Məhkəmə qərarları › İş №2(106)-807/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-807/2025

17.04.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-807/2025 17.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Cəlilabad Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(073)-**33/2024 saylı qərardadından cavabdeh Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbinin nümayəndəsi X2 tərəfindən verilmiş şikayətə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbinin direktoru Ramin Şükürovun 06 noyabr 2023-cü il tarixdə 66 nömrəli əmrinin etibarsız hesab edilməsi və işə bərpa olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(073)-**33/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbi tərəfindən verilmiş 03 noyabr 2023-cü il tarixli, 66 saylı əmrin etibarsız hesab edilməsi, iddiaçı Məmmədov X* rayonu Mikayıllı kənd tam orta məktəbində xadimə vəzifəsinə bərpa olunması və İddiaçı 03 noyabr 2023-cü il tarixdən başlayaraq işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddətinə görə əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi qət edilmişdir. İş üzrə cavabdeh Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbi Cəlilabad Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(073)-**33/2024 saylı qətnaməsindən 22 aprel 2024cü il tarixdə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(073)-**33/2024 saylı qərardadı ilə cavabdeh Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbi tərəfindən Cəlilabad Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(073)-**33/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 360 və 36*-ci maddələrində nəzərdə tutulmuş tələblərə riayət edilmədən verildiyindən geri qaytarılmışdır. Məhkəmənin qərardadı ilə razılaşmayan cavabdeh Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbi Cəlilabad rayon məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(073)- **33/2024 saylı qərardadından 27 mart 2025-ci il tarixdə şikayət verərək, qərardadın ləğv edilməsini, əks təqdirdə şikayətin 7 gün müddətində işlə birlikdə apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, 2(073)-**33/2024 saylı qərardadı ilə cavabdeh Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbinin Cəlilabad rayon məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(073)-**33/2024 saylı qərardadının ləğv edilməsinə dair şikayətinin təmin edilməməsi və şikayətin mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 397.*-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etdi ki, Cəlilabad Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(073)-**33/2024 saylı qətnaməsi *6 avqust 2024-cü il tarixdə rəsmi qaydada poçt göndərişi barədə xəbərnaməyə imza edilməklə cavabdeh Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbinə çatdırılmış, lakin cavabdeh tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra, yəni 30 oktyabr 2024cü il tarixdə verilmiş və prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, cavabdeh Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbinin nümayəndəsi X2 tərəfindən apelyasiya şikayəti verilərkən müddət buraxılmış və müddətin bərpası barədə vəsatət əlavə edilməmişdir. Halbuki apellyasiya şikayəti MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Əks halda apellyasiyanın mümükünlüyü üçün prosessual əsaslar yaranmamış olur ki, bu da buraxılmış müddət bərpa edilmədən apellyasiya şikayəti üzrə apellyasiya icraatın davam etməsini mümükünsüz edir. MPM-nin 36*.*-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuşdur). Apellyasiya şikayətindən müəyyən olunur ki, apellyasiya şikayətini verən şəxs apellyasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş şikayət 2 saylı Əlavədə müəyyən olunmuş lazımı məzmunda tərtib edilməmişdir. Belə ki, cavabdeh Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbi apellyasiya şikayətində Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına riayət etmədən, yəni cavabdeh məhkəmə qətnaməsində göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməsinə dair dəlilləri, məhkəmə aktını hansı hissədə mübahisələndirdiyini, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları, istinad etdiyi konkret fakt və halları, həmin halları təsdiq edən (qətnamənin əsassızlığına dair sübutları) sübutları apellyasiya şikayətinə əlavə etmədən, yalnız qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. MPM-nin 364.*-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 36*-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 36*-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bundan əlavə MPM-nin *0-*.3-ci maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 363.*.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin *0-*.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti geri qaytarılır. Qeyd edilən prosessual hüquq normalarının müqayisəli təhlilindən müəyyən edilir ki, qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən * ay müddətində apellyasiya şikayətini işdə iştirak edən şəxslər verə bilər. Apellyasiya şikayəti elektron məhkəmə sisteminin tətbiq olunduğu məhkəmələrdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilir. Odur ki, apellyasiya şikayətinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbinin nümayəndəsi X2 tərəfindən verilmiş şikayət əsaslı hesab edilməyərək, təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(073)-**33/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 398.0.*-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarındankassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən *0 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.*, 400, 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDİ: Cavabdeh Cəlilabad rayonu Mikayıllı kənd tam orta məktəbinin nümayəndəsi X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 04 noyabr 2024-cü il tarixli, 2(073)-**33/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar