbəsində rəsmi qeydə aldırmışdır. Birgə nikahlarından 14 dekabr 2012-ci il təvəllüdlü X3 və 09 dekabr 2013-cü il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. İddiaçı 2008-ci ildən Rusiya Federasiyasında işləyib qazancını ailəsi üçün göndərmişdir. Lakin cavabdeh olan arvadı göndərdiyi pulları öz qohumlarına xərcləyərək onu aldatmışdır. Axırıncı dəfə 2021-ci ilin sentyabr ayında Rusiya Federasiyasına gedəndə cavabdeh iki azyaşlı uşağı ilə evdə qalmışdır. İddiaçı gedərkən özünə məxsus olan bir neçə adda qızıl-zinət əşyasını dəsmala bükülmüş halda evdə olan televizorun arxa tərəfinə qoymuşdur. Həmin qızıl-zinət əşyalarını iddiaçı öz qazancı ilə almışdır. Axırıncı dəfə 03 iyul 2022-ci ildə Rusiya Federasiyasından evə qayıtdıqda görmüşdür ki, evin qapısı bağlıdır. Daha sonra cavabdehə zəng edərək açarı gətirməsini dedikdə, cavabdeh evin açarlarını gətirməyəcəyini bildirmişdir. Səhəri gün Salyan RPŞ-yə gedərək polisin köməyi ilə evin açarlarını almışdır. Evə daxil olduqdan sonra qızıl-zinət əşyalarının evdə olmadığını görmüşdür. Cavabdehdən qızıl-zinət əşyalarının harada olmasını soruşduqda qızıl-zinət əşyalarının onda olduğunu bildirmiş, iddiaçını hədələmişdir. Həmin qızıllar iddiaçıya məxsusdur. Cavabdeh özünə məxsus, yəni hədiyyə edilmiş qızılları götürüb aparmışdır. İddiaçı buna etiraz etmir. Lakin iddiaçıya məxsus qızılları cavabdeh oğurlayıb aparmışdır. Könüllü şəkildə cavabdeh qızılları qaytarmadığı üçün iddiaçı Salyan RPŞ-yə şikayət etmiş, cavabdehin polis şöbəsində izahatı alınmış, qızıl-zinət əşyalarının onda olmasını etiraf etmişdir. Həmin qızıl-zinət əşyaları aşağıdakılardır: sep kulon 16 qram 583 əyyar – 1600 manat, sep 15 qram 583 əyyar – 1500 manat, sep 5 qram 583 əyyar – 500 manat, sep 6 qram 583 əyyar – 600 manat, qolbaq 7 qram 585 əyyar – 1800 manat, qolbaq 7 qram 585 əyyar – 700 manat, üzük alyans 3 qram 583 əyyar – 300 manat, kişi üzüyü 5 qram 583 əyyar – 700 manat, üzük ay-ulduz 7 qram 583 əyyar – 700 manat, zəncir sep, kulon 10 qram, 585 əyyar – 1000 manat, cəmi 9400 manat. Salyan Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(057)-167/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Ağarza Səmədov) iddia rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində Salyan Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(057)-167/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və bildirmişdir ki, məhkəmə qətnaməni əsaslandırarkən iddia tələbində qeyd edilən qızılların iddiaçıya məxsus olmasının sübuta yetirilmədiyini qeyd etmişdir. Araşdırma zamanı həm şahid ifadəsi ilə, həm fotoşəkillərlə, həm də iddia ərizəsinə əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ilə həmin qızılların olduğu müəyyən edilmişdir. Lakin qətnamə qəbul edilərkən bu hissələr nəzərə alınmamışdır. Qətnamə ilə iddiaçının pozulmuş mülkiyyət hüququ bərpa edilməmişdir. Apellyasiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi vəkil Nümayəndə çıxış edərək bildirdi ki, tələb edilən qızıl-zinət əşyaları iddiaçıya məxsusdur. Belə ki, iddiaçı həmin qızıl-zinət əşyalarını işləyərək yığdığı pul hesabına alıb ehtiyat üçün saxlamışdır. Həmin qızıl-zinət əşyaları cavabdehə hədiyyə edilməmişdir. O, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçının tələbi tamamilə əsassızdır. Belə ki, qızıl-zinət əşyalarının əksəriyyəti ona toy vaxtı hədiyyə edilmişdir. Sonradan onun ad günündə isə iddiaçı tərəfindən ona bir üzük hədiyyə olunmuş, üzüyün içərisində onların toy günü və adları qeyd olunmuşdur. Həmçinin, iş materiallarına əlavə edilmiş fotoşəkildəki qızıl-zinət əşyalarından bir ədəd aypara üzük oğluna, boyunbağılardan biri isə 1 yaşı olarkən qızına hədiyyə edilmişdir. İddiaçıya məxsus kişi üzüyü isə həmin qızıllar arasında ümumiyyətlə olmamışdır. O, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarının onun mülkiyyətində olması barədə fotoşəkildən və mənbəyi bilinməyən rəydən başqa sübutu yoxdur. Tələb edilən qızıl-zinət əşyaları isə cavabdehə məxsusdur. O, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb və işdəki sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı iş üzrə iddiaçının tələbinin hüquqi əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyası iddiaçının qızıl-zinət əşyalarının, onların eynisinin və ya dəyərinin qaytarılması tələbinə qiymət verərək qeyd edir ki, həmin iddianın təmin edilməsi üçün aşağıdakı şərtlərin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir; 3) cavabdehin əşyaya sahibliyi qanunsuz olmalıdır. Bu cür iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, müvafiq iddianı sübutetmə yükü iddiaçının üzərinə düşür və məhz iddiaçı qaytarılmasını tələb etdiyi qızılzinət əşyalarının onun mülkiyyətində olduğunu, iddia irəli sürülən anda isə cavabdehin qanunsuz sahibliyində saxlanıldığını sübut etməlidir. Hazırkı iş üzrə iddiaçı öz tələbinin əsası kimi fotoşəkil, mütəxəssis rəyi və cinayət işinin başlanılmasının rədd edilməsi barədə Salyan RPŞ-nin qərarını təqdim etmişdir. Cavabdeh isə iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, onda olan qızılzinət əşyaları ona toy vaxtı hədiyyə edilmiş, həmçinin toydan sonra ona və uşaqlarına hədiyyə edilmiş qızıl-zinət əşyaları olmuşdur. Məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkili hazırkı iş üzrə tələbin təmin edilməsi üçün əsas hesab etmir və bildirir ki, həmin fotoşəkil sadəcə olaraq orada əks olunmuş qızıl-zinət əşyalarının mövcudluğunu təsdiq edə bilər. Həmin fotoşəkilə əsasən fotoşəkildə olan əşyaların mülkiyyətçisinin, eyni zamanda onların hal-hazırda cavabdehin qanunsuz sahibliyində olduğunun müəyyənləşdirilməsi mümkün deyil. İşdəki Neftçala şəhəri, 20 Yanvar D-1/2 küçəsində yerləşən 49 saylı zərgərlik emalatxanasının zərgər mütəxəssisi X1 tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, Əfrail Sadıqov MPM-in 64-cü maddəsinin tələbinə uyğun olaraq ona təqdim edilmiş fotoşəkillərdə və videogörüntülərdə əks olunmuş qızıllara baxaraq onların təxmini qiymətini müəyyən etmişdir. Məhkəmə kollegiyası həmin mütəxəssis rəyini mötəbər sübut hesab etmir. Belə ki, sözügedən qızıl-zinət əşyalarının özləri olmadan onlar barəsində bu cür qiymətləndirmənin aparılması mümkün deyil və göstərilən qızıl-zinət əşyalarının çəkisinin fotoşəkil və videogörüntülər vasitəsilə müəyyən edilməsi ağlabatan deyil. Rəyin özündə də onun təxmini olması göstərilmişdir. Həmçinin, qeyd edilən rəy iddiaçının göstərilən qızıl-zinət əşyalarının mülkiyyətçisi olması faktını da təsdiq etmir. İşdəki Salyan RPŞ TB-nin cinayət işinin başlanmasının rədd edilməsi barədə 08 avqust 2022-ci il tarixli qərarından görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi müəyyən olunmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin 19 yanvar 2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş X2 tərəfindən verilmiş ifadəyə iddiaçının anası olması səbəbindən tənqidi yanaşaraq, onu mötəbər sübut hesab etmir. Beləliklə, iş materialları ilə tələb edilən qızıl-zinət əşyalarının iddiaçının mülkiyyətində olması və cavabdehin qanunsuz sahibliyində olması halı öz təsdiqini tapmır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Lakin iddiaçı öz tələbinin əsasını təşkil edən halları təsdiq edən hər hansı mötəbər sübutu nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etməmiş, yalnız formal mülahizələrlə kifayətlənmişdir. Əksinə, iş materiallarına əlavə edilmiş fotoşəkildən də göründüyü kimi, hazırkı iş üzrə tələb edilən qızıl-zinət əşyalarının, demək olar ki, hamısı qadın əşyaları olduğuna görə məhkəmə kollegiyası cavabdehin dəlillərini daha inandırıcı hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(057)-167/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-754/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-754/2023
10.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver