Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-977/2023 12.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İmanov Cahid Fehruz oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi 23 fevral 2023-cü il tarixli MŞL/MT014/2023- MŞL 00469 saylı barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair (Maraqlı şəxs) mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2(050)-1231/2023 saylı qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Masallı Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2(050)-1231/2023 saylı qətnaməsi ilə (hakim Ceyhun Quliyev) 23 fevral 2023-cü il tarixli MŞL/MT014/2023-MŞL 00469 saylı barışıq sazişinin təsdiq edilməsindən imtina olunması qət edilmişdir. Ərizəçi Masallı Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2(050)-1231/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İŞİNHALLARİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Masallı rayonu Şərəfə kənd sakini Maraqlı şəxs qarşı uşağın atanın himayəsinə verilməsi və ana ilə ünsiyyət tələbi barədə 23 fevral 2023-cü il tarixli MŞL/MT014/2023- MŞL 00469 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə 2020-ci ildə nikahlarını qeyd etmədən ailə qurmuşlar. Faktiki nikahlarından 26 mart 2021-ci il təvəllüdlü Toğrul adlı uşaqları olmuş və uşağın atalıq faktı müəyyən edilmişdir. Onlar bir müddət mehriban yaşasalar da, sonradan müəyyən səbəblərdən ayrılmalı olmuşlar. Sonradan Maraqlı şəxs ona qarşı Masallı Rayon Məhkəməsində iddia qaldıraraq birgə nikahdan 26 mart 2021-ci ildə anadan olmuş Abbaslı Toğrul Ramal oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün ondan hər ay 300 manat sabit pul məbləğində aliment tələb etmişdir. Masallı Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(050)-1633/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 26 mart 2021-ci il təvəllüdlü Abbaslı Toğrul Ramal oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin cavabdeh Ərizəçi alınaraq iddiaçı Maraqlı şəxs ödənilməsi qət edilmişdir. Bundan sonra o, Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 26 mart 2021-ci ildə anadan olmuş Abbaslı Toğrul Ramal oğlu ilə hər həftənin şənbə, bazar günləri saat 10:00-dan 18:00-dək ünsiyyət saxlamaq hüququnun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli 2(050)-1918/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Ərizəçi 26 mart 2021-ci ildə anadan olmuş Abbaslı Toğrul Ramal oğlu ilə hər həftənin şənbə və bazar günü saat 10:00-dan 15:00-dək tərəflərin razılaşdıqları yerdə, həmin razılıq olmadıqda icra məmurunun müəyyənləşdirdiyi yerdə ünsiyyətin təmin edilməsi qət edilmişdir. Qeyd edilən məhkəmə çəkişmələrindən sonra uşağın ata və ana nəvazişlərindən kənarda qalmamasından və maddi ehtiyaclarının ödənilməsindən ötrü Maraqlı şəxs ona zəng edərək uşağa münasibətdə danışıqlar aparmasını təklifini etmişdir. Beləliklə də, qəbul olunmuş qətnamədən kənar 28 dekabr 2021-ci il tarixli, 2021-008488 saylı barışıq sazişi bağlayaraq Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(050)-1633/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş tərəflərin birgə nikahlarından anadan olmuş 26 mart 2021-ci il təvəllüdlü Abbaslı Toğrul Ramal oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə təyin edilmiş 120 manat məbləğində alimentin miqdarı artırılaraq bir uşağa görə 175 manat məbləğində müəyyən edilməsinə razılaşmışlar. Buna baxmayaraq, növbəti ildə dövlət tərəfindən alimentin miqdarı artırılmasını da nəzərə alıb hər ay 200 manatdan artıq pul ödəmişdir. Bundan da əlavə, uşağın geyim paltarını, eyni zamanda həkim müayinələrini və müalicələrini həyata keçirmişdir. Elə bu baxımdan da, qeyd edilən ünsiyyətlə bağlı qətnamə də nəzərə alınmadan uşaq həftələrlə onun himayəsində olmuşdur. Bu həm də onunla əlaqəli idi ki, Maraqlı şəxs və anası Mərifət işə gedirdilər. Bu onun üçün heç də maraqlı deyildi. Ona daha yaxşı idi ki, övladı Toğrul onun və valideynlərinin yanında daha çox olurdu. O, Maraqlı şəxs ünsiyyətlə bağlı saziş bağlamaq təklifini etmiş, eləcə də razılaşmışlar. O, bu barədə onu təmsil etmək üçün Masallı rayonu Yeyənkənd kənd sakini Nağıyev Nasir Əliağa oğluna 1 ay müddətinə 23 fevral 2023-cü il tarixdə etibarnamə vermişdir. Elə həmin gün Masallı rayonunda yerləşən Mediasiya Şurasına gəlmişlər. Nümayəndə Nasir Nağıyev Maraqlı şəxs təmsil etməkdən ötrü hesaba pul köçürməsini və müqavilə bağlanmasını bildirmişdir. Maraqlı şəxs: “Ehtiyac yoxdur, özü öz hüquqlarını bilir”- deyə mediator Şükürov Ramin Rafail oğlunun qarşısında fikirlərini bildirdi. O, da fikirlərini dinləyib xx.xx.2023-cü il tarixli MŞL/MT014/2023-MŞL 00469 saylı barışıq sazişini tərtib etdikdən sonra imzalamamışdan öncə tərəflərə oxuyub, imza etmələrini bildirdi. Beləliklə, o və Maraqlı şəxs barışıq sazişini oxuyub düzgün olduğunu bilib imza etmişlər. Həmin barışıq sazişinə əsasən xx.xx.2021-ci il təvəllüdlü Abbaslı Toğrul Ramal oğlu atası Ərizəçi yanında saxlanılmasına razılaşdılar. Birinci tərəf kimi, hər ayın 1dən 14-nə kimi xx.xx.2021-ci il təvəllüdlü Abbaslı Toğrul Ramal oğlu ilə anası Maraqlı şəxs yanında qalmaqla, ünsiyyət verməyə öhdəlik götürmüşdür. Qeyd edilən bu saziş bağlandıqdan sonra sazişdən əvvəl uşağın onun yanında olduğunu da nəzərə alıb uşağı fevral ayının sonunda sazişə əsasən Maraqlı şəxs vermişdir. Həmin sazişə əsasən Maraqlı şəxs sazişin tələblərini pozub ünsiyyət vaxtı bitdikdən sonra uşağı ona nəinki qaytarmamış, hətta tamamilə ondan əlaqəsini üzmüşdür. Aralarında olan qeyd edilən iki sazişə görə yuxarıda qeyd etdiyi məhkəmə qətnamələrinin icrası ilə bağlı da icra işinə xitam verilməsi üçün ərizə verib geri qaytarılmışdır. Nəticə etibarı ilə bütün bu qeyd etdiyi proseduralardan sonra Maraqlı şəxs sonuncu sazişi pozmağının səbəbi bu olmuşdur. Maraqlı şəxs anası Seyfullayeva Mərifət Mətləb qızının xx.xx.2023-cü il tarixdə saat 16 radələrində yaşadığı Masall rayonu Şərəfə kəndində yerləşən fərdi yaşayış evinin həyətində azyaşlı övladını yaşadığı evə aparmaq üçün gələndə aralarında olan şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı onun bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirməsi ilə bağlı Masallı Rayon Məhkəməsinin icraatında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı barədə iş var idi. Bununla əlaqədar, 06 mart 2023-cü il tarixli 1(050)-52/2023 saylı sonuncu məhkəmə iclasında ittihamı müdafiə etdiyindən Maraqlı şəxs sazişin tələblərinin pozmuşdur. Ərizəçi tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə istinad etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı Ərizəçinın apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 23 fevral 2023-cü il tarixli MŞL/MT014/2023-MŞL 00469 saylı barışıq sazişindən göründüyü kimi tərəflər xx.xx.2021-ci il təvəllüdlü Abbaslı Toğrul Ramal oğlu atası Ərizəçi yanında saxlanılmasına razılaşdılar. Birinci tərəf kimi, hər ayın 1-dən 14-nə kimi xx.xx.2021-ci il təvəllüdlü Abbaslı Toğrul Ramal oğlu ilə anası Maraqlı şəxs yanında qalmaqla, ünsiyyət verməyə öhdəlik götürmüşdür. Bu halın nzərə alınmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmədə apellyasiya şikayətinə etiraz edərək izahat verərək göstərmişdir ki, Ərizəçi ilə aralarında bağlanmış 23 fevral 2023-cü il tarixli MŞL/MT014/2023-MŞL 00469 saylı barışıq sazişi əslində Ərizəçi ona qarşı təzyiqi əsasında baş tutmuşdur. Belə ki, onun anası Seyfullayeva Mərifət Mətləb qızı ilə Ərizəçi arasında mübahisə olmuş və nəticədə anası barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən araşdırma olmuş, Masallı Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli hökmü ilə anası məhkum edilmişdir. Həmin hökm çıxarılmazdan əvvəl Seyfullayeva Mərifət Mətləb qızı və Ərizəçi öz aralarında Ərizəçi onun anası haqqında verdiyi şikayətdən imtina etməsi qarşılığında uşaqla bağlı hazırkı mübahisəli barışıq sazişinin imzalanması haqqında razılığa gəlmişlər. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxlmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin halları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmadan, mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2(050)-1231/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan Masallı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 24 may 2021-ci il tarixli 2(050)-1633/2021 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, 26 mart 2021-ci il təvəllüdlü Abbaslı Toğrul Ramal oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin cavabdeh Ərizəçi alınaraq iddiaçı Maraqlı şəxs ödənilməsi, alimentin tutulmasının 27 aprel 2021-ci il tarixdən hesablanması, Ərizəçi 30 manat dövlət rüsumu alınaraq dövlət nəfinə ödənilməsi, iddianın tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan Masallı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 09 avqust 2021-ci il tarixli 2(050)-1918/2021 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Ərizəçi 26 mart 2021-ci ildə doğulmuş Abbaslı Toğrul Ramal oğlu ilə hər həftənin şənbə və bazar günü saat 10:00-dan saat 15:00-dək tərəflərin razılaşdıqları yerdə, həmin razılıq olmadıqda icra məmurunun müəyyənləşdirdiyi yerdə ünsiyyətinin təmin edilməsi və cavabdeh Maraqlı şəxs ödənilmiş dövlət rüsumuna görə 10 (on) manat pulun tutulub Ərizəçi verilməsi qət edilmişdir. İşdə olan 23 fevral 2023-cü il tarixli MŞL/MT014/2023-MŞL 00469 saylı barışıq sazişində göstərilir ki, tərəflər xx.xx.2021-ci il təvəllüdlü Abbaslı Toğrul Ramal oğlunun atası Ərizəçi yanında saxlanılmasına razılaşdılar. Birinci tərəf Ərizəçi bu sazişi imzalandıqdan sonra hər ayın 1-dən 14-nə kimi xx.xx.2021-ci il təvəllüdlü Abbaslı Toğrul Ramal oğlu ilə anası Maraqlı şəxs yanında qalmaqla ünsiyyət vermək barədə öhdəlik götürür. Birinci instansiya məhkəməsində təqdim edilmiş sübutlara əsasən işin tam və hərtərəfli araşdırılması zamanı müəyyən edilmişdir ki, ərizəçi təsdiq edilməsini xahiş etdiyi 23 fevral 2023-cü il tarixli MŞL/MT014/2023-MŞL 00469 saylı barışıq sazişi bağlanan zaman övladı 26 mart 2021-ci il təvəllüdlü Abbaslı Toğrul Ramal oğlu onun yanında olmuşdur. Barışıq sazişi 23 fevral 2023-cü il tarixdə təsdiqləndikdən sonra ərizəçi fevral ayının sonunda övladını qarşı tərəfə vermişdir. Barışıq sazişi uşaq atanın yanında olan zaman faktiki vəziyyətə uyğun bağlanmışdır. Uşaq hazırda ananın yanındadır. Bütün bunlara əsasən məhkəmə hesab etmişdir ki, tərəflər arasındakı mübahisə davam edən münasibətlə bağlı yeni mübahisədir və ərizəçi övladının qarşı tərəfdən alınıb ona verilməsi barədə məhkəmədə iddia qaldıra bilər. Belə vəziyyətdə 23 fevral 2023-cü il tarixli MŞL/MT014/2023-MŞL 00469 saylı barışıq sazişi təsdiqlənə bilməz. Barışıq sazişinin maraqlı şəxs tərəfindən ərizəçinin xeyrinə məcburi icrası barışıq sazişində nəzərdə tutulan qaydada mümkün deyildir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. MPM-in 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı ərizənin təmin edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir. Qeyd edilməlidir ki, artıq tərəflər arasında bağlanmış 23 fevral 2023-cü il tarixli MŞL/MT014/2023-MŞL 00469 saylı barışıq sazişinin icrası faktiki olaraq mümkün deyildir. Bu baxımdan, ancaq icrası məcburi olan qüvvəyə minmiş məhkəmə qərarının olması zəruridir. Məhkəmə kollegiyası Maraqlı şəxs izahatında göstərilənləri işin sübuta yetirilmiş faktiki halları ilə, eləcə də işdə olan Maraqlı şəxs anası Seyfullayeva Mərifət Mətləb qızının zərərçəkmiş şəxs - hazırkı iş üzrə Ərizəçi olmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilərək, barəsində cəza təyin edilməklə məhkum edilməsi üzrə Masallı Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli hökmü ilə müqayisəli təhlil edərək, habelə ərizəçinin məhkəməyə mübahisəli 23 fevral 2023-cü il tarixli MŞL/MT014/2023-MŞL 00469 saylı barışıq sazişinin qanuniliyini şübhə altına alan hallara dair məhkəməyə heç bir sübut təqdim etməməsini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2(050)-1231/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya eyni zamanda, diqqətə çatdırmağı zəruri hesab edir ki, Masallı Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli hökmündən müəyyən edildiyi kimi Maraqlı şəxs, habelə onun anası Seyfullayeva Mərifət Mətləb qızı ilə Ərizəçi arasında fasiləsiz olaraq münaqişə olduğundan və hökmün çıxarılması üçün əsas olmuş cinayət hadisəsinin baş vermə şəraitininin də məhz ərizəçinin uşaqla ünsiyyəti ilə əlaqədar baş verdiyindən, habelə hadisənin 27 yanvar 2023-cü il tarixdə baş verdiyindən, xüsusilə uşağın anasının yanında olmasına istinadən həmin dövrdə Seyfullayeva Mərifət Mətləb qızı və Ərizəçi arasında uşağın atası Ərizəçi yanında saxlanılması barədə 23 fevral 2023-cü il tarixdə razılaşmaları heç də inandırıcı və ağlabatan sayıla bilməz. Bu baxımdan da, kollegiya mübahisəli razılaşmanı qanuni hesab etmir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən formal dəlillər hazırkı qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi iddiaya münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, qeyd edilənlərə əsasən Ərizəçinın apellyasiya şikayəti təmin edilməməli, Masallı Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2(050)-1231/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 27 mart 2023-cü il tarixli 2(050)-1231/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kasasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-977/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-977/2023
12.07.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver