Məhkəmə qərarları › İş №2(107)-1140/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1140/2021

06.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1140/2021 06.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X25, İddiaçı, Cavabdeh1 (sonuncu prosesdə iştirak etmir) və onun vəkili X26 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Zaqatala rayon 2 saylı Notariat Ofisinə qarşı “vəsiyyət üzrə vərəsəlik hüququnun müəyyən edilməsi" tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(033)-130/2021 nömrəli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mərhum X1ndan ona vəsiyyət olunmuş Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,4 ha həyətyanı torpaq sahəsinin, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin, 0,49 ha və 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərində vəsiyyət üzrə vərəsəliyin açılması, vərəsəlik hüququnun tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(033)-130/2021 nömrəli (hakim T.Həsənov) qətnaməsi ilə iddia qismən təmin edilərək X2 miras qalmış Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsinin, 0,49 ha və 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mərhum X4 aid hissəsi üzərində İddiaçı vəsiyyət üzrə vərəsəlik hüququ müəyyən edilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq ödədiyi 10 (on) manat özünə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, vəsiyyət üzrə vərəsəliyin açılması, vərəsəlik hüququnun tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun mərhum X1nun Zaqatala rayonu Danaçı kəndində 0,4 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi, 0,49 ha və 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. Qeyd olunan 0,4 ha torpaq sahəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının 17 yanvar 1996-cı il tarixli, 23 saylı qərarı ilə mərhum X1nun mülkiyyətinə verilmiş və onun həmin əmlak üzərində hüquqları JN-177A, KOD 40206018 nömrəli şəhadətnamə ilə, 0,49 ha və 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri isə 18 saylı DƏDRX-nin 18 saylı ərazi idarəsində 16 dekabr 2019-cu il tarixdə verilmiş çıxarışla ümumi birgə mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. X1 02 sentyabr 2011-ci il tarixdə vəfat etmişdir. Atası 22 iyun 2007-ci il tarixdə Danaçı bələdiyyəsində vəsiyyətnamə tərtib edərək Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,4 ha həyətyanı torpaq sahəsini, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evini, 0,49 ha və 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrini ona vəsiyyət etmişdir. Lakin, bacısı iş üzrə Cavabdeh1 atasının ona miras qoyduğu əmlaklardan istifadə etməyə imkan vermir. Həmin əmlaklara dair çıxarışlar da var. O, yalnız atasından miras qalmış əmlaklardan vəsiyyət üzrə payını tələb edir. Həmin əmlakların bir hissəsindən istifadə edir. O, vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Zaqatala rayon 2 saylı Notariat Ofisinə müraciət etmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən cavabdehin mənafeyini üstün tutmaqla qətnamə çıxarmışdır. Belə ki, məhkəmə mülki işin iddia icraatında baxıldığı halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə əsas yaratmaq üçün Cavabdeh1 mərhum atasından miras qalmış əmlakları faktiki sahiblik və idarə etməsini qətnamənin əsaslandırma hissəsində nəticəyə gələrək göstərməklə, qanun üzrə vərəsə olan cavabdehə miras əmlaklardan pay alması üçün üstünlük yaratmışdır. Baxmayaraq ki, cavabdeh miras əmlaklardan pay almaq hüququnu itirmişdir. Eyni zamanda Cavabdeh1 Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0,4 ha həyətyanı torpaq sahəsinin, 0,49 ha və 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərində vəsiyyət üzrə vərəsəlik hüququnun verilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdehin məhkəmə baxışı iclasında verdiyi izahatı iddianın etiraf edilməsinə hüquqi əsas yaratmışdır. İşə baxan hakim tərəfindən onun vəsiyyətnamə üzrə vərəsəlik hüququ məhdudlaşdırılmış, nəticədə isə iddia ərizəsi qismən təmin edilmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, atası tərəfindən ona vəsiyyətnamə verilməsinə baxmayaraq, notarius ona vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina edir. Bundan əlavə o cavabdehə heç bir pay verilməsini istəmir. Odur ki, ədalətli qərar qəbul edilməsini kollegiyadan xahiş edir. Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh1 vəkili X28 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh iddiaçıya atalarına miras qalmış əmlakdan pay verilməsinə, notarius tərəfindən şəhadətnamə verilməsinə etiraz etmir. Heç vəsiyyətnaməni də mübahisələndirməmişlər, vəsiyyətnamə hazırda qüvvədədir, eyni zamanda cavabdeh tərəf iddiaçıya qanunvericiliklə müəyyən olunmuş qaydada pay verilməsinə etiraz etmir. Cavabdeh yalnız məcburi payını tələb edir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh Zaqatala rayonu 2 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam həcmdə mübahisələndirməsə də, qətnamənin tamamilə ləğv edilməsini xahiş edir. Kollegiya bununla bağlı qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(033)-130/2021 nömrəli qətnaməsinin apellyator tərəfindən mübahisələndirilən hissəsinə münasibətdə yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(033)-130/2021 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 01 fevral 2020-ci il tarixdə verilmiş 05/Q-145/69 nömrəli çıxarışdan görünür ki, X8 ilə X17 20 oktyabr 1958-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin gün 23 nömrə ilə qeyd edilmişdir. Tərəflər nikaha daxil olduqdan sonra müvafiq olaraq ər “İbrahimov”, arvad isə “İbrahimova” soyadını qəbul etmişlər. Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 01 fevral 2020-ci il tarixdə verilmiş 05/Q-141/69 nömrəli arayışdan görünür ki, X6 07 fevral 1970-ci il tarixdə anadan olmuş, onun X1, anası isə X14r. Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 01 fevral 2020-ci il tarixdə verilmiş 05/Q-144/69 nömrəli arayışdan görünür ki, X9 13 sentyabr 1958-ci il tarixdə anadan olmuş, onun X1, anası isə X14r. Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 01 fevral 2020-ci il tarixdə verilmiş 05/Q-143/69 nömrəli arayışdan görünür ki, X10 13 sentyabr 1958-ci il tarixdə anadan olmuş, onun X1, anası isə X14r. Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 01 fevral 2020-ci il tarixdə verilmiş 05/Q-140/69 nömrəli arayışdan görünür ki, İddiaçı 21 avqust 1964-cü il tarixdə anadan olmuş, onun X1, anası isə X14r. Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 01 fevral 2020-ci il tarixdə verilmiş 05/Q-142/69 nömrəli arayışdan görünür ki, X7 16 iyul 1956-cı il tarixdə anadan olmuş, onun X1, anası isə X14r. Zaqatala rayon qeydiyyat şöbəsi tərəfindən 01 fevral 2020-ci il tarixdə verilmiş 05/Q-146/69 nömrəli arayışdan görünür ki, X11 01 may 2002-ci il tarixdə vəfat etmişdir. JN-177A seriyalı, kod 40206018 saylı Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4, Cavabdeh1 Əhməd qızına və X18 Zaqatala rayon Aqrar İslahat Komissiyasının 17 yanvar 1996-cı il tarixli 23 saylı qərarı ilə Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,04 hektar torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, **********47 daşınmaz əmlakın reyestr nömrəsi ilə qeydiyyata alınmış Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0,49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh1, X3 və X5 adlarına daşınmaz əmlakın dövlət reyestrində 173 nömrəli reyestr kitabının 70 nömrəli vərəqində 16 dekabr 2019-cu il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, **********46 daşınmaz əmlakın reyestr nömrəsi ilə qeydiyyata alınmış Zaqatala rayonu, Danaçı kəndində yerləşən 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh1, X3 və X5 adlarına daşınmaz əmlakın dövlət reyestrində 173 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində 16 dekabr 2019-cu il tarixdə qeydiyyata alınmışdır. Zaqatala rayonu Danaçı bələdiyyəsi tərəfindən 22 iyun 2007-ci il tarixdə təsdiq olunmuş vəsiyyətnamədən görünür ki, Zaqatala rayonu Danaçı kəndində yaşayan X8 ona məxsus olan Zaqatala rayonu Danaçı kəndində yerləşən torpaq sahəsini, evini və ona məxsus olan bütün əmlakını oğlu İddiaçı vəsiyyət etmişdir. Zaqatala rayon İcra Hakimiyyəti Danaçı kənd inzibati ərazi dairəsinin 25 iyun 2020-ci il tarixli 730 nömrəli arayışından görünür ki, Cavabdeh1 mərhum X1 vəfat etdiyi günədək Zaqatala rayonu Danaçı kəndində qeydiyyatda olmuş, birincinin vəfatından sonra X12, X7, X10, X9, X6 və İddiaçı adlı sağ qalmış varisləri var. Zaqatala rayon 2 saylı Notariat Ofisinin İddiaçı ünvanladığı 18 may 2020-ci il tarixli 379 nömrəli məktubdan görünür ki, mərhum 02 sentyabr 2011-ci il tarixdə ölmüş X2 miras qalmış evə və torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, eyni zamanda mərhumun digər vərəsəsi olan bacısı-Cavabdeh1 ilə arasında mübahisə olduğunu bildirmişdir. Odur ki, mübahisəli işin notariat qaydasında həll olunması mümkün olmadığı üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin 06.07.2021-ci il tarixli, 2(107)-1140/2021 nömrəli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(033)-130/2021 nömrəli qətnaməsivəsiyyət üzrə vərəsəliyin açılmasının təmin edilməməsi və vərəsəlik hüququnun tanınması hissəsinin təmin olunmuş hissələrində ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işə baxarkən prosessual hüquq normalarının tələbini pozmaqla qərar qəbul etmişdir. İddia tələbindən görünür ki, iddiaçı mərhum X1ndan ona vəsiyyət olunmuş Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,4 ha həyətyanı torpaq sahəsinin, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin, 0,49 ha və 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin üzərində vəsiyyət üzrə vərəsəliyin açılması, vərəsəlik hüququnun tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qismən əsaslı oluğundan qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır. Belə ki, iddia tələbindən, eyni zamanda apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçının tələbi üç hissədən-vəsiyyət üzrə vərəsəliyin açılması, vərəsəlik hüququnun tanınması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən ibarətdir. İşə baxan birinci instansiya məhkəməsi tələbin iki hissəsini- vərəsəliyin açılması və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi hissəsini təmin etməmiş, vərəsəlik hüququnun tanınması hissəsini isə təmin etmişdir Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. İşin faktiki hallarından görünür ki, iddia tələbinin yalnız 3-cü hissəsi, yəni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi işin mübahisəli tələbdir. Çünki tələbin bu hissəsi Cavabdeh1 tərəfindən mübahisələndirilməsə də, notariat orqanı tərəfindən mübahisələndirilmişdir. Qalan iki tələb isə cavabdeh tərəfindən mübahisələndirilmir və tərəflər arasında bununla bağlı mübahisə yoxdur. Beləliklə iddia tələbinin və apellyasiya şikayətinin mahiyyətindən görünür ki, iddiaçı atasından miras qalmış əmlaka vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün aidiyyəti notariat ofisinə müraciə etmiş, lakin notarius 18 may 2020-ci il tarixli, 379 nömrəli məktubla şəhadətnamə verməkdən imtina etmişdir. İmtinanın da əsas səbəbi kimi vəsiyyətnamənin bələdiyyə tərəfindən təsdiq olunması olmuşdur. Kollegiya bununla bağlı bildirir ki, mülki qanunvericilik vərəsəlik hüququnun mahiyyətini, tərkibini və əsaslarını açıqlamaqla qanun və ya vəsiyyət üzrə vərəsəlik münasibətlərini tənzimləyir və vərəsəlik hüququnun yaranması əsaslarına uyğun olaraq, bu hüququn həyata keçirilməsinə təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). Göründüyü kimi, qanunverici qanun üzrə vərəsəliyin subsidiarlığı prinsipini qəbul edərək vəsiyyətnamə üzrə vərəsəliyin qanun üzrə vərəsəlikdən üstün qüvvəyə malik olduğunu müəyyən etmişdir. Bununla belə, qanun üzrə vərəsəliklə vəsiyyət üzrə vərəsəlik bir-birini tamamlaya da bilər. Məhkəmə xüsusilə vurğulayır ki, qanunverici tərəfindən vərəsəliyin qanun və vəsiyyət üzrə vərəsəlik formasında təsnif edilməsi məhz vərəsəlik institutu üçün səciyyəvi olan fərdilik və ailə-təminat prinsiplərindən irəli gəlir. Fərdilik prinsipi mülkiyyətçinin mənafeyini üstün tutur və vərəsəliyin tam olaraq miras qoyanın iradəsindən asılı olduğunu nəzərdə tutur. Bu prinsip fərdin yaşadığı dövrdə, eləcə də ölümündən sonra mülkiyyətinin (əmlak nemətlərinin) aqibətini müəyyən etmək səlahiyyətinə malik olmasını ehtiva edir. Beləliklə, mülkiyyət hüququnun əsas şərtləri təmin olunmuş olur. Vərəsəlik hüququnda ailətəminatı prinsipi vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Bu prinsipə əsasən yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə, miras qoyanın iradəsindən asılı olmayaraq mirasdan məcburi pay ayrılır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014cü il tarixli qərarı). Kollegiya bildirir ki, vərəsəlik institutu üçün səciyyəvi olan fərdilik prinsipi Mülki Məcəllənin “Vəsiyyət üzrə vərəsəlik” başlıqlı 64-cü fəslində öz əksini tapmışdır. Belə ki, həmin fəslin 1166-cı və 1176-cı maddələrinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Vəsiyyətnamədə birbaşa göstərişlə mirasdan məhrum edilmiş şəxs vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsinə, vəsiyyət üzrə vərəsələrin mirası qəbul etməkdən imtina etdikləri halda da, qanun üzrə vərəsə ola bilməz. Göründüyü kimi, mülki qanunvericiliyin sözügedən müddəaları vəsiyyət azadlığı prinsipinə əsaslanmaqla mülkiyyətçinin vəsiyyət edərkən mülkiyyət üzərində azad sərəncam vermək hüququnu təmin edir. Belə ki, vərəsənin mirasdan məhrum edilməsi üçün vəsiyyət edənin vəsiyyətnamədə heç bir izah vermədən məhrum etmək iradəsini göstərməsi kifayətdir. Qanunverici məhz bu iradənin nəticəsində mirasdan məhrum edilmiş şəxsə münasibətdə hansı hüquqi nəticələrin yaranmasını müəyyən etmişdir. Belə ki, vəsiyyətnamədə birbaşa göstərişlə mirasdan məhrum edilmiş şəxs vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsinə, vəsiyyət üzrə vərəsələrin mirası qəbul etməkdən imtina etdikləri halda da, qanun üzrə vərəsə ola bilməz. Bununla belə, mülkiyyətçinin vəsiyyət edərkən mülkiyyət üzərində sərəncam vermək səlahiyyəti qeyri-məhdud şəkildə olmayaraq mirasdan məcburi pay hüququ ilə məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.2-ci addəsinə, «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 15 və 18-1-ci maddələrinə dair 29 iyun 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyaya uyğun olaraq dövlətin bələdiyyələrə verdiyi səlahiyyətlərdən biri də MM-in 1179-cu maddəsində nəzərdə tutulmuşdur. Məcəllənin 1179.1-ci maddəsində göstərilmişdir ki, vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. MM-in 1179.2- ci maddəsinə əsasən isə notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə yerli özünüidarə orqanları təsdiqləsin. Yuxarıda göstərilən maddənin mahiyyətindən göründüyü kimi, qanunverici vəsiyyətnamənin notariat formasının təsdiqini notariusun səlahiyyətinə aid etsə də, istisna hal kimi notariusun olmadığı yerlərdə bu hərəkətin yerli özünüidarə orqanı tərəfindən də həyata keçirilməsinə imkan verir. Qeyd etmək lazımdır ki, qanunvericilikdə yerli özünüidarə orqanları ilə yanaşı, digər subyektlər tərəfindən də notariat fəaliyyətinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, «Notariat haqqında» Qanunun 15-ci maddəsinə müvafiq olaraq, dövlət vasitəsilə notariat fəaliyyətini dövlət notariat kontorlarında çalışan dövlət notariusları, notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq notariusa bərabər tutulan şəxslər, Azərbaycan Respublikasının konsulluqlarının səlahiyyətli vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada həyata keçirirlər. Həmçinin Qanunun 18-ci maddəsində göstərilir ki, notariat olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanları vəsiyyətnamələri təsdiq edirlər. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2000-ci il tarixli Fərmanının 3-cü bəndinin 5-ci abzasına əsasən həmin Qanunun 15-ci maddəsində, 18-ci maddəsinin birinci abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndələri həyata keçirirlər. Yuxarıda göstərilən Qanunun 18-1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362-ci maddəsində nəzərdə tutulan şəxslər etibarnamələri, 1181-ci maddəsində nəzərdə tutulan şəxslər isə vəsiyyətnamələri təsdiq edirlər. Göründüyü kimi «Notariat haqqında» Qanunun yuxarıda göstərilən normaları yalnız dövlət idarələrində notariat fəaliyyətinin əsaslarını tənzimləyir. Bu normalarda, o cümlədən 15 və 18-1-ci maddələrində, bələdiyyələr tərəfindən vəsiyyətnamalərin təsdiq edilməsi qaydasının nəzərdə tutulmaması öz-özlüyündə yerli özünüidarə orqanlarının MM-in 1179.2-ci maddəsində təsbit olunmuş notariusun olmadığı yerlərdə vəsiyyətnamələri təsdiq etmək səlahiyyətini istisna etmir. Kollegiyanın qənaətinə görə iddiaçının “mərhum X1ndan ona olunmuş vəsiyyət qanunvericiliyin yuxarıda göstərilən tələbinə uyğundur. Mülki Məcəllənin miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Notariat Haqqında AR Qanununun 17-ci maddəsinin 3 hissəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi notariuslar tərəfindən aparılan notariat hərəkətlərinin siyahısına aid edilmişdir. «Nоtаriаt hаqqındа» Аzərbаycаn Respublikаsı Qаnununun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericilikə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 58-ci maddəsinin tələbinə görə vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Tələbin üçüncü hissəsinə, yəni vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə gəldikdə kollegiya qeyd edir ki, tələb bu hissədə də məhkəmə qaydasında baxılmalı olmayan tələblər sirasındadır. Mülki Məcəllənin 1321-ci maddəsinin tələbinə görə (vərəsəlik şəhadətnaməsi anlayışı) 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. . Beləliklə məhkəmə kollegiyasının iclasında tərəflərin izahatından və təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, iddiaçı atasından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Zaqatala rayon 2 saylı notariat ofisinə (kontoruna) müraciət etmiş, notarius tərəfindən şəhadətnamənin verilməsindən imtina edilmişdir. Notariat kontoru şəhadətnamə verilməsindən imtinа edərkən əsas kimi qeyd оlunаn vəsiyyətnamənin bələdiyyə tərəfindən təsdiq olunması ilə əsaslandırmışdır. Lakin işin faktiki halından göründüyü kimi vəsiyyətnamə cavabdeh tərəfindən mübahisələndirilməmiş, vəsiyyətnamə ləğv olunmamış, eyni zamanda cavabdeh iddiaçıya vəsiyyət üzrə pay verilməsinə etiraz etmir, sadəcə özünə düşən məcburi payı tələb edir.. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillər ümumi xarakter daşımaqla, əslində birinci instansiya məhkəməsi tərəfindən hansı maddi və prosessual hüquq normalarının pozulduğu konkret və dəqiq göstərilməmiş, qətnamənin qanunsuzluğunun nədə ifadə olunduğu açıqlanmamış, yalnız şikayət xatirinə qanunvericilikdə nəzərdə tutulan hüquqi terminlərdən istifadə edilmişdir. Kollegiya belə qənaətə gəlir ki, iddiaçı “vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini” mübahisələndirməklə notariat orqanının hərəkətindən şikayət etmişdir. Məhz bu kontekstdən yanaşdıqda kollegiya tələbin bu hissəsini əsaslı sayır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətində məhrum edilə bilməz. Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, həmçinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə çıxarıldığından apellyasiya şikayətləri qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(033)-130/2021 nömrəli qətnaməsi qətnaməsi qismən “vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin təmin edilməməsi” hissəsində ləğv edilməli, əvvəlki və yeni araşdırılmış sübutlar əsasında yeni qətnamə çıxarılmalı, iddia tələbi bu hissədə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(033)-130/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilsin. “X2 İddiaçı vəsiyyət olunmuş Zaqatala rayonu Danaçı kəndində yerləşən 0,4 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi, 0,49 ha və 0,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” Zaqatala rayon 2 saylı notariat ofisinə həvаlə edilsin. Şəki Apellyasiya Məhkəməsinin 06.07.2021-ci il tarixli, 2(107)-1140/2021 nömrəli qərardadı ilə Zaqatala Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(033)-130/2021 nömrəli qətnaməsinin vəsiyyət üzrə vərəsəliyin açılmasının təmin edilməməsi və vərəsəlik hüququnun tanınması hissəsinin təmin olunmuş hissələrində ləğv edilərək, iş üzrə icraata xitam verilməsi nəzərə alınsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar