Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-958/2024 01.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Açar sözlər: doğum faktının müəyyən edilməsi Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X9, (sədrlik edən, məruzəçi) Mayılov Samir İlham oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Əliyev Həsən Əhliman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 8 fevral 2024-cü il tarixli, 2(036)-151/2024 saylı qətnaməsindən (hakim Telman Quliyev) ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Ərizəçi ərizə ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək, onun xx.xx.1954-cü ildə İmişli rayonu, Oruclu kəndində doğulması faktının müəyyən edilməsi, ona yeni doğum haqqında şəhadətnamə verilməsi, şəhadətnamənin ata qrafasında X6, ana qrafasında X4 yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi xx.xx.1954-cü ildə İmişli rayonu, Oruclu kəndində anadan olmuşdur. O, ferma şəraitində doğulduğu üçün həkim tərəfindən tibbi sənəd verilməmiş və səhlənkarlıqdan valideynləri ona doğum haqqında şəhadətnamə almamışdır. X2, anası X4 olmuş və hər ikisi vəfat etmişdir. Doğumunun qeyd edilməsi üçün İmişli rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğumun qeyd edilməsi tibbi sənədlə təsdiq olunmadığından doğumun qeyd edilməsindən imtina edilmişdir. O, evlə bağlı sənədləşmə işləri apara bilmədiyinə görə bu faktın müəyyən edilməsi hüquqi əhəmiyyət daşıyır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Maraqlı şəxs tərəfindən ərizəyə qarşı yazılı etiraz daxil olmamışdır. İmişli Rayon Məhkəməsinin 8 fevral 2024-cü il tarixli, 2(036)-151/2024 saylı qətnaməsi ilə Ərizəçi maraqlı şəxs İmişli rayon qeydiyyat şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi qismən təmin edilmiş, Ərizəçi 1954-cü ildə İmişli rayonunun Oruclu kəndində doğulması faktı müəyyən edilməsi və doğumu qeydə alınarkan ata qrafasında X6, ana qrafasında isə X1 qeyd olunması, ərizənin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən ərizəçi apellyasiya şikayəti verərək, İmişli Rayon Məhkəməsinin 8 fevral 2024-cü il tarixli, 2(036)-151/2024 saylı qətnaməsinin ləğv edilməsi, ərizənin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o İmişli Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1954-cü ildə İmişli rayonu, Oruclu kəndində doğulmağı faktının müəyyən edilməsi, ona yeni doğum haqqında şəhadətnamə verilməsi və şəhadətnamənin ata qrafasında X6, ana qrafasında X4 yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(036)-151/2024 saylı qətnaməsi ilə ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən narazıdır. Hesab edir ki, ərizə əsassız olaraq təmin edilməmişdir. Belə ki, İmişli Rayon İcra Hakimiyyəti başçısının Oruclu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində təsdiq olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, o 20 mart 1954-cü il tarixdə İmişli rayonu, Cəfərli kəndində anadan olmuşdur. Bundan əlavə X3nın vermiş olduğu izahatından da görünür ki, o, 20 mart 1954-cü il tarixdə doğulmuşdur. Onun həmin tarixdə doğulmağını təsdiq edən kifayət qədər sübutlar vardır. Belə ki, həmin günlərdə qohum əqrəbaları ilə birlikdə doğum gününə dair fotoşəkillər də var. O, həmin şəkilləri tapa bilmədiyi üçün birinci instansiya məhkəməsinə təqdim edə bilməmişdir. Lakin sonradan ailə üzvlərinin köməkliyi ilə şəkilləri tapıb əldə etmişdir. X3 isə yaşlı olduğuna görə məhkəməyə gətirib şahid qismində dindirilməsini tələb edə bilməmişdir. Lakin o, icra nümayəndəsinin iştirakı ilə yazılı izahat verərək bir daha onun 20 mart 1954-cü il tarixdə doğulmağını təsdiq etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Apellyasiya baxışında iştirak edən ərizəçi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ərizəsinin tam təmin edilməsini xahiş etmişdir. Həmçinin göstərmişdir ki, məhkəmə ərizəsini qismən təmin etsə də onun doğum tarixinin xx.xx.1954-cü il kimi müəyyən etməmişdir. Halbuki, o 1954-cü ilin 20 martında anadan olmuşdur. Apellyasiya baxışında təqdim etdiyi ad günü tədbirindən çəkilmiş fotoşəkillərdən də göründüyü kimi tortun üzərində onun doğum günü kimi xx.xx.1954-cü il göstərilib. Bundan başqa 1918-ci ildə anadan olmuş xalası Maya da onun xx.xx.1954-cü ildə anadan olmasını təsdiq edilməsi ilə bağlı məhkəməyə ərizə göndərib. Xalasının 106 yaşı var və o yaşlı olduğundan onu məhkəməyə gətirə bilməmişdir. O, doğulan zaman xalası Maya onun yanında olmamışdır. Maraqlı şəxs apellyasiya baxışında iştirak etməmişdir. Maraqlı şəxsə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırkı halda ərizəçi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin ərizəçiyə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 307.1 Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2.3. Müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidirAzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarmalıdır. Digər Normativ-hüquqi Aktlar: “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 2.26-cı bəndinə əsasən doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə doğum ayı və günü qeyd olunmadan doğum ili göstərilmişdirsə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən doğum haqqında akt qeydində dəyişiklik edilərkən, ərizəçinin arzusu ilə doğum günü həmin ilin iyul ayının 1-i göstərilir. Əgər ilin birinci yarısı doğum vaxtı kimi göstərilmişdirsə, doğum günü həmin ilin aprel ayının 1-i, ilin ikinci yarısı göstərilmişdirsə, doğum günü həmin ilin oktyabr ayının 1-i göstərilir. Doğum günü qeyd olunmadan, doğum ili və ayı göstərilən hallarda, doğum günü həmin ayın 15-i göstərilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.3-cü bəndində göstərilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğutarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası ərizəçinin izahatını, məruzəni dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin və ya dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından ərizəçinin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borclaudur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, işdə olan İmişli rayon qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Ərizəçi doğulması faktını müəyyən edən tibbi şəhadətnamənin olmaması nəzərə alınaraq doğumun qeyd edilməsindən imtina edilmişdir. İşdə olan İmişli Rayon İcra Hakimiyyəti başçısının Oruclu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Ərizəçi 20 mart 1954-cü il tarixdə İmişli rayonu, Cəfərli kəndində anadan olmuşdur5. İİ-JQ 366118 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, şəhadətnamədə Ərizəçi doğum tarixi 1954-cü il kimi göstərilmiş, doğulduğu ay və gün qeyd olunmamışdır. İşdə olan 02728103 nömrəli həmkarlar ittifaqı biletinin surətindən görünür ki, həmin biletdə Ərizəçi doğum tarixi 1954-cü il kimi göstərilmiş, doğulduğu ay və gün qeyd olunmamışdır. İşdə olan İmişli Rayon İcra Hakimiyyəti başçısının Oruclu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 1996-2000 və 2001-2005-ci illəri əhatə edən 3 nömrəli təsərrüfatbaşına kitablarındakı təsərüfat üzvlərinin siyahısı bölümündə 4-cü qrafasından çıxarışın surətindən görünür ki, həmin kitabda Ərizəçi doğum tarixi 1954-cü il kimi göstərilmiş, doğulduğu ay və gün qeyd olunmamışdır. İşdə olan İmişli Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İmişli RPŞ-nin QMQ-nun arxivində Ərizəçi məxsus keçmiş SSRİ paspotunun forma №1-də anadan olma ayı və günü göstərilmədiyindən şəxsiyyət vəsiqəsi verilərkən anadan olma tarixi kimi həmin ilin bir iyul tarixi doğum günü kimi qeyd olunmuşdur. İşdə olan İmişli rayonu Ağaməmmədli kənd tam orta məktəbinin xx.xx.2023-cü il tarixli, 64 nömrəli arayışı ilə müəyyən olunur ki, X10 01 Sentyabr 1961-ci ildə Ağammədli kənd 8 illik məktəbin 1-ci sinfinə qəbul edilmişdir. İşdə olan İmişli rayon qeydiyyat şöbəsinin 22 sentyabr 2022-ci il tarixli arayışlarından görünür ki, X6 10 dekabr 1994-cü ildə, X4 isə 17 iyul 1989-cu ildə vəfat etmiş və müvafiq olaraq 11 və 12 nömrəli ölüm haqqında aktla qeyd olunmuşdur. İşin hallarından müəyyən edilir ki, ərizəçi maraqlı şəxsə qarşı ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1954-cü ildə İmişli rayonu, Oruclu kəndində doğulması faktının müəyyən edilməsi, ona yeni doğum haqqında şəhadətnamə verilməsi, şəhadətnamənin ata qrafasında X6, ana qrafasında X4 yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən əsaslı hesab etmişdir. Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək ərizənin tam təmin olunmasını xahiş etmişdir. Müəyyən olunur ki, ərizəçi 1954-cü ildə İmişli rayonu, Oruclu kəndində anadan olmuş, lakin onun doğumu qeydə alınmamışdır. Hazırda ərizəçi valideyinlərindən qalmış miras əmlaklar barəsində bəzi sənədləşmə işləri aparmaq istəyir, lakin doğum haqqında şəhadətnaməsi olmadığından hüquqlarını həyata keçirə bilmir. Bu səbəbdən onun doğum faktının müəyyən edilməsi hüquqi əhəmiyyət daşıyır. Həmçinin müəyyən edilir ki, Ərizəçi məxsus bütün sənədlərdə onun doğum tarixi 1954-cü il kimi göstərilmiş, doğulduğu ay və gün qeyd olunmamışdır. Bu səbəbdən ərizəçiyə şəxsiyyət vəsiqəsi verilərkən “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 2.26-cı bəndinə əsasən onun doğum tarixi 1954-cü ilin iyul ayının 1-i kimi qeyd edilmişdir. Birinci instansiya məhkəməsi Ərizəçi 1954-cü ildə İmişli rayonunun Oruclu kəndində doğulması faktı müəyyən edilməsini və doğumu qeydə alınarkan ata qrafasında X6, ana qrafasında isə X4 qeyd olunmasını və ərizənin qalan hissədə təmin edilməməsini qət etmişdir. Ərizəçi qətnamənin ləğv edilməsini xahiş etsə də onun əsas narazı qaldığı hissə onun doğum tarixinin xx.xx.1954-cü il tarixi kimi müəyyən edilməməsidir. Ərizəçi məhz onun doğum tarixinin “20 mart 1954-cü il” kimi müəyyən edilməməsindən narazıdır. Birinci instansiya məhkəməsi zamanı ərizəçi onun doğum tarixinin məhz “20 mart 1954-cü il” tarixi olması ilə bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Ərizəçi apellyasiya şikayətinə fotoşəkil əlavə edərək onun doğum tarixinin “20 mart 1954-cü il” tarixi olmasını iddia edir. Lakin ərizəçinin iddiası əsaslı deyil və heç bir mötəbər sübuta söykənmir. Belə ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 2.26-cı bəndinə əsasən doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə doğum ayı və günü qeyd olunmadan doğum ili göstərilmişdirsə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən doğum haqqında akt qeydində dəyişiklik edilərkən, ərizəçinin arzusu ilə doğum günü həmin ilin iyul ayının 1-i göstərilir. Əgər ilin birinci yarısı doğum vaxtı kimi göstərilmişdirsə, doğum günü həmin ilin aprel ayının 1-i, ilin ikinci yarısı göstərilmişdirsə, doğum günü həmin ilin oktyabr ayının 1-i göstərilir. Doğum günü qeyd olunmadan, doğum ili və ayı göstərilən hallarda, doğum günü həmin ayın 15-i göstərilir. Bundan başqa kollegiya qeyd edir ki, ərizəçinin təqdim etdiyi fotoşəkil və ya şahid ifadəsi onun həqiq doğum gününü əks etdirə bilməz. Həmçinin ərizəçi qeyd edilən şəkli birinci instansiya məhkəməsi zamanı məhkəmə baxış iclasınadək təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçı apellyasiya şikayətində işin düzgün araşdırılmadığını bildirsə də, buna dair məhkəməyə zəruri sübutlarını təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ərizəçiyə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Qeyd edilən qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə, mübahisə predmeti üzrə tətbiqi, məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə ədalətli hüquqi qiymət verilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Ərizəçi apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 8 fevral 2024-cü il tarixli, 2(036)-151/2024 saylı qətnaməsi Ərizəçi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Qanunla müəyyən edilmiş müddətdə kassasiya şikayəti verilmədiyi halda, qətnamə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-958/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-958/2024
01.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver