Məhkəmə qərarları › İş №2(106)-973/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-973/2023

04.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-973/2023 04.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Zaur Mirzağa oğlu Allahyarovdan ibarət tərkibdə, katib X1, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Kürdəmir Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Cavabdeh ilə İddiaçı 15 noyabr 2010-cu ildən birgə nikahda olmuşdur. Birgə nikahdan 2 uşaq- 13 may 2010-cu il təvəllüdlü Vaqif və 15 yanvar 2015-ci il təvəllüdlü Ömər doğulmuşdur. Kürdəmir Rayon Məhkəməsinin 02 fevral 2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, uşaqlar ananın yanında saxlanılmış və hər uşağa görə Cavabdeh, onun qazancının və ya başqa gəlirlərinin üçdə bir hissəsi, lakin hər ay hər uşağa görə sabit pul məbləği ilə 80 manatdan az olmamaqla alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qalan əşyalarını- 700 manat dəyərində böyük xalça (hədiyyə), 150 manat dəyərində tozsoran (xarab), 50 manat dəyərində ütü (xarab), 40 manat dəyərində çamadan, 100 manat dəyərində 2 ədəd divar saatı (xarab), 800 manat dəyərində kuxna mebeli (birgə nikah dövründə alınıb), 700 manat dəyərində soyuducu (birgə nikah dövründə alınıb), 700 manat dəyərində kondisioner (birgə nikah dövründə alınıb), 18 manat dəyərində 1 ədəd qəfədan (xarab), 100 manat dəyərində 10 ədəd dəsmal, 80 manat dəyərində 5 ədəd qətfə, 50 manat dəyərində 10 ədəd çay dəsmalı, 200 manat dəyərində 10 ədəd pastel, 100 manat dəyərində xrustal stəkanlar, 200 manat dəyərində boşqablar, 50 manat dəyərində stəkan dəstləri, 50 manat dəyərində meyvə qabı dəstləri, 60 manat dəyərində kasa dəstləri, 100 manat dəyərində şirniyyat qabları, 50 manat dəyərində razetka dəstləri, 50 manat dəyərində bıçaq çəngəl dəstləri, 80 manat dəyərində qaşıq, çay qaşığı, bulud qaşığı dəstləri, 150 manat dəyərində qazan dəstlərindən ibarət əmlaklarının özləri, özləri olmadıqda isə onların dəyəri olan 4633 manat və dövlət rüsumu olaraq ödədiyi 30 manat olmaqla, ümumilikdə 4663 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi ilə gəlin köçdüyü evə istifadə hüququ alsa da, kompensasiya verilməklə onun həmin evə köçürülməyi barədə icraata xitam verilmişdir. O, orada qalan əmlaklarını götürmək üçün məhkəməyə müraciət etmişdir. O, ərinin evindən çıxandan sonra cavabdeh həmin çatışmayan əmlakları sataraq əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Kürdəmir Rayon Məhkəməsinin (hakim M.Bayramov) 27 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh 700 manat dəyərində böyük xalça, 150 manat dəyərində tozsoran, 50 manat dəyərində ütü, 100 manat dəyərində 2 ədəd divar saatı, 400 manat dəyərində kuxna mebeli, 350 manat dəyərində soyuducu, 350 manat dəyərində kondisioner, 18 manat dəyərində 1 ədəd qəfədandan ibarət əmlakların özləri, özləri olmadıqda isə onların pulla dəyəri 2068 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla 2098 (iki min doxsan səkkiz) manat pulun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, 32.2.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 225.2-ci maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1, 34.2-ci maddələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM-nin və ya MPM-in) müvafiq maddələrinə istinad etmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin, iddia müddətinin tətbiq edilərək ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə birinci instansiya məhkəməsi mediatorun məhkəmə iclasındakı ifadəsini əsassız olaraq nəzərə almamışdır. Halbuki mediator ifadəsində iddiaçıya məxsus olan əşyaların bir hissəsi ona təhvil verdiyini qeyd etmişdir. Həmçinin birinci instansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsini nəzərə almamışdır. İzahatlar Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin faktiki hallarından görünür ki, cavabdeh iddiaçının keçmiş əridir. Onlar 15 noyabr 2010-cu ildən birgə nikahda olmuşdur. Birgə nikahdan 2 uşaq doğulmuşdur. Kürdəmir Rayon Məhkəməsinin 02 fevral 2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, uşaqlar ananın yanında saxlanılmış və uşaqlara görə alimentin tutulması qət edilmişdir. Hazırkı tələbində iddiaçı, ona hədiyyə edilmiş cehiz əşyalarını cavabdehin qanunsuz sahibliyindən geri tələb etmişdir. Məhkəmə Kollegiyası məruzəni, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 225.2, Ailə Məcəlləsinin 34.1-ci maddələri təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, iddiaçı tələb etdiyi əşyaların iddiaçının iradəsi əleyhinə sahibliyindən çıxmasını sübut edə bilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçiyə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti qanunla müəyyən edilmiş həddən az olmadığı halda qətnamədən kassasiya qaydasında şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2(041)-1383/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar