Məhkəmə qərarları › İş №2(107)-1062/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1062/2022

05.11.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1062/2022 05.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 cavabdeh X10 qаrşı (açar sözlər: Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Cavadova Günay İsmayıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, Cavabdeh - X7 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X2 cavabdeh X10 qarşı “qızıl-zinət əşyalarının alınması tələbinə dair” mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(016)-582/2022 saylı qətnaməsindən iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. Hazırkı məhkəmə mübahisəsi X5 (bundan sonra-iddiaçı) ilə cavabdeh X12 (bundan sonra-cavabdeh) arasında nikah dövründə hədiyyə şəklində verilmiş əmlakla bağlıdır.

2. Tərəflər 11 iyul 2018-ci il tarixdə nikahlarını Ağsu rayon Qeydiyyat şöbəsində rəsmiləşdirməklə ailə qurmuşlar.

3. Tərəflər həmin vaxtdan cavabdehin anasına məxsus ünvan 1 ünvanda yaşamışlar.

4. Tərəflərin birgə nikahindan 10 dekabr 2019-cı il təvəllüdlü X13 doğulmuşdur.

5. Tərəflər bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri korlanmış və Ağsu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(016)-291/2021 saylı qətnaməsi ilə tərəfəflər arasında 11 iyul 2018-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. Qətnaməyə əsasən tərəflərin ümumi uşağı olan 10 dekabr 2019-cı il təvəllüdlü Həsən iddiaçının yanında saxlanılmışdır.

6. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona məxsus qızıl-zinət əşyaları olan dəyəri 3.000 manat olan brilyant qaşlı üzük, dəyəri 1.000 manat olan sarı brilyant qaşlı üzük, dəyəri 5.000 manat olan komplekt-qolbağ, üzük, sırğa, sep-brilyant qaşlı, ümumilikdə 9.000 manat dəyəri olan əmlaklarının cavabdeh X6 alınaraq ona verilməsini xahiş etmişdir.

II. İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia tələbini §§ 1-6-da qeyd olunanlara istinad edərək onunla əsaslandırmışdır ki, cavabdehin ailəyə olan biganə münasibəti və içkiyə olan aludəçiliyi ucbatından aralarında mütəmadi mübahisələr baş vermiş, dəfələrlə zorakılıq göstərərək heç bir səbəb olmadan onu döymüş və təhqir etmişdir. Ona məxsus əşyalar müvəqqəti yaşadıqları ünvan 1 ünvanda qalmışdır. Valideyinləri tərəfindən ona hədiyyə edilmiş cehiz əşyalarını həmin mənzildən çıxarmışdır. Cehiz əşyaları çıxarılan zaman bir neçə məişət əşyaları ilə yanaşı ona aid olan qızıl-zinət əşyaları, o cümlədən - dəyəri 3.000 manat olan brilyant qaşlı üzük, dəyəri 1.000 manat olan sarı brilyant qaşlı üzük, dəyəri 5.000 manat olan komplekt - qolbağ, üzük, sırğa, sep-brilyant qaşlı, ümumilikdə 9.000 manat dəyəri olan əmlakları həmin mənzildə aşkar olunmamışdır. Ev sahibi həmin zinət əşyalarından məlumatı olmadığını həmin zinət əşyalarının oğlunda, yəni keçmiş həyat yoldaşı X8 olduğunu bildirmişdir. Cavabdehlə və onun yaxınları ilə münasibətləri kəskin şəkildədir. Bu səbəbdən bu müddət ərzində yaşadığı, cehiz və zinət əşyalarının yerləşdiyi mənzilə giribçıxmaq imkanı olmamışdır. Belə olan halda ona məxsus qızıl-zinət əşyalarını cavabdehdən məhkəmə qaydasında tələb etmək məcburiyyətindədir. Cavabdeh həmin əmlakı könüllü verməkdən imtina edir. Eyni zamanda həmin əmlakların harada və hansı vəziyyətdə olması barədə məlumatı yoxdur.

8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verərək əlavə olaraq göstərmişdir ki, 2020-ci ilin dekabrında evdən getmişdir. Gedərkən taksi ilə getmiş, evdən də heç nə götürməmişdir. 2021-ci ilin iyun ayında cavabdehlə aralarında qeydə alınmış nikah pozulmuşdur. Ona hədiyyə edilən əmlakları 2022-ci ildə gəlin köçdüyü evdən götürərkən qızıl-zinət əşyalarını tapmamışdır. Cavabdehdən qızılların yerini soruşduqda anasında olduğunu söyləmişdir. Ona toy vaxtı 2 üzük, 1 sep, 1 qolbaq və 1 cüt sırğa hədiyyə edilmişdir ki, həmin qızıl-zinət əşyaları cavabdehdədir. Atasına dəyməyə getdikdən sonra cavabdehin onu döyüb-söydüyünü yadına salıb bir daha ər evinə qayıtmamağı qərara almış və geri qayıtmamışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddiaya etiraz edərək izahatında göstərmişdir ki, 2021-ci ilin sonlarında evdən öz istəyi ilə çıxıb getmişdir. İddiaçı taksi ilə məqsədli şəkildə bir daha geri qayıtmamaq adı ilə atası evinə getmişdir. Belə ki, evdən çıxarkən şəxsiyyət vəsiqəsini və qızılları da özü ilə götürmüşdür. Atasına dəyməyə gedərkən Fidana qayıtmaq üçün təkid etsə də, qayıtmayacağını bildirmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

10. Ağsu Rayon Məhkəməsinin (hakim Anar Əsgərov) 05 iyul 2022-ci il tarixli, 2(016)- 582/2022 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdeh X10 qarşı “qızıl-zinət əşyalarının alınması” tələbinə dair iddiası təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı evi tərk edərkən tələb etdiyi qızıl-zinət əşyalarının özü ilə aparmadığını bildirsə də, bu halı sübuta yetirə bilməmişdir. Eyni zamanda, iddiaçı iddia ərizəsində cavabdeh tərəfindən dəfələrlə ona zorakılıq göstərilərək heç bir səbəb olmadan döyüldüyünü bildirsədə, belə bir halın mövcudluğu təsdiqini tapmamaqla bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməsinə dair də sübutu məhkəməyə təqdim edə bilməmişdir. Sübut etmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, iddia etdiyi hallara dair mötəbər sübutları, o cümlədən qızıl-zinət əşyalarının cavabdehdə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

12. Bu səbəbdən hesab etmişdir ki, iddia tələbi təmin edilməməlidir.

13. İddiaçı X1 Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(016)-582/2022 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlillərinə uyğun olmuş, əlavə olaraq göstərmişdir ki, o, evdən çıxan zaman körpə uşağın paltarlarını belə götürmək imkanında olmamışdır. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Ağsu Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(016)-582/2022 saylı qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Cavabdehlə aralarında olan sonrakı telefon danışıqlarında ona toy hədiyyəsi kimi verilmiş qızıl-zinət əşyalarının onda olmasını etiraf etməsi iddia tələbinin təmin edilməsi üçün əsas verir. Qeyd etdiyi kimi tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi yetərincə sübutları məhkəməyə təqdim etmişdir. Məhkəmə bu sübutların bir qismini subyektiv olaraq qəbul etməmiş, qəbul etdiklərini isə təkid etməyimə baxmayaraq, araşdırmamışdır. Bu işdə bilavasitə iştirak etmiş, onun tərəfindən dəvət olunmuş şahidlərin belə dindirilməsinə şərait yaratmamışdır. Ən əsası, qızıl-zinət əşyalarının cavabdehdə olması barədə cavabdehin çoxsaylı etiraflarını təsdiq edən sübutları məhkəməyə təqdim etməyinə baxmayaraq, məhkəmə cavabdehin məhkəmədə iştirakını təmin etməkdə naraqlı olmamışdır. Bütün bunlar təsdiq edir ki, məhkəmə işə baxarkən cavabdehin nümayəndəsinin (anasının) subyektiv mülahizələri əsasında cavabdehin xeyrinə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Ağsu Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(016)-582/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

16. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və Ağsu Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(016)-582/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

17. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir.

18. Apellyasiya məhkəməsi iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə iddiaçı və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

20. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

22. Azərbaycan Respublikası Ailə Məcəlləsi:

Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(016)- 582/2022 saylı qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

26. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

27. Məhkəmə kollegiyası işin hallarını və tərəflər arasındakı qarşılıqlı münasibətləri araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi təmin etməməkdə səhvə yol vermişdir.

28. Belə ki, Mülki Məcəllənin yuxarıda qeyd olunan 157.2-ci maddəsinin mənasına görə, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılmasını tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmadığını sübut etməlidir.

29. Apellyasiya baxışı zamanı iddiaçı X2 məhkəməyə göndərmiş olduğu əzirədə qeyd olunur ki; - Hazırkı mülki işlə bağlı dəqiqləşmə apararaq bildirir ki, iddia ərizəsində cavabdehdən tələb etdiyi əşyaların dəyərini, əyarını, çəkisini və daşın olçüsünü (karatını) ümumi məbləğini göstərmişdir. Ona görə də, hazırkı ərizəsində əvvəlki ərizəsinə dəqiqləşmə gətirərək bildirir ki, cavabdehdən tələb etdiyi qızıl-zinət əşyaları aşağıdakı kimidir. - Brilliant qaşlarla bəzədilmiş 750 əyarlı üzük, 10 qram çəkidə, 1.5 karat ölçüdə, bazar dəyəri 2300 manat. - Brilliant qaşlarla bəzədilmiş 750 əyarlı qarnitur dəsti (1 ədəd boyunbağı kulonla birlikdə, 1 ədəd üzük, 1 cüt sırğa, 1 ədəd qolbaq) 32 qram çəkidə, 4.0 karat ölçüdə, bazar dəyəri 4800 manat.

30. Bundan başqa iş materiallarında olan "xxxx" MMC-nin 24 oktyabr 2022-ci il tarixli, UNİ/O 13-667/22 saylı qiymətləndirmə rəyində qeyd olunmuşdur ki, brilliant qaşlarla bəzədilmiş 750 əyarlı üzük, 10 qram çəkidə, 1.5 karat ölçüdə, bazar dəyəri 2300 manat və brilliant qaşlarla bəzədilmiş 750 əyarlı qarnitur dəsti (1 ədəd boyunbağı kulonla birlikdə, 1 ədəd üzük, 1 cüt sırğa, 1 ədəd qolbaq) 32 qram çəkidə, 4.0 karat ölçüdə, bazar dəyəri 4800 manat olmaqla ümumilikdə 7100 (yeddi min yüz) manat təşkil edir.

31. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi (atası) ilə cavabdeh arasında olan telefon danışıqları dinlənilmişdir. Həmin danışıqlardan mübahisə predmeti olan qızıl-zinət əşyalarının cavabdeh tərəfdə qaldığı məlum olur.

32. Eyni zamanda iş materiallarında olan tərəflər arasında “WhatsApp” proqramı vasitəsilə aparılmış yazışmalardan da dolayısı olaraq qızıl-zinət əşyalarının cavabdehdə olduğu müəyyən edilir.

33. Məhkəmə kollegiyası təqdim olunmuş telefon danışıqlarının və “WhatsApp” proqramı vasitəsilə aparılmış yazışmalarını sübut kimi qəbul edilməsi məsələsinə münasibət bildirərək qeyd edir ki, təqdim olunmuş telefon danışıqları və yazışmalar məhkəmə kollegiyasında mübahisənin həlli ilə bağlı əsaslı fikir yaratmaqla digər sübutların, tərəflər arasındakı qarşılıqlı münasibətin qiymətləndirilməsində mühüm rol oynamış, ən əsası da iddiaçının göstərdikləri ilə bağlı daxili inam yaratmışdır.

34. Cavabdeh tərəf telefon danışıqlarında olan söhbətlərin və “WhatsApp” proqramı vasitəsilə aparılmış yazışmaların ağlabatan təkzibini verə bilməmişdir.

35. Belə olan halda, cavabdeh tərəfin mübahisə predmeti olan əşyaların iddiaçı tərfindən aparılmasına dair bəyanı həqiqəti əks etdirmir və işin hallarına uyğun deyildir.

36. Göründüyü kimi, birinci instansiya məhkəməsi hazırkı mübahisə üzrə gəldiyi nəticəni işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun şəkildə əsaslandırmamışdır.

37. Məhkəmə kollegiyası işin hallarını və tərəflər arasındakı qarşılıqlı münasibətləri araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin etməməsi ilə səhvə yol vermişdir.

38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır.

39. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

40. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

41. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(016)-582/2022 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2(016)-582/2022 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı X2 cavabdeh X10 qarşı “qızıl-zinət əşyalarının alınması tələbinə dair” iddiası qismən təmin edilsin. Cavabdeh X6 qiyməti 2300 manat, 750 əyarlı, 10 qram, brilliant qaşlarla bəzədilmiş üzük və qiyməti 4800 manat, 750 əyarlı, 32 qram, brilliant qaşlarla bəzədilmiş qarnitur dəstindən (1 ədəd boyunbağı kulonla birlikdə, 1 ədəd üzük, 1 cüt sırğa, 1 ədəd qolbaq) ibarət əmlaklar, əmlaklar olmadıqda onların dəyəri 7100 manat alınıb iddiaçı X4 verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar