Məhkəmə qərarları › İş №2(106)-947/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-947/2023

31.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-947/2023 31.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Kürdəmir Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(041)-537/2022 saylı qərardadından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir şəhəri, Aran qəsəbəsi, ev 3, mənzil 9-da yaşayan cavabdehlərdən onların yaşadığı evdə qalan cəmi 10000 manat dəyərində qızıl-zinət və cehiz əşyalarının özlərinin, özləri olmadıqda isə onların dəyərinin və ödənilmiş dövlət rüsumuna görə 120 manatın, ümumilikdə 10120 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 50 manat mediasiya xərci və iddia qaldırılması üçün əlavə olaraq 70 manat dövlət rüsumu ödəmişdir. Beləliklə, ödənilmiş dövlət rüsumunun ümumi məbləği 120 manat olmuşdur. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-537/2022 saylı, 07 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-537/2022 saylı, 07 aprel 2022-ci il tarixli qətnaməsindən narazı qalan cavabdehlər birgə apellyasiya şikayəti vermişlər. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-537/2022 saylı, 23 noyabr 2022-ci il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Kürdəmir Rayon Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2(041)-537/2022 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəmədiyinə görə geri qaytarılmışdır. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-537/2022 saylı, 07 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdehlər yenidən xx.xx.2023-cü il tarixində birgə apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində qətnamənin qismən ləğv edilərək, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin verilməsinə görə 19 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Kürdəmir Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(041)-537/2022 saylı qərardadı ilə (sədrlik edən hakim Müseyib Bayramov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-537/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməməklə, qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmişdir. Həmin qərardaddan narazı qalan cavabdehlər birgə şikayət vermiş, şikayətdə Kürdəmir Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(041)-537/2022 saylı qərardadının ləğv edilərək, apellyasiya şikayətinin Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, onlar qanunla müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəmişlər. Onların qətnamənin yalnız qızıl əşyalarına aid hissəsindən apellyasiya şikayəti vermələri məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bunu nəzərə almayan məhkəmə heç bir əsas olmadan apellyasiya şikayətini geri qaytarmışdır. Bu səbəbdən də məhkəmənin 30 mart 2023-cü il tarixli qərardadı ləğv edilməlidir. Kürdəmir Rayon Məhkəməsinin 14 aprel 2023-cü il tarixli, 2(041)-537/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Kürdəmir Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(041)-537/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmış, şikayətin 7 gün müddətində iş materialları ilə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını yazılı icraat qaydasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-537/2022 saylı, 30 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kürdəmir Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qərardadından göründüyü kimi, məhkəmə cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətini 2 əsasla (apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi və qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməməsi) geri qaytarmışdır. Cavabdehlər isə məhkəmənin 30 mart 2023-cü il tarixli qərardadından verdikləri şikayətdə dövlət rüsumunu tam həcmdə ödədiklərini bildirmiş, qətnaməni qismən mübahisələndirmələrinin məhkəmə tərəfindən nəzərə alınmadığını qeyd etmişlər. “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə əsasən, apellyasiya şikayətinin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə əsasən, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Hazırkı iş üzrə iddia tələbi qiymətləndirilən iddia olmaqla, iddianın qiyməti 10000 manat təşkil edir. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü və 8.6-cı maddələrinin tələblərinə əsasən qiyməti 10000 manat olan iddia ərizəsinin verilməsinə görə 120 manat məbləğində, həmin iddia ilə bağlı qəbul edilmiş qətnamədən apellyasiya şikayətinin verilməsinə görə isə 60 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, iddiaçı 50 manat məbləğində mediasiya xərci ödədiyindən, “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə uyğun olaraq həmin həcmdə dövlət rüsumundan azad edilmişdir. Göründüyü kimi, iddiaçı faktiki olaraq 120 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu səbəbdən də cavabdehlər apellyasiya şikayəti verərkən 60 manat məbləğində dövlət rüsumu ödəməli idilər. Lakin hazırkı iş üzrə apellyasiya şikayətinin verilməsinə görə 19 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyası “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü və 8.6-cı maddələrini nəzərə alaraq bildirir ki, apellyasiya şikayətinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği ümumi iddianın qiymətinə münasibətdə hesablanır. Apellyasiya şikayətinin verilməsinə görə dövlət rüsumunun məbləğinin qətnamənin mübahisələndirilən hissəsində iddianın qiymətindən asılı olaraq müəyyən edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu baxımdan məhkəmə kollegiyası cavabdehlərin şikayətinin dövlət rüsumunun tam ödənilməsi ilə bağlı dəlilini əsassız sayır. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə tərəfindən apellyasiya şikayəti həm də apellyasiya şikayətinin verilməsinə görə nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi əsası ilə də qaytarılsa da, cavabdehlər şikayətdə həmin hal ilə bağlı hər hansı mülahizə bildirməmişlər. Bununla yanaşı, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, cavabdehlərdən Cavabdeh2 da iştirakı ilə tərtib edilmiş 15 avqust 2022-ci il tarixli aktdan göründüyü kimi, məhkəmənin 07 aprel 2022-ci il tarixli qətnaməsi qismən icra edilmişdir. Bu isə onu göstərir ki, cavabdehlər həmin akt tərtib edilərkən artıq qəbul edilmiş qətnamədən xəbərdar olmuşlar. Cavabdehlər apellyasiya şikayətini 25 oktyabrda aldıqlarını apellyasiya şikayətində qeyd etsələr də, iş materiallarından görünür ki, cavabdehlərin ilk apellyasiya şikayəti məhkəmə tərəfindən 23 noyabr 2022-ci il tarixli qərardadla geri qaytarılmış, cavabdehlər isə bu qərardadın qəbul edilməsindən 4 aya yaxın müddət keçdikdən sonra yenidən apellyasiya şikayəti vermişlər. Bu isə onu göstərir ki, cavabdehlər tərəfindən apellyasiya şikayəti onun verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi ilə verilmişdir. Lakin cavabdehlər ötürülmüş prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi ilə bağlı da hər hansı ərizə ilə məhkəməyə müraciət etməmişlər. MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası bildirir ki, Kürdəmir Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(041)-537/2022 saylı qərardadı qanuni və əsaslıdır. Şikayətin dəlillərinin formal mülahizələrə əsaslanmasını, Mülki Prosessual Məcəllənin və “Dövlət rüsumu haqqında” Qanunun tələblərini nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260, 263, 264, 385.2, 397, 398.0.1, 399 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş şikayət təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(041)-537/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Samir Mayılov Hakimlər İlham Əsədov Tofiq Heydərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar