Məhkəmə qərarları › İş №2(106)-833/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-833/2023

16.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-833/2023 16.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər: Allahyarov Zaur Mirzağa oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynov Elvin Nizami oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” barədə iddia tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(050)183/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1020 manat dəyərində 12 qramlıq 585 əyarlı 1 ədəd boyunbağının klonu ilə birlikdə, 595 manat dəyərində 7 qramlıq 585 əyarlı 1 ədəd bilərzik, 1360 manat dəyərində 16 qramlıq 585 əyarlı 1 ədəd uşaq üçün boyunbağı, 425 manat dəyərində 5 qramlıq 585 əyarlı 1 ədəd sırğa, 476 manat dəyərində 5,6 qramlıq 585 əyarlı 1 ədəd nişan üzüyü, 391 manat dəyərində 4,6 qramlıq 585 əyarlı 1 ədəd üzük, 484,50 manat dəyərində 5,7 qramlıq 585 əyarlı qolbağın və ya onların ümumi dəyəri 4751,50 manat pulun və 68 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə el adəti qaydasında toy etməklə ailə həyatı qurmuşlar. Nikahlarını 06 yanvar 2022-ci ildə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Uşaqları olmamışdır. İlk əvvəllər mehriban olsalarda, sonradan cavabdehin təqsiri üzündən aralarında müxtəlif məzmunlu narazılıqlar yaranmağa başlamışdır. Bunun nəticəsində ayrılmışlar. Nikahın pozulması ilə bağlı Masallı Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdehlə artıq ayrılmışlar və ayrı yaşayırlar. Toy hədiyyəsi olaraq verilmiş və gəlin köçdüyü zaman ona hədiyyə edilmiş qızıl-zinət əşyaları 1020 manat dəyərində 12 qramlıq 585 əyarlı 1 ədəd boyunbağıdan klonu ilə birlikdə, 595 manat dəyərində 7 qramlıq 585 əyarlı 1 ədədə bilərzikdən, 1360 manat dəyərində 16 qramlıq 585 əyarlı uşaq üçün boyunbağıdan, 425 manat dəyərində 5 qramlıq 585 əyarlı bir ədəd sırğadan, 476 manat dəyərində 5,6 qramlıq 585 əyyarlı bir ədəd nişan üzüyündən, 391 manat dəyərində 4,6 qramlıq 585 əyarlı 1 ədəd üzükdən, 484,50 manat dəyərində 5,7 qramlıq 585 əyarlı qolbağıdan ibarətdir. Həmin əmlaklar onun mülkiyyətidir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 225.2-ci maddələrinə, Ailə Məcəlləsinin 35.1-ci maddəsinə istinad etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, həmçinin bildirmişdir ki, ondan əvvəl ailədə digər gəlin olan Nərmin xanımın toyu olmuşdur. Onun isə toyu 2022-ci ilin may ayının 15-də olmuşdur. Həmin ilin iyun ayının 27-nə kimi Rüstəm ilə birlikdə yaşamışlar. Onun qızılzinət əşyalarından bəzilərinin Rüstəm tərəfindən lombarda qoyularaq pul götürülməsindən xəbəri olmamışdır. Qızıl-zinət əşyalarını Rüstəmdən soruşduqda demişdir ki, anasındadır gətirəcək. Tələb etdiyi 1 ədəd boyunbağı klonu ilə birlikdə, 1 ədəd bilərzik, 1 ədəd sırğa, 1 ədəd üzük Nərmin xanımın üzərində olan onun toyunda çəkilmiş fotoşəkildəki əşyalardır. 2022-ci ilin iyun ayının axırlarında qızıllarını götürüb ata evinə Beyləqan rayonuna getmişdir. İyul ayının 1-də atası cehizlərinin bir qismini Abşeron rayonu, Xırdalan şəhərindəki yaşadığı evdən gətirmişdir. Noyabr ayının 2-də Rüstəmlə ata evindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşadıqları evə qayıtmışlar. Noyabrın 2-dən noyabrın 8-dək Xırdalan şəhərində yaşamışlar. Həmin vaxtlar Rüstəm evə arada gəlirdi. Noyabr ayının 8-də atası Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşadıqları evə gəlmişdir. Həmin vaxt evdə o və qaynanası Solmaz xanım olmuşdur. Aralarındakı soyuq münasibət ilə bağlı əri Rüstəmin iş yerinə getmişlər, Rüstəm bildirmişdir ki, onun başqa ailəsi var, yoldaşı hamilədir. Rüstəmin iş yerindən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən yaşadıqları evə qayıtmışlar, bəzi əyşalarını götürmüş, lakin qızıl-zinət əşyalarını götürməmiş, atası ilə ata evinə Beyləqan rayonuna getmişdir. Ondan 2-3 gün sonra atası digər cehiz əşyalarını da aparmışdır. Sonda İddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin vəkili və nümayəndəsi iddianı qəbul etməyərək, bildirmişdir ki, iddiaçının iddia etdiyi qızıl-zinət əşyalarından bəziləri ər-arvad tərəfindən lomparda qoyularaq pul götürülmüş və həmin pul ailənin ehtiyaclarına xərclənmişdir. Digər komplekt qızıl-zinət əşyaları isə ailənin digər gəlini Nərmin xanıma məxsus olmuşdur. Bunu iş materiallarında olan fotoşəkil də təsdiq edir. Belə ki, Nərmin xanımın toyu iddiaçının toyundan əvvəl olmuşdur və tələb edilən komplektə aid qızıl-zinət əşyalarının həmin vaxt Nərmin xanımda olmasını həmin toydan çəkilmiş fotoşəkil təsdiq edir. Ümumi razılığa əsasən Nərmin xanım qızıl-zinət əşyalarını toyda müvəqqəti olaraq vurması üçün iddiaçıya vermişdir. Sonda Vəkil iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Masallı Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 2(050)183/2023 saylı qətnaməsi ilə (hakim C.Quliyev) iddia qismən təmin edilmiş, 1 ədəd çəkisi 2,43 qaram olan 585 əyarlı dəyəri 300 manat olan uşaq üçün boyunbağıdan, 1 ədəd çəkisi 5,6 qaram olan 585 əyarlı dəyəri 476 manat olan nişan üzüyündən və 1 ədəd çəkisi 5,7 qaram olan 585 əyarlı dəyəri 484,5 manat olan qolbaqdan ibarət qızıl-zinət əşyaları və ya həmin əmlakların naturada alınması mümkün olmadığı hallarda həmin əmlakların dəyəri Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsindən narazı olan İddiaçı apellyasiya şikayəti ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət edərək şikayətində göstərmişdir ki, cavabdeh olan keçmiş həyat yoldaşı Cavabdehlə ailə həyatı qurmuşlar. Həmin müddət ərzində ona toy hədiyyəsi olaraq qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Həmin əşyalar ona təqdim edimiş və onun əmlakı olmuşdur. Lakin sonradan cavabdehlə münasibətləri pozulmuş və onun xəbəri olmadan qızıl-zinət əşyalarının bir qismi girov qoyuaraq kredit götürülmüş və ona məxsus digər qızıl-zinət əşyaları keçmiş həyat yoldaşı tərəfindən mənimsənilmişdir. Lakin hakim qətnamə qəbul edərkən ona məxsus olan qızıl-zinət əşyalarının cavabdehdən alınaraq ona verilməsi barədə qərəzli və ədalətsiz qətnamə qəbul etmişdir. Həmin əsassız qətnamənin ləğv olunması məqsədəuyğun olduğunu hesab edir. Göstərilənlərə əsasən Masallı Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 2(050)183/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları və prosessual məsələlər: Məhkəmə kollegiyası tərəfindən işə mahiyyəti üzrə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq İddiaçı və Cavabdeh heç bir üzürlü səbəb olmadan kollegiya iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının və cavabdehin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə işə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Konstitusiya məhkəməsinin Plenumu bir daha onu vurğulayır ki, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına almayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhəkməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiya məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunmuş hissəsinin cavabdeh tərəfindən mübahisələndirilməməsini nəzərə alıb, Azərbaycan Respublikasının MPM-nin 372.6-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, yəni iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq yoxlanılmalı və hüquqi qiymət verilməlidir. İş materiallarından müəyyən edilir ki, birinci instansiya məhkəməsi tərəfindən təmin edilməyən və iddiaçı tərəfindən mübahisələndirilən qızıl-zinət əşyaları aşağıdakılardır: 1. Boyunbağı klonu ilə birlikdə-bir ədəd, 585 əyarlı, 12 qram çəkidə, 1020 manat dəyərində. 2. Bilərzik-bir ədəd, 585 əyarlı 7 qram çəkidə, 595 manat dəyərində. 3.Sırğa-bir ədəd, 585 əyarlı 5 qram çəkidə, 425 manat dəyərində. 4. Üzük-bir ədəd 585 əyyarlı, 4,6 qram çəkidə, 391 manat dəyərində. Məhkəmə kollegiyası işdə olan sənədləri tədqiq edərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Masallı Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli 2(050)183/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, tələb olunan qızıl əşyalardan 1 ədəd uşaq üçün boyunbağı, 1 ədəd qolbaq və 1 ədəd nişan üzüyü gəlini Alsu xanıma hədiyyə olaraq verilmişdir. Gəlinə hədiyyə olaraq verilmiş qızılların heç birinin alış sənədi yoxdur. Uşaq üçün boyunbağı təxmini 300 manata alınmışdır. Həmin qızıl-zinət əşyalarından bəziləri ər-arvad tərəfindən lombarda qoyularaq pul götürülmüş və həmin pul ailənin ehtiyaclarına xərclənmişdir. Digər tələb olunan qızıllar, yəni 1 ədəd boyunbağı klonu ilə birlikdə, 1 ədəd bilərzik, 1 ədəd sırğa, 1 ədəd üzük böyük gəlini Nərmin xanıma məxsus olmuşdur. 2021-ci ilin dekabrın 11-də böyük gəlinin toyu olmuşdur. 2022-ci ilin may ayının 15-də isə Alsu xanımın toyu olub. Ümumi razılığa əsasən Nərmin xanım qızıl-zinət əşyalarını toyda müvəqqəti olaraq istifadə etməsi üçün iddiaçıya vermişdir. Toy günü oğlu, Alsu xanım, Elburus, Nərmin xanım bir maşında Xırdalan şəhərinə getmişlər. Həmin gün Alsu xanım hazırda tələb etdiyi qızılları Nərmin xanıma qaytarmışdır. Hazırda da həmin qızıllar böyük gəlini Nərmin xanımdadır. İş materiallarında olan 16 noyabr 2022-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, 16 qramlıq 585 əyarlı 1 ədəd uşaq üçün boyunbağının dəyəri 1360 manat, 5,6 qramlıq 585 əyarlı 1 ədəd nişan üzüyünün dəyəri 476 manat və 5,7 qramlıq 585 əyarlı 1 ədəd qolbağın dəyəri 484,50 manat təşkil edir. Qiymətləndirmə aparılarkən qızıl qiyməti 85 manatdan hesablanmışdır. 24 may 2022-ci il tarixli, AA-00179270 saylı kredit (borc) və girov müqaviləsi və müqavilə ilə bağlı qiymətləndirmə aktından görünür ki, Cavabdeh tərəfindən 585 əyarlı boyunbağı və klon çəkisi 2,44 qr, üzük girov qoyularaq 165 manat pul götürülmüşdür. Uşaq üçün boyunbağının fotoşəkilindən əşyaya aid rekvizitlərdən görünür ki, əşyanın əyarı 585, çəkisi 2,43 qramdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. 1. İddiaçının həmin əmlakı tələb etməyə subyektiv hüququ olmalıdır, yəni vindikasiya iddiasına əmlaka sahibliyini itirmiş mülkiyyətçi malikdir. 2.Mülkiyyətçi öz əmlakına faktiki sahiblikdən məhrum olunmalıdır; 3. Mülkiyyətçinin sahibliyindən çıxmış əmlak digər şəxsin faktiki sahibliyində olmalıdır Birinci instansiya məhkəməsi iddianın təmin edilməyən hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı tələb etdiyi digər qızıl-zinət əşyalarının ona hədiyyə edilməsini sübuta yetirə bilməmişdir. İddiaçı həmin əşyaların ona hədiyyə edilməsini yalnız məhkəməyə təqdim etdiyi fotoşəkillər ilə əsaslandırmışdır. Hər hansı bir şəxsin üzərində tələb etdiyi qızıl-zinət əşyalarının olması hələ birmənalı şəkildə o demək deyil ki, həmin əşyalar ona hədiyyə edilmişdir. İşin mübahisə edilməyən halı (iddiaçının da izahatı ilə təsdiq etdiyi) ondan ibarətdir ki, ailədə ilk öncə digər gəlin Nərmin xanımın toyu olmuşdur. İddiaçının toyu isə sonradan olmuşdur. İddiaçının tələb etdiyi 1 ədəd boyunbağı klonu ilə birlikdə, 1 ədəd bilərzik, 1 ədəd sırğa, 1 ədəd üzük Nərmin xanımın üzərində olan onun toyunda çəkilmiş fotoşəkildəki əşyalardır. Yəni, hazırda iddiaçının tələb etdiyi həmin qızıllar əvvəldən alınmışdır və ailənin digər gəlininin toyunda gəlində olmuşdur. İddiaçı izahatında bildirmişdir ki, 2022-ci ilin iyun ayının axırlarında qızıllarını götürüb ata evinə Beyləqan rayonuna getmişdir. Sonradan noyabr ayının 2-də yoldaşı Rüstəmlə birlikdə ata evindən Abşeron rayonu, Xırdalan şəhərində yaşadıqları evə gələrək noyabr ayının 8-dək orada yaşamışlar. Noyabr ayını 8-də atası onların evinə gəlmişdir. Həmin vaxt Rüstəm bildirmişdir ki, onun başqa ailəsi var və yoldaşı hamilədir. Bundan sonra bəzi əşyalarını götürərək atası ilə Beyləqan rayonuna getmişlər. Lakin qızıl-zinət əşyalarını götürməmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını inandırıcı hesab etmir. Belə ki, həqiqətən də iddiaçı Beyləqan rayonuna, atası evinə gedərkən iddia etdiyi kimi qızılları özü ilə aparmışdırsa, sübut etmə yükü baxımından sübut etməlidir ki, gedərkən qızılları da aparmış, geri qayıdarkən apardığı qızılları sonradan geri qaytarmışdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı dəfələrlə ailədəki problemlərlə bağlı ata evinə getmiş, sonradan geri qayıtmış, cehiz əmlakları hissə-hissə daşınmış, həmin əmlaklar daşınarkən əmlak ilə bağlı hər hansı bir problem olmamışdır. Belə bir vəziyyətdə onun cehiz əşyalarının götürülməsi ilə bağlı hər hansı bir problem olmadığı halda qızıl-zinət əşyalarının olduğu təqdirdə özü ilə götürməməsi və ya həmin vaxt hər hansı bir səbəbdən tələb etməməsi inandırıcı görünmür. Belə ki, iddiaçının özünün də izahatından göründüyü kimi o, həmin vaxt sərbəst şəkildə digər cehiz əşyalarını götürmüş, qızıl-zinət əşyaları həqiqətən əgər həmin vaxt var idisə o, digər əşyalar kimi onu da götürmək imkanı olmuşdur. Bunu icra etmək üçün (olduğu təqdirdə qızılları götürmək üçün) ona hər hansı bir maneə olmamışdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndində qeyd olunmuşdur ki, əmlak tələbi barədə iddialar təmin olunduqda, gələcəkdə qətnamənin icrasında dolaşıqlıq yaratmamaq və icranın mümkünlüyünü təmin etmək məqsədi ilə qət edilən şeylərin hər birinin ayrılıqda qiyməti və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda, dəyərinin alınması da göstəriməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunana prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası iş materiallarında olan və əlavə təqdim olunmuş sübutalara mülki prosessual qanunvericiliyn sübutların qiymətləndirilməsi ilə bağlı tələblərinə uyğun qiymət verərək belə hesab edir ki, İddiaçı tələbinin əsası kimi göstərdiyi hal sübuta yetirilmir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təqdim olunmuş sübutlar mülki qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış və bunun da nəticəsində iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilmişdir. Göründüyü kimi, iddiaçı nə birinci instansiya məhkəməsində iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının həqiqətən də cavabdehdə qalmasını təsdiq edən sübut növünü təqdim etməmiş və eləcə də apellyasiya şikayətində iddia tələblərinin əsaslılığı barədə heç bir dəlil göstərə bilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin qismən təmin edilməsinə dair gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddia tələbi hazırda mübahisələndirilən hissədə əsaslı olaraq rədd edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 127-ci maddəsinin 7-ci hissəsinə və Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Qeyd olunan maddi və prosessual hüquq normalarının məzmununa görə, baxılan iş üzrə yaranan bütün məsəllələrin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasına, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün materialların və faktların tədqiqinə sübutların aidliyi və mümkünlüyü qaydalarını və maddi hüquq normalarını rəhbər tutmaqla, iş üçün əhəmiyyətli olan bütün zəruri sübutların cəlb edilməsi ilə keçirilmiş məhkəmə baxışı nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş faktlara uyğun qərarın qəbul edilməsi ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci maddəsində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alanmaqla qətnamə yalnız məhkəmə iclasında tətqiq edilmiş sübutlara əsaslanmalıdır. Qeyd edilən qərarın 6.2-ci maddəsində göstərilmişdir ki, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət yetirilməlidir. Qətnamənin həmin hissəsində məhkəmələr tərəfindən müəyyən olunmuş hallar, məhkəmənin nəticələrinin əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara mülki prosessual qanunvericiliyin sübutların qiymətləndirilməsinə dair tələblərinə uyğun qiymət verərək hesab edir ki, İddiaçı iddia tələblərinin əsaslılığını istinad etdiyi hallar, yəni iddia ərizəsində göstərilən və hazırda tərəfindən mübahisələndirilən qızıl-zinət əşyalarının cavabdehdə qalması iddiaçı tərəfindən təqdim olunmuş hər hansı bir mötəbər sübutla təsdiq olunmadığından, birinci instansiya məhkəməsi iddia tələblərinin qismən təmin olunmasına dair düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, hazırkı mübahisə birinci instansiya məhkəməsi tərəfindən düzgün həll olunduğundan, işə baxılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunduğundan və iş üzrə iddiaçının apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizə xarakteri daşıdığından apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunması üçün əsaslar yoxdur və ona görə də apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 2(050)-183/2023 №-li, 19 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə iddia tələbi üzrə mübahisələndirilən məbləğ beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 384, 385, 392, və 402.1-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)183/2023 saylı, 19 yanvar 2023-cü il tarixli qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar