Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-922/2023 20.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X3, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Masallı Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Masallı Rayon Məhkəməsinin (hakim F.Əliyev) 14 mart 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, İddiaçı uşaqları 27 iyun 2005-ci il təvəllüdlü X1, 25 yanvar 2008-ci il təvəllüdlü X5 və 19 dekabr 2009-ci il təvəllüdlü X2 ilə birlikdə Cavabdeh istifadəsində olan Masallı rayonu, Böyük Kolatan kəndində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 180 kv.m olan fərdi yaşayış evinə köçürülməsi və həmin fərdi yaşayış evindən onların istiadəsinə törədilən maneələrin cavabdeh və digər şəxslərə qadağan edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti vermişdir. İşinhalları Cavabdeh ilə İddiaçı əvvəl faktiki, 17 avqust 2005-ci il tarixdən rəsmi nikahda olmuşlar. Birgə nikahdan 3 uşaq- 27 iyun 2005-ci il təvəllüdlü Pərvanə, 25 yanvar 2008-ci il təvəllüdlü Hüseyn və 19 dekabr 2009-cu il təvəllüdlü Rüqayyə doğulmuşdur. Masallı Rayon Məhkəməsinin 14 fevral 2023-cu il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında olan nikah pozulmuş, birgə nikahdan olan uşaqların anaları İddiaçı yanında saxlanılması və həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə 120 manat olmaqla, üç uşaq üçün 360 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə əldə edilmiş Masallı rayonu, Kolatan kəndində yerləşən 0.06 ha-dan ibarət həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 2006-cı ildə tikilmiş 2 mərtəbəli, 180 kv.m fərdi yaşayış evinə dair ½ hissədə payın müəyyən edilərək naturada bölünməsi, mülkiyyət hüququnun elementi kimi həmin evə onun və övladlarının yerləşdirilməsi, həmin evə dair ½ hissədə onun sahiblik və istifadə hüququnun tanınmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2002-ci ildən cavabdehlə ailə həyatı qurmuş, birgə nikah dövründə bir sıra daşınar və daşınmaz əmlak, o cümlədən, Masallı rayonu, Kolatan Bələdiyyəsi tərəfindən verilmiş Masallı rayonu, Kolatan kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində 2006-cı ildə cavabdehlə birgə nikah dövründə tikilmiş 2 mərtəbəli, 180 kv.m fərdi yaşayış evi əldə etmişlər. O övladları və cavabdehlə birgə daim həmin evdə yaşamış və cavabdehlə birgə təsərrüfatı idarə etmişlər. Lakin bir neçə aydır ki, Cavabdeh onu və övladlarını yaşadıqları evə buraxmır, onlara həmin evdə yaşamağa, evdən istifadə etməyə imkan vermir. Həmin evə dair hüquq müəyyənedici sənədin olmaması, onun həmin evdən sahiblik və istifadə hüquqlarını məhdudlaşdıra bilməz. Bunula bağlı fikrini və hüquqlarını dəfələrlə cavabdehə bildirsə də, nəticəsi olmamışdır. Birinci instansiya məhkəməsində iddiaçı tələbini dəqiqləşdirmiş, Cavabdeh ilə Masallı rayonunun Kolatan kəndində 0,06 ha həyətyanı torpaq səhəsində birgə nikah dövründə yəni, 2006-cı ildə inşa etdikləri 2 mərtəbəli, 180 kv.m sahəsi olan fərdi yaşayış evinə onun və övladlarının istifadə hüquqlarının tanınaraq həmin fərdi yaşayış evinə köçürülmələrinə, cavabdehin və digər şəxslərin onun və övladlarının həmin fərdi yaşayış evindən istiadəsinə törədilən maneənin aradan qaldırılmasına və maneənin törədilməsinin cavabdeh və digər şəxslərə qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, sözügedən ev onların birgə nikahı dövründə inşa edilsə də, onun valideynlərinin vəsaiti hesabına tikilmişdir. Həmin ev nə ona, nə də iddiaçıya məsusdur. Onun bundan sonra iddiaçı ilə birlikdə həmin evdə yaşaması qeyri-mümkündür. Lakin uşaqlarının istədiyi vaxt gəlib onunla birlikdə yaşamasına etirazı yoxdur. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, Azərbaycan Respublikasının Konstitusiyasının 3, 29, 43-cü maddələrinə, "R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.1, 152, 157.4, 180, 225.1-ci maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, 32.2.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin və ya MPM-in) müvafiq maddələrinə istinad etmişdir. Apellyasiyaşikayətlərinindəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, o, məhkəmədə izahat verərkən iddia tələbini qəbul etmədiyini, iddia tələbinin əsassız olduğunu bildirmişdir. Məhkəmə qətnaməsində verdiyi izahatı tamamilə başqa anlamda qeyd edilmişdir. Məhkəmə zamanı tərəfindən verilən məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi, iddianın predmeti olan evin nə vaxt tikilməsi barədə ekspert rəyinin alınması barədə vəsatəti olsa da, məhkəmə bu vəsatəti ondan qəbul etsə də, vəsatətə hər hansı fikir bildirməmişdir. Məhkəmə tərəfindən icra nümayəndəliyindən deyil, Bələdiyyədən arayış alınması barədə verdiyi vəsatət təmin edilməmişdir. Birinci instansiya məhkəməsində o, iddianı qəbul etməmişdir. Məhkəmə zamanı verdiyi izahatı təqdim etmiş, vəsatət və sübutlar nəzərə alınmamışdır. İzahatlar Prosessual məsələlər Apellyasiya baxışında iştirak edən cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh izahatında 2003-cü ildə həyətyanı torpaq sahəsi əldə etdiyini, orada yaşayış evi inşa etdiyini, sözügedən tikili birgə nikah dövründə inşa edilsə də, onlara məxsus olmadığını qeyd etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Nümayəndə izahatında tərəflərin 2002-ci ildən faktiki ailə münasibətində olduğunu, mübahisəli tikilinin birgə nikah dövründə inşa edildiyini, mübahisəli tikilinin onların ailəsinin yaşayış yeri olduğunu, iddiaçıya məxsus cehiz əmlaklar və digər zəruri əşyaların hazırda həmin evdə yerləşdiyini bildirmişdir. Boşanmadan sonra əmlaka dair tərəflərin qarşılıqlı razılığa gələ bilməsinin mümkün olduğunu, Mənzil Məcəlləsinin 30-cu maddəsinin hazırkı hala tətbiq edilmədiyini qeyd etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı madəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddia qismən təmin edilmiş, qətnaməni cavabdeh iddianın təmin olunmasına dair hissədə mübahisələndirmişdir. İşə apellyasiya şikayəti həddində baxılır. İşin faktiki hallarından görünür ki, iddiaçı və cavadeh 2002-ci ildən faktiki olaraq ailə qurmuş, 17 avqust 2005-ci il tarixdən nikahlarını rəsmiləşdirmişlər; birgə nikahdan 3 uşaq doğulmuşdur. Masallı Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Böyük Kolatan kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 15 noyabr 2022-ci il tarixli, 22 saylı arayışdan görünür ki, Böyük Kolatan kənd sakini Cavabdeh 0.06 ha həyatyanı torpaq sahəsi və həmin torpaq sahəsində 2006-cı ildə tikilmiş 2 mərtəbəli, 180 kv.m fərdi yaşayış evi vardır. İddia edilən tikili hüquqi qeydiyyatdan keçməmişdir. İş materiallarından və izahatlardan görünür ki, 2003-cü ildə Masallı rayonu, Kolatan bələdiyyəsi ərazisində Cavabdeh torpaq sahəsi ayrılmışdır. İddiaçı tələbində cavabdehlə birgə nikah dövründə inşa edilmiş yaşayış evinə köçürülməsini xahiş etmişdir. Cavabdeh tərəf etirazını onunla əsasıandırmışdır ki, iddia edilən tikili hüquqi qeydiyyatdan keçməmişdir. Müəyyən edilir ki, mübahisə edilən tikiliyə dair hüquq müəyyənedici sənəd yoxdur. Mübahisəli tikili mülkiyyət hüququ əsasında qeydiyyatdan keçməmişdir. Lakin işin hallarından görünür ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi iddiaçının və cavabdehin qanunsuz istifadəsində olmamışdır. Həyətyanı torpaq sahəsi 2003-cü ildən fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Kollegiya hesab edir ki, yeganə əsas olaraq, tikilinin hüquqi qeydiyyatdan keçməməsi və ya hüquq müəyyənedici sənədinin olmaması iddianı rədd etmək üçün yetərli deyil. Qeydə alınmamış evlər və özbaşına tikililər barəsində istifadə hüququnun tanınması (yaranması), həyata keçirilməsi və xitamı ilə bağlı mübahisələrin həlli qaydası mülki və mənzil qanunvericiliklərində nəzərdə tutulmamışdır. Lakin mübahisəni oxşar (analoji) münasibətləriyaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətləri tənzimləyən normalara uyğun qaydada həll etmək mümkündür. "R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında göstərmişdir ki, bəzən elə əmlak və şəxsi qeyri-əmlak münasibətləri yaranır ki, bu münasibətlər müvafiq qanun qəbul olunduğu anda mövcud olmamış və ya onların mövcudluğu həmin qanun qəbul olunarkən qanunverici tərəfindən nəzərə alınmamışdır. Belə hallarda hüquq tətbiqetmə təcrübəsində aşkar olunur ki, qanunvericilikdə boşluq mövcuddur. Nəticədə müvafiq norma olmadığına görə nizamlanmalı olan müəyyən hallar hüquqi tənzimlənmədən kənarda qalır. Çatışmayan normanın qəbulu qanunda boşluğun aradan qaldırılmasının ən yaxşı yolu olsa da, Mülki Məcəllənin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədilə qanunun analogiyasının tətbiqi üçün əsas götürülə bilər. Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı mübahisə Azərbaycan Respublikasının Konstitusiyasının, eləcə də hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin ümumi müddəalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Mülki Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Qanunun tələbinə görə, mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, sözügedən yaşayış sahəsi onun və ailə üzvlərinin daimi yaşayış yeridir, o, tikilini birgə nikah dövründə, cavabadehlə birgə, yaşayış sahəsi olaraq inşa etmişdir. İddia edilən tikilinin tərəflərin birgə nikahı dövründə inşa edilməsi, həmin tikilidən yaşayış sahəsi kimi istifadə edilməsi, iş üzrə materiallar və tərəflərin izahatları ilə müəyyən edilir. İddiaçının nümayəndəsinin verdiyi izahatdan bəlli olur ki, iddiaçıya məxsus cehiz əmlaklar və digər zəruri əşyalar hazırda həmin evdə yerləşir. Kollegiya qeyd edir ki, mübahisəli tikili tərəflərin, o cümlədən iddiaçının daimi yaşayış yeri olmuşdur. Bu baxımdan, o, yaşayış sahəsindən məhrum edilə bilməz. Birinci instansiya məhkəməsi mülkiyyət olaraq qeydiyyatdan keçməsə və tərələrin sərəncam vermək hüququ olmasa belə iddia edilən tikilini düzgün olaraq, birgə nikah dövründə əldə edilmiş əmlak kimi nəzərə almışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak da ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının köçmək istədiyi tikili onun daimi yaşayış yeridir, iddiaçı hazırda yaşamış olduğu evə daxil ola bilmir. Buna səbəb cavabdehin yaratmış olduğu maneələrdir. Bu isə mahiyyət etibarı ilə yaşadığı yerdən məhrum edilməyə bərabərdir. Halbuki, cavabdeh və iddiaçı mübahisəli fərdi yaşayış evinə münasibətdə eyni hüquqa malik şəxslərdir. Belə ki, mübahisəli fərdi yaşayış evi tərəflərin birgə nikahı dövründə tikilmişdir, cavabdeh mübahisəli evdə yaşamaq hüququnun olduğunu hesab edirsə, o zaman bərabərlik prinsipi baxımından iddiaçının da həmin evdə yaşamasına mane olmamalıdır. Odur ki, iddiaçının istifadə hüququndan məhrum edilməsi qanuni deyildir. Cavabdeh tərəf iddiaçının başqa daimi yaşayış yerinin olduğuna dair hər-hansı arqument gətirməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, iddia edilən tikili hazırkı iş üzrə İddiaçı yaşayış yeri olmuşdur, ailə münaqişəsi zəminində və ya digər səbəbdən cavabdeh onun həmin tikildə yaşamasına əngəl törətmişdir. Ona görə də onun həmin tikiliyə köçürülməsi təmin edilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən edərək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə mahiyyətcə doğru qənaətə gəlmişdir. Beləliklə, apellyasiya şikayətini təmin etmək və qətnaməni ləğv etmək üçün əsas yoxdur; odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, e-2(050)-395/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əsədov Hakimlər: Samir Mayılov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-922/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-922/2023
20.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver