Məhkəmə qərarları › İş №2(107)-1140/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1140/2023

03.10.2023 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1140/2023 03.10.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Cаvаdоvа Günаy İsmаyıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundаn ibarət tərkibdə, İddiaçı2 cavabdehlər Göyçay rayon Notariat kontoruna və Cavabdeh2 qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” Göyçay Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(046)-37/2023 saylı qətnaməsindən iş üzrə cəlb edilməyən İddiaçı1 tərəfindən verilmiş “apellyasiya şikayətinin geri qaytarılması” barədə həmin məhkəmənin 13 iyul 2023-cü il tarixli, 2(046)-37/2023 saylı qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı1 cavabdehlər Göyçay rayon Notariat kontoruna və Cavabdeh2 qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay şəhəri Nizami küçəsi 135A saylı binada yerləşən 56 saylı iki otaqlı mənzilə dair onunla Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın 3m/80 nömrəli 24 oktyabr 2000-ci il tarixli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi etibarsız hesab edildiyi andan Göyçay şəhəri Nizami küçəsi 135A saylı binada yerləşən 56 saylı iki otaqlı mənzilə dair mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydə alınmış 3195 nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı1 razılığı ilə o, əsl İddiaçı2 ilə əvəz edilmişdir. Göyçay Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(046)-37/2023 saylı qətnaməsi ilə İddiaçı2 cavabdehlər Göyçay rayon Notariat kontoruna və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Göyçay Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(046)-37/2023 saylı qətnaməsindən iş üzrə cəlb edilməyən şəxs İddiaçı1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Göyçay Rayon Məhkəməsinin (hakim Elçin Qurbanov) 13 iyul 2023-cü il tarixli, 2(046)-37/2023 saylı qərardadı ilə Göyçay rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(046)-37/2023 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, Göyçay Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(046)-37/2023 saylı qərardadında Göyçay Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(046)-37/2023 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti onu vermək hüququ olmayan şəxs tərəfindən verildiyinə və qanuni əsas kimi Mülki Prosessual Məcəllənin 363.1.1-ci maddəsinə istinad edilmişdir. Hesab edir ki, apellyasiya şikayətinin geri qaytarılmasına heç bir qanuni əsas olmamışdır. Ona görə də Göyçay Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(046)-37/2023 saylı qərardadı ləğv edilməli və apellyasiya şikayəti iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göyçay Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli, 2(046)-37/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(046)-37/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı1 vermiş olduğu apellyasiya şikayətində mübahisələndirdiyi qətnamənin özünün deyil, daha çox digər şəxslərin hüquq və vəzifələrinə toxunması ilə əsaslandırmağa çalışmış, subyektiv fikirlərlə qətnamənin əsaslığına şübhə yaratmış, qətnamənin hansı hissədə hüquq və vəzifələrinə toxunmasını göstərməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı1 satıcı İddiaçı2 nümayəndəsi qismində alıcı Cavabdeh2 oğlu arasında bağlanmış mənzilin alqı-satqısına dair 24 oktyabr 2000-ci il tarixli müqaviləni mübahisələndirmiş,həmin müqavilənin etibarsız hesab edilməsi tələbini irəli sürmüş, lakin sonradan yazılı razılığı ilə əsl olmayan tərəf kimi satıcı İddiaçı2 ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi yazılı vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O,etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şərait buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilrə. Qeyd edilməlidir ki, mülki qanunvericiliyinin tələbinə görə təmsil edilən şəxs konkret bir şəxsə etibarnamə verməklə öz adından müəyyən hərəkətləri etməyi bilavasitə ona etibar edə bilər. Apellyasiya şikayətinin və ilkin iddia ərizəsinin məzmunundan həmçinin görünür ki, İddiaçı1 mübahisələndirilən mənzili 03 fevral 1998-ci ildə İddiaçı2 etibarnamə əsasında almasını göstərir və hesab edir ki, etibarnamə əsasında mənzili əldə etmişdir. Mülki Məcəllənin 646-cı maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Göründüyü kimi alqı-satqı müqaviləsinin təhlili göstərir ki, alqı-satqı müqaviləsi ikitərəfli əvəzli müqavilədir, müqavilənin bir tərəfi alıcı olduğu halda, digər tərəfi satıcıdır, alıcı müqavilə ilə müəyyənləşdirilmiş məbləğdə verdiyi pul müqabilində satıcının əmlakını alır. Etibarnamə isə birtərəfli əqd olduğundan alqı-satqı müqaviləsinin bağlanmasını təsdiq edən sübut hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-ci maddəsində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə və qərardadlardan apellyasiya şikayəti vermək hüququ olan subyektlərin dairəsi göstərilmişdir. Burada apellyasiya şikayətinin işdə iştirak edən şəxslər (iddiaçı, cavabdeh, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər), həmçinin işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər tərəfindən verilməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 357.2-ci maddəsinin birinci cümləsinə əsasən apellyasiya şikayəti vermək hüququna işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 15.4-cü maddəsinə görə məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda bu aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmək imkanını istisna etmir. Prosessual hüquqi statusuna görə işdə iştirak edən şəxs hesab olunmayan bu şəxslər qətnamədən apelyasiya şikayəti vermək hüququna yalnız həmin qətnamə onların hüquq və vəzifələrinə toxunduqda malik olurlar. «... MPM-in 357.1 və 357.2-ci maddələrinin mənasına görə o şəxslər maraqlı şəxslər hesab edilirlər ki, onlar işə cəlb edilməsələr də, qəbul edilən qətnamə... onların hüquq və vəzifələrinə toxunmuş olur». Qətnamənin işdə iştirak etməyə cəlb edilməyən digər şəxslərin hüquq və vəzifələrinə toxunduğu hallar elə bir situasiyanı nəzərdə tutur ki, qətnamə ilə: 1) həmin şəxslərin hüquqları haqqında məsələ bu hüquqların pozulması və ya əsassız məhdudlaşdırılması ilə müşaiyət olunan formada həll edilir; 2) həmin şəxslərin üzərinə hər hansı vəzifəni icra etmək öhdəliyi qoyulur. Mülki Prosessual Məcəlləsinin 357.2-ci maddəsində göstərilən şəxlərin apelyasiya şikayəti vermək hüququnun yaranması üçün iki şərt məcmu halında mövcud olmalıdır: 1) həmin şəxslər işdə iştirak etməyə cəlb edilməli olduğu halda onların işə cəlb olunmaması; 2) qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunması. Həmin normaların mənasına görə işdə iştirak etməyə cəlb edilməli olduğu halda işə cəlb edilməyən şəxsin, əgər qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunmursa, qətnamədən apelyasiya şikayəti vermək hüququ yoxdur. Qətnamənin işdə iştirak etməyə cəlb edilməyən şəxslərin hüquq və vəzifələrinə toxunmadığı hallarda həmin şəxslərin qətnamədən apelyasiya şikayəti vermək hüququ istisna olunur. “K.Maraevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 mart 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2016-ci il tarixli Qərarında göstərilmişdir ki, işdə iştirak etməyə cəlb olunmamış və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətləri aşağıdakılardır: - onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi; - iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması; - öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması. Konstitusiya Məhkəməsinin Qərarında göstərildiyi kimi hazırki iş üzrə İddiaçı1 tərəf kimi işə cəlb edilməsinə lüzum olmamış, qəbul edilmiş qətnamə onun hüquqlarına və qanuni maraqlarına toxunmamış, hüquqlarının və qanuni maraqlarının müdafiəsində maddi və prosessual maraqları olmamışdır. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, MPM-in 361, 363 və 366-cı maddələrində apellyasiya şikayətinə dair müəyyən edilmiş şərtlər (irəli sürülmüş tələbin və şikayətin hüquqi əsaslarına dair şərtlərlə yanaşı) həmin şikayətin müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən verilibverilməməsinin araşdırılmasına yönəlmişdir. Bununla yanaşı nəzərdən qaçırılmamalıdır ki, belə hüquqa malik olan şəxs apellyasiya şikayətində mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnaməsi ilə onun hüquqlarını məhdudlaşdıran və ya üzərində vəzifələri müəyyən edilən dəlilləri əsaslandırmalıdır. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, İddiaçı1 Göyçay rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(046)-37/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Göyçay Rayon Məhkəməsi 13 iyul 2023-cü il tarixli, 2(046)-37/2023 saylı qərardadı ilə İddiaçı1 tərəfindən verilmiş şikayəti geri qaytarmaqda haqlı olmuşdur və İddiaçı1 həmin qərardaddan verdiyi şikayət əsassızdır. Ona görə də İddiaçı1 Göyçay Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(046)-37/2023 saylı qərardadından verdiyi şikayət təmin edilməməli və həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı1 tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(046)-37/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar