Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-892/2024 25.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, e-2(057)-812/2024 saylı qərardadından İddiaçı vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 255000 (iki yüz əlli beş min) manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, e-2(057)-812/2024 saylı (hakim Vəsilə Əliyeva) qərardadı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardaddan narazı qalan İddiaçı vəkili və nümayəndəsi Nümayəndə şikayət vermişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasənapellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.3-cü maddəsinəşikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini icraata qəbul edərək yekun hüquqi nəticəyə gələrkən prosessual hüquq normasının tələblərinə düzgün əməl etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, gəlinmiş nəticələrin daha aydın və anlaşılan başa düşülməsi üçün birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qeyd edilən maddənin birbaşa mənasından başa düşülür ki, məhkəmələr məhkəmə aidiyyətini müəyyən edərkən üç əsas xüsusiyəti – işdə iştirak edən şəxslərin subyektiv tərkibini (hüquqi, fiziki şəxslər və sahibkarlar), mübahisənin predmetini (iddia ərizəsində və ya ərizədə qoyulan tələbin xarakterini) və hüquq münasibətinin xarakterini (mübahisənin hansı hüquq münasibətindən yaranması, məs, mülki, ailə, iqtisad və.s) yoxlamalıdır. Bununla yanaşı hər üç xüsusiyyət bir-biri ilə birbaşa bağlı olduğundan, məhkəmə aidiyyəti müəyyən edilərkən, onların üçünün də yoxlanılması zəruridir. İş materiallarında olan EMİS-dən çıxarışlardan görünür ki, İddiaçı (VÖEN: **********) və Cavabdeh (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla vergi ödəyicisi kimi qeydiyyatdadırlar. İddiaçı iddia edir ki, cavabdehə sahiblik və istifadəsində olan balıq yetişdirmə gölünü işlətmək üçün külli miqdarda vəsait versə də o nəticədə üzərinə düşən vəzifəni yerinə yetirməmiş, əksinə bir neçə il göllərdən təkbaşına bəhrələnmiş, onun verdiyi vəsaiti isə mənimsəmişdir. İddia üzrə mübahisənin predmetinə gəldikdə qeyd edilməlidir ki, iddiaçı tərəfindən cavabdehə iddia etdiyi kimi pul vəsaiti sahibkarlıq fəaliyyəti ilə bağlı verilsə də, cavabdeh həmin vəsaiti mənimsəmişdir. Cavabdeh tərəfindən ona 255000 manat pul ödənilməlidir və hazırda həmin pulun ödənilməsindən ötrü məhkəməyə müraciət etmişdir. Belə olan təqdirdə, iddia ərizəsində qoyulan tələbin predmeti, iki fərdi sahibkarlıq statusuna malik olan şəxs arasında yaranmış öhdəlik münasibətlərindən irəli gələn mübahisə ilə bağlıdır. Bundan əlavə qeyd edilməlidir ki, hər hansı bir iddia tələbinin yaranmasına subyetklər arasında müxtəlif sahələrdə (ailə, mülki, inzibati, iqtisad və.s) yaranan hüquq münasibətlərinin tənzimlənə bilməməsi səbəb olur. Hazırkı iddia tələbinin hansı hüquq münasibətindən yaranmasının müəyyənləşdirilməsi zamanı nəzərə alınmalı olan diqqətəlayiq əsas, onlar arasında sahibkarlıq fəaliyyətinin realizəsi zamanı iddiaçı tərəfindən cavabdehə sahiblik və istifadəsində olan balıq yetişdirmə gölünü işlətmək üçün külli miqdarda pulun ödənilməsi və həmin pulun qaytarılması təşkil edir. Göründüyü kimi, iddia tələbi subyektiv tərkibinə, mübahisənin predmeti və hüquq münasibətinin xarakterinə görə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalıdır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır (Azərbaycan Respublikası MPM-nin 26.1-ci maddəsi). “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 saylı, 18 sentyabr 2020-ci il tarixli qərarının 13-cü bəndində qeyd edilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, iddiaçının nümayəndəsinin şikayətinin dəlilləri əsassız olmaqla Salyan Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, e- 2(057)-812/2024 saylı qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də şikayətin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarındankassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 44.2.2, 263, 264, 372, 398.0.1, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, e-2(057)-812/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-892/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-892/2024
25.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver