Məhkəmə qərarları › İş №2(107)-1083/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1083/2023

11.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1083/2023 11.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair mülki iş üzrə (Açar sözlər: prosessual müddətin bərpa olunmasına dair ərizənin təmin edilməməsi, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyaları tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 2 dekabr 2022-ci il tarixli 2(046)-1554/2022 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi vəkil X2 tərəfindən verilmiş apelyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizəsinin təmin edilməməsi barədə Göyçay Rayon Məhkəməsinin 12 may 2023cü il tarixli 2(046)-1554/2022 nömrəli qərardadından Cavabdeh nümayəndəsi vəkil X2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəyəri 300 manat olan 1 ədəd üzük, dəyəri 1000 manat olan 1 ədəd boyunbağı və qolbaq, dəyəri 1400 manat olan 1 ədəd sırğa-üzük dəsti, dəyəri 250 manat olan nişan üzüyün Cavabdeh alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göyçay Rayon Məhkəməsinin 2 dekabr 2023-cü il tarixli 2(046)-1554/2022 nömrəli qətnaməsi ilə iddia təmin olunmuş, dəyəri 300 manat olan 1 ədəd üzük, dəyəri 1000 manat olan 1 ədəd boyunbağı və qolbaq, dəyəri 1400 manat olan 1 ədəd sırğa-üzük dəsti, dəyəri 250 manat olan nişan üzüyün, həmin əşyalar mövcud olmadığı halda onların ümumi dəyəri olan 2950 manat Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi vəkil X2 tərifndən verilmiş apelyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə vermişdir. Göyçay Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli 2(046)-1554/2022 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdeh nümayəndəsi vəkil X2 həmin qərardaddan şikayət vermişdir. Göyçay Rayon Məhkəməsinin 2 avqust 2023-cü il tarixli 2(046)-1554/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli 2(046)- 1554/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş mаteriаllаrındаn görünür ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli 2(046)-1554/2022 saylı qətnaməsi 29 dekabr 2022-ci il tarixdə cavabdeh tərəfindən alınmışdır. Cavabdeh nümayəndəsi (vəkili) X2 xx.xx.2023-cü il tarixdə - həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin bitməsinə 1 həftə qalmış həmin qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda həmin apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələbləri pozulmuşdur. Həmin apellyasiya şikayəti Göyçay Rayon Məhkəməsinin 2(046)-1554/2022 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarılmış, 30 yanvar 2023-cü ildə tərəflərin elektron kabinetinə yerləşdirilmişdir. Bundan sonra Cavabdeh nümayəndəsi (vəkili) X2 xx.xx.2023-cü il tarixdə yenidən Göyçay Rayon Məhkəməsinin 2(046)-1554/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-1554/2022 saylı qərardadı ilə apellyasiya şikayəti müddətin ötürülməsi əsası ilə yenidən geri qaytarılmış, həmin qərarddaddan verilmiş şikayət isə Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(046)-1554/2022 saylı qərardadı ilə təmin olunmamış və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-538/2023 saylı qərardadı ilə şikayət təmin olunmamış, qərardad dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən apelyasiya şikayəti vermə müddətinin ötürüldüyü Şəki Apellyasiya Məhkəməsinin göstərilən qərardadı ilə təsdiq olunmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi müddəti tükədilmiş, müddətin sonuna 1 həftə qalmış verilmiş apellyasiya şikayəti isə qanunun tələblərini pozmaqla verilmişdir. Belə olan halda, kollegiya hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 2 dekabr 2022-ci il tarixli 2(046)-1554/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verilmə müddəti cavabdehin (onun nümayəndəsi və vəkilinin) öz təqsiri ucbatından ötürülmüşdür və müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün heç bir əsas aşkar edilmir. Azərbaycan Respublikası MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Məhkəmə kollegiyası bildirir ki, MPM-in normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Həmin Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o, mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini yolverilən hesab etmişdir. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək, onun əsas mahiyyətinə toxunmamalıdır. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. “O.Hüseynovun şikаyəti üzrə məhkəməyə mürаciət hüququnun pozulmаsınа dаir” iş üzrə 29 iyun 2007-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsinin Plenumunu göstərmişdir ki, mülki prosessuаl qаnunvericilik məhkəmə qətnаməsindən verilən şikаyətlər üçün müddətin məhz məhkəmə аktının tərəfə təqdim olunduğu gündən hesаblаndığını nəzərdə tutur. Könül Namidar qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbаycаn Respublikаsı Ali Məhkəməsi MİÜMK-nın 16 аvqust 2006-cı il tаrixli qərаrının Azərbаycаn Respublikаsı Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir ki, qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzrlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə mаneə törətsin və yа məhdudiyyət yаrаtsın. Müddətin burаxılmаsı ilə nəticələnmiş səbəbin üzrlü hesаb edilməsi bilаvаsitə məhkəmənin öz mülаhizələrindən аsılıdır. Bu mənаdа üzrlülük göstərilən meyаrlаrın sərhədində dаyаnаn elə inkаrolunmаz səbəblər bаrəsində qəbul olunmаlıdır ki, belə məsələ ilə əlаqədаr Mülki Prosessual Məcəllənin tələblərinə riаyət edilməklə çıxаrılmış məhkəmə аktı qаnunilik, obyektivlik və qərəzsizlik bаxımındаn şübhə аltınа аlınmаsın. "X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Həmin Məcəllənin 133.6-cı maddəsinə əsasən prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli 2(046)-1554/2022 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Göyçay Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli 2(046)-1554/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh nümayəndəsi vəkil X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli 2(046)-1554/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar