Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-908/2025 09.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçı, Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi Cavabdeh, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair mülki iş üzrə Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(038)- 596/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehlə onun arasında paylara bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında İddiaçı tələbini müdafiə edərək bildirmişdir ki, xx.xx.2011-ci il tarixdə keçmiş həyat yoldaşı Cavabdeh ilə ailə həyatı qurmuş və nikahlarını rəsmiləşdirmişlər. Rəsmi nikahdan üç uşaqları olmuş, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(038)-283Z2021 saylı qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar onun himayəsində saxlanmış, və aliment təyin edilmişdir. Birgə nikah dövründə yaşadıqları müddət ərzində onlara məxsus mağazada təndir çörəyinin bişirilməsini və satılmasını həyata keçirmişdir. Nəticədə 2015-ci il tarixdə ünvan 1 ünvanında ev almışlar. Hal-hazırda ailə münasibətləri pozulmuşdur. Bu səbəbdən birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, 12 il birgə yaşamış və birgə təsərrüfatı əldə etmişlər. Evi qaynanasının adına kredit götürüb almışlar. Ödənişlərin hamısı Cavabdeh tərəfindən edilib. Lakin buna dair məhkəməyə təqdim edə biləcəyi sübut yoxdur. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, ev qardaşı Murad üçün alınmış, Murad Masallı rayonunda taksi fəaliyyəti ilə məşğul olduğundan ev alınarkən sonuncu orada olmadığından sənədlər onun adına rəsmiləşdirilmişdir. Qardaşı bacanağının adına 7.500 manat məbləğində kredit götürüb evi almışdır. Kreditlər qardaşı tərəfindən ödənilmişdir. Evə görə şəxsən özü heç bir ödəniş etməmişdir. Birinci instansiya məhkəməsində icraat: Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(038)-596/2024 saylı qətnaməsi ilə (Hakim:Rəşad Məmmədov) İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: Apellyasiya şikayətinin dəlilləri: İddiaçı məhkəmədə Bədirov Müşviq Tarqulu oğluna qarşı iddia qaldıraraq birgə nigah dövründə əldə edilmiş Yardımlı şəhər, H.Əliyev küçəsi, ev 39, mənzil 7 ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehlə onun arasında paylara bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, keçmiş həyat yoldaşı Müşviq mağazada satıcı işləmiş, o isə həyətdə olan təndirdə çörək bişirib mağazanın çörək tələbatını ödəməklə gündəlik maddi vəsait əldə etmişlər. Həmin dövrdə qaynı Murad taksi fəaliyyəti ilə məşğul olmuş, az miqdarda qazanc əldə etmişdir. Onlar isə yüksək qazanc əldə etdikləri üçün yığdıqları pula görə 2015-ci il tarixdə Yardımlı şəhəri, H.Əliyev küçəsi, ev 39/7 ünvanında fərdi yaşayış evi almış və həmin evi keçmiş həyat yoldaşı Bədirov Müşviq Tarqulu oğlunun adına rəsmiləşdirmişlər. xx.xx.2021-ci il tarixdə “nikahlarının pozulması və aliment” tələbinə dair qətnamə çıxarılmış, o, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(038)-238/2021 nömrəli qətnaməsindən X2 apellyasiya şikayəti vermiş, lakin iş Şirvan Apellyasiya Məhkəməsinin icraatında olan vaxt Cavabdeh qanunsuz yolla həmin evi Ağayeva Elnarə Ağayevaya hədiyyə vermişdir. İddia ərizəsi ilə müraciət etsə də, Yardımlı Rayon Məhkəməsi işi araşdırmadan qərəzli və ədalətsiz qətnamə qəbul etmişdir. Sadalanlara əsasən Azərbaycan Resbublikasının MPM-nin 357-362, 384, 385-390-cı maddələrini rəhbər tutaraq hazırki iş üzrə Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(038)-596/2024 saylı qətnaməsinin tamamilə ləğv edilməsini, birgə nikah dövründə əldə olunmuş əmlakdan ona düşən pay barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(038)-596/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi Cavabdeh apellyasiya şikayətinin təmin olunmamasını, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(038)-596/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 apellyasiya şikayətinin təmin olunmamasını, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(038)-596/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 668.1.3-cü maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə, bağışlama etibarlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumumun 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Qərarı; Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı vermiş olduğu apellyasiya şikayətində Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(038)- 596/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, tətbiq etdiyi maddi hüquq normalarını düzgün tətbiq etməyərək, səhv təfsir etmiş, prosessual hüquq normaların pozulması ilə müşayiət olunan qətnamə qəbul etməklə həmin qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsaslar yaratmışdır. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(038)-596/2024 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilməli və iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İşdə olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil üzərində Cavabdeh mülkiyyət hüququ Danışmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə qeydə alınmışdır. Mülki işin materiallarında olan xx.xx.2021-ci il tarixli Astara rayon dövlət Notariat kontorunda bağlanmış bağışlama müqaviləsindən görünür ki, hədiyəni verən olaraq Cavabdeh, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46,6 kv.m olan mənzili hədiyyə alan olaraq X3 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Yardımlı şəhəri, H.Əliyev küçəsi, ev 39, mənzil 7 yerləşən 2 mərtəbəli, ümumi sahəsi 46,6 kv.m olan, 2 otaqlı ev X1 adına xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində 1 №-li reyestr kitabının 40 №-li vərəqində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 46,6 kv.m olan mənzilin iddiaçı cavabdehlə birgə nikah dövründə əldə edildiyini iddia etsə də, sonuncu öz izahatında da həmin əmlakın ər-arvadın birgə səyləri nəticəsində deyil, cavabdehin anasının adına götürülmüş kredit hesabına əldə edildiyini və kredit məbləğinin cavabdeh tərəfindən ödənildiyini bildirmişdir. Məhkəmə hesab etmişdir ki, məhz bu halda mübahisəli əmlakın tərəflərin birgə səyləri nəticəsində əldə edilməsini sübut etmək vəzifəsi iddiaçının üzərində düşür. Lakin iddiaçıya məhkəmə iclasında bununla bağlı sübutların təqdim edilməsi təklif edilsə də, sonuncu həmin sübutları təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; İş materiallarından göründüyü kimi, iddiaçının birgə nikah dövründə əldə edilməsini bildirərək ½ hissədə payının ayrılmasını tələb etdiyi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh tərəfindən X3 bağışlanılmış, Elnarə Ağayeva həmin fərdi yaşayış evinə mülkiyyət hüququ əldə etmiş və sonuncuya bu barədə DƏDRX tərəfindən çıxarış verilmişdir. İddiaçı isə sözügedən bağışlama müqaviləsini və həmin müqavilə əsasında X1 mülkiyyət hüququna dair aparılmış qeydiyyatı(çıxarışı) mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hətta sözügedən fərdi yaşayış evi tərəflərin birgə nikahı dövründə ümumi gəlirlər hesabına əldə edilmiş olsa belə, qeyd olunanlara əsasən hazırkı halda iddiaçının həmin evə ½ hissədə payı müəyyən edilə bilməz. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almayaraq iddiaçının iddia tələbini sübut edə bilməməsini əsas götürərək iddianın rədd edilməsi barədə qənaətə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquqi əsaslarını düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli,Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(038)-596/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(038)-596/2024 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Ödənilmiş məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-908/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-908/2025
09.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver