Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-856/2024 15.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair Füzuli Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli 2(064)-46/2024 saylı qətnaməsindən (hakim Y.Həşimov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus İtalya istehsalı olan - 1 ədəd 750 əyar, 18 qram, ağ qızıldan komplekt dəst, yəni brilliyant qaşlarla bəzədilmiş salxımabənzər formalı 1 ədəd boyunbağı, 1 ədəd qolbağ, 1 ədəd üzük, 1 cüt sırğa - 3100 manat dəyərində və İtalya istehsalı olan - 1 ədəd 750 əyar, 7 qram, ağ qızıldan ortası brilliyant qaşlarla bəzədilmiş gül formalı, kənarları toxunmalı nişan üzüyü - 800 manat dəyərində olmaqla qızıl-zinət əşyalarının cavabdehdən alınaraq ona geri qaytarılması, geri qaytarılması mümkün olmazsa, onların cəmi dəyəri olaraq 3900 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 01 mart 2022-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Ailə qurduqdan sonra cavabdehin valideynləri ilə birgə yaşadığı evə köçmüşdür. Xasiyyətlərinin uyğun gəlməməsi, qaynanasının söz-söhbətləri səbəbindən birgə yaşamaqları mümkünsüz hala gəlmiş və belə mübahisələrin birindən sonra dözə bilməyib həmin evdən çıxıb anasının yaşadığı evə getmişdir. Həmin gündən sonra bir daha cavabdehin yaşadığı evə qayıtmamış və nikahlarının pozulması ilə bağlı artıq məhkəməyə müraciət etmişdir. Bildirir ki, ailə qurduqları zaman cavabdehin özü və qaynanası tərəfindən ona nişan və toy hədiyyəsi olaraq İtalya istehsalı olan qızıl-zinət əşyaları (İtalya istehsalı olan - 1 ədəd 750 əyar, 18 qram, ağ qızıldan komplekt dəst, yəni brilliyant qaşlarla bəzədilmiş salxımabənzər formalı 1 ədəd boyunbağı, 1 ədəd qolbağ, 1 ədəd üzük, 1 cüt sırğa – 3100 manat dəyərində və İtalya istehsalı olan - 1 ədəd 750 əyar, 7 qram, ağ qızıldan ortası brilliyant qaşlarla bəzədilmiş gül formalı, kənarları toxunmalı nişan üzüyü – 800 manat dəyərində) verilmişdir. Toydan 1 gün sonra Cavabdeh və onun valideynləri ilə birgə yaşadıqları evdə olarkən Cavabdeh həmin qızıl-zinət əşyalarını ondan götürmüş və həmin evdə yaşayan anası, yəni qaynanası Rahilə Cəfərovaya saxlamaq üçün verəcəyini demişdir. X2 ilə sonuncu mübahisədən sonra həmin evdən çıxıb öz anasının yaşadığı evə gedərkən qeyd etdiyi qızıl-zinət əşyaları həmin evdə, yəni X2da qaldı. Sonradan o, dəfələrlə həmin qızıl-zinət əşyalarını Cavabdeh istəsə də, sonuncu onları ona qaytarmamışdır. Qızıl-zinət əşyalarının mövcudluğunu təsdiq edən fotoşəkilləri və videoları, habelə iş ilə əlaqədar digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər məhkəmə iclası zamanı məhkəməyə təqdim edəcəkdir. Cavabdeh könüllü olaraq həmin əşyaları ona qaytarmır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində iddiaçının vəkili, eyni zamanda nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etmiş, 08 dekabr 2023-cü il tarixli hazırlıq iclasında əlavə olaraq bildirmişdir ki, cavabdeh iddiaçı ilə “WatsApp” sosial şəbəkəsində yazışarkən ona “salam.mamam deyir vermişəm özünə hamısın” ifadələrini yazaması onu deməyə əsas verir ki, doğrudan da qızıl-zinət əşyaları cavabdehdə qalmışdır. 24 noyabr 2023-cü il tarixində keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, iddia olunan qızılları iddiaçının özünə qaytarmışdır. Füzuli Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli 2(064)-46/2024 saylı qətnaməsi ilə iddia təmin olunaraq, İddiaçı məxsus qızıl-zinət əşyaları - 1 ədəd 750 əyar, 18 qram, ağ qızıldan komplekt dəst, yəni brilliyant qaşlarla bəzədilmiş salxımabənzər formalı 1 ədəd boyunbağı, 1 ədəd qolbağ, 1 ədəd üzük, 1 cüt sırğa - 3100 manat dəyərində və İtalya istehsalı olan 1 ədəd 750 əyar, 7 qram, ağ qızıldan ortası brilliyant qaşlarla bəzədilmiş gül formalı, kənarları toxunmalı nişan üzüyü - 800 manat dəyərində olmaqla naturada və ya bu mümkün olmadıqda dəyəri pulla Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə Mülki Məcəllənin 225.2, 225.3, 157.2, 164.2, Ailə Məcəlləsinin 34.1 və 34.2-ci maddələrinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, tədqiq edilmiş sübutlarla müəyyənləşir ki, tərəflər arasında “WatsApp” sosial şəbəkəsində qarşılıqlı şəkildə yazışmalar aparılmış və iddiaçı həmin yazışmalarda ona məxsus olmuş qızıl-zinət əşyalarının qaytarılmasını cavabdehdən israrla tələb etmişdir. Cavabdeh bu yazışmalarda qızıl-zinət əşyalarının mövcudluğunu və iddiaçıya hədiyyə verildiyini mübahisələndirməmiş və “salam.mamam deyir vermişəm özünə hamısın” ifadələrini yazmışdır. Bu hal onu deməyə əsas verir ki, həqiqətən də iddiaçıya hədiyyə verilmiş ərizədə sadalanan qızılzinət əşyaları iddiaçının qanuni sahibliyindən çıxmaqla cavabdehdə qalmışdır. Cavabdehin (və ya anasının) həmin qızıl-zinət əşyalarını sonradan iddiaçıya qaytarmasını əks etdirən sübutlar təqdim edilməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək ləğv olunması və iddia tələbinin tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı gedərkən iddia tələbində göstərdiyi qızılların hamısını özü ilə birlikdə aparmışdır. Bu barədə iddiaçının vəkili də whatsapp yazışmasına istinad etmişdir. Lakin vəkil yazışmasını tərsinə başa düşmüşdür. Mən bildirmişəm ki, salam, mamam deyir vermişəm özünə hamısın. Bu yazışma sübut edir ki, qızıl bizdə deyil, vəkil isə yazını tərsinə başa düşüb, guya bu yazışma onu deməyə əsas verirmiş ki, qızıl bizdə imiş. Məhkəmə də bu yanaşmaya istinad etmişdir. Belə sadə məsələ məhkəməyə qaranlıq qalmışdırsa, qərardad qəbul edib məhkəmə linqvistik ekspertizası təyin etməli idi. İddiaçı sübut etsin ki, qızıl bizdədi. Mən niyə qızılın bizdə olmadığını sübut etməliyəm. İddiaçı sübut etsin ki, qızılı gedərkən özü ilə aparmayıb. Məhkəmə sübutetmə vəzifəsini cavabdehin üzərinə qoymuşdur. Bu isə yanlışdır. İşin hallarını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Sırf bir cümləlik yazışmanı məhkəmə sübut kimi qəbul edib qətnamə çıxartmışdır. Məhz bu səbəbdən də məhkəmə qətnaməsi qanunsuz və əsassızdır və apellyasiya qyadasında ləğv edilməlidir. MPM-in 77ci maddəsinə əsasən açıq şəkildə görünür ki, iddiaçı istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə isə bu yazışmaya hüquqi qüvvə vermiş və göstərmişdir ki, guya iddiaçı qızılı aparmadığını sübut etmişdir. Tamamilə səhv yanaşmadır. MPM-in 88-ci maddəsinə əsasən öz tələbini əsaslandıra bilməmişdir. İddiaçı qızılı özü ilə aparıb, sonra isə prinsip və qisasçılıq xatirinə məni məhkəmə verib sübutetmə vəzifəsini də mənim üzərimə atmışdır. Məhkəmə isə buna hüquqi don geyindirmiş, qanunvericilikdən 2-3 maddə sadalamaqla işini bitmiş hesab etmişdir. MPM-in 217-ci maddəsinə əsasən məhkəmə isə qanunun bu tələbinə əməl etməmiş, prosessual pozuntulara yol vermişdir. Birinci instansiya məhkəməsi konkret olaraq normaya istinad etsə də, öz qətnaməsinin əsasını təşkil edən prosessual normanın zəruriliyini əsaslandıra bilməmişdir. Sadəcə texniki olaraq maddə qətnaməyə köçürülsə də, onun hansı zərurətdən irəli gəldiyi sübut edilməmişdir. Məsələ ondan ibarətdir ki, işin halları öyrənilməli idi. Məhkəmə isə bunun ziddinə, bunları bilsə də, nəzərəa lmamışdır. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər məhkəmədə iştirak etməmiş, bunun üzürlü səbəbləri barədə qabaqcadan məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın isə təmin olunmamasını xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasındha nikah Abşeron rayon qeydiyyat şöbəsində 01 mart 2022-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 24 nömrə ilə qeyd edilməklə bağlanmış, nikah bağlanandan sonra ərə Cəlilli, arvada Cəfərova soyadları verilmişdir. İş materiallarına əlavə edilmiş zərgərlik fəaliyyəti göstərən fərdi sahibkar X4 (VÖEN **********) tərəfindən iddiaçının vəkili Vəkil sorğusuna cavab olaraq verdiyi arayışdan görünür ki, təqdim olunan fotoşəkillər və verilən məlumatlar əsasında fotoşəkillərdə görünən qızıl-zinət əşyaları italya istehsalı olan - 1 ədəd 750 əyar, 18 qram, ağ qızıldan komplekt dəst, yəni brilliyant qaşlarla bəzədilmiş salxımabənzər formalı 1 ədəd boyunbağı, 1 ədəd qolbağ, 1 ədəd üzük, 1 cüt sırğadan ibarət olmaqla dəyəri 3100 manat və İtalya istehsalı olan - 1 ədəd 750 əyar, 7 qram, ağ qızıldan ortası brilliyant qaşlarla bəzədilmiş gül formalı, kənarları toxunmalı nişan üzüyünün dəyəri 800 manat müəyyən olunur. Tərəflər arasında “WatsApp” sosial şəbəkəsində qarşılıqlı şəkildə aparılan yazışmaların mətnin əsasən iddiaçı ona məxsus olmuş qızıl-zinət əşyalarının qaytarılmasını cavabdehdən israrla tələb edir, cavabdeh qızıl-zinət əşyalarının mövcudluğunu və iddiaçıya hədiyyə verildiyini mübahisələndirməyərək “salam.mamam deyir vermişəm özünə hamısın” ifadələrini işlədir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin : 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır); 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir; 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır; 225.4-cü maddəsinə əsasən ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir; 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki,onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır; 668.1.3-cü maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdiyi halda bağışlama etibarlıdır. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024cü il tarixli Qərarının 3.9-cu bəndində qeyd edilir ki, ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə, nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. Mülki Prosessual Məcəllənin : 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur, 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-cü maddəsinə əsasən Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddia olunan qızılların adı, çeşidi, qiyməti və həqiqətən iddiaçıya hədiyyə olunmasının cavabdeh tərəfindən mübahisələndirilməməsi, 24 noyabr 2023-cü il tarixində birinci instansiya məhkəməsində keçirilən məhkəmə baxışına hazırlıq iclasında iştirak edən cavabdehin iddia olunan qızılları iddiaçının özünə qaytardığını bildirməsi, tərəflər arasında “WatsApp” sosial şəbəkəsində qarşılıqlı şəkildə aparılan yazışmalarda iddiaçının ona məxsus olmuş qızıl-zinət əşyalarının qaytarılmasını cavabdehdən israrla etdiyi tələbi qarşılığında, cavabdehin “salam.mamam deyir vermişəm özünə hamısın” ifadələrini işlətməsi, qızılların cavabdehin sahibliyinə keçməsinin birbaşa sübutudur. Belə olan halda qızılların iddiaçıya qaytarılmasını sübuta yetirmək yükü düşür cavabdehin üzərinə və cavabdeh tərəfindən bunun təsdiqinə dair birinci instansiya məhkəməsinə hər hansı bir sübut verilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 112.1.2-ci maddəsinə əsasən əmlakın tələb edilməsi haqqındakı iddialarda iddianın qiyməti tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki iş üzrə iddianın qiyməti 3900 manat təşkil etməklə, mübahisələndirilən hissədə qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli 2(064)-46/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kasasiya şikayəti verilə bilməz. Sədrlik edən: Tale Kərimov Hakimlər: Cahid İmanov Pərviz Əhmədov
Məhkəmə qərarları › İş №2(106)-856/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-856/2024
15.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver