Məhkəmə qərarları › İş №2(106)-849/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-849/2025

07.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-849/2025 07.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Masallı Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, e-2(050)-127/2024 saylı qərardadından Cavabdeh1 vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(050)-127/2024 saylı qətnaməsi ilə (hakim Habil Bəhmənov) iddiaçı Cavabdeh1 “Kia Sportage-minik” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil və ya dəyəri 28000 manat pul, dövlət rüsumuna görə ödənilmiş 175 manat alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh1 vəkili Ağayev X3 Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, e- 2(050)-127/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Masallı Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, e-2(050)-127/2024 saylı qərardadı ilə Masallı Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, e-2(050)-127/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürüldüyündən Cavabdeh1 vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Cavabdeh1 vəkili Vəkil2 həmin qərardaddan şikayət edərək Masallı Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, e-2(050)-127/2024 saylı qərardadının ləğv edilməsini, iş üzrə obyektiv nəticəyə gəlmək üçün qətnamənin alınması barədə poçt xəbərnaməsində (poçt qəbzində) olan imzanın kim tərəfindən imzalanıb-imzalanmamasını müəyyən etmək üçün məhkəmə xətşünaslıq ekspertizasının təyin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddia tələbi ilə bağlı Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(050)-127/2024 saylı qətnaməsi ona və ailə üzvlərinə verilməmişdir. Qətnamənin alınması barədə işdə olan poçt qəbzindəki imza o və ya ailə üzvləri tərəfindən imzalanmamışdır. Həmin imza ilə bağlı ekpertiza təyin olunsa, aydın olar ki, poçt xəbərnaməsinə imza etməmişdir. Apellyasiya şikayətini qaytarmaqla Masallı Rayon Məhkəməsi tərəfindən qətnamədən şikayət vermək hüququ məhdudlaşdırılmışdır. Məhkəmə əsassız olaraq onu məhkəmə müdafiəsi hüququndan məhrum etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(050)-127/2024 saylı qərardadı ilə Cavabdeh1 Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(050)- 127/2024 saylı qərardadının ləğvinə dair verdiyi şikayətinin təmin edilməməsi, şikayətin 7 gün müddətində e-2(050)-127/2024 saylı mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki iş Şirvan Apellyasiya Məhkəməsinə xx.xx.2025-ci il tarixdə daxil olmuş və cavabdeh tərəfindən verilmiş şikayətə 07 may 2025-ci il tarixə yazılı icraat qaydasında baxılması üzrə təyin edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Cavabdeh1 vəkili Vəkil2 məhkəməyə vəsatət ünvanlayaraq müvafiq izahatlar vermək və sübutlar təqdim etmək üçün şikayətə şifahi məhkəmə iclasında baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materialları əsasında şikayətin dəlillərinə müfəssəl hüquqi qiymət verilməsini mümkün hesab etdiyindən vəsasət təmin edilməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, Masallı Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli, e-2(050)-127/2024 saylı qərardadından verilmiş şikayətin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1 və 133.3-cü maddələrinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) “X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli Qərarında qeyd olunur ki, ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından, prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Təsadüfi deyildir ki, MPM-nin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması, ilk növbədə, hüquqi müəyyənlik prinsipilə əhatələndirilməsi də ehtiva edilən qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan «res judikata» prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 16 avqust 2006-cı il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli Qərarında qeyd olunur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Avropa İnsan Hüquqları Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməməli və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İşdə olan poçt xəbərnaməsindən görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(050)-127/2024 saylı qətnaməsi Cavabdeh1 30 mart 2024-cü il tarixdə poçt vasitəsilə çatdırılaraq şəxsən təqdim edilmiş, o, qətnaməni alması ilə bağlı xəbərnaməni imzalayaraq təsdiqləmişdir. İşdə olan icra işinin materiallarından görünür ki, Cavabdeh1 Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(050)-127/2024 saylı qətnaməsi əsasında verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar Masallı rayon İcra və probasiya şöbəsinə dəvət edilərək 15 avqust 2024-cü il tarixdə izahatı alınmış və tələbin könüllü icrası barədə bildiriş ona təqdim edilmişdir. Cavabdeh1 izahatında məhkəmə qətnaməsindən apellyasiya şikayəti verəcəyini və ona 15 gün vaxt verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki-Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından müəyyən olunur ki, cavabdeh qətnamə qəbul edildiyi gündən 1 ildən artıq müddət keçdikdən sonra şikayət vermişdir. Hətta cavabdehin məhkəmə qətnaməsini almaması barədə dəlili ilə razılaşılsa belə, onun ən azından 15 avqust 2024-cü il tarixdə Masallı rayon İcra və probasiya şöbəsinə dəvət olunduqdan sonra artıq məhkəmə qətnaməsindən məlumatlı olduğu, həmin müddətdə də qətnamədən şikayət vermədiyi və üzrsüz səbəblərdən müddəti ötürərək 1 il sonra şikayət verdiyi müəyyən olunur. Odur ki, məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab edir. Məhkəmə kollegiyası, həmçinin diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi poçt xəbərnaməsindəki imza ilə əlaqədar ekspertiza təyin edilməsindən imtina etmiş və bu barədə mövqeyini məhkəmənin qəbul etdiyi qərardadlardan verilmiş şikayətlərə mahiyyəti üzrə baxılmadığından qeyd edilən mərhələdə ekspertiza təyin edilməsinin mümkün olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin məhz işə yazılı icraat qaydasında baxılması səbəbindən ekspertiza təyin edilməsinin mümkün olmadığı barədə mövqeyini yanlış hesab etsə də, hazırda cavabdehin şikayətinin dəlilləri digər mötəbər sübutlarla tam təkzib olunduğundan ekspertiza təyin etməməklə nəticə olaraq birinci instansiya məhkəməsinin düzgün qənaətə gəldiyini hesab edir. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə yekun dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən şikayətin geri qaytarılması qənaətinə gələrkən prosessual normaları düzgün tətbiq və təfsir etdiyindən, şikayət təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 128, 130, 263, 264, 365, 397,398, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Cavabdeh1 vəkili Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(050)-127/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar