Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-78/2025 04.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması və özbaşına tikililərin sökülməsi” tələbinə dair mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər : tövlənin, toyuq hininin, kanailzasiya borusunun sökülməsi. Şirvan şəhəri, 04 dekabr 2025-ci il X2 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması və özbaşına tikililərin sökülməsi” tələbinə dair mülki iş üzrə Ağcabədi Rayon Məhkəməsinin 11 yanvar 2024-ci il tarixli, 2(017)-81/2024 saylı qətnaməsindən (hakim: E. Quliyev) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağcabədi rayonunun Qaravəlli kəndində öz vəsaiti hesabına 50 metr uzunluğunda tikdirdiyi daş hasara bitişik olaraq cavabdehlərə məxsus 2 ədəd malqara tövləsi, 2 ədəd toyuq hini, 1 ədəd kanalizasiya quyusu, hasarının möhkəmliyini və dayanıqlığını təhlükəli vəziyyətdə qoyan kanalizasiya borusunu və eyni zamanda Cavabdeh3 məxsus evin ikinci mərtəbəsinin pəncərələrinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ailəsi ilə birlikdə Ağcabədi rayonunun Qaravəlli kəndində daimi qeydiyyatda olmaqla yaşayır. 2010-cü ildən qonşuluğunda yaşayan Cavabdeh1 özünə məxsus həyətdə onlara aid daş hasarın iki metrliyində 2 mərtəbəli ev tikdirmiş, evin ikinci mərtəbəsində onların həyətinə baxan pəncərə qoymuşdur. Həmin pəncərədən onun evinin həyəti açıq-aşkar görünür. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində özlərinə aid həyətdə sərbəst gəzə bilmirlər. Qərəzli olaraq səs-küy edirlər, evlərinə gələn qonaqlarını evin qarşısındakı eyvanda əyləşdirir, bununla da onlara müxtəlif maneələr yaradırlar. Bundan başqa, cavabdehlər özbaşınalıq edərək öz vəsaiti hesabına 50 metr uzunluğunda tikdirdiyi daş hasara bitişik mal-qara tövləsi, toyuq hini, kanalizasiya quyusu və kanalizasiya borusu tikdirmişdir. Həmin tikililər daş hasarın möhkəmliyini və dayanıqlılığını təhlükəli vəziyyətə salmışdır. Eyni zamanda tövlənin iyi-qoxu onları rahat buraxmır, üst-başlarından heyvan qoxusu gəlir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı iddia tələbini müdafiə etmiş və iddianın təmin edərək, öz vəsaiti hesabına 50 metr uzunluğunda tikdirdiyi daş hasara bitişik cavabdehlərə məxsus mal-qara tövləsi, toyuq hini, kanalizasiya quyusu, kanalizasiya borusunun, eyni zamanda evin 2-ci mərtəbəsinin pəncərələrinin sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (əri) Nümayəndə da eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, ailəsi ilə birlikdə Ağcabədi rayonunun Qaravəlli kəndində özlərinə məxsus həyət evində yaşayır. Digər cavabdehlər də onun uşaqlarıdır. Uzun müddətdir ki, iddiaçı ilə qonşuluqda yaşayırlar. Həmişə münasibətləri yaxşı olub, qohumluq əlaqələri vardır. Son vaxtlar iddiaçı ilə aralarında soyuqluq yaranmış, iddiaçı onlara qarşı qərəzlidir. Ailənin dolanışığı üçün həyətlərində mal-qara və toyuq saxlayırlar. Kənd yeridir, başqa dolanışıqları yoxdur. Qaldı ki, ev, tövlə və toyuq hini qonşu ilə aralarında olan hasardan ən azı 2 metr aralı məsafədə tikilmişdir. Onların kanalizasiya xəttinin hasara və başqa tikililərə heç bir maneəsi yoxdur. Başqa sözlə, iddia ərizəsində göstərilənlərin heç biri həqiqətə uyğun deyil. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməmiş və Cavabdeh1 izahatına uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, buna görə də onun mövqeyini öyrənmək mümkün olmamışdır. Ağcabədi Rayon Məhkəməsinin 11 yanvar 2024-ci il tarixli, 2(017)-81/2024 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “maneənin aradan qaldırılması və özbaşına tikililərin sökülməsi” tələbinə dair iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv olunması və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehlərin öz etirazlarını əsaslandırdığı hər hansısa mötəbər və mübahisələndirilməsi imkansız olan sübutlara əsaslanmadan, cavabdehlərin şəxsi mülahizələrinin formalaşdırdığı özünü müdafiə xarakterli fikirlərin əsasında yekun qərar qəbul etmişdir. Çünki cavabdehlər onun iddiasının rədd olunmasına dair rəddin zəruriliyini isbat edən heç bir sübut və dəlilə əsaslanmamışdır. Bu halın özü belə mənim məhkəmə müdafiə hüququmun pozulmasının göstəricisidir. İkincisi, məhkəmə iş üzrə mübahisə predmeti olan sözügdən əraziyə baxış keçirmiş olsa da, lakin həmin baxışdan sonra tikinti ekspertizası təyin etmədən, cavabdehin xeyrinə qətnamə qəbul etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışının əvvəlki iştirak edən iddiaçının nümayəndəsi (əri) Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, məhkəmə iş üzrə mübahisə predmeti olan sözügdən əraziyə baxış keçirmiş, lakin həmin baxışdan sonra tikinti-texniki ekspertizası təyin etmədən, cavabdehin xeyrinə qətnamə qəbul etmişdir. Hesab etmişdir ki, iş üzrə tikinti-texniki ekspertizası təyin edilməli, onun nəticəsindən asılı olaraq obyektiv qərar qəbul edilməlidir. Qeyd etmişdir ki, keçiriləcək ekspertiza xərcini ödəməyə hazırdır. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası, işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçıya münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Mülki Məcəlləsinin 16.1 və 18-ci-ci maddələrinin tələbinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 171.1-171.3. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər. Maddə 172.2. Torpaq sahəsinin mülkiyyətçisi özünün torpaq sahəsindən istifadə hüququna yolverilməz şəkildə qəsd edən belə qurğuların qonşu sahədə tikilməsinin və ya istismarının qadağan olunmasını tələb edə bilər. Mülki Məcəlləsinin 560.1 və 560.2-ci maddəsinin tələbinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinin tələbinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosesual Məcəllənin 97.5-ci maddəsinə görə, Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (217.1), qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3), bu Məcəllənin 10-1.3- cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (217.5) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Ağcabədi rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İşdə olan torpağın mülkiyyətə verilməsinə dair (JN: 175F KOD ********) şəhadətnamədən görünür ki, İddiaçı və digərlərinə Ağcabədi rayonunun Qaravəlli kəndində AİK-nın 1998-ci il tarixli qərarı ilə 0.16 ha həyətyanı torpaq sahəsi verilmişdir. Birinci instansiya məhkəmə iddianı rədd edərkən qeyd etmişdir ki, İddiaçı qanunla qorunan hüquq və azadlıqlarının, eləcə də maraqlarının cavabdehlər tərəfindən pozulması halını hər hansı mötəbər dəlillərlə sübuta yetirə bilməmişdir. Göründüyü kimi iddia təmin edilməmiş, qətnamədən iddiaçı narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri;
1. Məhkəmənin cavabdehlərin öz etirazlarını əsaslandırdığı hər hansısa mötəbər və mübahisələndirilməsi imkansız olan sübutlara əsaslanmadan, cavabdehlərin şəxsi mülahizələrinin formalaşdırdığı özünü müdafiə xarakterli fikirlərin əsasında yekun qərar qəbul etməsindən,
2. Məhkəmənin iş üzrə mübahisə predmeti olan əraziyə baxış keçirmiş olsa da, həmin baxışdan sonra iş üzrə tikinti-texniki ekspertizanın təyin edilməməsindən ibarətdir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq mübahisəli ərazidə pis iy və qoxunun müəyyən edilməsi ilə bağlı müvafiq dövlət qurumlarına sorğu verilmiş, həmçinin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-682/2024 saylı xx.xx.2024-cü və və 2(106)-78/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadları ilə iş üzrə tikinti texniki ekspertiza təyin edilmiş və iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Qida X1 Regional bölməsindən Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş 18 iyul 2024-cü il tarixli, 3-44-5/2-1559/2024-cü il tarixli məktub, ona əlavə olunmuş aktdan və fotoşəkillərdən görünür ki, əməkdaşları tərəfindən Ağcabədi rayon Qaravəlli kəndində yerləşən vətəndaş Cavabdeh1 məxsus həyətyanı sahəyə baxış keçirilmişdir. Aparılan araşdırma zamanı vətəndaşın həyətyanı sahəsində olan tövlənin bir tərəfi qarğıdan, digər tərəfi isə mişar daşından tikili olduğu, qonşunun evindən 50 metr məsafədə yerləşdiyi, heyvanların peyin tullantılarının mütəmadi olaraq təmizləndiyi, kanalizasiya quyusunun üzərinin beton örtüklə bağlı olduğu və həftədə bir dəfə həmin quyunun tullantılardan təmizləndiyi məlum olmuşdur. Heyvanların sidik və axdığı quyu tövlə daxilində olduğundan oradan digər qoxu və iyi hiss olunmamışdır. Vətəndaşın həyətyanı ərazisində digər başqa bir iyi və qoxu verən başqa digər vasitə və ya avadanlıqlara rast gəlinməmişdir. Qeyd olunan ünvanda həyətyanı sahədə yerləşən heyvandarlıq təsərrüfatının insan sağlamlığına mənfi təsiri olmadığı müəyyən edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-682/2024 saylı xx.xx.2024-cü və 2(106)-78/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadları ilə təyin edilmiş tikinti-texniki ekspertizasının icrası ilə bağlı DƏDK və Reyestri PHŞ 6 saylı Beyləqan Əİdən xx.xx.2025-ci il tarixdə 3-21-3-45/2-5966/2025 saylı məktub daxil olmuşdur. Həmin məktubda qeyd edilmişdir ki, mülki iş üzrə mütəxəssis rəyinin təqdim edilməsi barədə müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsində baxılmışdır. Qeyd edilmişdir ki, tədqiqat obyektinə baxış keçirilmış və müvafiq mütəxəssis rəyi hazırlanmışdır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 31 iyul 2023-cü il tarixli 05 nömrəli qərarına uyğun olaraq iş üzrə mütəxəssis rəyinin verilməsi üçün tərtib olunmuş smeta və hesab vərəqi sizə təqdim edilir. Təqdim edilən smetada nəzərdə tutulmuş xidmət haqqı ödəniləcəyi və ödənişin təsdiqi barədə sənəd Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 6 saylı Beyləqan Ərazi İdarəsinə təqdim edildikdən sonra mütəxəssis rəyinin məhkəməyə göndərilməsi təmin ediləcəkdir. Mütəxəssis rəyinin verilməsi üçün tərtib olunmuş smeta və hesab vərəqi İddiaçı və onun nümayəndəsinə göndərilmiş, həmçinin MPM-nin 97.5-ci maddəsinin tələbləri iddiaçıya göndərilməklə izah edilmiş, iddiaçı həmin sənədləri xx.xx.2025-ci il tarixdə saat 16:31-də almasına baxmayaraq hər hansı ödəniş etməmişdir. Həmçinin iddiaçı və onun nümayəndəsi ilə dəfələrlə telefon əlaqəsi saxlanılaraq müvafiq ödəniş edilməsi xahiş edilsə də iddiaçı bu ödənişləri etməkdən birmənalı imtina etmişdir. Mülki Prosesual Məcəllənin 97.5-ci maddəsinə görə, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Göründüyü kimi iddiaçı apellyasiya şikayətində və apellyasiya baxışında iş üzrə tikinti-texniki ekspertizası təyin edilməsinin vacibliyini qeyd edərək keçiriləcək ekspertiza xərcini ödəməyə hazır olduğunu bildirsə də mütəxəssis rəyinin verilməsi üçün tələb olunan xərcləri ödəməməklə onun keçirilməsinə mane olmuşdur. Şərh edilənlərə əsasən Kollegiya birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Kollegiya hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin 11 yanvar 2024-ci il tarixli 2(017)-81/2024 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.