Məhkəmə qərarları › İş №2(107)-113/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-113/2025

09.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-113/2025 09.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh3 qarşı cavabdehlərin torpaq sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsinin sökülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma) X3 (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh3 qarşı “cavabdehlərin torpaq sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsinin sökülməsi” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(039)- 98/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 17 iyun 2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, onların paylı mülkiyyətində olan, Yevlax şəhəri Heydər Əliyev prospekti 59 ünvanında yerləşən 0,1298 torpaq sahəsindən cavabdehlərin çıxarılması və həmin torpaq sahəsinin onların sahibliyinə qaytarılması, həmin torpaq sahəsinin 12 kv.m hissəsində cavabdeh X9 və 20 kv.m hissəsində Cavabdeh2 tərəfindən onların xəbəri və icazəsi olmadan tikilmiş qeyri-yaşayış sahələrinin cavabdehlərin öz vəsaitləri hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı1 Cavabdeh2 münasibətdə mübahisəli torpaq sahəsinin sonuncunun anası Cavabdeh3 adına dövlət aktı mövcud olduğundan cavadehin əsl cavabdehlə əvəz olunmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar bir ailənin üzvü olmaqla Yevlax şəhəri, Əfəndiyev küçəsi ev 2-də yaşayırlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 17 iyun 2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Yevlax şəhəri H.Əliyev prospekti 59 ünvanında yerləşən 0,1298 ha torpaq sahəsi onların, yəni İddiaçı1, İddiaçı2 və İddiaçı3 (paylı) xüsusi mülkiyyətindədir. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 10 iyun 2022-ci il tarixli A seriyalı 716671 saylı Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Yevlax şəhəri H.Əliyev prospekti 59 ünvanında yerləşən və onları xüsusi mülkiyyətində olan 0,1298 ha torpaq sahəsinin cizgiləri çəkilmişdir. Yevlax şəhəri H.Əliyev prospekti 59 ünvanında yerləşən, 0,1298 ha torpaq sahəsi onlara məxsus olmaqla mülkiyyətlərindədir. Lakin cavabdehlər tamamilə qanunsuz və əsassız olaraq onlara məxsus olan torpaq sahəsini zəbt etmiş, orada onların razılığı olmadan obyekt tikmişlər. Cavabdeh Ofeliya Aslanova onlara məxsus olan 12 kv.m ərazini zəbt edərək orada qeyri-yaşayış sahəsi tikərək “avtomobil ehtiyat hissələrinin satışı” ilə məşğuldur. Digər Cavabdeh2 (Cavabdeh3) isə onlara məxsus olan torpaq sahəsinin 20 kv.m hissəsini zəbt edərək orada qeyri-yaşayış sahəsi tikərək bərbərlik fəaliyyəti ilə məşğuldur. Göründüyü kimi, cavabdehlər faktiki olaraq onların mülkiyyətinə müdaxilə etmiş və onlar öz mülkiyyətindən məhrum etmişlər. Cavabdehlərin onlara məxsus olan torpaq sahəsindən çıxarılması, eyni zamanda onların xəbəri və icazəsi olmadan onların mülkiyyətində tikdikləri qeyri-yaşayış sahəsinin onların öz vəsaiti hesabına sökülməlidir.

Birinci instansiya məhkəməsində icraat:

3 İddiaçı1 müraciətinə əsasən Cavabdeh2 əsl Cavabdeh3 ilə əvəz olunmuşdur.

4. İddiaçı1 birinci instansiya məhkəməsində məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.

5. Cavabdehin nümayəndəsi X11 birinci instansiya məhkəməsində məhkəmə iclasında iddia tələbini qəbul etmədiklərini və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmiş, həmçinin bildirmişdir ki, sözügedən əmlak məhkəmədə hazırki iddia qaldırılmamışdan öncə X15 adlı vətəndaşa alqı-satqı müqaviləsinə əsasən satılmışdır, hazırda təmsil etdiyi şəxs cavabdeh ola bilməz.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh3 məhkəmə iclasına gəlmədiyindən və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır.

7. Yevlax Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(039)-98/2023 nömrəli qətnaməsi ilə (hakim K.Əliyev) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərin torpaq sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsinin sökülməsi tələbi haqqında iddiasının təmin edilməməsi qət edilmişdir.

8. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh qismində qeyd olunmuş Cavabdeh1 münasibətdə AN-İ seriyalı ******* №li, 12 avqust 2022-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, X16 ilə (satıcı) X15 (alıcı) arasında bağlanmış müvafiq müqaviləyə əsasən satıcı Yevlax şəhəri H.Əliyev prospekti 61/5 ünvanında yerləşən, ümumi sahəsi 0.003 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini alıcıya satmışdır.

9. Məhkəmə həmçinin müəyyən etmişdir ki, Cavabdeh3 münasibətdə JN0024 KOD 90101002 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktına əsasən Cavabdeh3 Yevlax rayonu Yevlax şəhər Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 80 saylı qərarı ilə Yevlax şəhərində H.Əliyev pr. 65 ünvanında sahibkarlıq məqsədi ilə 0,0042 ha torpaq sahəsi verilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 iddia tələbinin yönəldiyi fiziki şəxs yəni cavabdeh hesab oluna bilməz.

11. Habelə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli rəyində mübahisəli torpaq sahəsinin Cavabdeh3 tərəfindən istifadə olunub-olunmamasını müəyyən etmək olmamışdır.

12. Məhkəmə qeyd etmişdir ki, iddiaçılar mülkiyyətlərində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini bildirsələr də, bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmiş, ekspert rəyi və iş materialları ilə də bu hal öz təsdiqini tapmamışdır.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi, 29-cu maddəsi, “İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 18ci maddəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 50.1, 50.3, 54.1, 76, 77.1, 88, 106.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

14. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** №-li çıxarış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 10 iyun 2022-ci il tarixli A seriyalı 716671 saylı Torpaq sahəsinin planı və ölçüsü Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsini xx.xx.2022-ci il tarixli məktub X16 ilə (satıcı) X15 (alıcı) arasında bağlanmış AN-İ seriyalı ******* №li, 12 avqust 2022-ci il tarixli alğı-satqı müqaviləsi JN-0024 KOD 90101002 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktı Yevlax Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 80 nörməli qərarı Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 4182 saylı, xx.xx.2022-ci il tarixli arayış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli rəyi

15. Qətnаmədən nаrаzı qаlаn iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 аpellyаsiyа şikаyəti vermişdir.

16. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 mart 2024-cü il tarixli, 2(107)-46/2024 nömrəli qətnaməsi ilə (hakim E.M.Mehdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər Ə.T.Məcidovun və M.A.Əsədovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(039)-98/2023 nömrəli qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-2530/2024 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 mart 2024-cü il tarixli, 2(107)-46/2024 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

Apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində iddiaçılar olaraq onların mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini bildirsə də, bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilmədiklərini, ekspert rəyi və iş materialları ilə də bu halın öz təsdiqini tapmadığını qeyd etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş və məhkəmənin özünün də birbaşa istinad etdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Yevlax şəhəri, H,Əliyev prospekti 59-da yerləşən naturada göstərdikləri 118 kv.m mübahisəli torpaq sahəsinin koordinatlarının müəyyən edildiyi və həmin torpaq sahəsinin 26.5 kv.m hissəsinin naturada digər şəxslər tərəfindən istifadə edildiyi qeyd edilir.

19. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən dəqiqləşdirilmiş koordinatlardan da aydın göründüyü kimi, mülkiyyətlərində olan torpaq sahəsinin 26.5 kv.m hissəsinin digər şəxslər tərəfindən istifadə edildiyi birbaşa sübut olunur.

20. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində digər şəxslər kimi göstərdiyi şəxslər Cavabdeh3 və X9 olmuşlar. Belə ki, zəbt olunmuş sahədə onlara məxsus qeyri yaşayış sahəsi mövcuddur və hal-hazırda fəaliyyət göstərməkdədir. Onların tədqiqat obyektinə baxışda iştirak etməməsi, həmin torpaq sahəsinin onlar tərəfindən istifadə edilməməsi kimi qiymətləndirilə bilməz.

21. Cavabdehlərdən X9 onların məhkəməyə müraciət etdiklərini öyrəndikdən dərhal sonra əmlakı X4 və bilərəkdən AN-İ seriyalı ******* №li, 12 avqust 2022-ci il tarixli alğısatqı müqaviləsini məhkəmə hazırlıq iclasında deyil, məhkəmə baxışı zamanı məhkəməyə təqdim edərək məsuliyyətdən yayınmağa çalışmışdır. Beləliklə, hesab edir ki, iddiaçı olaraq onların tələbi haqlı tələbdir və işin tədqiq olunan faktiki halları, mütəxəssis rəyi ilə sübut olunur. Ona görə də, işə baxan birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələbinin pozulması kimi qiymətləndirilməlidir.

22. Yuxarıda qeyd olunduğu kimi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** №-li çıxarışa əsasən Yevlax şəhəri, H.Əliyev prospekti 59-da yerləşən 0,1298 ha ibarət torpaq sahəsi onların paylı mülkiyyətindədir. Lakin, cavabdehlər onların konstitusion hüquqlarını pozaraq xüsusi mülkiyyətlərində olan torpaq sahəsini qanunsuz zəbt etmişlər və onlara məxsus torpaq sahəsində özbaşına tikililər inşa etməklə istifadə edirlər. Birinci instansiya məhkəməsi onların iddia tələbini rədd edilməsi ilə bağlı qətnamə qəbul edərək ali qanun hesab edilən Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi onların pozulmuş mülkiyyət hüquqlarının bərpası məqsədi ilə iddia tələbini təmin etməli olduğu halda bunu etməmişdir və nəticədə ali qanunun tələblərinə zidd qətnamə qəbul etmişdir.

23. Cavabdehlərin onların mülkiyyətlərində olan torpaq sahəsinin 26.5 kv.m olan hissəsindən özbaşına istifadə etməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində öz əksini tapmışdır. Başqa sözlə, cavabdehlərin bu qanunsuz hərəkətləri nəticəsində onların mülkiyyətlərində olan torpaq sahəsinə sahiblik və istifadə etmək, torpaq sahəsinə dair sərəncam vermək hüquqları pozulmuşdur. Eyni zamanda, məhkəmə tərəfindən iddia tələblərinin rədd edilməsi Azərbaycan Respublikasının Mülki və Torpaq Məcəllələrinin qeyd olunan maddələrinin tələblərinin pozulmasına gətirib çıxartmışdır. Belə ki, onların mülkiyyətlərində olan torpaq sahəsinin 26.5 kv.m olan hissəsindən digər şəxslərin istifadə etməsi ilə bağlı mötəbər sübut mövcud olduğu halda məhkəmə hesab etmişdir ki, mübahisəli torpaq sahəsinin Cavabdeh3 tərəfindən istifadə olunubolunmamasını müəyyən etmək olmur. Digər tərəfdən, məhkəmə hesab etmişdir ki, Ofelya Asalanova özünə məxsus torpaq sahəsini alqı-satqı nəticəsində özgəsinə özgəninkiləşdirdiyi üçün cavabdeh hesab oluna bilməz. Bildirirlər ki, məhkəmənin iddianın rədd edilməsində əsaslandığı hər iki mövqeyi tam əsassızdır. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində digər şəxslər kimi göstərdiyi şəxslər onların halında Cavabdeh3 və X9 olmuşlar. Belə ki, zəbt olunmuş sahədə onlara məxsus qeyri yaşayış sahəsi mövcuddur və hal- hazırda fəaliyyət göstərməkdədir. Onların tədqiqat obyektinə baxışda iştirak etməməsi, həmin torpaq sahəsinin onlar tərəfindən istifadə edilməməsi kimi, başqa sözlə iddia tələbinin sübut edilməməsi qiymətləndirilə bilməz.

24. Bundan başqa, cavabdehlərdən X9 onun məhkəməyə müraciət etdiyini öyrəndikdən dərhal sonra əmlakı X4 və bilərəkdən AN-İ seriyalı ******* №li, 12 avqust 2022-ci il tarixli alğı-satqı müqaviləsini məhkəmə hazırlıq iclasında deyil məhkəmə baxışı zamanı məhkəməyə təqdim edərək məsuliyyətdən yayınmağa çalışmışdır. Nəticə etibarı ilə, məhkəmənin qəbul etdiyi qətnamə onların mülkiyyətlərində olan torpaq sahələrinə öz istədikləri kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını pozmuşdur. 22. Məhkəmə qətnaməsi tamamilə qanunsuz və əsassızdır. Məhkəmə öz səlahiyyətlərindən istifadə edərək əlavə sübutların toplaması, onların mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunmasını müəyyən etmək üçün ekspertiza və yerli baxış keçirilməsi ilə bağlı müvafiq lazımi təbdirlər görməmiş və buna zərurət olduğu zaman bunları etməmişdir. Vacib əhəmiyyət kəsb etməsinə baxmayaraq məhkəmə iş üzrə ekspertiza təyin etməmiş, yarımçıq tərtib edilmiş mütəxəssis rəyi ilə kifayətlənmişdir. Nəticədə ədalətsiz və qanunsuz qərar qəbul etmişdir. Hesab edirlər ki, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmadan qərar qəbul edildiyindən ləğv edilməlidir.

25. Məhkəmədə vəsatət vermələrinə baxmayaraq onların mülkiyyətdə olan torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunmasını müəyyən etmək üçün ekspertiza və yerli baxış keçirilməsi ilə bağlı müvafiq lazımi təbdirlər görülməmişdir. Xüsusilə də, ekspertiza keçirmədən, başqa sözlə işin bütün faktiki hallarını araşdırmadan yekun nəticəyə gəlmiş, sübutlara qiymət verməmişdir. Belə ki, yarımçıq olsa da mütəxəssis rəyi ilə iddialarının sübut olunmasına baxmayaraq məhkəmə sübuta düzgün qiymət verməmiş, əlavə araşdırma aparmadan, mübahisəli məqamlara aydınlıq gətirmədən işin tədqiq olunan faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. 24. Birinci instansiya məhkəməsi tərəfindən digər şəxslərin onların mülkiyyətlərində olan torpaq sahəsinin 26.5 kv.m olan hissəsindən özbaşına istifadə etməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X9 mülkiyyətində olmuş torpaq sahəsini AN-İ seriyalı ******* №li, 12 avqust 2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən X1. Lakin, məhkəmə belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Yevlax şəhəri, H,Əliyev prospekti 59-da yerləşən İddiaçı1 naturada göstərdiyi 118 kv.m mübahisəli torpaq sahəsinin koordinatları müəyyən edildiyi və həmin torpaq sahəsinin 26.5 kv.m hissəsi naturada digər şəxslər tərəfindən naturada istifadə edildiyi qeyd olunduğu üçün cavabdehlərin tədqiqat obyektinə baxışda iştirakları təmin edilmədiyindən həmin torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunubolunmamasını müəyyən etmək olmamışdır.

26. Bildirir ki, məhkəmə tərəfindən qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Belə ki, onların pozulmuş hüquqlarının bərpası məqsədi ilə iddia tələblərini təmin etməli olduğu halda məhkəmə bunu etməmişdir və nəticədə maddi və prosessual hüquq normaların tələblərini pozmaqla qətnamə qəbul etmişdir. Yevlax şəhəri, H,Əliyev prospekti 59-da yerləşən İddiaçı1 naturada göstərdiyi 118 kv.m mübahisəli torpaq sahəsinin koordinatları müəyyən edildiyi və həmin torpaq sahəsinin 26.5 kv.m hissəsi naturada digər şəxslər tərəfindən naturada istifadə edildiyi məhkəmə zamanı sübut olunsa da və məhkəmənin qətnaməsində qeyd edilsə də məhkəmə özünün müəyyən etdiyi hallara və qətnamədə istinad etdiyi hallara zidd olaraq iddianın rədd edilməsi qənaətinə gəlmişdir. 26. Odur ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(039)-98/2023 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələblərinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirlər.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirdirdi ki, cavabdehlər qeyri-qanuni sənədlərlə ona məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt edib obyekt tikiblər. Tikilən obyektin yarı hissəsi onun torpaq sahəsinə düşür. Cavabdehlər həmin obyekti də başqa şəxsə satıblar. O cavabdehlərdən öz torpaq sahəsini tələb edir. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, Ali Məhkəmənin qərarı ilə tanışdır. Ona məxsus torpaq sahəsinin ölçüsü 1298 m2-dir. Onun torpaq sahəsinə düşən hissə 26 m2-dir.Həmin obyektin plan-ölçü sənədi yoxdur. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Cavabdehlərdən biri özünə məxsus obyekti satıb

29. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı3, cavabdehlər Cavabdeh1, Cavabdeh3, cavabdehin vəkili Vəkil1, cavabdehin nümayəndəsi X11, üçüncü şəxs X6 və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir 238.2-ci maddəsinə əsasən əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahəninsərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

32. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

34. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

35. İddiaçılar Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(039)-98/2023 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələblərinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

37. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-2530/2024 nömrəli qərarında göstərilmişdir ki, iş materiallarında cavabdehlərin mülkiyyətinə verilmiş torpaq sahələrinin plan ölçüsü yoxdur.Əslində torpaq sahələrinin yeri və koordinatlarını göstərən ilkin sənəd plan ölçüdür.Birinci instansiya məhkəməsi həmin sənədin iş materiallarına əlavə edilməsi üçün prosessual qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri tam görməmiş, apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin səhvini təkrarlamışdır. İşə yenidən apellyasiya qaydasında baxılarkən kollegiya tərəfindən DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə sorğu verilməklə cavabdehlər Cavabdeh1 məxsus plan-ölçü sənədi əldə edilmişdir. Həmçinin, sorğuya cavab olaraq Cavabdeh2 məxsus plan-ölçü sənədi aşkar edilməmişdir.

38. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-2530/2024 nömrəli qərarında, həmçinin, göstərilmişdir ki, təkrar məhkəmə tikinti-texniki ekspertizasına dair Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/8721 nömrəli ekpsert rəyinin verilməsi üçün əsas götürülmüş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 01 dekabr 2023-cü il tarixli rəyi ilə Şəki Apellyasiya Məhkəməsinə göndərilmiş mütəxəssis rəyi ilə təsdiq edilir ki, həmin rəy “Torpaqların elektron kadastr uçotu informasiya sistemi” nə əsasən hazırlanmışdır. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi torpaqların elektron uşotu sistemində iddiaçıların mülkiyyətində olan torpaq sahəsinin cavabdehlərə məxsus torpaq sahələri ilə 26.3 kv.metr hissədə üst-üstə düşməsini kifayət qədər araşdırıb əsaslandıra bilməmişdir.Elektron sistemdə eyni torpaq sahəsinin bir neçə şəxsin mülkiyyəti kimi qeydə alınması ağlabatan görünmür. Həmçinin təkrar məhkəmə tikinti-texniki ekspertizasına dair Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/8721 nömrəli ekspert rəyində qeyd edilmişdir ki (6-cı sual üzrə) iddiaçılar İddiaçı1 İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmiş Yevlax şəhəri, H.Əliyev prospekti 59-da yerləşən 0,1298 ha torpaq sahəsinin 9.3 kv.m hissəsi Cavabdeh1 tərəfindən, 17 kv.m hissəsi isə Cavabdeh2 tərəfindən istifadə edilir və tikinti işləri aparılmışdır. Apellyasiya instansiyası məhkəməsi araşdırıb hüquqi qiymət verməmişdir ki, əgər torpaq sahələri üst-üstə düşürsə nəyə görə rəyin həmin bəndində sadəcə “iddiaçılar İddiaçı1 İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmiş” ifadəsindən istifadə olunub. Axı apellyasiya instansiyası məhkəməsnin qənaətinə görə sənəd üzrə üst-üstə düşən hissə yalnız iddiaçıların deyil, həmçinin adlarına sənəd verilmiş şəxslərin də mülkiyyətlərinə rəsmiləşdirilib. Həmin məsələnin araşdırılması məqsədilə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 dekabr 2024-cü il tаrixli, 2(107)-1269/2024 nömrəli qərаrdаdı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinə həvаlə edilmiş, iş üzrə icraat ekspertizadan rəy məhkəməyə dаxil olаnаdək dаyаndırılmışdır. Nəticədə, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-35/2-366/2025 saylı mütəxəssis rəyi və Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 23 may 2025-ci il tarixli 3-16-16/2-10/1484 nömrəli ekspert rəyi əldə edilmişdir. Həmin ekspert rəyində göstərilmişdir ki, Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 17 iyun 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Yevlax şəhəri, H.Əliyev prospekti 59-da yerləşən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətlərində olan 0.1298 hektar torpaq sahəsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Ərazi İdarəsi tərəfindən 20 may 2022-ci il tarixdə verilmiş **********12-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 verilmiş və Cavabdeh1 tərəfindən 12 avqust 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 25,1 kv/m hissasi X2 0,003 ha torpaq sahəsinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən JN 0024, KOD 90101002 olan "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Cavabdeh3 adına verilmiş Yevlax şəhərində yerləşən 0.0042 hektar torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları və həmin torpaq sahələrinin naturada ölçüləri müəyyən olunmuşdur. Sənəd üzrə və naturada ölçülərlə bağlı torpaq sahələrinin koordinatları rəyə əlavə olunmuş sxemlərdə göstərildiyi müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: 17 iyun 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Yevlax şəhəri, H.Əliyev prospekti 59-da yerləşən iddiaçılar İddiaçı1, İddiaçı2 , qızının və İddiaçı3 mülkiyyətlərində olan 0.1298 hektar torpaq sahəsinin, 20 may 2022-ci il tarixdə verilmiş **********12-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 verilmiş və Cavabdeh1 tərəfindən 12 avqust 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 25,1 kv/m hissəsi X2 0,003 ha torpaq sahəsinin və JN 0024, KOD 90101002 olan "Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən Cavabdeh3 adına verilmiş Yevlax şəhərində yerləşən 0.0042 hektar torpaq sahəsinin 26.3 kv/m üstüstə düşən hissələrində sənəd üzrə və naturada ölçüləri araşdırıldığı müəyyən edilmişdir. Məlum olmuşdur ki, sənəd üzrə torpaq sahələrində üst-üstə düşmə halı mövcud deyildir. Torpaq sahələrinin naturada üst-üstə düşməsinin səbəbi, vətəndaşların naturada torpaq sahələrindən faktiki istifadəçilik vəziyyətlərinin sənəd üzrə göstəricilərlə eynilik təşkil etməməsindən qaynaqdığı müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: Məhkəmə tikinti ekspertizasında qeyd edilmiş 26.3 kv.m hissə Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilən 9.3 kv.m və 17 kv.m torpaq sahələrinin cəmindən yarandığı müəyyən olunmuşdur. Belə ki, əvvəlki mütəxəssis rəyində qeyd edildiyi kimi Yevlax şəhəri, H.Əliyev prospekti 59-da yerləşən 0.1298 hektar torpaq sahəsinin 9.3 kv.m hissəsi Cavabdeh1 tərəfindən, 17 kv.m hissəsi isə Cavabdeh2 tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Üst-üstə düşən torpaq sahələrinin ölçülərinin cəminin 26.3 kv.m hissə kimi qeyd edilməsi barədə ekspertin mövqeyi tərəfimizdən təkzib edilmir. Digər bir tərəfdən "0.1298 hekar torpaq sahəsinin 9.3 kv.m hissəsinin Cavabdeh1 tərəfindən 17 kv.m hissəsinin isə Cavabdeh2 tərəfindən istifadə edilməsi şəklində iradə ifadəsi ilkin məhkəmə sorğusu əsasında torpaq sahəsinin yerində (naturada) ölçülməsi zamanı qeyd edilən cavabdeh şəxslərin naturada baxış keçirilməsini icra edən mütəxəssisə bildirdiyi ərazinin döngə nöqtələrinin koordinatlarını elektron-xəritə bazaya yerləşdirdikdə məhz həmin (9.3 və 17 kv.m) hissələrdə torpaq sahələrinin üst-üstə düşməsi səbəbindən yarandığı müəyyən edilmişdir. Qərardadın dördüncü sualı üzrə: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilən 9.3 kv.m və 17 kv.m torpaq sahələri həmin cavabdehlərin mülkiyyətini təşkil etmir. Belə ki, qeyd edilən hissələrdə (yəni 9.3 va 17 kv.m hissələrə münasibətdə) torpaq sahəsinin mülkiyyətçiləri - İddiaçı1, İddiaçı2 və İddiaçı3 olduğu müəyyən olunmuşdur.

39. Göründüyü kimi, mütəxəssis və ekspert rəyləri arasında olan ziddiyyətlərin səbəbləri aydınlaşdırılmış, həmçinin ziddiyyət həll edilmişdir. Nəticədə, müəyyən edilir ki, 17 iyun 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Yevlax şəhəri, H.Əliyev prospekti 59-da yerləşən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətlərində olan 0.1298 hektar torpaq sahəsinin 9.3 kv.m hissəsi Cavabdeh1 tərəfindən, 17 kv.m hissəsi isə Cavabdeh2 tərəfindən istifadə edilir. Həmin torpaq sahələri cavabdehlərin mülkiyyətini təşkil etmir, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətindədir. Göründüyü kimi, iddiaçılar mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən cavabdehlərin təqsiri ucbatından istifadə edə bilmir. Buna səbəb isə cavabdehlərin həmin torpaq sahəsinin bir hissəsinin onun olmasını iddia edərək həmin hissəni zəbt edərək iddiaçının istifadə etməsinə maneə yaratmasıdır. Zəbt olunmuş torpaq sahəsi cavabdehlərin və digər şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində deyildir. Bununla bağlı cavabdehlər və digər şəxslər tərəfindən hər hansı hüquq müəyyənedici sənədlər məhkəmələrə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə kollegiyasının araşdırması zamanı iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə bağlı cavabdehlərin hüquqlarını bu və ya digər formada pozması aşkar olunmamışdır. Əksinə, işdə olan sənədlərdən də görünür ki, cavabdehlər torpaq sahəsinindən heç bir hüquqi əsasları olmadan, qanunsuz olaraq iddiaçının istifadəsinə müdaxilə etməkdədir. Bu faktlar iş üzrə alınmış mütəxəssis və ekspertiza rəyləri ilə təsdiq olunur. İş üzrə verilmiş ekspert rəyi hazırkı real vəziyyəti əks etdirdiyi üçün məhkəmə kollegiyası da həmin rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Republikası MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. “X8rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun mülkiyyətində olan torpaq sahəsininin bir hissəsini cavabdehin zəbt etməsi həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmamışdır. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan Yevlax şəhəri, Heydər Əliyev prospekti 59 ünvanında yerləşən 0,1298 ha torpaq sahəsinin 9.3 kvm hissəsindən Cavabdeh1, 17 kvm hissəsindən Cavabdeh2 çıxarımalıdır.

40. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbi əsasında Cavabdeh2 əsl Cavabdeh3 ilə əvəz etdiyini göstərsə də, nəticədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı olan iddia tələbini rədd etmişdir. Kollegiya bu qənaətə gəlmişdir ki, Cavabdeh2 Cavabdeh3 ilə əvəz edilməsi deyil, Cavabdeh3 üçüncü cavabdeh olaraq işə cəlb edilməsi kimi hesab edilməlidir. Bu zaman o da nəzərə alınır ki, Məhkəmə Ekspertizаsı Mərkəzinin 23 may 2025-ci il tarixli 3-16-16/2-10/1484 nömrəli ekspert rəyi ilə Yevlax şəhəri, H.Əliyev prospekti 59-da yerləşən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətlərində olan 0.1298 hektar torpaq sahəsinin 9.3 kv.m hissəsinin Cavabdeh1, 17 kv.m hissəsinin isə Cavabdeh2 tərəfindən istifadə edildiyi müəyyən edilmişdir.

41. İddia tələbinin qeyri-yaşayış sahəsinin sökülməsi hissəsinə münasibətdə kollegiya qeyd edir ki, 0.1298 hektar torpaq sahəsinin 9.3 kv.m hissəsi Cavabdeh1, 17 kv.m hissəsi isə Cavabdeh2 tərəfindən istifadə edildiyi üçün, tikilinin sökülməsi hər bir cavabdehin zəbt etdiyi hissədə onun hesabına həyata keçirilməlidir.

42. Məhkəmə kollegiyаsı, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-1294/2023 nömrəli qərarındakı göstərişlərini icra etməklə, iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəlmədiyindən və qətnаmə fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğuna görə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(039)-98/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərin torpaq sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsinin sökülməsi tələbinə dair iddiası qismən təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan Yevlax şəhəri, Heydər Əliyev prospekti 59 ünvanında yerləşən 0,1298 ha torpaq sahəsinin 9.3 kvm hissəsindən Cavabdeh1, 17 kvm hissəsindən Cavabdeh2 Rauf oğlu çıxarılmalı, həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi müvafiq hissələrdə Cavabdeh1 və Cavabdeh2 Rauf oğlunun hesabına sökülməli, ekspertiza tədqiqatlarının dəyəri olaraq cəmi 250 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rauf oğlundan tutularaq dövlət büdcəsi hesabına keçirilməli (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22), dövlət rüsumları olaraq ödənilmiş cəmi 200 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rauf oğlundan tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilməlidir.

43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(039)-98/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərin torpaq sahəsindən çıxarılması və qeyri-yaşayış sahəsinin sökülməsi tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan Yevlax şəhəri, Heydər Əliyev prospekti 59 ünvanında yerləşən 0,1298 ha torpaq sahəsinin 9.3 kvm hissəsindən Cavabdeh1, 17 kvm hissəsindən Cavabdeh2 Rauf oğlu çıxarılsın. Həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsi müvafiq hissələrdə Cavabdeh1 və Cavabdeh2 Rauf oğlunun hesabına sökülsün. Ekspertiza tədqiqatlarının dəyəri olaraq cəmi 250 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rauf oğlundan tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Dövlət rüsumları olaraq ödənilmiş cəmi 200 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Rauf oğlundan tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ödənilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar