Məhkəmə qərarları › İş №2(106)-873/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-873/2024

04.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-873/2024 04.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, X10 oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil2, Cavabdeh1, Cavabdeh3 (X5), Cavabdeh2 Əliheydər oğlunun nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı qızıl-zinət əşyaları tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 2(050)-132/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 (nümayəndə Vəkil1) verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 Əliheydər oğluna, X4 (Cavabdeh3) və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 Əliheydər oğlu, X5 və Cavabdeh1 Kalye-sırğa, üzük, sep və qolbaq dəsti 18 qr 585 əyyarlı qiyməti 2350 manat, üzük 3.5 qr 585 əyyarlı qiyməti 400 manat, kitab formalı nişan üzüyü brilyant qaşlı 9.5 qr 585 əyyarlı 1.100 manat və üzük 12 qr 585 əyyarlı 1200 manat, ümumilikdə 43 qr çəkidə qiyməti 5050 manat olan qızıl-zinət əşyalarının naturada özü və ya ümumi dəyəri olan 5050 manat pulun, mediasiya xərci üçün ödənilmiş 55 manat və dövlət rüsumu üçün ödənilmiş 16 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-132/2024 saylı qətnaməsi ilə (hakim Zeynal Zeynalov) iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh2 Əliheydər oğlundan, X2 (Cavabdeh3) və Cavabdeh1 müştərək qaydada 1 ədəd 585 əyarlı, 18 qram çəkisi olan kalye-sırğa, üzük, sep və qolbaq dəsti və ya dəyəri 2350 manat, 1 ədəd 585 əyarlı, 3.5 qram çəkisi olan üzük və ya dəyəri 285 manat, 1 ədəd 585 əyarlı, 9.5 qram çəkisi olan kitab formalı nişan üzüyü brilyant qaş və ya dəyəri 800 manat, 1 ədəd 585 əyarlı, 12 qram çəkisi olan üzük və ya dəyəri 570 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, cavabdehlər Cavabdeh2 Əliheydər oğlundan, X2 (Cavabdeh3) və Cavabdeh1 müştərək qaydada mediasiya xərci üçün ödənilmiş 55 manat və 16 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 (nümayəndə Vəkil1) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İ Ş İ N H A L L A R İ: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2002-ci ildə Masallı rayonunun Qəriblər kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatda olmaqla orada yaşayır. Masallı şəhər sakini xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh2 Əliheydər oğlu ilə el adəti üzrə xx.xx.2022-ci ildə Rusiya Federasiyasının Norilski şəhərində ailə həyatı qurmuşdur. Birgə yaşadıqları müddətdə xx.xx.2023-cü il təvəllüdlü İslam adlı bir övladları olmuşdur. Cavadbeh Cavabdeh2lə xx.xx.2022-ci ildə, yəni hamilə olarkən münasibətləri kəskinləşmiş və ayrılmışlar. Cavabdeh həmin gün onu vəhşicəsinə döyərək anasının evində qoyub getmişdir. Cavabdeh ona hamilə olduğu müddətdə də heç bir yardım etməmişdir. Hətta onu məcbur etmişdir ki, hamilə olarkən bətnindəki uşağı tələf etdirsin. Bütün təzyiqlərə dözüb uşağı dünyaya gətirmişdir. Uşaq anadan olandan bu günə qədər cavabdeh nə uşağı görüb, nə də uşağı görmək istəyir. Hər şeyə dözmüşdür ki, bəlkə ailə bərpa olar. Məhkəməyə verməyə də maddi imkanı çox vaxt olmamışdır. Bütün bunlardan sonra ailə münasibətinin bərpa oluna bilməyəcəyini bilmiş və məcburiyyət qarşısında qalıb qızıl-zinət əşyaları və cehiz əmlaklarını götürmək qərarına gəlmişdir. Beləliklə, cehiz əmlaklarını ona vermişlər. Cehiz əmlakları ilə yanaşı, valideynlərinin oğlan üçün apardığı nişan üzüyünü yararsız hala salaraq ona vermişlər. Aşurun valideynlərinin isə gətirdiyi qızıl-zinət əşyalarını ona verməmişlər. Cavabdehlər ona məxsus əmlakları özlərində saxlamaqla, oğlana məxsus əmlakı isə (nişan üzüyünü) yararsız hala salaraq ona vermişlər. Qeyd etdiklərindən və qanunun tələblərindən görünür ki, ona məxsus qızıl-zinət əşyaları onun mülkiyyətindədir. Odur ki, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Həmin qızıl-zinət əşyaları kolye-sırğa, üzük, sep və qolbaq dəsti 18 qr 585 əyyar qiyməti 2350 manat, üzük 3.5 qr 585 əyyar qiyməti 400 manat, kitab formalı nişan üzüyü brilyant qaş 9.5 qr 585 əyyar 1100 manat və üzük 12 qr 585 əyyar 1200 manat, ümumilikdə 43 qr çəkidə qiyməti 5050 manatdır. Odur ki, qeyd edilən qızıl-zinət əşyaları cavabdehlər Cavabdeh2 Əliheydər oğlundan, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınıb iddiaçıya verilməlidir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 (nümayəndə Vəkil1) apellyasiya şikayətlərini onunla əsaslandırılmışlar ki, iddiaçının tələb etdiyi qızıl-zinət əşyalarını iddiaçıya toyda hədiyyə etmişlər və iddiaçı Rusiya Federasiyasının Norilski şəhərində yaşadıqları evdən gedərkən həmin qızılları aparmasına baxmayaraq, onlardan tələb etməsi əsassızdır. Həmçinin qızılların qiymətini çox göstərmişdir, çünki həmin qızılları Azərbaycanda deyil, Rusiya Federasiyasının Norilski şəhərində almışlar, həmin şəhərdə isə qızıl olduqca ucuz qiymətə satılır və həmin qızıllar iddiaçı tərəfindən aparılmışdır. Eyni zamanda iddiaçı məhkəməyə iddiasını əsaslandıracaq hər hansı bir möhtəbər sübut təqdim etməmişdir. İddiaçı iddiasının əsası kimi Dövlət Gömrük komitəsinə sorğu verilərək onun Rusiya Federasiyasından gəldiyi zaman sərhədi keçərkən olan görüntülərinin alınmasını və həmin görüntülərin sübut kimi olduğunu qeyd etmiş olsa da, lakin məhkəmə tərəfindən verilmiş sorğunun heç bir nəticəsi olmamışdır. Həmçinin iddiaçı iddiasını təsdiq edəcək hər hansı bir şahidi məhkəməyə təqdim etməmişdir və onun iddiasını təsdiq edən şahidləri belə yoxdur. Eləcə də məhkəmə prosesində bir nəfər iddiaçı bildirir ki, qızıllar cavabdehlərdədir. Üç nəfər cavabdeh isə əsaslandırır ki, qız sərbəst olub qızılları gedərkən sərbəst şəkildə özü ilə aparıb, qızıllar iddiaçının özündə olub, qızılların qiyməti çox şişirdilib. Hakim isə işə baxarkən üç nəfərin sözünə deyil, bir nəfərin əsassız sözlərinə inanaraq qətnamə qəbul etmişdir. İddiaçı iddia tələbində göstərir ki, guya döyülüb. Lakin bununla əlaqədar hüquq mühafizə orqanlarına müraciət etməyib, belə bir müraciəti yoxdur və həmin xüsusat sübuta yetmir. Onuda qeyd edir ki, qızılları Səliqə Rusiya Federasiyasının Norilski şəhərində əri X5 (Cavabdeh3) ilə fəhlə işlədikləri zamanı ucuz qiymətə almışlar. Qiymətlərini birinci instansiya məhkəməsində işə baxılan zaman qeyd etmişdir. Hansı ki, Norilski şəhərində qızıl istehsal edilir. Bu səbəbdən də qızıl həmin şəhərdə çox ucuzdur. Hakim isə işə baxarkən onun obyektiv, təbii dəlilinə heç bir qiymət verməyib iddiaçının sifarişini icra edirmiş kimi qətnamə qəbul etmişdir. Qızılların qiyməti Azərbaycan manatı ilə kolye-sırğa, üzük, sep və qolbaq dəsti 1200 manat, üzük 200 manat, kitab formalı nişan üzüyü brilyant qaşlı 600 manat, nazik üzük 90 manata 12 qramlı üzük isə ümumiyyətlə olmayıb. Hətta belə iddiaçı tərəfindən onlara, Aşura hədiyyə verilmiş qızıllar belə nümayiş etdirir ki, hakim buna qiymət versin. Yəqin ki, həmin fakt çəkiliş zamanı görüntüyə düşmüşdür. Hakim həmin xüsusata, həmin fakta da qiymət və reaksiya verməyərək həmin hədiyyə qızılı da əsassız olaraq iddiaçıda qalır. Hakim heç bir sübuta istinad etmədən belə böyük mübahisəli və mürəkkəb mülki iş üzrə sanki fəzadan, müəmmalı şəkildə qəbul etmiş olduğu qətnaməyə tam kölgə salan ədalətsiz qətnamə qəbul etmişdir. Eləcə də hakim iddiaçının izahatını çox geniş formada qətnamədə işıqlandırır və hətta izahata iddiaçının demədiyi sözləri və ifadələri əlavə etməklə iddiaçının mövqeyini möhkəmləndirməyə çalışır. Lakin üç nəfər cavabdehin izahatlarını isə çox qısa, bir iki abzasla bitirir. İddiaçının izahatı isə bir neçə səhifəni əhatə edir. Sadəcə göstərilən bu faktdan tam aydın olur ki, işə baxılarkən cavabdehlərin hüquqları nəzərə alınmır, onların hüquqları kobud şəkildə pozulur. Hakim onun dediklərini qətnamədə qeyd etməmiş və üstəlik qızılı alanın yox, iddiaçının qərəzli tələbini əsas tutmuş, sanki qızılları iddiaçı almışdır. Hansı ki, iddiaçının ərizəsi üzrə məhkəmə hazırlığından sonra qızıllar barədə rəy alıb məhkəməyə təqdim etmişdir. Hazırkı iddia üzrə iddiaçı isə heç bir əsaslı sübut təqdim edə bilməmişdir. Qanunla sübut etmə yükü iddiaçıya aiddir. Qızıl-zinət əşyalarının alınmasını etiraz edirlər, eyni zamanda bildirirlər ki, qızılları onlar Azərbaycan Respublikasında yox, Rusiya Federasiyasının Norilski şəhərində ucuz qiymətə almışlar. Orada qızıl istehsal olunur və çox ucuzdur. Lakin hakim onların sübutuna, dəlilə heç bir qiymət vermir. 3-cü hal göstərir ki, guya qızıllar cavabdehin sahibliyindədir. Bu hal sadəcə hakim belə dəyərləndirir. Qızıllar mütəmadi olaraq iddiaçıda olmuşdur. Hətta bunu məhkəmə prosesində bir neçə dəfə etiraf etmişdir. Evdən çox sərbəst çıxıbdır. Döyülməsini süni olaraq bildirsə də, heç bir inzibati orqanda bu barədə material olmamışdır və qızılların cavabdehlərdə olmasını heç kim təsdiq etməmişdir. Təsdiq edə biləcək şahidləri də yoxdur. Həmçinin yaşadıqları reallıqda qadınlar ər evindən ayrıldıqları zaman ilk öncə uşaqlarını, daha sonra isə şəxsi əşyalarını və qızıl-zinət əşyalarını özləri ilə götürürlər. Bu da onu göstərir ki, iddiaçı evdən gedərkən aparacağı ilk şey qızıl-zinət əşyalarıdır və şəxsi əşyalarıdır. İddiaçının onlara qarşı belə bir iddia qaldırması isə sadəcə kin-küdurətdən və qisas almaqdan ibarətdir. Çünki Cavabdeh2 onu atıb. Məhkəmə təcrübəsində buna bənzər bir çox iddiaları bu günə kimi rədd etmiş və dolğun araşdırılma aparıldıqdan sonra yekun məhkəmə aktı qəbul edilmişdir. Hazırkı iş üzrə isə məhkəmə yetərli araşdırmanı aparmamış, heç bir mötəbər sübuta əsaslanmadan sadəcə qətnamə çıxarmışdır. Məhkəmə hər hansı bir mötəbər sübuta əsaslanmamışdır. İş üzrə hər hansı bir şahid olub-olmadığını araşdırmamış, şahidləri dəvət edib dindirməmişdir. sadəcə iddiaçının sözləri ilə qətnamə qəbul etmişdir. Məhkəmə iddiaçının yalan sözlərini əsas götürmüş, onun döyülməsi faktını təsdiq edəcək mötəbər sübutları tələb etməmiş, iddia tələbinin əsası olan qızıl-zinət əşyalarının cavabdehlərdə olduğunu sübut edəcək dəlilləri iddiaçıdan almamış, iddiaçının onlara qarşı qərəzli olmasını nəzərə almamışdır. Cavabdeh2 Əliheydər oğlunun nümayəndəsi Vəkil1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, tərəflər qohumdur və onlar arasında barışığın əldə edilməsinə cəhd etsələr də, bu mümkün olmamışdır. Məsələ bundan ibarətdir ki, Zeynəb Mehdiyeva və Cavabdeh2 2022-ci ildə Rusiya Federasiyasının Norilski şəhərində ailə həyatı qurmuşlar. İddiaçının qayınanası Səliqə xanım və qayınatası Vaqif ona hədiyyə olaraq qeyd edilən qızıl-zinət əşyalarını elə Rusiya Federasiyasının Norilski şəhərində almışlar. Səliqə xanım və Vaqif əvvəllər orada işləmişlər və bazar qiymətlərini yaxşı bilirlər. Məlumdur ki, Norilski şəhəri qızıl istehsal edən şəhərdir. Orada qızıl çox ucuz qiymətədir. İddiaçının qayınanası Səliqə xanımın verdiyi məlumata əsasən o, Norilski şəhərində qızıl-zinət əşyalarını daha ucuz qiymətə, yəni ümumilikdə 1200 manata almışdır. Qızıl 200 manata, kitab formalı qızıl 600 manata, kiçik üzük 90 manata alındığı halda, iddiaçı iddia ərizəsində həmin qızıl-zinət əşyalarını süni şəkildə şişirdilmiş qiymətlərlə qeyd etmişdir. Qeyd edir ki, qızıl-zinət əşyaları həmişə iddiaçının özündə olmuşdur. İddiaçı qayınanası və qayınatası tərəfindən Norilski şəhərindən Bakıya yüksək səviyyədə yola salınmış, iddiaçı Bakıya gedərkən qızılzinət əşyaları üzərində olmuşdur. Bakıya yoldaşı Aşurla yox, tək gəlmiş, həmin vaxt Aşur Masallı şəhərində öz evlərində olmuşdur. İddiaçı təyyarə ilə Bakıya endikdən sonra Masallı şəhərinə əri Aşurun yanına gəlmiş, aralarında söz-söhbət olduqdan sonra Masallı rayonu Qəriblər kəndində - valideynlərinin yanına getmişdir. İddiaçı əgər o zaman əri tərəfindən döyülmüş olsaydı, polisə müraciət edərdi. Belə bir hal isə baş verməmişdir. Ümumiyyətlə, Aşur xaraktercə mülayim adamdır və o heç bir zaman iddiaçını döyə biləcək biri olmamışdır. Fotoşəkillərlə bağlı qeyd edir ki, həmin xəsarətləri iddiaçı özü özünə də yetirə bilər. Bundan sonra Aşur Rusiyaya qayıtmış, atası Vaqif Masallı şəhərindəki evlərinə gəlmiş, iddiaçı oraya qayıdaraq cehiz əşyalarını götürmüşdür. İddiaçı cehiz əşyalarını götürən zaman Aşura hədiyyə edilən nişan üzüyünü də siyirmədən götürmüşdür. Həmin zaman Vaqif orada olmuşdur. Bununla bağlı heç bir mübahisə olmamış, daha sonra iddiaçıya kimsə başa salmışdır ki, qızıl-zinət əşyalarının onda olduğunu inkar etsin. Hətta iddia ərizəsində qeyd edilmişdir ki, guya cavabdehlər oğlana hədiyyə edilən nişan üzüyünü yararsız hala salaraq ona vermişlər. Halbuki, bunlar tamamilə cəfəngiyyatdan ibarətdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən sübutetmə yükünü yanlışlıqla cavabdehlərin üzərinə qoymuşdur, halbuki hazırkı mübahisədə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə iddiasını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə onların yox, daha çox iddiaçı tərəfin izahatlarına geniş yer vermişdir. Məhkəmə iclası zamanı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə sorğu verilmiş, lakin Komitə görüntülər qeydə alındığı vaxtan uzun müddət keçdiyi üçün bunun təqdim edilməsinin mümkün olmadığını bildirmişdir. Ümumiyyətlə, Gömrük Komitəsində şəxslərin üzərində gətirdikləri qızıl-zinət əşyaları qeydiyyata alınmır. Cavabdeh2 Əliheydər oğlunun nümayəndəsi Vəkil1 məhkəmə tərkibi tərəfindən verilən suallara cavab olaraq bildirmişdir ki, qızıl-zinət əşyalarının iddiaçıya hədiyyə edilməsini inkar etmirlər. Qızıl-zinət əşyalarının məbləğinin şişirdilmiş olmasını, habelə həmin qızılların iddiaçıda olmasını bildirirlər. Aşurun dediklərinə əsasən iddiaçı Bakıya enərkən oradan birbaşa Masallı rayonu Qəriblər kəndinə, yəni valideynlərinin yanına getmişdir. İddiaçı özünə məxsus qızıl-zinət əşyalarını valideynlərinin yanında qoymuşdur. İddiaçı Norilskidən Bakıya gələrkən sərbəst olmuş, ona qızılları özüylə götürməsinə heç kim mane olmamışdır. Aşurun ona verdiyi məlumata əsasən iddiaçı ər evinə gələndə üzərində qızıl-zinət əşyaları olmamışdır. İddiaçı birinci ata evinə gəlmiş, sonra ər evinə getmişdir. 1- 2 gün birlikdə yaşadıqdan sonra yenidən evdən çıxıb getmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Zeynəb və oğlu Aşur 2022-ci ildə nikaha daxil olmuşlar. Özü və yoldaşı Vaqif uzun müddət Rusiya Federasiyasının Norilski şəhərində dalandar və fəhlə kimi işləmiş, gəlinlərinə qızıl-zinət əşyaları almışlar. İddia ərizəsində qeyd edilən məbləğlər həqiqəti əks etdirmir. Qızılları özü almışdır deyə qiymətlərini bilir. Orada qızılları azərbaycanlı qadınlardan almışlar, lakin bununla bağlı hər hansı bir sənəd onlara verilməmişdir. İddiaçı Bakıya gələndə qızıllar üzərində olmuşdur. Yoldaşı Vaqif iddiaçını həmkəndlisi Namiqlə yola salmışdır. İddiaçı birinci valideynlərinin evinə getmiş, səhər ər evinə qayıtmışdır. Oğlu onu döymüş olsaydı, iddiaçı onu çoxdan polisə şikayət edərdi. İddiaçı ər evinə gələrkən üzərində qızılın olubolmamasını bilmir. Cavabdeh3 (X5) məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçını həmkəndlisi Namiqlə hava limanına yola salmış, Namiqə onu evə aparmasını bildirmişdir. Namiq iddiaçını birbaşa valideynlərinin yanına, Masallı rayonu Qəriblər kəndinə aparmışdır. Oğlu Aşur həmin vaxt toyda olmuşdur deyə iddiaçı birbaşa ər evinə getməmişdir. Toy kənd toyu olduğu üçün oğlu toydan çox gec çıxmışdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Norilskidən Bakıya gələrkən üzərində yalnız “Aşur və Zeynəb” yazılı sep və üzük olmuş, digər qızıl-zinət əşyaları isə onda olmamışdır. Aşuru müharibə ilə əlaqədar Azərbaycana çağırmışlar və Aşur ölkəyə qayıtmışdır. Qayınanası və qayınatası onu ərinə qulluq etsin deyə 1 ay sonra Azərbaycana göndərmişlər. Norilskidən Bakıya uçarkən həmkəndlisi Namiq onunla birlikdə getmiş, onu qayınatası Vaqif yola salmışdır. Bakıya təxminən gecə saat 12-də enmiş və Masallı şəhərinə yola düşmüşlər. Namiq onu birbaşa şəhərdə yerləşən ər evinə aparmış, Aşura təhvil vermişdir. Evə gecə saat təxminən 02 radələrində gəlib çatmışdır. Evə çatanda zəng eləmiş, darvaza açılmış və onu Aşur qarşılamışdır. Səhəri gün münasibətləri normal olmuş, Aşur avtomobilini ustaya aparacağını bildirərək yola çıxmış, o da təmizlik üçün hamama daxil olmuşdur. Aşur anidən evə qayıdaraq səbəbsiz yerə onu döyməyə başlamış, “çıx evimdən, mənə lazım deyilsən” deyərək onu evdən qovmuşdur. Döyüldükdən sonra valideynlərinin yanına, Masallı rayonu Qəriblər kəndinə getmişdir. Cehizlərini evə 1 il sonra qayıdaraq götürmüşdür. İddiaçının vəkili Vəkil2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, qızıl-zinət əşyalarının mövcudluğu məhkəmə iclası zamanı sübuta yetirilmişdir. Cavabdeh tərəf həmin qızılların mövcudluğunu inkar etmir. Məhkəmə iclası zamanı onun verdiyi vəsatət əsasında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə sorğu verilmişdir. Əgər özlərinə arxayın olmasaydılar, elə bir vəsatətlə məhkəməyə müraciət etməzdilər. Əgər iddiaçı özüylə qızıl-zinət əşyalarını aparmışdısa, oğlana hədiyyə edilən nişan üzüyü niyə Aşurgilin evində qalırdı? İddiaçının ər evindən cavabdeh Aşur tərəfindən döyülərək çıxmasını təsdiq edən fotoşəkillər birinci instansiya məhkəməsi zamanı məhkəməyə təqdim edilmişdir. Fotoşəkillərin telefonda çəkildiyi tarix hakimə göstərilmiş, bu halın mövcudluğu öz təsdiqini tapmışdır. Masallı şəhəri ilə Qəriblər kəndi arasında 15 dəqiqəlik məsafə var. Əgər iddiaçının getmək niyyəti olsaydı, Namiqlə həmin gecə birbaşa Qəriblər kəndinə gedib orada qalardı. Onsuz da Namiq də həmin kəndə gedirdi. İddiaçı ər evindən döyülərək çıxmış, ondan sonra valideynlərinin yanına gəlmişdir. İddiaçının Bakıya gələrkən qızılları üzərində aparmasını sübutetmə yükü cavabdeh tərəfin üzərinə düşür və onlar da bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişlər. Birinci instansiya məhkəməsi zamanı iddiaçının həmkəndlisi Namiqin məhkəmə iclasında şahid kimi dindirilməsi barədə vəsatət təqdim etsələr də, aradakı qohumluq münasibətlərinə görə Namiq məhkəməyə gəlmək istəməmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları hərtərəfli şəkildə tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(050)-132/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. İş materiallarında olan “Nikahın bağlanması haqqında” şəhadətnamədən görünür ki, Cavabdeh2 Əliheydər oğlu ilə İddiaçı arasında 03 avqust 2022-ci il tarixdə Rusiya Federasiyasının Norilski şəhərində A-01753 saylı nikah baglanmışdır. Nikahdan sonra kişiyə Sarıbalayev, qadına Mehtiyeva soyadı verilmişdir. İş materiallarında olan “Nikaha xitam verilməsi barədə 23 avqust 2023-cü il tarixli arayış”dan görünür ki, tərəflər arasındakı nikah xx.xx.2023-cü ildə Krasnayarsk diyarı Norilsk şəhəri Tsentralnı rayonunda 111 saylı məhkəmə sahəsi sülh hakiminin xx.xx.2023cü il tarixli nikahın pozulması haqqında qərarı ilə pozulmuşdur. Tədqiq edilən halları tərəflər mübahisələndirmədikləri üçün işin hallarına uyğun hesab edilmişdir. İş materiallarında olan “Əmlakın Qiymətləndirilməsi” barədə 29 noyabr 2023-cü il tarixli 06-29/23 saylı mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı məxsus qızıl əşyalar: 1 ədəd 585 əyarlı, 25 qram çəkisi olan qarnitur (qızıl dəsti) dəyəri 2375 manat, 1 ədəd 750 əyarlı, 4 qram çəkisi olan üzük nişan briliyant dəyəri 800 manat, 1 ədəd 585 əyarlı, 6 qram çəkisi olan üzük-dəyəri 570 manat, 1 ədəd 585 əyarlı, 3 qram çəkisi olan üzükdəyəri 285 manat olmaqla, cəmi 4030 manat təşkil edir. Rəyə görə qeyd olunan brilyant nişan üzüyü, üzərinə əlavə qiymətli daşlar əlavə edildiyindən onun dəyəri digər qızıl zinət əşyalarına görə daha yüksək olur. İddiaçı tərəf doqquz ədəd qızıl-zinət əşyasını 6595 manata qızıl satışı nöqtələrindən qiymətlər dəyişmədiyi halda ala bilər. Ümumi təqdim edilmiş qızılların cəmi qiyməti 6595 manat məbləğ təşkil edir. İş materiallarında olan iddiaçının vəsatəti əsasında verilmiş sorğuya Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2024-cü il tarixli, 3-33/2-000063/2024 nömrəli cavab məktubundan görünür ki, İddiaçı (FİN: xxxxxxx) adına xx.xx.2022-ci il tarixdə gömrük bəyannaməsi yazılması haqqında Dövlət Gömrük Komitəsinin elektron informasiya resurslarında hər hansı məlumat mövcud deyildir. Əlavə olaraq, xx.xx.2022-ci il tarixli, 0765 nömrəli “Soçi-Bakı” aviareysi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn sərnişin İddiaçı “X7 Aeroportu”nda hərəkət trayektoriyalarını əks etdirən videogörüntülər qeydə alındığı vaxtdan uzun müddət keçdiyi üçün elektron məlumat daşıyıcısının yaddaş qurğusunda qalmadığından təqdim edilməsi imkan xaricində olduğu qeyd edilmişdir. İş materiallarında olan “Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında” şəhadətnamədən görünür ki, xx xxxx 1969-cu ildə Masallı rayonunda doğulmuş X1 və adı Cavabdeh3 kimi dəyişdirilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar, yəni toy mərasimi fotoşəkilləri, toy mərasimi videogörüntüsü, iddiaçının evdən qovub çıxarılması səsyazısını, iddiaçının döyülməsi barədə fotoşəkillər tədqiq edilmiş, iddiaçının valideyinləri tərəfindən Cavabdeh2 hədiyyə olaraq alınmış qızıl nişan üzüyü tərəflərin iştirakı ilə baxış keçirilmiş, cavabdeh tərəf qızıl nişan üzüyün həqiqətən hədiyyə edilmiş üzük olduğunu etiraf etmişlər. Fotoşəkillərdə əks olunan qızıl zinət əşyaları ilə iddiaçının iddia ərizəsində tələb etdiyi qızıllar eyni olmaqla hər hansı fərq müəyyən edilməmiş, cavabdeh tərəf qızılların hədiyyə edilməsini etiraf etmiş, lakin iddiaçının aparmasını bildirsələr də, bu halı sübut edə bilməmişlər, qızılların qiyməti barədə isə mütəxəssis rəyində göstərilmiş qiymətlər hazırki bazar qiymətlərinə uyğun olduğu üçün ağlabatan hesab etmişdir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.2-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını özgəsinin qanunsuz sahibliyindən geri tələb edə bilər. Bu normadan göründüyü kimi, qızıl-zinət əşyalarının qaytarılması üçün göstərilən 3 hal sübut olunmalıdır: 1) əşyaların mövcud olması; 2) əşyaların iddiaçıya məxsus olması; 3) əşyaların cavabdehlərin sahibliyində olması. MM-in 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi aldığı əmlak onun mülkiyyətidir. MM-in 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə tamamilə qanuni və əsaslıdır. Belə ki, cavabdehlər apellyasiya şikayətlərində iddianın rədd edilməsini xahiş etsələr də, onlar birinci və apellyasiya instansiyasında verdiyi izahatlarında iddiaçıya onlar tərəfindən qızıl-zinət əşyalarının hədiyyə verilməsini qəbul etmişlər. Cavabdehlərin iş üzrə yekun məhkəmə aktı ilə bağlı şikayətləri qızıl-zinət əşyalarının əvvəlcədən iddiaçıda olması halının sübuta yetirilməməsi və müxəssis rəyi ilə müəyyən edilmiş qızılların qiymətinin şişirdilməsidir. Cavabdehlər tərəfindən apellyasiya şikayətinin dəlilləri olaraq qeyd edilmişdir ki, iddiaçı Rusiyadan Bakıya cavabdeh Vaqif qayınatası tərəfindən qohum Namiqlə birlikdə yola salmış, həmin vaxt qızıllar onun üzərində olmuşdur. Qeyd edilməlidir ki, apellyasiya instansiyasında izahat verən Cavabdeh2 Əliheydər oğlunun nümayəndəsi Vəkil1 bildirmişdir ki, iddiaçı Bakıya yoldaşı Aşurla yox, tək gəlmiş, həmin vaxt Aşur Masallı şəhərində öz evlərində olmuş və o, Bakıya gələrkən qızıl-zinət əşyaları üzərində olmuşdur. Eyni zamanda, nümayəndə məhkəmə tərkibinin suallarına cavab verərkən Aşurun ona verdiyi məlumata əsasən iddiaçı ər evinə gələndə üzərində qızıl-zinət əşyalarının olmadığını bildirmişdir. Beləcə, cavabdeh tərəfin Bakıya gələrkən qızıl-zinət əşyalarının iddiaçının üzərində olub-olmamasına dair məlumatları ziddiyyətlidir. Bununla yanaşı, nümayəndə iddiaçının Rusiyadan Bakıya gəldikdən sonra ilk Aşurun evinə geməsini, aralarında söz-söhbət olmasını bildirsə də, məhkəmə tərkibi tərəfindən verilən suallara cavab olaraq iddiaçının Bakıdan qayıtdıqdan sonra ilk atasının evinə getməsini və qızıllarını orda qoymasını bildirmişdir ki, sonuncular arasında həmin vaxt heç bir mübahisə olmadığı halda iddiaçının ilk atasının evinə getməsi inandırıcı deyildir. Habelə apellyasiya şikayətlərində iddiaçı tərəfindən toyda ona hədiyyə edilmiş qızılların aparılması, qızılların istehsal olunduğu və çox ucuz satıldığı Rusiya Federasiyasının Norilski şəhərində alındığından qiymətinin çox şişirdilməsi, birinci instansiya məhkəməsində üç nəfərin izahatına deyil, bir nəfərin izahatına inanılması barədə dəlillər əsaslı və mötəbər sübutlarla təsdiq edilməmiş və formal xarakterli mülahizələrdən ibarətdir. Bununla yanaşı, kollegiya iddiaçının döyülməsi barədə fotoşəkillərin çəkilmə vaxtının 2022-ci ilin oktyabr ayının sonlarına, yəni iddiaçının atası evinə getdiyi tarixdən sonrakı günlərə aid olması da iddiaçının döyülərək ər evini tərk etməsi halını inandırıcı edir. Həmçinin məhkəmə iclasında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müvafiq sorğunun verilməsi və iddiaçının həmkəndlisi Namiqin şahid qismində dindirilməsi barədə vəsatətlərin verilməsi də iddiaçının həqiqətə nail olmaq üçün hər bir qanuni vasitədən istifadə edilməsinə cəhdi kimi qiymətləndirilməlidir ki, bütün bunlar qızılların iddiaçıda olmadığını ağlabatan inandırıcı hesab etməyə əsas verir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası yekun dəyərləndirmə apararaq belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı qızıl-zinət əşyaları tələbinə dair hazırkı iddiasının qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdehlərin apellyasiya şikayətləri faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və həmin şikayətlər formal mülahizələrdən ibarətdir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 2(050)- 132/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətləri təmin edilməməlidir. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 218.3, 372, 384.0.2, 385.1.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayətləri təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2 xx.xx.2024-cü il tarixli (050)-132/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar